Qonaq Kitabı
HEKAYƏTİ-MOLLA İBRAHİMXƏLİL KİMYAGƏR

 

Molla İbrahimxəlil təbəssüm ilə halətinə əsla təğyir verməmiş, ahəstə gah o tərəfə, gah bu tərəfə yırğalanmaqda təsbehin dənələrin çevirə-çevirə səlamı rədd edir.

 

Molla İbrahimxəlil. Əleyküm-səlam, xoş gəlibsiniz, səfa gətiribsiniz. Zəhmət çəkibsiniz (nuxululara yer göstərir oturmağa).

Nuxulular birisi (oturandan sonra). Sizin kimi büzürgüvarın ziyarəti üçün çəkdiyimiz zəhmət bizlərə eyni rahət və səadət göründü.

Molla İbrahimxəlil (kəmali-istiğna və təbəssümlə).Mənim şagirdim Molla Həmid sizin hüsni-övsafınızı mənə təqrir edibdi. Mən də sizi görməyə çox şaiq idim. Nəhayət, bir əmr barəsində, vallah, bilmirəm necə deyim, zahirən sizdən şərməndə olacağam; çünki Molla Həmidin təqririndən məlum oldu ki, siz guya bir miqdar pul gətirib gümüş almaq xahiş edirsiniz.

Nuxulular (təməlüq ilə). Bəli, ağa, əgər şəfqətiniz şamil olsa.

Molla İbrahimxəlil (xoşnudluqla). Vallah, sizin kimi əziz qonaqlardan şərməndə oluram. Gümüş müştərisi o qədərdir ki, hər kürənin gümüşünü bir ay, iki ay, puşəki alıb pulun verirlər. Keçmiş və əldəki kürələrin gümüşünü Əylis erməniləri alıblar. Bu ayın başında tamam olası iksirin və kürənin gümüşünü də Vartaşen yəhudiləri yalvarıb alıblar. Bu yavuq zamanda getdilər pul gətirməyə. Bu xüsusda mən hətta Molla Həmidə də deməmişəm, çünki onun yəhudilərdən zəhləsi gedir. Amma mənim onlara rəhmim gəldi. Çünki onlar bu yavuq kənddə olduqları cəhətdən mənə çox qulluq edirlər.

Molla Həmid (miyani-kəlamda). Ağa, bunlar...

Molla İbrahimxəlil. Hələ yavaş!.. Müxtəsəri-kəlam gümüş xahiş edənlər bir mərtəbədə çoxdur ki, həta mənə aman vermirlər ki, iksirini müddəti-təkmilini itmamə yetirəm. Çünki iksirin əcza tərkibi gərək iyirmi gün müttəsil kükürd ərəqində yata, gili-hikmətdən qayrılmış zərfin içində və hər gün miqdari-müəyyəndə ona təzə ərəqi-kükürd qatıla. Sonra həmin əczayi-iksir gərək on gün müttəsil tizabi-ərğüvanidə qəri inbiqin içində qala və hər gün keçmiş tizab dəyişib tazələnə. Bu dövreyi tərbiyət itmamə yetişəndən sonra əczayi-iksir gərəkdir hərarəti-nariyyə vasitəsilə öz təkmilini itmamə yetirsin. Gili-hikmətdən yapılmış butənin içində üç saəti-nücuminin ərzində xaricdən sair əczayi-əsrariyyə tədricilə məxlut olunmaq imdadı ilə ki, əvvəl bir cismi-maye nəzərə gəlir və sonra müncəmid olub yumşaq cismi-sabit olur. İksir, iksir ibarətdir həmin bundan ki, filizzati-kəsifəni, məsələn, mis kimi miqdari-müqərrərdə ərinəndən sonra bəmücərrədi-məzc xalis gümüşə münqəlib edir. Mənim işim həmin budur. Amma əhməq xəlq əz qərari ki eşidirəm, hər yerdə şöhrət verir ki, mən kəşf və kəramət sahibiyəm. Hərgiz belə deyil. Mən deyiləm məgər bir təqva sevən və həsənata talib adam ki, əvvələn, cənabi-barinin tövfiqi ilə və saniyən, elmi-kimyada olan bihəsr ittilaat və tətəbbüatımın imdadı ilə ülumi-hikmətdə müddətlər ilə gördüyüm təcarübün vasitəsilə aləmi-təbiətin əsrarına pey aparıb, iksirin tərkibinin keyfiyyətinə vaqif olmuşam. Hər dəfəyi-tərkibində bir para xarici, mənəvi şəraiti diqqətlə məmul və məlhuz etmək ilə ki, iksirin xəvassının müqtəziyyatındadır. Əgərçi sair mütəarif xalqa görə bu növ şəraiti-mənəviyyə badii-nəzərdə qəribə və əcibə görünür.

Molla Həmid. Ağa, onu ərz edirdim ki, bunlar hamı müsəlmandırlar, bunların tərcihi məlun cuhudlara vacibdir, əgər kərəminiz olsa...

Molla İbrahimxəlil (bir az dikəlib). Xeyr, elə deyil, mən söz vermişəm, milyon üçün öz sözümü dəyişmənəm. Bax, mənim xatirimə nə gəlir; hələ əvvəl sən mənə de görüm; bu ayın kürəsinin iksiri müddəti-təkmilindən sonra neçə pud misi gümüşə münqəlib etməyə kifayət edəcək?

Molla Həmid (başını yuxarı qovzuyub, gözünü çadırın səqfinə dikib, sağ əlini baş barmağı ilə çənəsinə təkyə verib, yarım dəqiqə mütəəmmil olub cavab verir). Otuz iki pud gümüşün iksiri mürəttibdir ki, otuz gündən sonra təkmilə yetib, otuz iki pud misə vurulub xalis məhəkdən çıxmış gümüş edəcəkdir. Sən iki pudu dəxi misin tortasına-zadına çıx, gələn ayın əvailində otuz pud gümüş mövcuddur, necə ki, iksirin və filizzati-kəsifənin miqdarını mülahizə etməkdən müşəxxəs olur.

Molla İbrahimxəlil. Bu həzərat nə qədər pul gətiriblər?

Nuxulular birisi. Beş min manat, ağa.

Molla İbrahimxəlil. Xub, Molla Həmid, bax, mənim xatirimə nə gəlir: bu həzəratın pulu cüzvi imiş. Bunlara on pud gümüş vermək lazımdır. Yerdə qalır iyirmi pud, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. Sən necə bilirsən, yaxşı kəsdim işi? Həm sənin təvəssütün həmməshəblərin barəsində məqbul oldu, həm mənim sözüm pozulmadı.

Nuxulular (baş vurub razılıq yolundan). Allah dövlətinizi artırsın. Buyurursunuz, ağa, pulları hüzurunuza təslim edək?

Molla İbrahimxəlil (azca qaşını əyib ahəstə, istiğna ilə). Pulları mənə nə lazım təslim etmək. məndə hanı o qədər vaxt və fürsər ki, hər bir cüzviyyata özüm mübaşir olam. Sayın, tapşırın Molla Həmidə, otuz gündən sonra genə buraya gəlin, on pud gümüşünüzü alın, aparın. Xudahafiz! Günorta namazının vaxtı yetişir.

Nuxulular (baş vurur xoşhallıq ilə). Allah ömür və dövlətinizi artırsın.

 

Çadırdan çıxırlar.

 

Pərdə salınır.

 

 

 

DÖRDÜNCÜ   MƏCLİS

 

Dördüncü məclis genə haman yerdə vaqe olur. Nuxulular vədə verilmiş otuzuncu gündə sübh çağı uzaqdan görünürlər. Molla İbrahimxəlil tez belinə bir ağ fitə bağlayır, biləklərini çırmayır, mütəarif ev libasında, çit şəbkülah başında, əmmaməsiz çadırın qabağında durub, şagirdi Molla Həmidi çağırır. Molla Həmid qabağına gələndən sonra bu növ ilə ona buyruq verir.

 

Molla İbrahimxəlil. Molla Həmid,çadırdan tez zərgər kürəsini butəsilə kiçik körük ilə çıxar gətir! Kürəni yerə qoy, körüyün lüləsini ona keçir, kürəyə od sal, butəni üstünə qoy. Çadırın dalısından kömür çuvalını gətir, kürənin yanına tök. Gir çadıra, bir məcməi içində üç rəngarəng balaca şüşə var və üç rəngarəng bükülmüş kağız var, götür gətir, sarı bükülmüş kağızı aç, içindəki əczanı tök butəyə, yaşıl şüşənin suyunu endir butənin içinə, otur, körüyü bas!

 

Bu buyruqlar tamam olandan sonra Molla İbrahimxəlil dəmir maşaya yapışıb butəni od üstündə bərkidir. Bu halda birdən çadırın dalısından, qıraqda atdan enmiş nuxuluların başları görükür. Molla İbrahimxəlil öz işinə məşğuldur. Aşağı əyilib butəyə baxır, nuxuluları görmür. Amma onlar Molla İbrahimxəlili bu halət ilə görməkdən vəcd edib, şövqdən qaim sövt ilə çağırırlar.

 

Nuxulular. Səlam-əleyküm!..

Molla İbrahimxəlil (başını qovzuyub). Əleyküməssəlam! Ax, siz bu gün nə üçün buraya ayaq basdınız? Bu nə işdir ki, mənim başıma gətirdiniz! Belə müsibət olmaz ki, məni saldınız! Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz mənim əməyimi və cəfamı zaye etmək fikrindəsiniz! Vay, vay, vay! Ax, ax, ax...

Nuxulular (təhəyyür ilə). Ağa, nə vaqe oldu? Bizdən nə təqsir sadir oldu? Biz nə eləmişik?

Molla İbrahimxəlil (kəmali-yə`sdə). Dəxi bundan artıq nə edəcəksiniz ki? Bu gün iksir tamam və kamil olan saatda və əcza butədə qaynayan vəqtdə bu yerə ayaq basdınız. Axır iksirin xasiyyəti budur ki, butədə qaynadığı yerin dörd ətraf və həvalisində bir ağacadək əcnəbi bəni-adəm ayağı gərək basılmasın. Və illa iksir öz xasiyyətini itirib havaya qalxar və puç olar. Necə ki, Şəkkaki-müsəxxiri-əcinnə bu xüsusda təkidati-bəliğə edibdir. Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric xəlvət guşəyə özümü çəkmişəm?

Nuxulular (heyrətlə). Ağa, biz sizin buyuruğunuza görə gəldik; otuz gün bu gün tamamdır.

Molla İbrahimxəlil. Axır mən demişdim ki, otuz gündən sonra. Bunun mənası budur ki, otuz gün ötürüb otuz birinci gündə gərək gələydiniz ki, iksir hazır olmuş və gümüş kürədən çıxmış olaydı. Siz gəldiniz otuzumcu gündə, iksirin butədə qaynamaq vəqtində. Ax, ax, ax!

Nuxulular. Hələ ki, belə ittifaq düşübdür, biz bilməmişik. İndi bunun çarəsi nədir?

Molla İbrahimxəlil. Dəxi əsla çarəsi yoxdur, nə iksir əmələ gələr, nə gümüş olar, məgərinki siz... Əlac münhəsirdir ancaq buna...

Nuxulular. Məgərinki... Biz nə eləyək, ağa? Əlac nəyə münhəsirdir?

Molla İbrahimxəlil. Dəxi ki, gəlibsiniz, laməhalə gərəkdir ki, iksir kürədə qaynadığı yerdən uzaqlaşmayasınız. Necə ki, qanuni-kimya təqaza edir, bəşərti ki, əgər öz xeyrinizi axtarırsınız və mənim sizin haqqınızda çəkdiyim cəfanı itirməzsiniz, iksir butədən çıxıb tamam olan zamana qədər ki, bir saatdır başlanıb, itmamına iki saat qalıb, gərəkdir ki, meymunu yadınıza salmayasınız və meymun şəklini xatirinizə gətirməyəsiniz. Əlac buna münhəsirdir və illa həmin iksir ki, indi bir aydır mütəssil onun pərvərişində zəhmət çəkirəm, türfətül-eyndə puç olub havaya qalxacaqdır. Xasiyyəti belədir, necə ki, Çullu həkim mükərrər təcrübə edib, öz kimya kitabında sərahətən yazıbdır.

Nuxulular (əlac səhl görünməkdən sevinib bir yerdə). Çox yaxşı, ağa, bu bir asan işdir; təki iksirin təkmili buna mövquf olsun...

Molla İbrahimxəlil. Bəli, həmin buna mövqufdur. Allah sizdən razı olsun, mən sizdən razı oldum. Molla Həmid, körüyü bas!..

 

Molla Həmid körüyü basır. Molla İbrahimxəlil butəni dəmir maşa ilə çevirir. İçinə yanındakı əczalardan birisini tökür, şüşələrin birisindən damızır, geri çəkilir. Saatı qoyun cibindən çıxarıb baxır. Bu halda Ağa Zaman həkim üzünü ona tutub.

 

Ağa Zaman həkim. Ağa, bundan başqa çarə yoxdurmu?

Molla İbrahimxəlil. Nədən başqa?

Molla Zaman həkim. Meymun başqa.

Molla İbrahimxəlil. Kişi, nə danışırsan? Nə söyləyirsən? Vaveyla!!!

Ağa Zaman həkim. Axır, necə eyəliyim, ağa? Meymunu yadımdan çıxara bilmirəm.

Molla İbrahimxəlil (darılmış və qeyzlənmiş). Kişi, kəs səsini!!! Unut fikrindəkini!!

Ağa Zaman həkim. Baş üstə, ağa!

Molla İbrahimxəlil (şagirdi Molla Həmidə qeyzlə). Körüyü bərk bas! Yatırsan nədir?

 

Əyilir butəyə baxır, genə bir zad göy bükülmüş kağızdan butəyə tökür. Bu halda nuxululardan birisi, yəni Molla Salman papağını başından götürüb.

 

Molla Salman. Uf, nə istidir... Uf, lənətə gələsiniz! Uf, əl çəkməzlər! Çarə yoxdur...

Molla İbrahimxəlil. Kİm lənətə gəlsin? Kimdir əl çəkməyən? Nədən çarə yoxdur? Nə söyləyirsən?

Molla Salman. Uf, çarə yoxdur... Əlac yoxdur...

Sair nuxulular. Doğrudur, heç çarə yoxdur... Hərgiz mümkün olmur.

Molla İbrahimxəlil (hamısına qeyzlə). Necə çarə yoxdur? Necə əlac yoxdur? Nə var? Sizə nə olub?

Molla Salman(yoldaşlarının halətindən və təsdiqindən cavaba iqdam edir). Ağa, tamam dağların heyvanatı meymun şəklinə, böyük həmdunələr sifətinə dönüb, uzun quyruqları ilə nəzərimdə basışırlar, üstümə hücum gətirirlər. Uf, bilmirəm necə edim, hara qaçım! Uf, lənətə gələsiniz, meymunlar! Lənətə gələsiniz, həmdunələr!

Sair nuxulular (başlarını yuxarı qovzuyub). Uf, lənətə gələsiniz, meymunlar! Lənətə gələsiniz, həmdunələr! Bu nə iş idi düşdük!

 

Molla İbrahimxəlil cəld butəyə bir zad tullayır ki, nuxulular başları yuxarı görmürlər. Birdən bütədən güllə kimi qığılcımlar sıçrayıb hər tərəfə dağılır, butə part edir. Iksiri-mövhum barıt kimi havaya uçur. Od hər tərəfə səpələnir, tüstü havanı basır. Molla Həmid körüyün dalısından hövlnak geri sıçrayır, Molla İbrahimxəlil ikiəlli saqqalının tükünü yolur; gah dizinə çırpır və gah fəryad edir.

 

Molla İbrahimxəlil (nuxululara fəryad ilə). Evinizi Allah yıxsın! Bu nə iş idi etdiniz? Evinizi Allah yıxsın! Qapınız çırpılsın! (Başının tükünü yolur, dizinə çırpır).

Nuxulular. Ağa, sakit ol! Aram tut. Olacağa çarə yoxdur. Indi bizim təklifimiz nədir?

Molla İbrahimxəlil (şiddət diltənglik ilə). Sizin təklifiniz nədir? Təklifiniz budur ki, indi gün batmamış özünüzü yaxın kəndlərə yetirəsiniz. Qabaqdakı iksirin müddəti-təkmilinə qədər, yəni otuz bir gün gözətləyib, genə buraya qayıdasınız. Həmin cüzvi beş min manat pullarınız əvəzində ki, bir para zəruriyyəti-lazimiyyə üçün bilkülliyə məsrəf olunubdur, gümüşünüzü alıb aparasınız. Bəşərti ki, mən sizə piş əz vəqt xəbər göndərməmiş gəlməkdə sibqət eləməyəsiniz ki, məbadə günlərin sayında genə bir günə səhv qılmaq ilə bimövqe iksirin təkmilindən əqdəm buraya gəlib, o iksiri də bunun kimi xərab etməyəsiniz... Sizdən ötrü müşəxxəs olunan gümüşün üstündə xəyalımdadır ki, pullarınızın faydasını dəxi izafə edəm, ondan ötrü ki, sizə bir parça artıq gümüş vermək, mənə görə heç bir təfavüt etməz... Amma sizin kimi əşxasa bir həbbə də puldur. Xudahafiz, yola düşün, gedin! Mənim xəbər göndərməyimə müntəzir olun! (Gedir öz çadırına başı aşağı, yavaş, öz yanında söyləyə-söyləyə). Ümid olun ki, mən sizə xəbər göndərəcəyəm. Allah qoysa o vaxtadək bir çarə taparam ki, bir də sizin üzünüzü görməyim.

 

Nuxulular qurumuş mat qalırlar.

 

Pərdə salınır.

 

Tamam olur.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info