MƏFTUNI-SƏRI-ZÜLFÜNƏ QÜLLAB GƏRƏKMƏZ
Məftuni-səri-zülfünə qüllab gərəkməz, Rəncuri-ləbi-ləlinə innab gərəkməz.
Mehrabə sücud etmərəm, ey qibleyi-məqsud, Qaşın görənə səcdeyi-mehrab gərəkməz.
Aç zülfünü, divanələri bir yerə yığma, Bu firqəyə cəmiyyəti-əsbab gərəkməz.
Yatma xəmi-zülfündə nigarın belə rahət, Aşiqlərə, ey xəstə könül, xab gərəkməz.
Mən nəşeyi-ləli-ləbi-canan ilə məstəm, Saqi, mənə minbəd meyi-nab gərəkməz.
Hicrində rəvadır ciyərim qanı tökülsün, Çeşmindən axan qətreyi-xunab gərəkməz.
Sirab eləyib ləli-ləbin Sabiri, ey şux, Təbdari-qəmi-eşqinə qəndab gərəkməz.
İlk dəfə “Hophopnamə”nin 1914-cü il nəşrində çap olunmuşdur.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info