Qonaq Kitabı
MÜƏLLİMƏ

Onu göndərdilər ki, azarlamış müəllimin yerini hələlik dolandırsın... Müəllimə özü rus, şagirdlər müsəlman.

Əvvəl gün dərs otağına girdikdə, uşaqların çirkli paltarlarından gələn iydən az qaldı ki, burnunu tutub çıxsın. Ətir və ənbərə öyrənmiş olan bu cür iylərə dözmək istəmirdi. Şagirdlər tərəfindən gətirilib  mizlərin içində gizlədilmiş olan İran şirniyyatının (zəfəran, mixək, darçın, hil kimi) qoxuların uşaqları üst-başından çıxan çirk və piy iyisinə qatışıb, onsuz da əlliyə qədər adamın nəfəsi ilə pozulmuş havanı daha da bədtər etmişdi.

Heç süpürülməmiş və yainki süpürülən kimi zibillənmiş olan döşəmənin üzündə toz-torpaq, yeyinti qırığı... uşaqların əyni-başı cırıq-cırıq, başlarında yekə-yekə papaq və çirkli yaylıq, müəllimənin təmizliyə öyrənmiş olan gözlərini incidirdi.

Səs-küy, anlamadığı bir dil, qışqırıq, lüzumsuz gülüş binəvanın musiqiyə öyrənmiş qulağına çox fəna təsir edirdi.

-Mən buna dözə bilmərəm, – deyib müəllimə istədi ki, çıxıb getsin. Lakin... qalmağa məcbur idi, yoxsa gələcək ümidləri zay ola bilərdi.

Dərsə başladı... Uşaqlar rus dilini bilmir, bu dediyini onlar, onlar dediyini bu anlamırdı. O idi ki, klasda uşaqları nizam ilə saxlamaq mümkün deyildi. Bu hər nə deyirdisə, uşaqlar öz bildiklərini edirdilər.

Bələ pərişan və qat-qarışıq bir mənzərə içində bir şey müəllimənin diqqətini cəlb etdi. Uşaqlardan küncdə oturan bir nəfər bu nizamsızlığa heç qarışmayıb, dinməz-söyləməz oturub, kəmali-ədəb ilə dərsə qulaq asırdı. Əyninə baxdıqda bu bir kasıb balası idi, amma üzündə nəcabət asarı var idi. Bundan heç bir nalayiq hərəkət baş vermirdi.

Sözsüzdür ki, bütün klasın içində müəllimənin xoşu gələn bir şagird var idisə, həmin bu Əlisəfdər idi; özü də yoldaşlarından rusca çox bilirdi və yaxşı xətt ilə yazırdı.

-Allahın altında bunun əyni-başı düzəlmiş olaydı, – deyib müəllimə hətta bu fikirdə oldu ki, Əlisəfdərə paltar tədarükü görsün. Amma o biri uşaqlar müəlliməni çox incidirdilər. Özləri də klasda papaqlı otururdular.

-Bu saat papaqlarınızı çıxarın! – deyib müəllimə uşaqların üstünə qışqırdı. Onun əmrini anlayanlar papaqlarını çıxartdılar, anlamayanlar da o birilərinə baxıb başlarını açdılar.

Lakin burada bir şey müəlliməni heyran qoydu. Onun dostu Əlisəfdar papaqla oturmuşdu. Müəllimə təəccüb ilə ona baxdı, “Sən də papağını çıxart!” – dedi. Lakin o heç tərpənmədi, ancaq qıpqırmızı qızardı. Şagirdlər səslərini kəsib bütün diqqətlərini bu fəqərəyə cəlb etdilər. Klasda dərin bir sükut əmələ gəldi. Müəllimə dost tutduğu şagirdin bu itaətsizliyindən qəlbi sınmış halda, ona tərəf gedib, öz əli ilə onun papağını çıxartdı. Bu halda uşaqlar bir hay-küy saldılar ki, az qaldı otaq dağılsın. Müəllimə bilaixtiyar geri çəkildi və az qaldı ki, özündən getsin. Lakin ona əsər edən uşaqların vəhşi qışqırığı deyildi.

Bəs nə idi?

Əlisəfdərin başı keçəl idi. 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info