Geyib gülgün qəba sərvim durub gülzar arasında
Geyib gülgün qəba sərvim durub gülzar arasında,
Sanasan şaxsari-güldürür gülnar arasında.
Gözümdən, ey kəmanəbru, sərasər keçdi peykanın,
Bir əndək saxladım bu dideyi-xunbar arasında.
Siyəhpuşu pərişan olduğumdan məqsəd oldur kim,
Gəzəm bu rəng ilə ol türreyi-tərrar arasında.
Nə vəch ilə tutub xət səfheyi-rüxsarın ol şuxün,
Olur, qanuni-xətdir, bir əlif rüxsar arasında,
Səhər pərvaz edəndə zülfi-mişkin dövri-ruyində,
Görən der: zağlərdir gülşənin oynar arasında.
Gözü ğəmzən gəlib can qəsdinə, amma budur vəhmim,
Düşə nahəq yerə qanlar iki sərdar arasında.
Səgi-kuyinlə tutsam cəng, tut məzur ,sultanım,
Eşikdə qilü-qal olmazmı xidmətkar arasında?
Qaçıbdır tənədən Fərhad kuhə, Qeys səhrayə,
Mənim tək daşlanan kimdir dərü divar arasında?
Hərimi-məhrəmi-bəzmi-səri-kuyin olan Zakir
Rəvadırmı gəzə bikanəvar əqyar arasında?