Qonaq Kitabı
USTA ZEYNAL

Hacə Rəsulun oğlu, Muğdusi Akopa bir stul təklif etdi. Muğdusi oturdu və hacı Rəsul başladı and içib Muğdusini inandırmağa ki, Usta Zeynal sözünün üstündə möhkəm adamdır; Usta Zeynalı o çoxdan tanıyır ki, Usta Zeynal mömindir, allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, artıq dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıbdır.

Usta Zeynal haman vaxt Qurbanla belə söhbət edirdi:

- Qurban, görürsən bu erməni millətini. İstiyirsən yüz min dəfə imama, peyğəmbərə and iç, qəsəm elə, heç vaxt sənin sözünə inanmayacaq. De ki, kafir oğlu kafir, burda nə bir iş var ki, sən mənim sözümə inanmayıb, Hacı Rəsulu iltimasçı salırsan? Gəl ləyəni götür, gəc qayır!

Qurban nərdibana qalxa-qalxa başladı:

- Usta, birisi allahı dandı, laməzhəb oldu, heç bir şeyə qayıllığı olmadı, çətindi onu inandırmaq.

Qurban küpəni götürdü ki, ləyənə su töküb gəc qayırsın və gördü ki, küpənin suyu qurtarıb və bir az diqqət edəndən sonra gördü ki, su axıb tökülüb yerə. Küpənin o tərəfinə-bu tərəfinə diqqətlə baxıb gördü: küpə bir tərəfdən çatlayıb. Qurban üzünü Usta Zeynala tutub soruşdu:

- Usta, küpəniz irəlidən çatdaq idi, ya təzəliklə sınıb?

Usta Zeynal cavab verdi:

- Yox, bizim küpə sınıq deyil, yoxsa sən sındırmısan?

Usta Zeynal başladı aşağı yenməyi və küpəni əlinə götürüb üzünü tutdu Qurbana:

- Qurban, bu küpə bizim deyil, bizimki köhnədi və bir az bundan yekədi.

Qurban bir az fikir edib çıxdı balkona və əlində bir küpə gətirdi. Usta Zeynal haman küpəni Qurbanın əlindən alıb, mat-mat baxdı Qurbanın üzünə və dərin ah çəkib dedi:

- Qurban, allah sənə lənət eləsin!

Bu sözləri deyib, Usta Zeynal genə mat-mat baxdı Qurbanın üzünə. Qurban da habelə dinməz-söyləməz baxırdı Usta Zeynalın üzünə. Usta Zeynal bir ah çəkib dedi:

- Qurban, sənə lənət eləsin! Ermənin küpəsində su gətirib gəc qayırdın və dünya-aləmi mırdar elədin. Allah sənə lənət eləsin!

Qurban dinməyib mat-mat baxırdı Usat Zeynalın üzünə. Usta Zeynal üzünü turşudub iki dəfə tüpürdü yerə, bir dəfə Qurbanın üzünə və həyətə çıxıb getdi oturdu arxın kənarında və başladı əllərini yumağı və sonra otağa gəlib Qurbana dedi ki, şeyləri yığışdırsın. Və akoşkanın içindən paltarını götürüb, genə Qurbanın üzünə bir dəfə tüpürdü və üz qoydu çıxıb getməyə. Qurban da kor-peşman başını saldı aşağı və xurcunu götürüb, düşdü ustanın dalına. Muğdusinin arvadı elə bildi ki, ustalar çörəyə çıxırlar.

Haman dəqiqə hacı Rəsul dükanda Muğdusi ilə söhbət edirdi və Muğdusini inandırırdı ki, Usta Zeynalı o çoxdan yanıyır ki, Usta Zeynal mömindir, allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, nəhayət dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıb.

 

*        *        *

Bu gün axşama kimi Muğdusi Akop, övrəti və kiçik oğlu otaqda nərdibanları, taxtaları və gəci eşiyə daşıyıb, otağı təmizləməyə məşğul oldular. Muğdusi hərdən bir yarımçıq səqfə baxıb Usta Zeynalı yad edirdi.

Bu gün axşama kimi Usta Zeynalın arvadı ərinin paltarlarını yuyub qurutmağa məşğul oldu. Usta Zeynal çılpaq oturmuşdu evində və gözləyirdi ki, paltarları quruyandan sonra getsin hamama və təmizlənsin.

Sübh saat doqquzda dəmir yol ilə Muğdusi Akopun oğlu gəldi vətənə.

                                                                       

İyul, 1905-ci il, Tiflis.



[1] Cəld olsun, tələssin.

[2] Ey qardaş, dünya heç kəsə qalmayacaq.

[3] Allah əziz və cəlallıdır.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info