Qonaq Kitabı
Üz üzrə bu rəsm xal olurmu?

Ucdan-uca könlümə səfasan.

 

Aşiqlərə sidrə qamətindir,

Xubluqda zəhi, nə müntəhasan.

 

İsa nəfəsindən uş dirildim,

Bu mö’cüz ilə ki, canfəzasan.

 

Çün qaşların oldu qabü qövseyn,

Şəqqülqəmər ilə istivasan.

 

Tutdun bu zəminü asimani,

Xavər günəşivü məhliqasan.

 

Qaf oldu büləndiyi-vücudun.

Simurğa kim aydı kimiyasan?

 

Səninlədürür hümay-təl’ət,

Kim dedi sana ki, sən hümasan?

 

Həm zəxmimə səndən oldu mərhəm,

Həm dərdimə axırı dəvasan.

 

Çün qəhr ilə lütf məzhərindir,

Surətdə səfavü həm vəfasan.

 

Bu ikidə birligin səbatı,

Xızr oldunü daxi Iliyasan.

 

Yasin oxuyalı, ey münadi,

Qıldın bu cahanı oquya sən

 

Məndən mana mə’nidə müqərrəb,

Bu surət ilə yəqin xudasan.

 

Getmə nəzərimdən, ey pərirüx,

Gözlərimə nurü ruşinasan.

 

Çün doldu vücudum evi sənlik,

Məhv oldu, ey dost, məndə mənlik.

 

Zülfün çü səvadi-ə’zəm oldu,

Mö’min olan ana məhrəm oldu.

 

Günəş üzün eylədi məni məhv,

Gözüm yaşı çünki şəbnəm oldu.

 

Hər kim ki, vüsalinə irişdi,

Cam içdivü kəndusu Cəm oldu.

 

Əmvaci-xəyalına düşəndən,

Sözüm dürü xatirəm yəm oldu.

 

Mehrab qaşın və Kə’bə üzün

Fitnəsi cahana Zəmzəm oldu.

 

Sevdası başımda saçlarının

Uzandı, xəyalına xəm oldu.

 

Lə’li-ləbinə bəyani-mö’cüz

Dedi ki, Məsihü Məryəm oldu.

 

Qarğu boyunu görəli tuti

Şəkkər sözü ilə həmdəm oldu.

 

Hər kim səni bildi, buldu həqqi,

Hər kim həqi bildi, Adəm oldu.

 

Cuyəndə qılan məhəbbətindən,

Kərxi ilə Şibli, Ədhəm oldu.

 

Ey şivəfüruş, xuni-qəmzən

Oxuna sipər bu sinəm oldu.

 

Həm dərdimə vəslin oldu daru,

Həm zəxmimə daxi mərhəm oldu.

 

Çün doldu vücudum evi sənlik,

Məhv oldu, ey dost, məndə mənlik.

 

Gahi məni xarü zar edərsən,

Gah rəmz ilə dilfigar edərsən.

 

Gah lalə kimi xərabü sərməst,

Nərgis kimi gəh xümar edərsən.

 

Leylimi üzün ilə gecələr,

Şol şəm’ kimi nahar edərsən.

 

Yarəb, bu səfa yanağın ilə

Batinləri aşikar edərsən.

 

Bir baxış ilə, ey ahugözlü,

Şir olur isə şikar edərsən.

 

Bu hüsn ilə, bu lətafət ilə,

Ayı, günü biqərar edərsən.

 

Fərhadıvü Xosrovu söz ilə,

Şirin kimi şərmsar edərsən.

 

Çün doğdun, ey axirət günü sən,

Xoş saəti-ruzigar edərsən.

 

Ey huri, bu gün vüsalın ilə

Mövsümləri növbahar edərsən.

 

Çün şərhinə vermişəm şəhadət,

Aşiqləri şəhriyar edərsən.

 

Çün zəxmimə səndən oldu mərhəm,

Həm dərdimə sən timar edərsən.

 

Əvvəl sənə səcdə qılmışam mən,

Axır məni ixtiyar edərsən.

 

Çün doldu vücudum evi sənlik,

Məhv oldu, ey dost, məndə mənlik.

 

Ey otuz iki həqin sifatı,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info