Qonaq Kitabı
ASUDƏLİK BU SAƏT YERDƏN GÖYƏ CƏHANDA

 

“Dil mirəvəd zidəstəm, sahib dilan xudara,

Dərda ki, razi-pünhan xahəd şod aşikara!”[1]

 

Asudəlik bu saət yerdən göyə cəhanda

Var isə vardır ancaq İranda hər məkanda:

Təbrizdə, Sərabda, Xalxalda, Xançobanda,

Qeyrətli Şahsevəndə, hər anda, hər zəmanda,

Lorlarda, Şıx-gözəldə, Keşkanda, İsfəhanda,

Tehranda, əncüməndə, kabnetdə, parlamanda,

Işlər bütün həqiqət, sözlər bütün güvara,

“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

 

Dalma təfəkküratə, qare ki, işbu halət –

Ya kimlərin gücündən İranda etdi nəşət?

Əlyövm hər tərəfdən çarpır gözə şikayət,

Hər kəsdə vəcdü şadi, hər yerdə əmnü rahət,

Əhvali-daxiliyyə bilxeyrü vəssəlamət,

Dadü sitəddə rövnət, şirkətlə hər ticarət,

Xoşdil bütün cəmaət, razi bütün rəiyyət,

Asudə hali-millət, dair ümuri-dövlət,

Nəzmü nəsəq mühəyya, leşkər bütün səfara,

“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

 

Zənn etmə haziranın səyilə bimühaba

Bu rütbəetilalıq beş gündə oldu bərpa!..

Yox, yox, xəta edirsən, haşa və sümmə haşa!

Gərçi bular da az-çox bir iş görüblər, amma

Keçmiş binayi-xeyrin asarıdır həmana,

Qaib müdəbbiranın tədbiridir ki, hala

Etdikləri sədaqət bir-bir olur da peyda,

Açdıqları bulaqlar cari olur sərapa,

“Hatəssəbuhə, həyyu ya eyyühəssükara!”

“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

 

Bunlar əbəsmi, yahu, məlulə yoxmu illət?

Hümmətsizin olurmu bunca müvəffəqiyyət?!

İran səadətində çoxlar edirdi xidmət,

Çoxlar bu məmləkətdə göstərdi səyü qeyrət...

Zoncümlə Nasirəddin[2], - həqq eyləsin də rəhmət!

Hər beşdə-üçdə etdi hər səmtə bir səyahət,

Hər bir səyahətində seltək axıtdı sərvət,

Yüksəldi ərşə qarşı xaki-diyari-Dara[3]...

“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

 

İştə bunun üçündür iranlı bilməsərrət,

Dünyalərə axışdı, olduqca gördü izzər (?)

Hər şəhri qıl tamaşa, həm səmtə eylə diqqət:

Məşriqdə minlər ilə, məğribdə bilizafət,

Türkiyyədə ziyadə, Rusiyədə nəhayət,

Çində, Xətadə... Bəh-bəh!.. Həp aşinayi-qürbət!

Hər sudə bittəkəssür, hər kudə bizziyadət,

İranlıdır görürsən, amma nə şanlı röyət!

Amma nə datlı didar, amma nə xoş qiyafət!

Hər şəxsə zahir ikən yox ərzi-halə hacət...

Tərif üçün və bir də yoxdur dilimdə yara,

“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

 

Ha, indi də Əhəd xan[4], ol mənbəi-ədalət,

“Abadiye” vətənçin minbabi tabiiyyət,

Nasirtək etmək istər isbati qədri-millət,

Bol-bol səyahətindən məqsudu məhz ibrət,

Cudu səxavətindən mən eyləməm hekayət...

Qoy madmazellər etsin tərifini, nəhayət,

İrana bənzər olsun qoy-səfheyi-Buxara!

“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 aprel[5] 1910, â„– 16) “İmza (.....)” imzası ilə çap olunmuşdur.

 



[1] Bu beyt Hafiz Şirazinin qəzəlindəndir. Tərcüməsi:

Könlüm gedir əlimdən dadə çatın, a dostlar!

Aman ki, gizli sirrim olacaq indi aşkar!

 

[2] Nəsrəddin şah (1831-1896) – 1848-1896-cı illərdə İran şahı olmuşdur.

 

[3] I Dara – Yeni eradan əvvəl 522-486-cı illərdə qədim İran şahı. Əxəmənilər sülaləsindən idi.

 

[4] Əhəd xan - Buxara əmiri idi.

 

[5] Jurnalda səhvən “2 may” getmişdir.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info