Əzəldən ta əbəd heydər gəlübdür
Əzəldən ta əbəd heydər gəlübdür, Adəm övladinə sərvər gəlübdür.
Əli şiri-xudadır, şahi-mərdan, Məhəmməd həqqə peyğəmbər gəlübdür.
Aşiqlər qibləsi yüzündür, ey dust, Qaşın mehrabinə mənbər gəlübdür.
Ki həqdən Zülfüqar oldu Əliyə, Əli qulluğunda Qənbər gəlübdür.
Əli xişm ilə doğradı Vu cəhli. Xəmir tək dəstinə Xeybər gəlübdür.
Ala gözlər mənim imanım aldı, İki zülfin yenə ənbər gəlübdür.
Suyi-heyvan içün zülmat içində Xətayi Xızrü İskəndər gəlübdür.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info