Qonaq Kitabı
ŞEİR BÜLBÜLLƏRİ

Əvət, əvət, o qadın iştə bak nasıl bakıyor,

Əvət, əvət, o qadın iştə bak nasıl sakıyor.

 

Ədəbiyyat zavodlarımızda verilən

dərslərdən.

 

- Molla dadaş, bir gəl bizə!

Məni dəvət edən mənim köhnə dostlarımın biri idi ki, adını burada söyləməyi lazım görmürəm. İkkinci və üçüncü dəfə küçədə rast gəlib, dostumda həmin dəvəti eşidəndən sonra bir gün axşam çağı getdim onlara.

Evdə bir ev sahibi özü idi, bir arvadı... xanım idi (adını yazmıram); bir də böyük oğlu idi ki, texnikum məktəbində dərs oxuyur. Mən girəndə cəmən durdular ayağa.

- Xoş gəlmisən, axşamınız xeyr, buyur əyləş.

- Ya allah!

Mən oturdum və... xanım çıxdı getdi. Əyləşdiyimiz otaqda yuxarı başda bir kiçik kitab şkafı qoyulmuşdu. Şkafın yuxarısında bir lövhə gözəl cəli xətlə[1] yazılmışdı: “Ənadili-şeir”; yəni şeir əndələri, yaxud şeir əndəlibləri[2].

Bu şkaf, - əgər durub haqq söyləsək, - ev sahibinə çox yaraşan bir şey idi; ondan ötrü ki, vaqeən mənim həmin dostum bizim maarif qədri bilənlərin cərgəsində sayılır.

Şkafın qapısının şüşəsinin dalında səliqə ilə düzülmüş kitablar aşkar bunu deyirdilər ki, “bax, şeir bülbülləri bizdən ibarətdir”.

Mən durdum ayağa və gəldim dayandım şkafın qabağında. Ev sahibi də durdu, cibindən bir açar çıxartdı, gəldi şkafın qapısını açdı, üzünü mənə tutdu və dedi:

- Görürsən?.. – Dedim:

- Bəli.

Dostumun oğlu da yavıq gəldi. Mən istədim əlimi uzadam və kitablardan birisini çıxardam, baxam, ev sahibi mane oldu və üzr istədi:

- Molla dadaş, mən ölüm dayan!

Mən bir az təəccüb elədim və bu da mənə belə dedi:

- Mən bu kitabların hamısını hazıram tökəm qabağına, amma qəsdim o deyil. Mənim xəyalım sənə bir müjdə verməkdi və onunçun da səni zornan bu gün bura gətirmişəm. – Dedim:

- Nə müjdə? – Dedi:

- İki qəribə kitab ələ gətirmişəm, amma muştuluğumu verməsən, göstərməyəcəyəm.

Oğlu qəh-qəh ilə güldü və mənə tərəf dedi:

- Hı, molla dayı, beləcə işə düşərsən ha!..

Mən ev sahibinə dedim:

- Muştuluq vermək borcum. Sənin də borcun sübuta yetirməkdi ki, ələ gətirdiyin kitablar həqiqətdə muştuluğa müstəhəqdirlər.

Dostum papirosunu yandırdı və çöndü stola tərəf ki, spiçka çöpünü külqabına qoysun. O vaxt mən genə istədim uzadam şkafa, dostum özünü yetirdi:

- Mən ölüm, dayan, səbrini dər. Başın üçün, muştuluğumu verməsən, qoymayacağam əlini kitablara vurasan.

Mən daha dinmədim, amma qardaşoğlunun mənə deyəsən yazığı gəldi və atasına dedi:

- Dədə, sən allah Molla dayını incitmə, təzə kitablarını çıxart göstər.

Dostum genə bir qədər baxdı üzümə və papiros tüstüsü gözlərini acıda-acıda əlini uzatdı ən yuxarıtəbəqədən bir köhnə cildli kitab çıxartdı və tutdu qabağıma. Mən də aldım görüm nə kitabdır.

Yarısı əl xətti idi və köhnə əsrlərdə daşdan çap olunmuşa oxşayırdı. Bir-iki səhifəsinə göz gəzdirdim və birinci səhifənin sərlövhəsinə diqqət yetirdim. Qarışıq-dolaşıq yazıların içində kitabın adını tapa bilmədim. Dostum burada mənim iczimi[3] duydu, əlini uzatdı kitaba və gülə-gülə dedi:

- Ver mənə! – Və məndən kitabı alıb dedi:

- Bu kitab qüdəmayi-şüərayi-Azərbaycan[4] Yeldainin divanıdır. Bunu mən neçə ildi ki, axtarırdım.

Mən soruşdum ki, indi bunu haradan tapıb; o da mənə belə cavab verdi:

- Bu kitab şahzadə Bəhmən Mirzənin kitablarındandı və rəvayət eləyirlər ki, şahzadə İrandan Qarabağa qaçanda bu kitabı qoltuq cibində saxlayırmış. İki il bundan irəli bir dəllala mən xəlvətcə bir qədər pul vermişdim ki, əgər bu kitabı tapıb gətirsə, ona bir mahud çuxa da verim. Qoçaq kitabı gətirdi və çuxanı da məndən aldı.

Burada mən kitabı genə aldım əlimə və açdım orta səhifələrini vərəqlədim. Hər yeri nəzm idi. Gözlüyümü taxıb, bir yerindən bu ibarəni çətinliklə oxuya bildim.

Mənarixəs əbuzi ki, bərq-nərq olacaqdır,

Sita ki, həşm nitaxi...

Burada dayandım və dalını oxuya bilmədim və söz yox ki, oxuduğumu da başa düşmədim. Kitabın sahibi əlimdən aldı və dedi:

- İndi gəlin əyləşək.

Əyləşdim.

- Hı, haradan oxuyurdun?

Mən əyildim və nişan verdim. Cavan da kitaba tərəf başını əydi. Dostum dedi:

- Molla dadaş, görükür, bu cür mətbuatın mütaliəsini etiyad etməmisən (yəni: adət etməmisən). Qoy mən oxuyum, sən qulaq as. Hə, haradan oxuyurdun?.. – Və başladı oxumağa:

Niyarbəxş əyuri ki, tərq-bərq olacaqdır,

Saki çeşmi nitafi-tü mehri-talei-pünhan.

 Və bu beyti oxuyandan sonra dostum baxdı üzümə, bir qədər dinmədi və dedi:

- Mən öz vicdanıma and içə bilərəm ki, bir belə kəlami-əbədzindəni[5] indiyədək Azərbaycanın bərgüzidə şairlərinin heç biri səhneyi-mətbuata çıxartmayıbdır. Mərhaba, mərhaba! Siz öləsiniz, qiyamət eləyib. İndi dalına qulaq as.

Burada mən bir söz danışmadım və danışmamağımın səbəbi bu idi ki, əgər desə idim ki, bu “qiyamət” şairin əbədzində kəlamını mən başa düşmədim, o vədə dostum da və oğlu da məni bisavad hesab edəcəkdilər; necə ki, min dəfələrlə belə-belə türk məclislərində min dəfələrlə elə belə-belə “qiyamət” şairlərin əbədzində kəlamı zikr olunub və türk qulaq asanları (yəni: müstəmeinləri) o kəlamdan bir zərrə qədər işarə də anlamayıblar və anlamayanların bir para quru təşəxxüslüləri və kəmcürətliləri mənim kimi yalandan “bəli-bəli” deyib anlayana oxşadıblar. Onun üçün də dinmədim; istəmədim savadsız olmağımı duyalar.

Mən bu xəyalatda idim, bir kasıb qoca arvad üzündə yaşmaq çay gətirdi. Dalınca... xanım da gəldi. Arvad stəkanları qoyub padnosu aparanda... xanım onun dalınca dedi:

- Zeynəb, samavarı gözlə soyumasın.

Bu arvad qulluqçuya oxşayırdı. Arvad getdi və... xanım əyləşdi.

Dostum başını kitabın üstündən qalxızmayıb, sağ əlinin şəhadət barmağını mənə tərəf uzatdı və başladı kitabdan oxumağa:

 

Sima tühəf, nə yəşanir, olubdu xəlhə dilbər.

Ümuri-ğərb zəraf nə kar-kur səfihan.

 

Yəni: əkərəm mən bustanımda “ğəbr” gülünü və “qəbrin” qönçələri açılıb müəttər[6] olar və mən o güldən dərib apararam o nazənin yarıma ithaf edərəm. Demək, burada “ğəbr” kəlməsi “ğəyın” fəthi ilə soğan qabığını məna edir “ğayın”ın kəsrilə dəvənin quyruğunun ucuna deyir “ğayın”ın zəhmi ilə haman gül ağacıdır ki, şair onun qönçələrini öz yarına ehda etmək[7] istəyir. İndi dalına qulaq as.

                                              QƏZƏL

 

Nigari-vəsl şövq-mütrübü rəğbət xizar olmaz,

Gülü hər ləhzeyi-aşiq tərabi-xar-mar olmaz.

 

Əgər əndişə xatirnak dəsturu-mərac etsə,

O dilbər kim, kəvakib eşqi-qəbzi-xakisar olmaz.

 

Süxən bər duş əclafi-rəaya məzhəri eymən,

Dəmadəm nazənin ol mərhəmi-mültəq nisar olmaz.

 

İndi dalına qulaq as.

 

QƏZƏL

 

Hər ki, mehri-çaki-dilxun səngi-barın görməsin,

Qəfləti-mərcan-hal içrə diyarın görməsin.

Çün pərişan zülfü cövhər dilbəri-baləli-ləb,

Qəm küdari-rəhnüma bir busə yarın görməsin.

Mən qərib əslan nigəhbani-biladi-möhtəriz,

Ta xədəngi-navük olsa, xəddi-xarin görməsin.

 

Burada... xanım əsnədi və durdu ayağa. Oğlu da yavaşca gülümsündü. Çox istərdim səbəbini biləm, amma soruşsa idim, yersiz düşərdi; yəni bica olardı. Oğlanın qəzəlpərəst atası başını genə haman kitaba əyib və genə şəhadət barmağını mənə tərəf uzadıb başladı bəlağətlə oxumağa:

 

Cəmin cəmal cümuli cəlali-cuy eləyibdir

Ki, həzmi tahir dəfi xətaq təhn müqilan.

 

- Pəh-pəh!.. Nə qədər məziyyət! Zalım oğlu qiyamət eləyib! Sən bir məharətə bax ki, bir dənə “cim” hərfi ilə nə böyük bir mənanı ifadə edir, yəni anladır.

- Pəh-pəh, pəh!.. Qiyamət eləyib.

Doğrudan da, dostumun fəsahətinin qəlizliyindən ağzının köpüyü stəkan-nəlbəkiyə sıçrayırdı. Xanım əsnəyə-əsnəyə istədi gedə və gedəndə bircə bunu dedi:

- Heyf ki, bir şey başa düşmürəm. – Oğlu da anasına tərəf danışdı:

- Yəni, dədə, doğrudan da o kitaba ki, o qədər pul verirsən, axı nə olar ki, bizi başa salasan görək o kitabda yazılan sözlərin mənası nədir və nə demək istəyir.

Mən də burada istədim ana və oğula qüvvət verəm və istədim ki, ağzımı açam, amma ev sahibi qoymadı və məndən soruşdu:

- Molla dadaş, necə gördün Yeldaini? Görürsən necə qiyamət eləyir?

Mən genə utandım və bircə bunu deyə bildim:

- Bəli.

Dostum haman kitabı bükdü qoydu stolun üstə və durdu getdi şkafdan genə bir köhnə kitab çıxartdı gətirdi və haman kitabı iki əli ilə yuxarı qalxızıb, şairanə bir şivə ilə mənə dedi:

- Bax, Molla dadaş, bu kitabı da bir iranlı bazarda dolandırırdı və hər kəsə ki, göstərib, bir kəs buna pul vermək istəməyib; çünki öküz nə bilir gülün qədrini və kürd nə bilir püstənin qədrini?! Bu kitaba mən o qədər pul verdim ki, kitabın əsl qiymətinin ondan biri deyil. Mən buna otuz iki manat verdim və verəndən sonra elə bildim ki, küçədən tapdım. Bu nadürül-vücud kitab, cahiliyyə əsrinin girən bəha şairi Səqərül-Qadirinin “Məcməün-nəbiqə”sidir. Bir rəvayətə görə Səqərül-Qadiri hicrətdən 212 il qabaq Azərbaycanın “Danaqırt” qəsəbəsində təvəllüd edib. Doqquz yaşa qədər orda iqamətlə, sonralar Bağdada müvasələt edərək, Bətabinüşşəcəri kimi əazimi-üləmadən təhsili-ülumi-vəznü qafiyə etmişdir ki, əvaxir ərəb dilində şeir yazmaqla Ərəbistanın bərgüzidə şairlərinin silkinə məslək olmuşdur; onunçun ərəblər səhvən və qəflətən onu ev şairi hesab edirlər. Səqərül-Qadiri, - necə ki, məlumdur, - “Müəlləqati-səbə”nin birinin sahibidir; necə ki, minlərcə ifayi-fərizeyi-həcc edənlər müruri-dühur onun zirayətinə müşərrəf olmaqdadırlar. İştə bu bir-iki beyt onun cümleyi-əşarındandır.

 

Bəğdü məqata təbərül-zicanə xəyalək,

Matül-kəlabü latəşnəba ğuzaza.

 

Pəh-pəh, doğrudan da zalım oğlunun necə abdar kəlamı var! Və gör necə ərəblərin içində, bəlkə islam aləmində biz azəri türklərinin başını ucaldıb (yəni: gör necə “sərbülənd” eləyib). Və bunu da burada qeyd edə bilərəm ki, ərəblər bundan başqa genə bizim qeyri bir neçə şairərimizi təsəhüb edirlər. Məsələn, ağlına nə gəlir, kimdi Hatəmi-Tai. Mən neçə-neçə sənədlər və məxəzlərlə dərəğeyi-sübuta yetirə bilərəm ki, Hatəmi-Tai Arar bu taylı Hatəm xan ağanın nəslindən inşiqat edib, Ərəbistana hicrət edənlərdəndir ki, onun bimisl və manənd nabiqəsi ilə indi ərəblər iftixar edirlər. Və hətta Molla dadaş, mən “Müəlləqə” sahibi İmrəəl-Qeys barəsində də çox şəkdəyəm.

Daha cavan tələbə burada yoxdu. Yəqin ki, darıxdı və baş götürüb qaçdı (çünki məclisin ləzzətini anlamadı).

Dostum genə gözünü dikmişdi kitaba oxşuyurdu ki, oradan genə bir şey oxumağa hazırlaşır.

Mən bu boynuma alıram ki, bir az yoruldum, ancaq ev sahibindən utandım və yorulmağımı büruzə vermək istəmədim və hətta üzə qaldım və bir-iki dəfə “bəli-bəli” də dedim.

Amma burada bir iş vaqe oldu ki, yorulmağım da getdi işinə, utanmağım da yaddan çıxdı. Elə ki, dostum ağzını açırdı kitabdan oxusun, burada elektrik çıraqları birdən söndü və biz qaldıq qaranlıqda. Dostum haman saat oğlunu çağırdı:

- Oğlum, oğlum, qadan alım, çıraqları yandır.

... Xanım əlində bir yanan şam, gətirdi bizim otağa, qoydu stolun üstə. Oğlu da çəkic, kəlbətin və məftil qırıqları götürüb qaçdı dalana.

Şeir məcnunu[8] da şamı çəkdi kitabın yanına ki, oxusun, amma narın yazıları gözü seçmədi və başladı papiros çəkməyə.

O biri otağın qapısı açıq idi və görürdüm və eşidirdim ki, haman otaqda... xanım əyləşib, yanında bir balaca qız uşağı oturub və Zeynəb arvad da yerə çöküb nə isə nağıl eləyir və... xanım da və qızı da qulaq asırlar. Zeynəb arvad bir belə nağıl söyləyirdi:

- Ay xanım, biri var idi, biri yox idi, bir padşah var idi və bir də o padşahın bir vəziri var idi. Bu vəzir də, çox qoçaq vəzirmiş. Bir gün vəzir öz evində yatmışmış. Gecə vaxtı qapı döyülür, vəzir ayılır və köynəkçək istiyir çıxa qapıya. Burada vəzirin arvadı deyir: - Ay vəzir, elə köynəkcək qapıya çıxma, paltarını geyin, yaraq-əsbabını götür. Yoxsa ola bilər ki, qapıdakı düşmən ola.

Vəzir də arvad dediyini eləyir və yaraq-əsləhəsini geyir, gedir qapını açır və görür ki, qapını döyən bir igiddir, belində xəncəl, əlində tapança. Vəziri yaraq-əsləhəli görəndə deyir:

- Qurban olasan arvadına! Yoxsa mənim qabağıma köynəkcək və əli yalın çıxsa idin, otuz doqquz igidin boynunu vurmuşam, sən də qırxıncı olacaqdın.

Xülasə, qapını döyən vəzirə deyir.

- Gəl gedək.

- Hara gedək?

- Sənə borc deyil, gəl gedək.

Xülasə, gedirlər, gedirlər, gedirlər və bir qapıda dayanırlar. İgid vəzirə deyir:

- Sən dur burada, məni gözlə, əgər səsləndim, bil ki, basmışam, onda gəl mənim harayıma. Əgər səsim gəlmədi, onda bil ki, mən basılmışam; onda çıx get. Amma mənim qohum-əqrəbamdan hər kəs məni soruşsa, məbada deyəsən igid basıldı; deginən bilmirəm harada mən onu itirdim. Bax, yadında saxla, yadında saxla. Deməyəsən ki, igid basıldı...

Bu yer kimi... xanlm da şirin-şirin qulaq asırdı, qızı da qulaq asırdı və mən də qulaq asırdım. Burada yanımdakı dostum yadıma düşdü, dedim bəlkə genə kitablarına cumub, onun üçün səsi çıxmır. Çöndüm və gördüm ki, bu da cəmi huş-guşunu Zeynəb arvadın nağılına verib qulaq asır.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info