BALACA SƏHNƏ
Vəqta ki, məşrutə xəbəri İran kəndçilərinin qulağına yetişdi, bir nəfər qoca əkinçi əkinin içində səcdəyə yıxılıb dedi: Səd şükr ki, oldu nur-baran Məşrutə ilə bu xaki-İran! Rəxnə yetişib binayi-zülmə, Yer qalmadı kədxudayi-zülmə; Zülmün, sitəmin çırağı söndü, İran yenə bir behiştə döndü; Hakimlərin ixtiyarı bitdi, Dehqanların iztirarı bitdi; Bundan sora rəncbər döyülməz, Nahəq yerə binəva söyülməz; Salmaz bizi mülkədar rəncə, Qurmaz bizə bir daha şkəncə...
Yazıq bu şerləri oxur-oxumaz nagah divan məmurlarından bir nəfər fərraş hazır olub, əkinçinin, əhlü-əyalının gözü önündə qollarını bağlayıb, at qabağında piyada, ayaq ilə onu ərbabın qapısına gətirdi. Ərbabın gözləri qızarmış, əlində bir təlimi dışarı çıxıb, əkinçini gördükdə dedi: Ha... kətçi, bir ay keçir ki, xirmən Ötdü, nərələrdə qalmısan sən? Məhsulu bütün özün götürdün, Ərbabə nə pişkeş gətirdin? Bostandakı meyvəcatı dərdin, Aya, de görək, bizə nə verdin? Nə buğda, nə arpa çatdı səndən, Nə lobya, noxud, nə paxla, ərzən; Lazım sənə indi min üqubət, Ta ibrət ala bütün rəiyyət! Biçarə əkinçi boynu çiynində, tamam bədəni əsə-əsə, qorxa-qorxa baş endirib ərz etdi: Allaha qəsəm ki, mən fəqirəm, Köç-külfət əlində dəstgirəm, Ətfali-səğirə pasibanəm, Avareyi-əklü şürbü nanəm; Məlumi-cənabınızdır, ərbab, Bu il quraq oldu, tapmadıq ab; Əkdiklərimin təmami yandı, Fəryadlarım göyə dayandı; Vallah, özümüz də qalmışıq ac, Bir parça quru lavaşa möhtac... Ərbab kətçidən bu sözləri eşidincə ağzı köprümüş, gözləri hədəqədən çıxmış bir halətdə qışqırır: - Uşaqlar, falaqqa, çubuq hazır edin, od yandırın, şiş qızdırın! Bu əsnadə dörd nəfər zalım əllərində şallaq, biçarə kətçinin ayaqlarını möhkəm bağlayıb, falaqqaya salıb, döyməyə başladılar. Ərbab Vur, vur ki, gətirməyibdir arpa! Əkinçi İnsan dözəməz bu şarpaşarpa! Ərbab Vur, vur ki, bir az da məstkaməm! Əkinçi Canım çıxar, urma, bidəvaməm! Ərbab Vur, vur ki, nə yaq verib, nə qaymağ! Əkinçi Vurma ki, deyil inəklərim sağ! Ərbab Vur, vur ki, bunu qudurtdu məclis! Əkinçi Vurma məni hakim etdi müflis! Ərbab Məşrutə bunu xərab edibdir! Əkinçi Zülmün məni dilkəbab edibdir! Ərbab Hürriyyət edib bu şumu gümrah! Əkinçi Fəryadə yetiş, amandır, allah! Əla lənətüllah ələl-qövmüzzalimin.
İlk dəfə “Yeni həqiqət” qəzetində (27 fevral 1911, â„– 30) “Ə.C.” imzası ilə çap olunmuşdur.
Qəzetdə sərlövhədən sonra “Nəsimi-Şimal” qəzetindən məalən tərcümə” qeydi vardır.
|