Aşiq isən gəl bərü kim, cani-canan məndədir
Aşiq isən gəl bərü kim, cani-canan məndədir, Zahida, sən xandasan kim, nuri-iman məndədir.
Məndədir yer ilə gögün hikməti, həm qüdrəti, Abu atəş, xakü badü cümlə ərkan məndədir.
Həq təala dörd kitabi gögdən endirdi yerə, Mən anı istəməzəm çün külli-fürqan məndədir.
Katiba, ağü qərayə baxma, səni azdurur, Aç qulaq, dinlə sözüm, avazi-quran məndədir.
Pəhləvanlar çox cəhanda, Rüstəmi-Zal olmuşam, Həm Sikəndər hikməti, mülki-Süleyman məndədir.
Əyyuba çəkdirdi çox dərdi bəlavü möhnəti, Gəl məni istəş, verəyim dərdə dərman məndədir.
Yəqubi gör zarü giryan Yusifi-Kənan içün Piri-künci-xəlvətəm uş Misr sultan məndədir.
Şahi-Mərdanın, Əlinin aliyəm, övladiyəm, Zülfüqarü tacü Düldül uş bu nişan məndədir.
Açarım dini-Məhəmməd, məzhəbi-Cəfər yəqin, La fəta illa Əli, bu sirri-pünhan məndədir.
Mən şaha bu canımı sidq ilə qurban qılmışam, Gər qəbul qılsa vilayət, eydi-qurban məndədir.
Çün Xətayiyəm, şahın vəsfini daim söylərəm, Eşqilə bel bağlaram, dəftərlə divan məndədir.
|