Ol pəri rəna gedən sərvi-rəvanımdır mənim
Ol pəri rəna gedən sərvi-rəvanımdır mənim, Sayə sanma sürünən yanınca, canımdır mənim.
Bülbüli-zarəm ki, hüsnin gülşənidir məskənim, Həlqeyi-zülfin şikənci aşiyanımdır mənim.
Mu təki belin xəyalı incə fikrimdir müdam, Zərrəcə ağzın sözü razi-nihanımdır mənim.
Mən nola kövkəb kimi hər şəb ğəmindən ölməyim, Çün cəmalın gögdə mahi-asimanımdır mənim.
Dedim: – Ey dilbər, Xətayi kimdürür kuyində zar? Dedi: – Bir heyranü valeh natəvanımdır mənim.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info