Qonaq Kitabı
18 yanvar Rusiya, sənə 1877

18 yanvar  Rusiya, sənə 1877

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

Müştərimizin qədəri bir illik 87, yarım illik 9.

 

DAXİLİYYƏ

 

Ey mənim dostum Milləti-islamın təqdirən vəkili-naməlumu (məktubat fəslində çap olunan kağıza cavabdır). Sizin kağıza cabəca cavab yazmaq sonraya qalsın, indi lazım bilib ərz edirəm ki, o kağız qışın çilləsində olan çovğun kimi onu diqqət ilə oxuyanın bədəninə qorxu lərzəsi salır. Əlhəqq bizim zəmanədə elmsiz qalan millət mürur ilə puç olmağı məlum və aşkardır və əgər elm təhsil etmək üçün istitaət, ittifaq, vəsilə gərək imiş və bunların heç birisi biz müsəlman tayfasında yox imiş və ola bilməz imiş, pəs belədə sizin kağız bəzi elm təhsil edənlərin sözünü təsdiq edir ki, deyirlər gələcəkdə müsəlman milləti dəxi ziyadə bisəmərə olacaq... Çünki sizin kağız onu diqqət ilə oxuyanın çoxuna belə təsir edə bilər, ona binaən bu əvvəlinci cavabımda ərz edirəm ki, iş həqiqət belə deyil. Elm təhsil etmək biz Qafqaz müsəlmanları üçün elə düşvar deyil ki, siz buyurursunuz. Bu halda bizim vilayətdə ildə 100 manat verməyə tavanası çatan 500 adam tapılar və əgər onlardan 200-cən adam işdən xəbərdar olub öz millətini bisəmərə olmaqdan mühafizət etmək istəyə, onlar hər ildə 20 min manat cəm edə bilər.

Ey mənim dostum, heç bilirsinizmi ki, bu məbləğ ilə nə qayırmaq olar? Əvvələn, onilə bir çapxana açmaq olar ki, orada qəzet və elm kitabları çap olunub müftə və ya bir cüzi qiymətə xalqa paylansın. Saniyən, Tiflis və ya qeyri şəhərdə bir məktəbxana açmaq olur ki, hər 3 yüz ev o məktəbxanada öz xərci ilə bir uşaq oxutsun. Orada onlara türk, fars, ərəb dillərini öyrədib elm kitabları ilə təlim etməyi öyrədəndən sonra hər uşağı göndərən icma onu apardıb öz şəhərlərində və ya kəndlərində ildə evə bir manat vermək ilə bir məktəbxana aça bilər. Belədə tamam Qafqazın şəhərlərində və kəndlərində məktəbxana açdıra bilərik ki, orada öz dilimizdə uşaqlarımız təlim olunsun və yəqin ki, ol vaxtda indikindən yaxşı müsəlman oluruq.

Bilirəm, mənim dostum, bu sözü eşidib güləcəksiniz ki, bu xəyaldır. Doğru deyirsiniz, həqiqət, bu xəyaldır. Amma onun xəyal olmağına səbəb biz özümüzük. Bizə ki, göydən kömək gəlməyəcək, əgər bisəmərə olmaqdan özümüzü mühafizət etmək istəyirik, qəflətdə olmaq nə lazım. Yəqin deyəcəksiniz ki, ittifaqımız yoxdur, sünni, şiə sözü buna mane olur. Əzizim, bizim zəmanədə və bizim vilayətimizdə sünni, şiə sözü məhz anlamaz ağzında qalıb. Pəs, mənim dostum, halva demək ilə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çırmalıyıb meydana daxil olun ki, bəlkə zikr olan xəyal əmələ gəlsin, yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz.

 

 

ƏFALİ-ƏHLİ-DEHAT

 

Buğda 2 cürə olur ki, birisi payızda və birisi baharda əkilir və onların hər biri bir neçə qism olur. Buğda soyuq tərəflərdə əmələ gəlməz, onun yeri gilli və ya qumlu olsa yaxşıdır. Onu bir yerdə dalbadal bir neçə il əksən, hasil ilbəil az olur. Ona binaən yaxşıdır ki, bir il buğda əkəndən sonra yer bir il dincəlsin və ya buğdadan sonra o yerdə bir neçə il qeyri şey, məsələn, qarğıdalı, kartofel, tənbəki, yer kökü və qeyr kökü dərinə gedən şey əkəsən. Xülasə, yer dincəlməyə qalanda bir il keçəndə buğda əkmək olur, amma qeyr şey əkiləndə ol yerdə 3 – 4 ildən irəli buğda əkmək nəf etməz. Buğda üçün yeri mal nəcisi ilə qüvvətli edəndə, gərək nəcisi toxum edəndən çox irəli yerə qarışdırasan ki, yer toxum oluncan çürüyüb tamam olsun, yoxsa buğdada qarabaş deyilən naxoşluq əmələ gələr. Əhəng belə yeri yaxşı qüvvətli edər. Toxum gərək təmiz olsun ki, zikr olan naxoşluq əmələ gəlməsin. Yaxşıdır ki, toxum iki il saxlanmış ola, olmasa onu toxum edəndən irəli suda istadmaq gərək. Zağ suyu dəxi yaxşıdır (13 – 15 misqal zağ bir pud toxuma bəsdir). Nə qədər yer qüvvətli isə və yaxşı narın olmuş isə, ol qədər toxum az lazımdır və bir də onu əl ilə səpəndə çox səpmək gərək, amma maşın ilə cərgə-cərgə səpəndə az. Əgər payızda toxum olunan yer qışın nəmişliyindən bərkimiş isə, baharda onu bir dəfə malalamaq yaxşıdır. Əgər baharda buğda göyərən zaman onun yarpağı qarantıl göy isə və sallanmış isə məlum edir ki, o yer qüvvətli olduğuna onun buğdası yatacaq. Belədə lazımdır onu yatmaqdan mühafizət etməkdən ötrü ol vaxtda biçəsən və ya qoyuna yedirdəsən. Baharda əkilən buğdanı ol yerdə əkillər ki, qış soyuq olduğuna payızda əkilən tələf olur və ya ol yerdə kartofel və qeyr payızda yetişən şeylər əkildiyinə payızda onu əkmək məqdul olmur. Ol buğda qeyr qism buğdadır, amma payız buğdasınıda baharda əkmək olur. Lazımdır ki, bir neçə il onu baharda əkib, belə əkilməyə öyrədib bu baharda yığılan toxumu əkəsən.

 

MƏKTUBAT

 

Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy, sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib bizə hey təklif edirsən: elm öyrənin, elm öyrənin... Çox yaxşı, sözün baməna və nəsihətin müfid və xeyirxahlığın sabiq. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı, hansı istitaət ilə?

Bərfərz ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində elm bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin. Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər, kəndlərdə də məktəbxanalar açmaq və müəllimlər gətirdək ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə?

Dövləti-qəviyyeyi-Rusiya bu istitaət və qüdrət ilə, hələ kəndlərdə məktəbxanalar bina etməyibdir, biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz, bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kaffeyinas, Prus xalqı kimi və Yeni dünya xalqı kimi, ünasən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan, buna ancaq şakir ol ki, dövləti-Rusiyanın təhti-himayətində keçən zəmanələrin qoşunkeşliyindən və çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq. Elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvələn, istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səfhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünni. Şiələrin sünnülərdən zəhləsi gedir, sünnülərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz. İttifaq haradan olsun?

Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki və farsı və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs olar niyə elmsizdirlər? Külli Ərəbistan bisavaddır, ərəblər ya dilənçilik, ya çapavulçuluq edirlər. Külli Anatoliya bisavaddır, külli İran bisavaddır. Ancaq İstanbulda və Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır. Səbəb oldur ki, müsəlman dillərində oxumaq çəyindir.

Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabı. Kim alsın? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzeti alıb neyləsinlər? Cırsınlar, tullasınlar? Külli İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Qalan yerlərdə ki bir paraları filcümlə oxumaq, yazmaq bilirlər alıblar, dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən bitər ki, bizim hətta çobanlarımız da Prus çobanları kimi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə. Təvəqqəedirəm ki, mənim bu kağızımı biduni-ziyad və nöqsan onun cavabı ilə öz qəzetində basasan.

Yazıldı Qafqaz səfhəsində sakin olan milləti-islamın təqdirən Vəkili-naməlumu tərəfindən.

Əvvəli-yanvar, sənə 1877

 

TƏZƏ  XƏBƏRLƏR

 

Peterburqdan “Bakinski izvestiya” qəzetinə yazırlar ki, neft cövhərindən dəxi aksiz alınmayacaq.

_______________

 

Badkubə uyezdinin Balaxana qəryəsində neft quyuları var ki, oradan neft gətirib, şəhərin yanında olan zavodlarda ondan cövhər çəkirlər. Zikr olan qəryədən zavodlaracan 7 verst yoldur ki, kirayəçi ərradəçilər neftin putunu 5 qəpiyə gətirillər. Deyirlər keçən il ərradəçilər zavod sahiblərindən 500 min manatacan kirayə alıblar.

İndi Badkubə şəhərində iki kompaniya bina olub: birisi istəyir Balaxanadan nefti yer altı ilə dəmir novçalar ilə gətirsin və birisi istəyir dəmir yolu təmir eləsin. Yer altı ilə neft gətirmək istəyənə dövlət tərəfindən izin verilib və bu bahar onu başlayacaqlar. Deyirlər buna 100 min manatacan xərc olacaq.

Dəmir yolu təmir etməyə indiyəcən izin alınmayıb, amma bişəkk dövlət izin verəcək və izin barəsində ərizə göndəriblər. İndiyəcən dəmiryolundan ötrü 200 min manatacan cəm olub. Deyirlər onun 300 min manatacan xərci olacaq.

Neft cövhəri satanlar keçən il ziyadə nəf ediblər. Əvvələn onun putunu Moskva və qeyr şəhərlərdə bir manat yarıma, iki manata satırdılar, amma keçən il 3 – 4, hətta 5 manata satıblar.

________________

 

Ərradənin diyircəyinin ətrafı ensiz olduqcan, ata az güc edər. Amma onun ensiz olmağı yola zərərdir. Diyircək nə qədər ensiz olsa, ol qədər yolu yarıb artıcaq xarab edər. Bu səbəblərə indi danışıq var ki, daş yolları ilə gedənlərdən alınan yol pulunu diyircəyin eninə görə alsınlar, yəni diyircək ensiz olduqcan, yol pulu artıq olsun.

_______________

 

Badkubədə qızıl pulu çox baha olmuşdu ki, beş manatlıq qızıl 7 manat yarım kağız puluna gedirdi. Deyirlər dövlət bangının Badkubədə olan hissəsi yazıb ki, Peterburqdan qızıl göndərsinlər. Ümid var ki, qızıl ucuzlansın.

_______________

                                                                     

İstanbulda fars dilində çap olunan “Əxtər” qəzeti barəsində yazırlar ki, bir az müddətdə iki min manatacan borca düşdüyünə mövquf olmuşdu, amma indi onu çap etməkdən ötrü bir kompaniya bina olub. Dövləti-əliyyeyi-İran tərəfindən ol kompaniyaya min tümən vədə olunub.

________________

 

“Türküstan qəzeti”ndə bir şəxs zeyldə zikr olan müəmmanı yazıb onun mənasını sual etmişdi:

Şəhri-səbzdən çıxıbdır bir qız,

Qırx qız doğubdur həmuz həm qız.

Üstündən erkək çibin örtdüyü yox,

Yarsız bir gecə həm yatdığı yox.

 

Buna Səmərqənddən bu cavab yazılır:

 

Şəhri-səbzdən gələndir bir qız,

Özü mollayi dana qız

Məktəb tutardı daim niz,

Hərgiz bunun yalanı yox.

 

 

Oxuyardı qırx düxtərçə,

Həmrah idi gündüz-gecə.

Səbq bürurdi bir neçə,

Öz qızıdır doğanı yox,

 

Erkək çibin ötməmək cavabı:

 

Oxuyurdu daim Quran,

Dilində ayəti-mövlan.

İrür ol aşiqi-rəhman,

Naməhrəmni görganı yox.

 

Yazsın yatmağının mənası:

 

Gündüz qızlara təlim verir,

Gecələr də allah deyir.

Allah ilə söhbət edir.

Yarsız yalqız yatğanı yox.

 

Əssöhbət məəallah.

Zikri onun hüvəlillah,

Yarı onun iləlallah.

Qeyri onun heç yarı yox.

 

Bir rəvayət üşbudur niz:

Ol yatmazdı əsla yəlğuz,

Həmrah yatar şagird qız.

Ol səbəbdən yılğanı yox,

 

Muni aydi Mirza Övbid.

Mirza Ümid ki, dər fərzənd,

Fənn əhlinə bulğay pəsənd,

Danalar ki, pünhanı yox.  

 

________________

 

İstanbuldan yazırlar ki, əgərçi bu halda Osmanlı dövlətinin ümuratı yeni türklər əlindədir, amma indiyəcən onların sərkərdələrinin birisi Xəlil Şərif paşa ki, xədifi-Misrin mərhum qardaşı Mustafa Fazil paşanın qızını alıb, işdə deyil. Buna səbəb oldur ki, ol cənab ilə xədifi-Misrin arası yaxşı olmadığına Osmanlı dövləti bu halda ona ümurat işini tapşırmaq ilə xədifi-Misrin könlünə dəymək istəmir.

_______________

 

İstanbuldan yazırlar ki, içəridə olan şəhərləri saxlamaqdan ötrü yığılan əsgəri hamı tabelərdən cəm edəcəklər, xah müsəlman ola, xah olmaya.

________________

 

Qerdseqovinədə sərəsgər olan Əhməd Muxtar paşaya qeyr yer verib, onun yerinə Süleyman paşanı təyin ediblər.

_______________

 

Sədri-əzəm Midhət paşa təzə qanunu xalqa məlum edəndə deyib: bizim padşahımız həzrət Sultan Əbdülhəmid xan bu qanun ilə öz tabelərini rövşən edib. Bu qanun ol qanundur ki, onilə Avropa əhlinin gözü açılıb, zülmətdən çıxıb, bu qədər tərəqqi edib. Pəs hər Osmanlı tabesi gərək özünü xoşbəxt hesab eləsin ki, belə padşahın dövranında zindəganlıq edir.

_______________

 

İstanbulda təzə qanun qoyulan günü serblər ilə olan cəngdən qayıdan tələbələr əllərində məşəl Hacı Şükür əfəndinin sərkərdəliyi ilə Dolmaboxçaya gedib, həzrət sultandan razılıq ediblər. Həzrət Seyid paşaya buyurub ki, onlardan bu səbəbə razılıq etsin. Ol vaxtda tələbələr: - padşahım çox yaşasın, - deyib ərz ediblər ki, həzrət konfrans yazan şərtləri qəbul eləməsin.

________________

 

Osmanlı dövləti təzə qoyan qanunun bir fəsli də budur ki, məclisi-ümumidə danışıq türk dilində olacaq və 3 ildən sonra ikinci dəfə calislər intixab olanda hər kəs türk dili yazıb uxumağı bilməsə, calis ola bilməz.

_______________

 

Tehrandan dekabrın 23-də “London qəzet” qəzetinə yazırlar ki, bu il İranda məkulat az olduğuna aclıqdan qorxub, qeyr vilayətlərə məkulat aparmağı qadağan ediblər.

_______________

 

“Politik korrespondent” qəzeti yazır ki, əgər İran dövlətinin əmələcatı Kərbəla şəhərini zəbt etmək istəyir, amma cəng etməyə əsgər və hərbiyyə mayəhtacı yoxdur. Hərçənd həzrəti-şahənşahi-İran Avropa səyahətindən qayıdandan sonra əsgəri Avropa nizamına salmağa səy edir, amma indiyəcən ondan heylə səmərə yoxdur və bir də bu halda İran dövlətinin əmələcatı rüşvət almaq və qeyr bizabitə əməl etmək ilə xalqı elə incidib ki, şəhərlərdə xalq bu barədə qapılara kağız yapışdırır. Belədə ola bilər ki, Avropa dövləti Osmanlı işi kimi İran üçün də bir belə iş açsınlar.

_______________



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info