Qonaq Kitabı
PİR

Molla Cəfərqulu dedi:

- Yox, pir tapılanda qayda bunadır ki, əvvəl piri tapan adam özü gərəkdir camaatı yığıb nağıl edə, qeyri bir adam xəbər verərsə pir yox olar.... İndi sən get, özün də dalına baxmayasan, evdə danışa bilərsən. Ancaq pirin barəsində bir söz də söyləməzsən, sabah bunun duasını oxuyub elan edəcəyəm....

Çoban tez durub getdi və molla dediyinə də əməl etdi. Çoban bir qədər getmişdi, Gülbadam yavaş-yavaş ayılıb başının üstə Molla Cəfərqulunu gördü. Tamam bədəni iztirabda ikən ağladı....

Molla Cəfərqulu bunun ayaqlarına düşüb yalvardı və çobanın əhvalatını nəql etdi və dedi: - Aramızda olan əhvalat açılmasın deyə, mən buranı çobana pir nişan verdim. İndi sən qurana and iç ki, bu sirri heç kəsə ölənədək deməyəcəksən.

Gülbadam çox da fikir etməyib dedi:

- Səni and verirəm qurana, mənə əl vurmayıb salamat evə buraxasan, mən də qurana and içirəm ki, sənin bu hiyləni ölənədək açmayacağam. Mənim ismətim mənə hər şeydən qiymətlidir....

Bu sözlərdən sonra qalxdı və heç bir şey söyləməyib ev tərəfə yeriş etdi. Molla Cəfərqulu da dinməz-söyləməz dalıca gəlirdi....

Ertəsi gün Molla Cəfərqulu pirin tapılmağını min hiylə ilə elan etdi. Gülbadam isə şeylərini yığıb əmisinin evinə köçdü.

Molla Cəfərqulunun arvadı Molla Tutu Gülbadamın çox o yan-bu yanına keçdi ki, bunun tez-tələsik köçməyinin səbəbini bilsin. Fəqət "əmim yalqızdır, baxanı yoxdur", sözləri ilə canını qurtardı.

Zatən Molla Tutu Gülbadamın köçməyinə çox şad idi. Çünki ərinin Gülbadama olan "mehribançılığını" görürdü və hiss edirdi.Gülbadamın əri öləndən sonra bu "mehribançılıq" daha da artmışdı. Molla Tutu Gülbadamın tərəfindən arxayın idi. ÇünkiGülbadamı ürəkdə təmiz adam bilir idi. Fəqət ərinin vicdansız bir hərif olmağını da çox yaxşı bilir idi. Yenə necə olsa fikir edirdi: bəlkə əri Gülbadamı aldı. Çünki Molla Tutudan Molla Cəfərqulunun tək bir oğlu vardı. Hətta qardaşı öləndən bir neçə gün sonra övlad barəsində bir balaca söhbət də olmuşdu.... Molla Tutu isə bununla belə dərin məsələləri tez başa düşərdi. Yəni bir çətin də məsələ yox idi ki, başa düşməsin.... Molla Tutu kişilərin xasiyyətini bilirdi, bilirdi ki, ciblərində bir az artıq pul olanda arvad fikrinə düşərlər.... Xüsusən öz ərini yaxşı tanımışdı. Hələ qardaşı sağ ikən Molla Cəfərqulunun başından hərdənbir qara fikirlər keçirdi.... O deyildi ki, qardaşının ölməyini istəyə idi.... Xeyr, qardaşı yaman bir mərəzə düçar olmuşdu. Ona binaən hərdənbir fikir edərdi: bəlkə birdən öldü, sonra? Gülbadam necə olsun?

Molla Cəfərqulu özünü qeyrətli müsəlmanlardan hesab edirdi. İstəyirdi ki, "islam milləti artsın....".

Hətta Molla Tutunun qulağını doldurmaq üçün qardaşı öləndən sonra hərdənbir söhbət açıb deyərdi: "Bilirsənmi, islamda bir çox şey var ki, biz hələ onu lazımınca anlamamışıq. Məsələn, iki, üç, dörd arvad almaq məsələsi böyük əhəmiyyətli bir məsələdir.Heyfa ki, biz başa düşmürük. Bunun əsil səbəbi budur ki, islam milləti çoxalsın, qüvvətli olsun....".

Molla Tutu da çünki mərsiyəxanlıq edərdi, ona binaən belə nazik mətləbləri tez düşünərdi və onun cavabında həmişə deyərdi: "Çox oldu nə xeyri? Odur, bir oğlun var, yaxşı quran oxumaq da bilmir". Molla Tutunun fikrincə, bir müsəlman ki, quran oxumaq bilmədi, bütün müsəlman olmazdı. Və həmişə arvadlara deyərdi: "Ey uşaqlarına quran oxutmayan analar! O dünyada nə cavab verəcəksiniz?".

Doğrudan da, bunun sözləri təsirsiz qalmazdı: bir də görərdin səhəri ananın biri qorxub qızını Molla Tutunun yanına göndərdi ki, quran oxutsun....

Əlbəttə, Quran oxumaq istəyənin əvvəl çərəkə qurtarmağı var, sonra quran başlamağı və sonra quran qurtarmağı. Bunlar da hamısı müəllimənin, yəni Molla Tutunun zəhmətinə bağlı bir iş idi və yaxşı da işə keçirdi....

Nə isə, Molla Cəfərqulu belə söhbətləri açanda Molla Tutu aciz qalmazdı. Fəqət bununla belə Gülbadamı da gözündən buraxmazdı. Hara getsə idi, Gülbadamı da özü ilə aparardı. Onu tək evdə qoymazdı və ərinin də hərəkətlərinə dörd gözlə baxardı. Bir az əri Gülbadamın üzünə xoş baxsa idi, üç günlərlə yeməzdi, içməzdi, donquldanardı. Belə əhvalatlar da Gülbadamın əri öləndən sonra tez-tez olardı. Molla Cəfərqulu çox "mehribançılıq" edərdi, hətta hərdənbir paltarlıq da alardı. Molla Tutu acıqlananda deyərdi: "Arvad! Allah heç kəsi yiyəsiz etməsin, onun bu saat ürəyi sınıqdır, alanı yoxdur",deyib keçərdi. Gülbadam isə öz-özünə deyərdi: "Bu mənim ərimin qardaşıdır, məni öz balası kimi istəyir...." Hətta hərdənbir fikir edərdi: "Mənə quru çörək də versələr, buradan getməyəcəyəm. Onsuz da bunlara qulluqçu lazımdır, mən də bunlara qulluqçu əvəzinə işlərəm, günümü keçirərəm".

Doğrudan da, Gülbadam işsevən, zəhmətkeş bir arvad idi. Evdə qalarkən səhərdən axşamadək işlərdi. Fəqət əri öləndən sonra Molla Tutunun məcburi quyruğu olmuşdu. Molla Tutu, evdə tək qalmasın deyə, qaynı öləndən sonra ərinin qorxusundan Gülbadamı özü ilə həmişə aparardı. Molla Cəfərqulu da bunu xoşlamazdı, hətta bir gün dilə gəlib dedi: "Canım, özün gedirsən gəlinisə də evdə qoymursan ki, vaxtında çayımı verə".

Fəqət belə sözlər Molla Tutunun qulağına girməzdi.... O gecə də bir fürsət idi, Molla Cəfərqulunun əlinə düşmüşdü....

Xəbər gəldi ki, Gülbadamın əmisi yaman haldadır, Molla Cəfərqulunu çağırır. Haman gün də Molla Tutunun bir az keyfi yox idi. Çünki gündüz mərsiyə oxuyub çox çığır-bağır etmişdi ki, məclisi ağlatsın; pul yığılan gün idi. Nə isə bunları bir yerdə buraxdı. Buraxıb da ərinin tamam hiyləsinin açılmağına səbəb oldu. Molla Cəfərqulu hələ əmisigilə gedən baş istəyirdi başlasın. Sonra fikir etdi ki, Gülbadamın halına müvafiq yarayan iş deyil.... Hətta fikrindən bu da keçdi: əmi yaman halda olursa, orada qalsınlar, çünki bunlardan başqa əmisigildə heç kim yox idi....

Nə isə, Molla Cəfərqulu bir ayın, bəlkə daha çox vaxtın ərzində başında bəslədiyi fikirləri əlacsızlıqdan tab gətirə bilməyib, qoz ağacının dibində aşkar etdi. Aşkar edib də Gülbadam kim olduğunu düşündü....

Molla Cəfərqulu arvadlara həqir bir nəzərlə baxan kişilərdən idi. Fikir edirdi: "Hələ qızların barəsində bədgüman olmaq yaxşı deyil, dul arvada nə var? Nə üçün də olmasın?" Fəqət onu düşünə bilmirdi ki, arvadın yaman yola düşməyinə çox-çox ağır səbəblər lazımdır.... Pozğun əxlaqı, çirkin tərbiyəsi, paslanmış beyni nazik bir mətləbi düşünməyə qoymurdu, qoymurdu ki, arvadın ruhuna yavuqlaşıb da arvadda olan gizlin xəzinəni bilsin, düşünsün. Düşünsün ki, arvad ancaq məhəbbətinin qurbanı ola bilər.... Onu bilmirdi ki, namus meydanında kişi ilə arvadda böyük fərq var. Qız, məhəbbətinin qurbanı olub da bir çox vaxt əvvəlinci halından ikinci hala düşməyinə heyfsilənər, yanar, qovrular, oğlanınsa heç halına təfavüt etməz.... Qızda olan bu hiss bir çox arvadda dərin kök salıb arvad olduqda da bu hiss onun çox vaxt təmiz qalmağına səbəb olar. Kişilər yanında qadınların mərtəbəsini ucaldan bu hiss arvadların kişilər haqqında həqir bir nəzərdə olmaqlarına da səbəb olar....

Əlbəttə, Molla Cəfərqulu bunları düşünsə idi, birdən-birə palçıqlı əlləri ilə Gülbadamın boynundan qucaqlamazdı. Zəhərli dodaqlarıilə onun üzündən öpməzdi.... Bu vaxtadək mömin, müqəddəs, allah bəndəsi xəyala gələn Molla Cəfərqulu bir dəqiqədə Gülbadam üçün dəhşətli bir ilan olmağını düşündümü, ya yox?! Düşünmədi. Düşünsə idi xalqdan qorxub dərhal pir yapmazdı.

Gülbadam tək bir vicdanından çəkinib təmiz qalmağını tələb edərkən molla fəqət keçinəcəyini və bu məsələdə xalqın nəzərinifikrindən keçirib dərhal yalvardı və and verdi ki, bu sirr açılmasın....

 

VII

 

Gülbadam uşaqlıqdan indiyədək tamam başından keçəni göz qabağına gətirib indi əri Məşədi Allahverənin yuxusuna öz yanında gülürdü. Fəqət bilmirdi ki, bu yuxu onun rahatsızlığına və axırda daxili bir inqilabın törənməsinə səbəb olacaqdır. Məşədi Allahverən səhər namazını qıldı, çayını içib dükana hazırlaşırdı. Adət üzrə balasının yanına gəlib danışdırdı, yəni özü deyirdi,özü də eşidirdi: "Yaxşı, balam! Nə alım, nə gətirim?" Bu sözlər həmişəki sözlər idi.... Fəqət bu gün: "İnşaallah, bir həftədən sonra ayaq tutub gəzərsən, mənimlə dükana gedərsən...." sözlərini də artırdı.... Bu sözləri deyib getdi. Qapıdan küçəyə çıxmışdı, gördü qonşularından bir neçəsi yığılıb söhbət edirlər. Bunu görüb çağırdılar və dedilər:

- Məşədi, eşidibsən? Deyirlər Molla Cəfərqulu bu gecə ölübdür.

- A kişi, nə deyirsiniz? Elə şey ola bilməz, dünən bir yerdə deyildikmi? Sağ və salamat indi nə oldu ki?

- Deyirlər özü də vəbadan ölübdür.

- İnanmayınız" - deyib Məşədi bir az da gülümsündü. Hərgah doğrudan ölübdürsə, qeyri bir səbəbdən ölübdür, vəbadan ölməyi yalandır. "Xeyr, xeyr, bu saat tədarük üçün pirdən adam gəlibdir. O söyləyirmiş."Hətta deyirlər öləndə deyirmiş: "Məni pir çağırır....

Məşədi bir az fikrə gedib dedi:

- Hə, bu ola bilər...." Xoşbəxt adam imiş, allah rəhmət eləsin! A kişilər, bu pirin kəramətlərinə daha sözmü demək olar?

Bu sözləri deyib Məşədi tələsik dükanına getdi. Sonra dükana gələn adamlara Molla Cəfərqulunun ölmək əhvalatını söyləyirdi və axırda da "xoşbəxt imiş, Allah rəhmət eyləsin, pir deyirlər çağırıbmış" sözlərini təkrar edirdi.

Molla Cəfərqulunu bu balaca şəhərdə demək olar ki, tanımayan yox idi. Çünki balacadan böyüyə kimi pirə getmişdilər, bunu qonaqsevən pir sahibi bilirdilər.... Bir çox adam: da dəfn günü pirə getmişdi.

Burada dürlü-dürlü danışıqlar vardı: kimi deyirdi namaz vaxtı ölübdür; kimi deyirdi gecə qayda üzrə pirə ziyarətə gedibmiş, pirdən guya bir səs gəlibdir: "sənin axır məkanın buradır". Guya bu sözlərdən sonra qorxub evə gəlibdir, ürəyi çatlayıbdır.... Nə bilim, daha nələr söyləyirdilər. Fəqət ölünü yuyanlar fikir edirdilər: belə bir sağlam, ətli-canlı adam, əcəba, nə üçün bir gecənin ərzində belə tez ərisin? Nə üçün bunun gözləri belə dərinə düşsün və ovurdu illərlə mərəz çəkmiş naxoşun ovurdu kimi batsın? Bu sirri heç kim bilməsəydi də ev adamları yaxşı bilirdilər, xüsusən ev qulluqçuları - gədə Almaz və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. Pəri tez-tez ləyən tökərdi, Almaz da mollanın gah ayaqlarını ovardı, gah belini, gah əllərini. "Ay, ayaqlarım yığışır" deyib bağıranda, Almaz var qüvvəti ilə oyuşdurardı.... Molla Tutu da işsiz deyildi: "Gah onu gətir, gah bunu gətir" deyib ayaq üstə ora-bura qaçardı və cındırlarla qusuntusunu təmizlərdi.... İşsiz gözə görünən bir Molla Cəfərqulunun oğlu idi. Yəni o da işsiz deyildi. Gündüz atası pirin kəramətlərindən söyləyəndə yadında qalmışdı ki, pirin torpağı vəba mərəzində şəfavericidir və eşitmişdi vəbada qusarlar və ayaqlar çən olar.... Bu da fikir etdi ki, bəlkə atasını vəba tutubdur. Tez qoz ağacının torpağından gətirdi. Bir kasa suya torpaqdan salıb atasına verdi və dedi: - Ata, indicə gedib pirin torpağından gətirmişəm, al bu suyu iç....

Atası oğluna baxıb üzünü çöndərdi.... Doğrudan da zarafat məqamı deyildi, kişi ölürdü. Dərisi quruyub dili atəş kimi yanırdı, oğlunun da zarafatı bir tərəfdən.... Bu hində yarımcan Molla Cəfərqulunun ürəyindən bir şey keçdi, istədi oğluna deyə:

- Oğul, həkim! həkim! Torpaqdan bir şey olmaz!. "Fəqət demədi, qorxdu oğlu bu sözləri xalqa deyə xalq da pirdən üz çöndərə və bunun da nəşi yerdə qala. Molla Cəfərqulu nahaq yerə bu fikirlərə düşmüşdü. Çünki arvadı Molla Tutu bunların hamısını ürəyində düzəltmişdi. Molla Tutu görürdü əri gedir, fəqət necə etmək ki, əri ilə pir də getməsin? Nə tövr etmək ki, bu ocağın pirlə ruhani əlaqəsini həmişəlik saxlamaq? Molla Tutunu təşvişə salan fəqət bu fikirlər idi.... Ona binaən səhər ağlaşmaya gələn arvadlara deyirdi:

- Bilirsinizmi?" Molla xoşbəxt adamdır. Həmişə adət üzrə gecələr yalqız pirin ziyarətinə gedərdi. Bu gecə də getmişdi. Bir də gördüm ürəyi ağzından çıxmış, saralmış evə qayıtdı. Əhvalını soruşduqda dedi: "Arvad, başıma bir iş gəldi.Ziyarət edirdim, birdən pirdən səs eşitdim: "Axır məkanın buradır", dedi. Bu sözləri deyib əlimdə bir az çabalayıb canını tapşırdı...." Bu sözləri deyib arvadların üzlərinə baxardı görsün, sözlərinin təsiri varmı.

Əlbəttə, arvadlar da mərsiyəxan Tutuya inanmayıb kimə inanacaq idilər. "Şükür pərvərdigara! Şükür kərəminə! Doğrudan da xoşbəxt adam imiş" deyib başlarını yırğaladılar....

 

VIII

 

Bu sözlər arvadlardan kişilərə yayıldı, kişilər həyəcana gəldilər, pirin dərəcəsi, mənası birə-beş artdı. Bu vaxtadək pirə az inanlar, indi piri bir müqəddəs yer bilirdilər. Fəqət arada hərdənbir vəba məsələsi barəsində də zəifzəif səslər eşidilirdi. Bu zəif səslər zəiflərdən çıxırdı. Ona görə təsirsiz qaldı.... Hamı bir ağızdan: "Mollanın yeri qoz ağacının dibidir" deyib şəhərdən gələn adamlar, kəndçilər ittifaq bağladılar və böyük bir təntənə ilə Mollanı pirə verdilər ... və pirin ixtiyarını Molla Cəfərqulunun oğluna və Molla Tutuya tapşırdılar.

Şəhərdən gələnlər bu əhvalatı şəhərə, kəndlərdən gələnlər kəndlərə yaydılar. Aradan dürlü-dürlü sözlər pırtladı çıxdı. Hər başdan bir söz! Axırda hətta bunu da deyən oldu, guya o gecə mollanın gözünə bir nur da görünübmüş.... Məşədi Allahverən, əlbəttə, mollanın ziyarətinə getmişdi. Xalqın həyəcana gəlməyi bunu da həyəcana gətirmişdi. Pirdən evə qayıdıb Gülbadama istehza ilə dedi:

- Hə, sən elə qaç həkimə....

- Nədir? Nə olubdur?" - Bu sözləri deyib Gülbadam təəccüblə ərinin gözlərinə baxdı.

- Daha nə olacaqdır? Get, gör pirdən nələr söyləyirlər." Məşədi Allahverən tamam gördüyünü, eşitdiyini Gülbadama nağıl etdi.

Gülbadam ancaq bunu dedi:

- Pirin pir yeri var, həkimin həkim yeri....

- Yox, burada həkimin yeri yoxdur. Mənim yuxum və bu əhvalat göstərir ki, burada həkimin meydanı deyil. Mənim balamı qurtarsa bir pir qurtaracaqdır. Gərək də yuxuma əməl edəm.

- Necə yəni əməl edəsən?" - Gülbadam ixtiyarsız səsini ucaldıb balasını bəladan qorumaq istəyən pişik kimi tamam bədənini yığışdırdı.

- Necə ki, yuxuda görmüşəm elə də gərək edəm.... Balamı bir gün-bir gecə pirə gərəkdir salam....

- Yox, mən balamı bir saat da gözümdən uzağa vermərəm.

- Sənin ağlın çaşıbdır. Doğrudur, ana balasını istər, lakin dindən, məzhəbdən də çıxmaq yaramır....

- Hankı din, hankı məzhəb?

- Canım, xalqın ağzını bağlamayacaqsan ki, deyirlər möcüz görünübdür. Mollanın gözünə bir adam görünübdür.... "Sənin məkanın buradır...." deyib qeyb olubdur.... " Belə şeylərə inanmamaq, dinə-məzhəbə şəkk gətirmək deyilmi?

- Bu möcüzü kim görübdür? Kim söyləyir?

- Xalq söyləyir

- Xalq kimin dilindən söyləyir?

- Mollanın.

- Bu xalqdan hansı biri bu sözləri molladan eşitdi?

- Arvad, arvad! Bu aşkar şeydir. Möcüzü ancaq bir adam görər. Hamı görərsə, o möcüz olarmı? Allah öz qüdrətini ancaq seçilmiş adamların vasitəsilə bildirir. İndi bu rəhmətlik də görübdür, səsi eşidib qorxubdur, tab gətirə bilməyib ürəyi çatlayıbdır. Hamı əhvalatı da arvadına söyləyibdir....

Gülbadam yenə də bir sual vermək istədi. Fəqət əri sözünü ağzında qoyub dedi:

- Daha tamamdır. Mən görürəm həkimlər sənin beynini yeyiblər.... Yox! Tamamdır! Bu, arvad işi deyil. Arvadın ağlı belə şeyləri dərk edə bilməz.... Təvəqqe edirəm belə şeylərə şəkk gətirməyəsən. Yoxsa sənin şəkkinbalamın bədbəxtliyinə səbəb olar.... İnşaallah, bu cümə günü gedərik, bir gecəlik uşağı qoyarıq.... İnşaallah, şəfa tapar!" - Bu sözləri deyib Məşədi evdən çıxdı.

Gülbadam xeyli vaxt ayaq üstə qurumuş qaldı. Gözünü bir nöqtəyə dirəyib dərin-dərin fikirlərə getdi. Sonra ixtiyarsız balasının yanına gedib ağladı.... "Dilsiz, ayaqsız, ağılsız balam" deyib yenə də ağladı.... Cəbi matdım-matdım anasına baxırdı.... Baxıb da guya istəyirdi desin: "Mənim ağılsız, dilsiz olmağımın səbəbi siz valideynim deyilsinizmi?"

Zatən demədisə də, Gülbadam bu sözləri həkimdən eşitmişdi.... Fəqət nə çarə? İş-işdən keçibdir! Həkimin "bəlkə çarə olar" sözləri yenə heç olmazsa bir az ümid yolu açırdı.... Bəs bu pir məsələsi? Daha doğrusu, ərinin yuxusu və yuxusuna əməl etmək istəməsi? Bu əhvalat Gülbadamı büsbütün dəyişdirdi. Həlim, mehriban, təmiz ürəkli Gülbadam birdən-birə şirə döndü. Hələ cümə gününə qalmışdı. Bu gündən ərinin sözlərinə cavab qaytarardı. Belə bir cürətli olmağına özü də təəccüb edirdi. Özünü aslan hesab edirdi. Ərindən başlamış hamını özünə düşmən bilirdi. İstəyirdi bir şey etsin, bir şeyi cırsın, dağıtsın, bir söz desin, fəqət bir söz ki, onun acılığı bu xalqı yandırsın. Sonra istehza ilə qəhqəhə çəkib bunların üstə gülsün....  Bunların hamısını istəyirdi, ürəyindən qovurdu, keçirirdi, beyni qaynayırdı. Fikri-fikri çaparaq qovurdu da bütün bədənini iztiraba salırdı. Hazır neftə basılmış bir quru ot idi, bir qığılcıma bənd idi....

Doğrudur, bundan əvvəl də pirin adını eşitmək istəməzdi. Hətta arvadlar pir söhbəti edəndə, bu, içindən gülərdi, istehza edərdi. Fəqət açıq-açığına deməyə ixtiyarı yox idi. Nə üçün? Ondan ötəri ki, qurana and içmişdi....

Bilməyirəm, Gülbadamın vicdanı bu vaxtadək pirin gizlin qalmasına neçə davam edirdi? Özü görürdü: kor, şil, kar, çaxotkalı, kif azarı tutmuş bu pirə pənah aparıb müalicədən bilmərrə üz çöndərmişdilər. Nə üçün bu biçarələrin bədbəxtliyinə səbəb olurdu? Bu naxoş validələrdən Cəbi kimilərinin dünyaya gəlmələrinə və Cəbi kimi müalicəsiz qalmalarına nə üçün səbəb olub da bu vaxtadək pirin sirrini açmırdı? Bilmirəm, bu suallar Gülbadamın başından keçirdimi və keçirdisə necə cavab verirdi? Bilmirəm, fəqət bunu bilirəm ki, Gülbadam pirin sirrini iki səbəbdən gizlədirdi, bir səbəb öz namusunu güdmək, ikinci səbəb qurana and içməyi idi.... Namusunu, ismətini qorumaq üçün Gülbadam söyləməyirdi, çünki fikir edirdi. Hərgah əhvalatı açsa, ola bilsin bir çox adam bunun haman vaxt təmiz qalmağına inanmayalar, bəlkə bir iş olubdur deyə özü də, əri də bədnam olalar.... Bu əhvalatı həmin gecə, yainki həmin gecənin səhəri açıb desə idi, bəlkə inana idilər.... Bu əhvalatdan bir neçə vaxt keçmiş, yəni pir şöhrət tapandan sonra əhvalatın açılması həqiqət bir çox adamı şübhəyə salardı. Öz aləmində vaxtını keçirtmiş idi. Fəqət nə üçün keçirtdi? Ondan ötəri ki,qurana and içmişdi. Qurana and içməyinə də səbəb yenə bunun namusu oldu. Həmin dəqiqə Gülbadam bu hiylənin aqibətinidüşünsə idi, bəlkə də and içməyə idi. Fəqət həmin dəqiqə Gülbadamın ancaq bir fikri var idi: namusunu saxlamaq, təmiz qalmaq, zəhərli ilandan özünü xilas etmək.

Bundan savayı başqa bir fikri yox idi. Bu da qurana and içməyinə səbəb oldu.  Qurana and içəndən sonra da sirr vermək Gülbadam kimi inanmış bir adama asan deyildi. Gülbadama tərbiyə belə verilmişdi. Heç bir şeyə and etməmək, xüsusən allaha və qurana, bunlara and etdin əməl etmək gərəkdir. Anası Gülbadama deyərdi: "Qızım, olmaya-olmaya qurana and içəsən. Çox adamlar qurana and içib sonra andlarını pozub, böyük bəlalara giriftar olublar. Bundan böyük and yoxdur, qızım...." deyib həmişə təkrar edərdi. Uşaqlıqdan bu, qulağında qalmışdı. Doğrudan da, Gülbadam and içmək sevməzdi. Xüsusən qurana heç vaxt and içməzdi. Bu gecə ömründə əvvəlinci dəfə idi ki, ürəkdən qurana and içdi, ancaq bundan ötəri ki, təmiz qalsın.... İlanın soyuq, çirkin əllərindən xilas olsun. Bu da arvadların bir sirridir: təmiz qalıb tərlan kimi gəzmək, bir çox heyvandan seçilməyən kişilərə yuxarıdan aşağa baxmaq bir çox arvadın sirridir....

Doğrudan da, ertəsi gün Gülbadam bir ağır daşı üstündən atan bir zor, dəhşətli müharibədə qalib gələn pəhləvan, bir təhlükəli vaqiədən xilas olan adam kimi özünü hiss edirdi....

Fəqət bir söz də deyə bilmirdi.

Əcəba! İndi nə üçün şirə dönüb istəyir bir söz söyləsin? Bu sual Gülbadamın başından keçərkən yavaş-yavaş gəlib balası Cəbiyə baxdı, gördü ki, işarə ilə dodaqlarını uzadır, su istəyir, su verib də birdən fikrinə gəldi: "Bəlkə pirdə gecə su istədi, kim verəcəkdir?" Bu fikri başından keçirib ildırım çaxmış kimi uşağın üstünə döşənib ağladı və sonra özünə gəlib dedi:

- Yox! Balacığım, mən səni gözümdən iraq vermərəm. Yox! Mən nifrət etdiyim məbuda qurban vermərəm!"--deyib hünərləndi, guya bir adam, ya bir qüvvə ona ürək verirdi, guya buna deyirdilər: haqq sən tərəfdədir, de, söylə, bagır!....

Sonra bir az fikrə gedib öz-özünə dedi: "Bəs andım? Mən qurana and içdim! Ah, rəbbim! Ah, mənim allahım! Mənə yol göstər!" Uca səslə yenə uşağın üstünə düşüb ağladı....

Əlbəttə, ana hamı övladını bir gözdə görər. Hamısı bir qüvvətdə, bir dərəcədə cigərparasıdır. Fəqət balalardan zəifi, həmişə naxoş bala ana ürəyinin ən hissli guşəsində yer tapar.... Balaca Cəbi tək olduğuna, həmişə dilsiz, ayaqsız, zəif olmağına cəhət Gülbadamın bütün vücudunu məşğul etmişdi. Yuxusuz gecələrmi, ya bir vücuda həmişə diqqətini cəlb etməkmi, yainki Cəbinin məzlumluğu, hərəkətsizliyi, istədiyi şeyi söyləməyə imkanı olmamağımı, bilmirəm. Fəqət onu bilirəm ki, Cəbiyə bağladığı məhəbbət Gülbadamı bütünbütünə yandırırdı.

Məşədi Allahverən də, əlbəttə, balasını sevirdi və çox da sevirdi: o da bütünbütünə bunun uğrunda yanırdı. Fəqət ikisinin məhəbbətində bir az fərq var idi. Məşədi Allahverən çalışırdı ki, Cəbi tez ayaq tutsun, gəzsin, söyləsin, bir bunu söysün, saqqalından tutsun, yolsun, sonra böyüyüb dükanda otursun, sonra buna toy etsin və daha ... nə ... nə.... Əlbəttə, Gülbadam da bunları istəyirdi. Fəqət vaxt olurdu ki, Gülbadamın başından bu da keçirdi: "Belə də qalsa, qalsın, təki ölməsin". Məşədi isə deyirdi: "Xeyr, belə qalmağın nə ləzzəti?"

 

VIII

 

"Allahu-əkbər! Allahu-əkbər! Əşhədu-ən la ilahə illəllah!...." Səhər sübh vaxtı gün çıxmamış tamam canlı şeylər hələ yuxuda ikən təbiətin sükut bir zamanında yarıoyanmış, yarıyuxuda iraq bir minarədən bu sözlər, bu səda sizə necə təsir edir, bilmirəm, fəqət mən sevirəm. Mən çalışıram bu sözləri aşkar, aydın eşidəm. Bilmirəm bu əzanın musiqisimi, ya bu sözlərin mənasımı, yainki uşaqlıqdan qulaqlarımın bu sözləri adət etməyimi, bilmirəm hankısı, fəqət onu bilirəm ki, bunda, bu sözlər sübh vaxtı məni bir qeyri aləmə dəvət edirlər. Hələ cocuqkən sözlərin mənasını düşünmürdüm, yenə də bu sözlər mənim üçün təsirsiz deyildi. O vaxt bunu düşünürdüm ki, dua edirlər. Fəqət nə deyirlər, nə demək istəyirlər, bilmirdim. Mənasını biləndən sonra bu sözlər məni daha artıcaq maraqlandırdı. "Allah böyükdür. Şəhadət verirəm ki, bir Allahdan başqa yoxdur qeyri-məbud". Əcəba, təbiətin belə bir sükut, gözəl vaxtında allahın varlığına və birliyinə şəhadət verənlər nə üçün qeyri-məbud gərəkdir arasınlar? N... şəhəri müsəlman şəhəridir; yəni üçdən iki hissəsi müsəlmandırlar. Məscidləri var, məscidlərinin uca minarələri var. Bu uca minarələrdən müəzzinlər səhər, günorta, axşam hamı bir ağız gözəl səslə deyirlər: "Şəhadət veririk ki, bir Allahdan başqa qeyri məbud yoxdur". Bunlar heç! Hər bir müsəlman özlüyündə namazdan müqəddəm bu sözləri deyib də sonra namaza şüru edir....

Odur, Məşədi Allahverən də səhər namazına durub bu sözləri deyir, onun qonşusu Hacı filan da bu sözləri deyir, hamı bir ağızdan şəhadət verirlər: bir allahdan başqa qeyri məbud yoxdur.

Əcəba, nə üçün bunlar pirə hazırlaşırlar?.... Hətta bir çoxu namaz vaxtında bu sözləri deyə-deyə pirə getməklərini fikir edirdi.

Həqiqət, bu cümə pirə hazırlaşan çox idi. Molla Cəfərqulunun qəflətən ölməyi və ölümü barəsində dürlü-dürlü xəbərlər, danışıqlar çox adamı həyəcana gətirmişdi. Bir çoxu da gedirdi ki, bu müxtəlif xəbərlərin hansı biri doğru olmağını bilsin.... Məşədi Allahverən üçün müxtəlif xəbər yox idi. Bu, bildiyini bilirdi, inanmışdı. Hətta bu gecə yuxusunu da bir az qarışdırmışdı və səhər duranda öz-özünə dedi: "Bəlkə işi təxirə salmaqdan yuxumu da qarışdırıram. Gərəkdi yuxu gördüyüm gecəsinin səhəri uşağı apara idim".

Gecə hətta Gülbadamla sözləşdi, Gülbadam yenə razı olmurdu. Məşədi ağzına gələn yamanı deyib Gülbadamı döymək də istədi. Haman bu gecə cümənin axşamı idi. Məşədi Allahverən çığırıb-bağırıb sonra tez yuxuya getdi. Gülbadam isə xeyli vaxt oyaq qalıb min-min fikirlərə düşdü. Bilirdi ki, əri sabah Cəbini aparıb pirə atacaqdır. Yenə səhərdən axşamadək olsa, yaxşı. Lakin əri yuxusunda bir gün-bir gecə görmüşdü. Naçarlıqdan gündüzə davam etmək olar, bəs bu qaranlıq gecədə, quru yerdə işarə ilə su istəsə kim su verəcəkdir? Yenə yuxuda olarsa, yaxşı. Bəlkə birdən ayıldı? Qaranlıqda qorxub daha yaman olmazmı?.... Bu tövr fikirləri başından keçirib də gahöz-özünə deyirdi: "Yox! Gözüm görə-görə balamı murdar bir yerə dəxil salmağa qoymaram. Nə olursa-olsun, açıb tamam əhvalatı söyləyəcəyəm....". Bu sözlərdən sonra həmişə qurana and içməyi də fikrinə gələrdi.... Yenə vicdansız Molla Cəfərqulu sağ olsa idi, gizlin gedərdi, yalvarardı ki, bəlkə ərini bu fikirdən daşındırsın.... O da öldü.... Ölməyi heç. Bunun ölməyi pirin mənəvi cəhətcə daha artıq şöhrət tapmağına səbəb oldu. İndi bunun sözlərinə kim inanacaqdır? Bu fikirləri başından keçirib ürəyi sıxılardı: zavallı gah həzin-həzin yorğan altında ağlardı, gah birdən yorğanı üstündən atıb durub oturardı və hərdənbir balasına baxıb ürəyi od tutub yanardı. "Yox! Mən səni əlimdən buraxmaram.... Səni diri-diri qəbrə qoymaram!...."

Yox! Bu sözləri deyirdi.... Fəqət müəyyən bir yol da tapa bilmirdi. Vaxt olur ki, belə bir halətdə insan əlacsız qalıb özünü, bəxtini zəmanəyə, keçinəcəyə tapşırır. Bilmirəm nə yolla, fəqət "bu iş baş tutmasın gərəkdir" deyib də axırıncı dəqiqəni gözlüyür.... Gülbadam da bu halətdə, bu fikirdə ikən yuxuya getdi. Fəqət çox da yatmadı. Məşədi Allahverənin "allahu-əkbər!" səsi bunu oyatdı.

Gulbadam bir söz də söyləməyib getmək üçün hazırlaşırdı. Məşədi Allahverən gecəki çovğundan sonra bunun sözsüz yığışmağını görüb ürəkdən şad oldu ki, arvadı da bunun fikrinə şərikdir, "davasız-qalmaqalsız" iş tamam olacaqdır. Məşədi Allahverən hətta dünənki hərəkətindən bir az da xəcalət çəkirdi. Nə üçün Gülbadama elə sözlər dedi və döymək istədi. Sonra yenə özözünə deyirdi: "Xeyr, arvad xeylağını xoş sözlə yola gətirmək çətindir. Gərəkdir bir az çığırmaq, bağırmaq və hətta hərdənbir də üzünü silləyə öyrətmək...." Bu fikirləri başından keçirərkən Gülbadamın gah bu yanına, gah o yanına keçirdi, istəyirdi könlünü alsın, fəqət Gülbadam bir söz də söyləməyib lazım olan tədarükü görürdü. Ərinin sözlərinə ancaq "hə-yox" deyib tələsirdi....

Əcəba! Nə üçün bu zavallı arvad istəmədiyi bir vaqiənin tez olmasına tələsirdi? Gərək hər dəqiqənin, hər saatın uzanmasına şad ola idi, fəqət, biləks,bu tələsirdi....

Bu bir həftənin müddətində daxili müharibə bunu büsbütün yormuşdu, əzmişdi, tamam hiss damarlarını çaxnaşdırıb boşaltmışdı. Bir elektrik qüvvəsi lazım idi ki, bu hiss damarlarını birdən-birə hərəkətə gətirsin.... Bəlkə Gülbadam tələsirdi ki, bu halətdən tez xilas olsun! Ürəyini ağır bir daş basırdı. İstəyirdi biryolluq bu ağır daşı atsın, çünki bu daşın ağırlığına daha davam gətirə bilməyirdi....

Nə isə, balasını götürüb faytona mindi, əri də şad-xürrəm Cəbinin üzünə baxa-baxa fikir edirdi: indi qucaqda gedirsən, sabah oynaya-oynaya gələcəksən....

Yolda yenə pirə gedənlər bir-birini çaparaq qovurdular. Bu dəfə hava isti deyildi. Sübhdən göyün üzünü qara buludlar tutmuşdu.... Gəlib çatdılar.... Ziyarətə gələnlər çox idi: korlar, şillər, dürlü-dürlü naxoşlar hələ dünəndən gəlib dəxil düşmüşdülər. Həqiqət, Molla Cəfərqulunun yoxluğu məlum olurdu....

Hamı sanki bir yasa batmışdı. Kişilər öz aralarında bir-birinə pirin barəsində söyləyirdilər. Molla Tutu da arvadların arasında istədiyini işlədirdi. Bu dəfə qeyri kənddən gələn bir molla meydanı boş görüb pirin kəramətlərindən söyləyirdi. Hamı: arvad, uşaq, kişilər qoz aqacının altına yığılıb qulaq asırdılar. Molla Cəfərqulunun əhvalatını nəql edən vaxt: "Allah sənə çox şükür!" deyib xalq bir-birinə dəydi.

Çolaqlar, korlar, çaxotkalılar: "A kişilər, bircə qoyunuz bizi pirə yavuq gedək" deyib qoz ağacına tərəf sürünürdülər. Bu hində Məşədi Allahverən öz yuxusunu söylədi və indi balasını sabaha kimi pirə dəxil salmağını da elan  etdi. Bu əhvalat daha artıcaq xalqı tərənnümə gətirdi. "Allah sənə çox şükür!" sədası daha da ucaldı....

Göy guruldayır idi, şimşək oynayır idi.... Məşədi Allahverən arvadına tərəf gedib oğlunu anasından aldı. Gulbadam bir söz də söyləməyib Cəbini verdi. Fəqət verən vaxt Cəbi anasına baxdı....

u baxışda bir sirr vardı. Bilmək olmurdu nə sirrdir. Cəbi həmişə anasına baxardı, fəqət indiki baxışda bir atəş, bir elektrik qüvvəsi vardır. Bu qeyri bir baxış idi. Guya anası bu baxışda hiss etdi ki, dilsiz Cəbi istəyir desin:

- Anacığım! Sən məni nifrət etdiyin quru yerə nə üçün buraxırsan?

Gülbadam özünü itirib tam bədəni iztirabda ikən, dizi üstə çökdü, əllərini yuxarı tutub dedi: "Ey mənim allahım! Mənə bir qüvvət ver ki, ürəyimdəkini deyə bilim"....

Bu vaxt xalq bir-birinə keçdi. Arvadlar həyəcana gəldilər. Dünəndən bəri dilsiz, heykələ bənzər Gülbadam indi dəhşətli, yırtıcı bir şirə oxşayırdı. Gözləri parıldadı.... Bütün bədəni titrəyərək uca səslə dedi:

- Mən nifrət etdiyim məkandan balama nicat gözləməyirəm!

Bu sözləri dedikdə hamı bir ağızdan: - İstiğfar et! Allah amandır! Arvad dəli olubdur!

- Yox! Mən dəli olmamışam, fəqət sizin dəli olmağınıza səbəb olmuşam.

- Yumsana bunun ağzını!" - deyib Məşədi Allahverənə tərəf hamı üz çöndərdi.

Məşədi əlində balası, arvadın tərəfinə hirsli gələrkən, Gülbadam sanki bir arslan olub dedi: - Gəlmə yavuq! Mən indi bu hində bir allahdan başqa kimsəni böyük bilməyirəm.

Haman Allahdır məni indi danışdıran. Kimsə mənim ağzımı yuma bilməz. Bu vaxtadək mənim ağzımı yuman da haman allahın kəlamı idi. Namusumu təmiz saxlamaq üçün mən hənuz burada qurana and içdim ki, o yatan bədbəxtin hiyləsini ölənədək söyləməyim - əlini mollanın qəbrinə uzadır - haman bu yerdə mənim ismətimə, namusuma əl uzatdı. Mən çığırdım, qəşş etdim. Ayılandan sonra qurana and içdi ki, mənim namusuma əl uzatmasın, mən də qurana and içdim ki, ölənədək bunun hiyləsini aşkar etməyim.... Fəqət çoban olmasaydı, bu pir də olmazdı.

Hamı bir-birinə baxıb heyran qaldılar. Bu vaxt kişilərin içindən bir şəxs ayrılıb əlində böyük bir daş, günbəzə tərəf gəldi və daşı günbəzə vurub dağıtdı və dedi:

- Bu torpaqlara əvvəlinci üzünü sürtən mən olmuşam....

Bu vaxt Gülbadam uca səslə dedi:

- Balamı mənə veriniz! Veriniz balamı!

Bütün bədəni titrəyib yıxıldı, qəşş etdi. Arvadlar tab gətirə bilməyib ağladılar, kişilər başlarını yerə dikdilər....

Bilməyirəm bu vaqiədən sonra bu mahalın müsəlmanları həqiqi məbudlarını tapdılarmı?

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info