VAQİEYİ-YUBİLEYKARANƏ
Girdim yerimə başımda qayğu, Gördüm gecə bir qəribə uyğu:
Bir şəhrdəyəm ki, cümlə dəhri Gəzsən bulamazsan oylə şəhri;
Ləzzətli suyu, gözəl havası, Var behcəti, zövqü, həm səfası;
Əhli bütün əhli-fəzlü insaf, Həp mömini-pak, müslimi-saf;
Şəhri-füzəla, diyari-irfan, Mömin yatağı, qədim Şirvan.
Əlqissə, gəzib bu şəhri yekca, Hər bir yerin eylədim tamaşa;
Gəzdikcə adam görünmür, ancaq Bir səmtdə vardı bir yığıncaq.
Vəqta ki, bu isdihamı gördüm, Mən də o yerə qoşub yüyürdüm;
Baxdım ki, əzim bir cəmaət, Eyzən ürəfa, əvət, həqiqət!
Lakin nə üçündür işbu əhval? – Sordum, birisi dedi bu minval:
“Rahi-mədəniyyəti tey etdik, Bir şəxsi-əzizə yubley etdik”.
“Əhsən – dedim, - ən gözəlcə bir şey, Xaqani[1] üçünmü işbu yubley?
Ya seyyidi-paki-Zülfüqari[2] Yad etdiz o airi-diyari?
Yoxsa Məlikov Həsənbəyi[3]-pir Əlyövm olunur vətəndə təqdir?
Əkdikləri danələr göyərdi, Bəh, bəh necə dadlı meyvə verdi?
Yaxud, de görüm, müdiri-“Kəşkül”[4] Ünsizadə Səidi-məqul
Etdikləri ictihadə nisbət Millətdən alır bu gündə qiymət?
Yainki o Seyyidi-Əzimi[5] Şad etdiz o şairi-nədimi?
Yoxsa Qəniyev Məcidi[6] təbcil Etmək səbəbincədir bu təşkil?
Məhmudbəyov ol Həbibi[7] yoxsa, Alqışladız ol ədibi yoxsa?
Yaxud, de görüm, müdiri-“Rəhbər” Məhmudbəyəmi bu etinalər?”
“Lal ol, - dedi, - Zülfüqar kimdir?! Xaqaniyi-namdar kimdir?!
Kimdir Məlikov Həsənbəyi-pir? Millət onu çoxdan etdi təkfir?
Kimdir, nəçidir o Ünsizadə? Həp dinimizi verirdi badə!
Ya Seyyid Əzim kimdir, oğlan? Bir şair idi yazırdı hədyan!
Məhmudu Həbib, ya Məcidin Çəkmə adını o üç pəlidin!
Ömründə belə niyaz qılmaz, Bunlar üçü də nəmaz qılmaz.
Yubleydir bu, həba deyildir, Var qiyməti, kəmbəha deyildir;
Hər elmi üfaq müəllim əsla Layiq olamaz bu feyzə, illa.
Layiq belə yubleyə ziyadə Əlhafiz əfəndi Şeyxzadə”.
İşbu sözü söyləyib də təkrar, İstərdi edə bir az da göftar.
“Dinmə”, - dedim, - oldu qissə məfhum, Rumi ki, dedin, qəziyyə məlum...”[8]
. . . . . . . . . . .
Dərpərdə olan rümuzu qandım, Bu halda xabdən oyandım.
Gördüm bu rübaiyi mükərrər Təbim ediyor dəmadəm əzbər:
Qanunü qəvaidi-təbiət Qoymuş bu cəhanda boylə adət:
“İnsandakı cəhldən ziyadə Həqsizlər edərlər istifadə”.
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 mart 1911, â„– 10) “Gözü yumulu” imzası ilə çap olunmuşdur.
[1] Xaqani Şirvani (1120-1199) – XII əsrdə yaşayıb yaratmış böyük Azərbaycan şairidir. [2] Zülfüqar Şirvani (1190-?) – Şamaxıda doğulmuş Azərbaycan şairi. [3] Həsən bəy Məlikov Zərdabi (1837-1907) – XIX-XX əsrlər Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi. [4] “Kəşkül” – 1883-cü ilin yanvarından Tiflisdə nəşrə başlayan jurnal. 1884-cü ilin may ayından qəzetə çevrilmişdi. Redaktoru “Ziya” qəzetinin müdiri Səid Ünsizadənin qardaşı Cəlal Ünsizadə idi. [5] Seyyid Əzim Şirvani (1835-1888) – XIX əsr Azərbaycan şairi. |