Qonaq Kitabı
YAŞADIQCA XƏRABƏ ŞIRVANDA

 

Yaşadıqca xərabə Şirvanda

Bir səfa görmədim o viranda.

 

Yaşadıqca əzabə düşdü tənim,

Mənə zindan kəsildi öz vətənim.

 

Əbədən olmadım o büqədə şad,

Hasili-ömrüm oldu həp bərbad.

 

Bulmadım onda bir müvafiq yar,

Yar sandıqlarım bütün əğyar...

 

Dust zənn etdiyim bütün düşmən,

Bunca düşmən, fəqət yazıq bir mən.

 

Bir bədən min cəfayə tab edəməz,

Xəstələndikcə şəxs yol gedəməz.

 

Zalim etdikcə binəvalərə zur,

Binəva qaçmağa olur məcbur.

 

Aqibət iqtidarımız getdi,

Sabir ikən, təhəmmülüm bitdi.

 

Güvənib əhlə olmadan faxir,

Bakıya eylədim səfər axir.

 

Şair ikən vətəndən ayrıldım,

Bülbül ikən çəməndən ayrıldım.

 

Şimdi qürbət yolun alıb nəzərə,

Oldum amadə, başladım səfərə.

 

Həq mədəd qıldı, qeydimi açdım,

Başımı icz ilə alıb qaçdım.

 

Ta bulundum Bakı diyarında,

Bir bölük əhli-dil civarında.

 

Həmdülillah ki, ney şəkər verdi,

Arizu nəxlimiz səmər verdi.

 

Əhsənəllah gözəl-gözəl insan,

Lövhəşəllah bütün-bütün irfan.

 

Cümləsi bir xəyal ilə mərbut,

Cümləsi ittifaq ilə məzbut.

 

Qamusu əhli-zövqü əhli-səfa,

Həpisi əhli-halü əhli-vəfa.

 

Xassə bu məcməin dilarami –

Zati ali, Əliqulu nami.

 

Bəxti məsud, sinni-Sali cəvan,

Rəyi piranə, heyəti zişan.

 

Hüsni-siyrətlə surətə malik,

Pak niyyətlə izzətə malik,

 

Fikri parlaq, xəyalı müstəhsən,

Boylə ali cənabə min əhsən!

 

Dustdur əmnlə, əmanət ilə,

Necə kim, ziddidir xəyanət ilə.

 

Yaraşır naminə əmin desələr,

Hər işində min afərin desələr.

 

Kim əmin olmasa əmanətdə

Olamaz bu məqami-izzətdə.

 

Safi-dil olmayınca bir insan,

Ona insan desək olur böhtan.

 

Məncə insan əmin olan kişidir,

Quru insanlıq hər kəsin işidir.

 

Ey mənim pak ürəkli həmvətənim,

Sənlə könlüm sürurə çatdə mənim!

 

Şairəm, çünki hər kəsi tanıram,

Lütf edirsən mana, bunu qanıram.

 

Yox ikən sənlə bir rəfaqətimiz,

Nərədəndir bu rütbə hörmətimiz?!

 

Bu fəqət hüsni-niyyətindəndir,

Bu sənin öz nəcabətindəndir.

 

Gün çıxarsa, işıq saçar hər yan,

Bulud afaqə yağdırar baran.

 

Hənzəlin bəhri zəhr olur amma,

Bid bibəhrə, nəxldə xurma.

 

Müxtəsər, yaxşıdan yaman gəlməz,

Yaxşıdan bir kəsə ziyan gəlməz.

 

Yaxşılıq etsə hər nasıl insan,

Qadrini anlayan edər şükran.

 

Məndə yox lütfünə əvəz bir kar,

Hünəri şairin olur əşar.

 

Şairə lütf olursa, ya azar,

Pisi pis, yaxşını da yaxşı yazar.

 

Səni yaxşı görüncə pis yazamam,

Mən ədəb məsləkimdə yol azamam.

 

Deyirəm, həq səni sevindirsin!

Xələti-lütf ilə geyindirsin!

 

Ta ki, var ömrü mehrlə mahın,

Sənə çatsın nə isə dilxahın.

 

Ömr edib bəxt ilə, səadət ilə,

Yaşa minlərcə eyşü işrət ilə!

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info