Qonaq Kitabı
SATIRAM

 

Moldayı, salmadı el dil boğaza...

Eybi yox, gərçi qoyulduq loğaza,

Yaz bu elanımı da bir kağaza,

Açmışam Reydə geniş bir mağaza:

Çox ucuz qiymətə hər şey satıram,

Ay alan!.. Məmləkəti-Rey satıram!

 

Mağazamda tapılır hər cürə zad:

Cami-Cəm[1], rəyəti-Key[2], təxti-Qubad[3];

Gərçi bazarımı etməkdə kəsad

Səy edir bir para İrani nəjad,

Leyk mən baxmayıram, hey satıram,

Ay alan!.. Məmləkəti-Rey satıram!

 

Nə gərəkdir mənə bir munca ümur

Ki, edə qəlbimi bihissü hüzur?

Babama vermədi əl “abəki-şur”[4],

Deyiləm naxələfü nabəşüur;

Qəsri-Şirin[5], əsəri-Key satıram,

Ay alan!.. Məmləkəti-Rey satıram!

 

Istəməm nuri, qaranlıq sevirəm,

Mülki-İranı dumanlıq sevirəm,

Boşlayıb şəhri, yabanlıq sevirəm,

Bəsdi şahlıq, dəxi xanlıq sevirəm,

Səbzəvar ilə məyamey satıram,

Ay alan!.. Məmləkəti-Rey satıram!

 

Söz mənim, ev mənim, əsrar mənim,

İrzü namus mənim, ar mənim,

Mal mənim, məsləhəti-kar mənim,

Satıram, dövləti-Qacar mənim;

Kimə nə dəxli ki, mən şey satıram,

Ay alan!.. Məmləkəti-Rey satıram!

 

Şah məşrutə-pənah olmaq isə,

El qoyan vəzlə şah olmaq isə,

Guş bər əmri-sipah olmaq isə,

Şah olub həmdəmi-ah olmaq isə,

Xan olub, nuş eləyib, mey satıram,

Ay alan!.. Məmləkəti-Rey satıram!

 

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (7 iyun 1909, â„– 23) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

 

O zamankı qəzetlərdə Məhəmmədəli şahın İran xəzinəsində olan asari-ətiqəni satmaq istədiyinə dair xəbər çap olunmuşdu. Bu şer həmin hadisə ilə əlaqədar yazılmışdır.

 



[1] Cami-Cəm – Cəmşidin camı. Əfsanəyə görə, İran padşahı Cəmşidin gövhələrlə və şərabı tərif edən yazılarla bəzədilmiş məşhur camıdır.

[2] Rəyəti-Key – Kəyan sülaləsinin bayrağı nəzərdə tutulur.

[3] Təxti-Qubad – Sasanilər sülaləsinin 19-cu hökmdarı, Nuşirəvanın atası məşhur Qubadın taxtına işarədir.

[4] “Abəki-şur” – Fətəli şahın vaxtilə söyləmiş olduğu tarixi sözdür. Rus çarızmi Zaqafqaziyanı tutandan sonra Xəzər dənizini tamamilə öz əlinə keçirmək üçün İran hökumətinə müraciət edir. Baş vəzir bu məsələni şaha ərz etdikdə Fətəli şah belə cavab verir: “Abəki-şürəst, çi faidə darəd, bedəh birizəd bəguri-pədərəş!” – yəni “şor sudur, nə faydası var, ver töksün atasının goruna!”

[5] Qəsri-Şirin – İranda Kirmanşahın cənub-qərb tərəfində yerləşən tarixi qəsəbədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info