Qonaq Kitabı
İRANDA HÜRRİYYƏT

Kərbəlayı Rza əvvəl kağızın əhvalatını bacısından soruşdu və bir qədər fikirləşib dedi:

- Ay qız, Pərinisə, sənin heç ağlın yox imiş.

Pərinisə soruşdu:

- Niyə, dadaş?

Qardaşı cavab verdi:

- Ay axmaq, bir fikir elə gör İrannan da bura hürriyyət gələr?

Pərinisə dedi:

- Ay dadaş, sən niyə elə söz danışırsan? İran nə uzaq yerdədi ki, gəlməsin? “Ərəblər” kəndi odur a... Arazın qırağındadı. Nə bir uzaq yoldu ki? Buradan ora üç-dörd günlük yoldu.

- Yaxşı deyirsən, Pərinisə “Ərəblər” çox uzaq yer deyil. Amma axı İrannan bura hürriyyət gələr?

Pərinisə bir az acıqlı kimi dedi:

- Ay dadaş, sən niyə elə söz danışırsan? İran nə uzaq yerdi gəlmiyə? Sən elə mənim hər sözümü axmaq hesab eləyirsən. Oxutmursan, ver mənə kağızı, mən özüm aparıb oxudaram.

Kərbəlayı Rza kağızı vermədi və gülə-gülə dedi:

- Yaxşı, Pərinisə, mən kağızı sabah aparıb oxudaram. Qoy Kərbəlayı kağızı göndərsin, amma vallah genə axırda mən deyən olacaq; çünki, axı kim eçidibdi ki, o taydan bura hürriyyət gəlsin. O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək... belə zadlar gələr; yoxsa, vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-veriş eliyəni də mən eşitməmişəm.

Pərinisə bir az fikir eləyəndən sonra genə qardaşından təvəqqə elədi ki, kağızı aparıb bir adama oxutsun. Qardaşı söz verdi ki, kağızı sabah oxudar.

Sabah oldu və Kərbəlayı Rza kağızı apardı əvvəl Molla Orucəlinin yanına. Molla Orucəli iki ildi burada bir məktəb açıb və başına beş-on uşaq yığıb oxudur.

Molla Orucəli kağızı aldı və diqqətlə baxandan sonra dedi ki:

- Bu, kağız tərəssül[4] xətti ilə yazılıb. Çox qarışıq yazılıb. Mən bu xəttə aşina deyiləm. Apar elə bir adama oxut ki, bu xəttə aşina olsun.

Kərbəlayı Rza kağızı aldı, apardı rus-müsəlman məktəbinin müəllimi Mirzə Həsənə nişan verdi və təvəqqə elədi oxusun. Mirzə Həsən həmin məktəbdə müsəlman dərsinin müəllimidir və özü də “seminariya” deyilən müəllimxanada təhsil eləyib. Mirzə Həsən kağıza diqqətlə baxıb dedi ki:

- Bu kağızı yazanın əlləri çolaq olsun! Elə narın və rizə yazıb ki, oxumaq mümkün deyil.

Kərbəlayı Rza kağızı Mirzə Həsəndən aldı və bilmədi daha kimin yanına getsin və kimə oxutsun. Birdən Kərbəlayı Rzanın yadına düşdü ki, Əttar Məşədi Hüseyn gərək çox dərs oxumuş adam ola; çünki çox məclislərdə Məşədi Hüseynin şəriətdən, həqiqətdən, xilqətdən və hidayətdən bəhs etməyini Kərbəlayı Rza bir neçə dəfə eşitmişdi. Həmişə Məşədi Hüseyn danışanda Kərbəlayı Rza öz-özünə deyərdi ki: “Yəqin Məşədi Hüseyn alim adamdır”.

Kərbəlayı Rza Məşədi Hüseynin dükanına yetişib, gördü ki, Məşədi tərəzinin bir çanağına bir parça nabat qoyub çəkir və müştəriyə bu sözləri deyir:

Allah ölənlərinə rəhmət eləsin, rəhmətlik babam həmişə məni qucağına alanda atama deyərmiş, bax, oğlum, Kərbəlayı İsmayıl, bu uşaqdan muğayat ol, bunun gözlərindən elm yağır. Bu uşaq əvvəl-axır alim olacaq. İndi mən baxıram ki, həqiqət də rəhmətlik babam bilirmiş ki, mən axırda nə olacağam. Amma, söz yox ki, elm elə bir şey deyil ki, öz-özünə gəlsin girsin adamın başına. Elmi təhsil eləmək lazımdır, sümük sındırmaq lazımdır; yoxsa elm bir elə şey deyil ki, öz-özünə gəlsib girsin adamın başına. Elmi təhsil eləyincə insanın anadan əmdiyi süd adamın burnunun dəliklərindən gəlib tökülür. Heç bilmirsən başıma nə işlər gəlib, ayaqlarıma nə qədər çubuqlar dəyib, nə qədər kötəklər yemişəm. Axırı ki, gözümün nuru tökülüb, bir tövr alimlər cərgəsinə daxil olmuşam. Yoxsa, qadan alım, bu işlər zarafat deyil və bir də insanda qabiliyyət də gərək olsun, zəkavət də gərək olsun. Hamı oxuyan alim olmaz.

Kərbəlayı Rza yetişib kağızı tutdu Məşədi Hüseynin qabağına və dedi:

- Məşədi əmi, allah atana rəhmət eləsin, bir bax görək bu kağızda nə yazılıb?

Məşədi Hüseyn müştəriyə nabatı verəndən sonra Kərbəlayı Rzadan kağızı aldı və başladı diqqətlə baxmağa. Bir azdan sonra dedi:

- Bu kağızı kim yazıb?

Kərbəlayı Rza cavab verdi ki:

- Bilmirəm kim yazıb. Gərək ki, məscid qabağında kağız yazan molla yazmış ola.

Məşədi Hüseyn başladı kağızı oxumağa: “Əvvələn: ümdeyi-mətləb səlamətiyi-vücudi-zicudi-şümast. Və saniyən, əgər valati-in canibra xastə başid, əlhəmdulillah səhih və səlamət həstim və nigarani nədarim sivai-duri-əz şüma. Xudavəndi-aləm səbəbi sazəd və vəsileyi-xeyr əngizəd ki, didari-şərifi-şümara bəxeyrü-xudi didar nümayim. Amin, ya rəbbülaləmin!.. və bəd...”.[5]

Məşədi Hüseyn kağızı buraya kimi oxuyub burada dayandı və genə kağıza diqqətlə baxıb çətinliklə bu sözləri oxudu: “Qürbət vilayət”. sonra genə duruxdu və kağızı işığa tutub başladı o tərəf-bu tərəfə çöndərməyə və genə diqqətlə baxıb hıqqana-hıqqana bu sözləri oxudu: “Çünki”...

Bir-iki dəfə də Məşədi Hüseyn “çünki”, “çünki” deyib dayandı; kağızı qoydu tərəzinin çanağına və üzünü tutdu Kərbəlayə Rzaya:

- Balam, bu kağızı yazanı mən tanıyıram. Bunu yazan Məşədi Molla Həsəndir. Zalım oğlu zalım, yazdığı kağızı heç kəs oxuya bilməz; çünki Məşədi Molla Həsən doğrudan dərin molladı. Mən deyirəm Təbrizdə də belə oxummuş adam az tapılar və Məşədi Molla Həsən yazdığı kağızı az-az adam oxuya bilər. Maşallah kağız yazana! And olsun allaha, kişiyə deyəsən vergi verilib. Bir xəttə bax, xəttə bax!

Bu sözləri deyə-deyə Məşədi Hüseyn genə kağızı götürdü əlinə və başladı tamaşa eləməyə.

Kərbəlayı Rza aldı kağızı və qoydu cibinə və istədi qayıdıb gəlsin evə. Məscidin yanından keçəndə Kərbəlayı Rzanın fikrinə gəldi ki, kağızı yazan haman eynəkli molladır ki, məscidin qapısında səkinin üstündə oturub, bir kəndliyə kağız yazırdı. Kərbəlayı Rza Məşədi Molla Həsənin yanına gəlib dedi:

- Səlamün-əleyküm, Molla dayı! Molla dayı, sən allah bir mənə de görüm dünən Kərbəlayı Məmmədəliyə sənmi kağız yazmısan?

Məşədi Molla Həsən eynəyinin altından Kərbəlayı Rzaya diqqət edib cavab verdi:

- Hansı Kərbəlayı Məmmədəliyə?

Kərbəlayı Rza dedi:

- Haman adama ki, yazıb onun hürriyyət payını özünə göndərsinlər.

Məşədi Molla Həsən cavab verdi:

- Bəli, bəli, mən yazmışam. Dünən yazdım. Yaxşı yazmışam, arxayın ol, yəqin göndərərlər; çünki yaxşı yazmışam. Deyəsən sən özün gəlib dünən yazdırdın?

- Xeyr, mən deyiləm, mənim yeznəmdi.

- Bəli, bəli, inşallah göndərərlər. Arxayın ol!

- Allah atana rəhmət eləsin, xudahafiz!

Kərbəlayı Rza bir az rahat olub gəldi evə və kağızı Pərinisəyə verib and içdi ki, kağız yazan molladan əhvalatı bilibdir və Kərbəlayı Məmmədəli kağızı necə ki deyir, elə də yazdırıbdır.

Axşam Pərinisə kağızı verdi Kərbəlayı Məmmədəliyə ki, göndərsin vətənə.

Kərbəlayı Məmmədəli kağızı götürdü və getdi makulu Hacı Əli adlı tacirin dükanına və kağızı Hacı Əliyə verib təvəqqə elədi ki, Makuya gedən olsa, kağızı versin aparsınlar Şahtaxtında versinlər çayçı Məşədi İsgəndərə ki, Məşədi İsgəndər göndərsin “Ərəblərə”, onun anasına.

                                     

*      *      *

 

Aradan bir ay keçdi. Gündə bir dəfə Kərbəlayı Məmmədəli axşamlar işdən evə gələndə Pərinisə soruşdu:

- A kişi, kağızdan bir xəbər varmı? – Kərbəlayı Məmmədəli cavab verərdi ki:

- Bir xəbər yoxdu.

Əvvəl vaxtlar Kərbəlayı Məmmədəli belə cavab verəndə arvadı deyərdi:

- Yalan deyirsən – və Kərbəlayı Məmmədəli and içərdi ki:

- On iki imam haqqı yalan demirəm:

Arvad genə deyərdi ki:

- Yalan deyirsən – və Kərbəlayı Məmmədəli cavab verərdi:

- Həyə yalan deyirəm, atama nəhlət! – Arvad deyərdi:

- Bəlkə kağızı heç göndərməmisən? – və Kərbəlayı Məmmədəli cavab verərdi ki:

- Qoy qardaşın Kərbəlayı Rza getsin makulu Hacı Əlidən soruşsun görsün, göndərmişəm ya göndərməmişəm.

Axır vaxtlarda da Kərbəlayı Məmmədəli deyəndə “kağızdan bir xəbər yoxdu”, Pərinisə başladı əri ilə dava-mərəkə eləməyə ki, “yəqin kağızdan xəbər var, amma sən məndən gizləyirsən”. Dəxi burada and içməkdən başqa Kərbəlayı Məmmədəlinin özgə bir çarəsi olmazdı.

Bir gün sübh tezdən Pərinisə yuxudan ayılıb, başladı Kərbəlayı Məmədəlini təpikləyib oyatmağa. Kərbəlayı Məmmədəli oturdu və başladı gözlərini ovuşdurmağa. Arvad ərinə dedi:

- Kərbəlayı Məmmədəli, indi bu gün kağızdan yaxşı xəbər çıxsa mənə nə verərsən?

Kərbəlayı Məmmədəli dedi ki:

- Hər nə desən, verərəm. – Pərinisə başladı ki:

- Bu gün yaxşı gələcək. – Ər soruşdu ki:

- Nə bilirsən? – Arvad cavab verdi ki:

- Yuxu görmüşəm. – Kərbəlayı Məmmədəli genə soruşdu ki:

- Nə yuxu görmüsən? – Pərinisə cavab verdi:

- Nə işin var nə yuxu görmüşəm? Amma mən bilirəm ki, bu dün yaxşı xəbər gələcək. – Genə Kərbəlayı Məmmədəli başladı yalvarmağa ki:

- Sən allah, de görüm, nə yuxu görmüsən? – Pərinisə cavab verdi ki:

- Yuxumu demənəm. Desəm, çin olmaz.

Kərbəlayı Məmmədəli paltarını geyib, durdu getdi işə və günortadan iki saat keçmiş qayıdıb gəldi evinə. Pərinisə soruşdu:

- Nə var, nə yox? – Əri cavab verdi ki:

- Bir şey yoxdu.

Pərinisə gətirdi ərinin qabağına pendir-çörək qoydu və özü də oturdu ərinin yanında. Kərbəlayı Məmmədəli çörəkdən bir tikə ağzına qoyub başladı:

- Ay qız, bə sənin yuxun necə oldu? Bə deyirdin: bu gün xəbər çıxacaq?

Pərinisə belə cavab verdi:

- Kərbəlayı Məmmədəli, mən genə sənə deyirəm ki, yaxşı xəbər gələcək. Onnan ötrü ki, mən yuxuda həmişə qarpız görəndə şad oluram. Keçən həftə Sara bacım da yuxuda qarpız görmüşdü, əri Məşədi Haqverdi gəlib mollaya Sara bacımın yuxusunu nağıl eləmişdi. Molla demişdi ki, qarpız şadlıqdı. Mən də həmişə yuxuda qarpız görəndə sevinirəm. Xeyir olsun, yuxuda gördüm ki, rəhmətlik Şərəbanı əmidostum minib bir eşşəyə, bizə qonaq gəlib. İndi gəlməsin. Rəhmətlik məni çox istərdi. Hə... eşşəyin üstə yekə-yekə çuvallar çatılmışdı; elə yekə çuvallar idi ki, nə bilim bu dam boyda...

Kərbəlayı Məmmədəli qah-qah çəkib dedi:

- Ay qız, ay qız, dam yekəlikdə də çuval olar? Qah-qah-qah...

Pərinisə başladı and içməyə:

- Yalan deyənin atasına nəhlət! Vallah, yalan demirəm. Elə bu dam yekəlikdə idilər. Hə... mən çıxdım rəhmətliyin qabağına və dedim, -  indi çıxmayım və indi deməyim, - dedim: ay əmidostu, sən həzrət Abbas, bu nə xəcalətlikdi mənə verirsən? Rəhmətlik gəlib məni qucaqladı. – İnbi qucaqlamasın. – O üzümdən öpdü, bu üzümdən öpdü və qarpızların bir yekəsini gətirib verdi mənə. Allah rəhmət eləsin, torpağı sanı yaşıyasan, məni çox istərdi; indi istəməsin.

 

*      *      *

Pərinisə bu sözləri deməkdə idi, Kərbəlayı Məmmədəlinin qulağına “hoqquş... hoqquş...” səsi gəldi. Ər-arvad üzlərini həyətə tərəf çöndərib gördülər ki, həyətə bir ulağ girdi, ulağın üstündə bir arvad və yanında bir kişi.

Pərinisə və Kərbəlayı Məmmədəli əvvəl bilmədilər ki, bu gələnlər kimdilər; hətta Kərbəlayı Məmmədəli zarafatla dedi ki:

- Ay qız, yuxun çin oldu. Budur Şərəbanı əmidostun sənə qarpız gətirib.

Pərinisə genə diqqətlə həyətə girənlərə baxıb, durdu ayağa. Kərbəlayı Məmmədəli də bir qədər diqqət eləyib birdən “vay!” – deyib qaçdı evin bucağına və istədi gizlənsin. Pərinisə hövlnak qaçdı ərinin yanına və bilmədi nə eləsin. Kərbəlayı Məmmədəli qaçdı akaoşkaya tərəfə və istədi akoşkanı sındırıb özünü salsın eşiyə. Sonra genə həyətə baxıb, qayıtdı qapıya tərəf və göz-gözə verib özünü saldı həyətə və başladı qaçmağa. Ulağ üstə gələn arvad hər əlinə bir daş alıb, başladı Kərbəlayı Məmmədəlini qovlaya-qovlaya söyməyə:

- Köpək oğlu, arvad almağın bəs deyil, hələ götürüb mənə kağız yazıb acıq da verirsən?!

Arvadın yanındakı kişi də Kərbəlayı Məmmədəlinin üstünə hücum elədi. Arvad əlindəki daşın birini atdı Kərbəlayı Məmmədəliyə. Daş gedib dəydi toyuqların birinə. Kişi əlindəki ağacı tulladı Kərbəlayı Məmmədəliyə. Ağac gedib dəydi divara. Kərbəlayı Məmmədəli həyətin alçaq divarından aşıb düşdü o biri həyətə və qaçdı.

Pərinisə evin içində başladı “havar”, “havar” deyib bağırmağa. Həyətdə arvad və kişi Kərbəlayı Məmmədəlini o cür söyürdülər, necə ki, küçədə on yeddi-on səkkiz yaşında müsəlman uşaqları aşıq oynayanda bir-biri ilə söyüşürlər.

Kərbəlayı Məmmədəlini qovlayan arvad onun “Ərəblər”dəki arvadı idi; həmin kişi də arvadın qardaşı idi.

Dəxi bilmirəm mərəkənin axırı hara çatdı.

                                                                                 23 noyabr, 1906, Tiflis

  

   

 



[1] “Gülüstan”, “Cameyi-Abbas”, “Nisab”, “Tərəssül”, “Əbvab” – “İranda hürriyyət” hekayəsinin yazıldığı dövrdə və ondan əvvəl Azərbaycanda çox  yayılmış kitablardandır.”Gülüstan” – böyük İran şairi Sədi Şirazinin bütün dünyada məşhur olan mənzum əsəridir. O birilər köhnə məktəblərdə oxunan dərsliklərdir (şer vəznləri, məktub nümunələri, şəriət qanun-qaydaları və s. haqqında).

[2] Keçmişdə qamış qələmlə yazmaq üçün işlənən qara rəngli mürəkkəb.

[3] Konsul.

[4] Ərəb əlifbası ilə xətt növüdür.

[5] Əvvələn ümdə mətləb sizin qiymətli vücudunuzun səlamətliyidir. Sonrakı, əgər bu tərəflərin əhvalını bilmək istəsəniz, əlhəmdüllah, sağ və salamat varıq və sizdən ayrı olmağımızdan savayı nigarançılığımız yoxdur. Xüdavəndi-aləm elə bir səbəb yaratsın, elə bir xeyir iş görsün ki, sizin xoş üzünüzü yaxşılıq və gözəlliklə görək. Amin, ya rəbbülaləmin... və ilaxir.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info