Qonaq Kitabı
HEKAYƏTİ-MOLLA İBRAHİMXƏLİL KİMYAGƏR

 

Təmsili-qisseyi-vaqiə ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir.

 

 

 

ƏFRADİ-ƏHLİ  MƏCALİS

 

 

Molla İbrahimxəlil – kimyagər, kəldəkli.

Molla Həmid – onun şagirdi, samuxlu.

Dərviş Abbas – onun nökəri, iranlı.

Hacı Kərim – zərgər, nuxulu.

Ağa Zaman – həkim, nuxulu.

Molla Salman – mərhum Molla Cəlil alimin oğlu, nuxulu, mərtub və qəviheykəl.

Məşədi Cabbar – tacir, nuxulu.

Səfər bəy – mülkədar, nuxulu.

Şeyx Salah – xaçmazlı.

Hacı Nuru – şair, nuxulu.

 

 

 

 

ƏVVƏLİNCİ  MƏCLİS

 

Əvvəlinci məclis Nuxu şəhərində Hacı Kərim zərgərin evində vaqe olur min iki yüz qırx səkkizinci ildə, baharın orta ayında. Hacı Kərim zərgər xaçmazlı Şeyx Salahı Nuxuya varid olduğu səbəbindən öz evinə dəvət edibdir: aşnaları Ağa Zaman və Molla Salmanı və Meşədi Cabbar taciri və Səfər bəy çülkədarı və həm Şeyx Salah xaçmazlını. Amma Hacı Nuru şair ittifaqən çağırılmamış gəlibdir. Tamam əhli-məclis öz adəti libaslarında əyləşiblər, Şeyx Salahdan başqa ki, müəmməmdir, əlində uzun təsbeh çevirir. Ev sahibi Hacı Kərim zərgər əhli-məclisə mütəvəccüh olub mətləb başlayır.

 

Hacı Kərim zərgər. Həzərat, bilirsiniz ki, mən sizi nə işdən ötrü çağırmışam?

Məşədi Cabbar tacir. Sizə qəribə xəbərim var. Kəldəkli Molla İbrahimxəlil, deyirlər ki, Tiflisə gedib, rüsxət alıb, gəlib Xaşmazın dağlarında çadır qurub, kimya qayırır. Məsələn, bir zad dürüst edibdir ki, adına iksir deyirlər. Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur.

Ağa Zaman həkim. Mən dəxi eşitmişəm.

Hacı Kərim zərgər. Şeyx Salah öz gözü ilə görübdür ki, Əylis erməniləri iyirmi beş min manat sikkəli pul gətirib, Molla İbrahimxəlildən əlli pud xalis gümüş alıb aparıblar; belədimi, şeyxanə?!

Şeyx Salah. Bəli, oxuduğum haqqı, mən gözümlə gördüm ki, Molla İbrahimxəlilə hər kəs sikkəli pul gətirdisə, iki çəkisi bərabəri sikkəsiz xalis gümüş aldı apardı.

Səfər bəy mülkədar. Biz də gedək, alaq!

Molla Salman. Əgərçi nəqd pulumuz yoxdur, amma mən pullu Hacı Rəhim ilə dostam, əgər bir ilə on-on iki fayda və möhkəm girov verməyə razı olursanız, mən ondan sizə və özümə nə qədər pul istəsəniz ala bilərəm.

Məşədi Cabbar tacir. Molla, mənim özümün pulum var, amma tamam nisyədədir. Tezliklə ələ gətirmək çox çətindir. Əgər mümkün olur isə, mənim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var yanında girov olsun.

Hacı Kərim zərgər. Min manat da mənim üçün al, evimi girov verdim.

Ağa Zaman həkim. Min manat da mənim üçün al, övrətimin bağını girov verirəm.

Səfər bəy mülkədar. Min manat da mənim üçün al, kəndim girov olsun.

Hacı Nuru şair (bimövqe cibindən bir kağız çıxarmış). Həzarət, bir yaxşı əhvalat, yəni avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. Hələ bir qulaq asın, onu oxuyum, görün bu keyfiyyəti necə bəlağət və fəsahətlə bəyan etmişəm.

Ağa Zaman həkim. Ey, Hacı Nuru, bu məclis nə şer məclisidir! Ağzımızda söz danışırıq, məsləhət edirik, bu da gəldi ki, mən altmış il bundan əvvəl olan keyfiyyəri nəzm etmişəm. Ləzgi belə gəldi, belə getdi, bizə nə və bunun bizə nə faydası var?

Hacı Nuru şair (incimiş). Necə nə faydası var? Görərsiniz ki, o vaxt ləzgilər nə işlər sizin babalarınızın başına gətiriblər, nə birəhmlik onların haqqında ediblər. Məgər keçmiş güzarişatı bilmək bifaydadır?

Hacı Kərim zərgər (xoşluqla). Hacı Nuru, hələ şer oxumaq vaxtı deyil. Bir özgə farağat vaxtda oxuyarsan. Indi de görək, Molla İbrahimxəlildən gümüş almağa getməyi sən dəxi məsləhət bilirsənmi? Yəqin ki, sənin dəxi əqlin qəbul edən işdir.

Hacı Nuru şair (mükəddərliklə). Xeyr!

Molla Salman. Nə səbəb ilə?

Hacı Nuru şair. O səbəblə ki, hər kəsin öz sənəti özünə iksirdir və xoş güzəranlığına baisdir; dəxi nə lazımdır ki, adam kimyagirlərin dalısınca düşsün. Molla İbrahimxəlili mən görməmişəm, amma fərasət ilə bilirəm ki, haramzadalıq açıbdır. Hərçənd bir neçə vaxt bundan irəli, belə ki, deyirlər o Tiflisə getmişdi, amma ona kimya qayırmağa kim izin verdi və kim gördü? İksirin aləmdə vücudu yoxdur. Əgərçi Çaxmazdan gələn bu Şeyx Salah sizi bir mərtəbədə inandırıb və əqlinizi çaşdırıb ki, mənim sözümə hərgiz etimad etməyəcəksiniz.

Hacı Kərim zərgər. İksirin aləmdə vücudu olmağına dəlil çoxdur, ehtiyacı təqrirə yoxdur. Hələ sən bunu isbat elə ki, hər kişinin öz sənəti necə özünə iksidir? Mən ki zərgərəm, yövmiyyə xərcimdən ötrü acizəm.

Hacı Nuru şair. Ondan ötrü ki, xalqın arasında etibardan düşübsən. Heç kəs sənə iş tutdurmur. Əvaildə yanına əsbab qayırmaq üçün hər nə qədər qızıl və gümüş gətirdilər, nisfindən artıq oğurladın, mis və bürünc qatıb sahiblərinə rədd etdin, axırda fisqin büruz etdi. Dəxi yanına bir adam iş gətirmir. Əgər doğru rəftar etsəydin, əlbəttə indi dövlətli kimsənələrin biri idin.

Ağa Zaman həkim. Xub, mən niyə biövzaəm?

Hacı Nuru şair. Ondan ötrü ki, öz sənətini tərk edib bilmədiyin işə ayaq qoydun; həkimlik sənin ki sənətin deyil idi. Sənin atan usta Rəhman dəllək ülgüc-bülöv ilə məqul dövlət qazandı, sən puç etdin. Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi, sən ona razı olmayıb, Tiflis dəlləkləri kimi, istədin ki, həkimlikdə dəxi şöhrət edəsən. Odur, bir qəbiristanlıq adam qırdın, xalq işindən başa düşdü, tərkini qıldı. Indi nə dəlləksən, nə həkim... Neçə kərə mən sənə dedim ki, rus həkiminin yanına gedib barı qızdırma davasını ondan öyrən; qarpız suyu ilə qızdırmaya müalicə etməkdən əl çək, sözümə qulaq asmadın...

Ağa Zaman (etiraz ilə). Mənə dedilər ki, rus həkimi qızdırmaya xleb-sol ilə müalicə edir. Rus dili bilənlərdən soruşdum: sol nədir? Dedilər duz. Mümkünmüdür qızdırmaya müalicə etmək duz ilə?

Molla Salman (Ağa Zamanın ağzını yumub). Kəs səsini, Allahı sevirsən, həmaqətini az bildir, o duz başqa duzdur. (Sonra üzün Hacı Nuruya tutub). Hacı Nuru, sənin qiyasına görə mən gərək Qarun olaydım; bəs mən niyə bir həsir və lüləyindən qeyri bir zada malik deyiləm?!

Hacı Nuru şair. Onun da səbəbi var. Ondan ötrü ki, sən çox yaxşı qatırçılığa layıqsən: amma beyninə düşübdür ki, mən də gərək molla olam, ondan ötrü ki, atam molla idi. Atan oxumuşdu, kamalı var idi, molla idi. Sən ki öz adını dürüst yazmağa qadir deyilsən, nə üçün molla olursan? Kamal ata kürkü deyil ki, irslə övlada yetişə. O səbədən xalq arasında miqdarın yoxdur, dövlətin haradan olsun? Əgər qatırçılıq etsəydin, bu qavara və zor ilə ildə yüz əlli manata pul deməzdin.

Səfər bəy mülkədar. Mənim niyə dövlətim yoxdur?

Hacı Nuru şair. Sən mülkədarsan, sənə lazım idi ki, əkdirəydin, biçdirəydin və dövlət qazanaydın; amma əbəs yerə özünü saldın qalmaqala, durdun onun ilə, bunun ilə döyüşməyə, xalqın dalısınca yaman sözlər danışmağa. Ümənayi-dövləti təqsirlidən, təqsirsizdən şikayət etməklə təngə gətirdin. Axırda nadinc adam qələminə getdin. Üç il divana düşdün, üç il sürgünə sürüldün, gözəl ömrün keçdi. Indi istəyirsən ki, bir yalançı kimyagərin dövlətindən birdən pullanasan, necə ki, Məşədi Cabbar təməinin çoxluğundan puluna yekə yek fayda kəsib, tamam cüzvi tənxahını birdən xalqa dağıtdı ki, birdən pullansın. Indi yalnız tənxahına da razıdır, əgər ələ gələ...

Hacı Kərim zərgər. Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir təqsir var ki, sənətindən bəhrəyab olmur. Bəs sən niyə öz sənətindən xoşgüzəran deyilsən? Qış tapsan, yaz tapmazsan; yaz tapsan, qış tapmazsan; sənin sözünlə, sənin hünərin, yəni şer demək bəs gərək bir böyük iksir olaydı?!

Hacı Nuru şair. Bəli, mənim hünərim filhəqiqə iksirdir. Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa filizzat lazımdır ki, onun təsirini qəbul edə; habelə mənim hünərim üçün dəxi ərbab-zövq və kamal və mərifət lazımdır ki, dediyim əşarınqədrini bilələr. Zəmani ki, mənim bəxtimdən həmşəhərlilərim də ki sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var; bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir?

Hacı Kərim zərgər. Bu nə qələt edir, nə yava danışır? Səni kim bu məclisə çağırdı? Nəsihət verən vaqe oldu? Görəsən, haradan bu belə filosof olubdur? Çıx get, sənin nəsihətin bizə lazım deyil!

Tamam əhli-məclis (bir yerdən). Çıx get, sənin nəsihətin bizə lazım deyil!

Hacı Nuru şair (tələsik şer kağızını götürüb qoynuna dürtüb). Gedirəm, doğru söz acı olar (gedir).

Hacı Kərim zərgər (əhli-məclisə). Həzərat, sözümüz sözdür. Gərəkdir ki, gələn həftənin başında pullar hazır ola, yola düşək Molla İbrahimxəlilin hüzuruna, Xaçmaz dağlarına.

Tamam əhli-məclis (bir yerdən). Bəli, sözümüz sözdür.

 

Pərdə salınır.

  

 

İKİNCİ   MƏCLİS

 

İkinci məclis Xaçmaz dağında vaqe olur. Dağın damənəsində bir müsəttəh və müəttər və rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulubdur. Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfində ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. Kürənin çevrəsində ənbar ilə əzilmiş mis paraları tökülüb, guya tezliklə ərinib gümüş olasıdır. Çadırım birisinin yavığında genə ağacdan bir balaca çardaq qurulubdur.

Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara mütəssil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. Dərənin hər iki tərəfində bitmiş yüzillik palıd və fısdıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb qonub, mövzun nəğəmat ilə dərəyə qülğülə salırlar. Çəmənin  müqabilindən bir bulaq suyu qayadan ahəstə və həzin səs ilə axıb dərəyə tökülür və axdıqca qətəratı ətrafa səpələnir. Çəməni gündoğan tərəfi göz işləməyən səhradır. Dərəyə getdikcə çadırların birisində sakindir. Molla İbrahimxəlil kimyagər, birisində Molla Həmid, onun şagirdi. Balaca çardaqda olur dərviş Abbas, onun xidmətkarı, öz alət və əsbabi ilə.

Sübhdən saat keçmişdi. Günün şüası dərədən tədriclə mütəsaid olan dumanın üstündə bərq vururdu. Bu halda Molla İbrahimxəlil kimyagər öz çadırından çıxıb, şagirdi Molla Həmidin çadırı tərəfinə üz qoyub Molla Həmidi çağırır. Molla Həmid çadırdan çıxıb qabağına gəlir, ədəbli durur. Molla İbrahimxəlil başlayır ona deməyə.

 

Molla İbrahimxəlil. Molla Həmid, Nuxudan yola düşən adamlar Şeyx Salahın yazmağına görə gərək bu gün ikindi çağı buraya yetişsinlər.

Molla Həmid. Bəli, ağa, dəxi tez.

Molla İbrahimxəlil. Molla Həmid, onlar gələndə hörmət elə, çadırda əyləşdir, əhvalat xəbər al, soruş ki, nə mətləbə gəliblər. Əgər desələr ki, pul gətirmişik, gümüş alacağıq, de ki, ustadım keçmiş kürələrin gümüşünü tamam Əylis ermənilərinə veribdir və bu əldəki kürənin gümüşü dəxi onlara satılıbdır və ikinci kürənin iksirinin təkmil və tamam olmağına bir ay qalıbdır. Nahaq yerə siz cəfa çəkib gəlibsiniz... Ustadım sizdən nə pul qəbul edəcəkdir və nə də gümüş verə biləcəkdir. Əgər məni görmək istəsələr, de ki, ustadım üç günün etikafına əyləşib, ibadətdədir. Bu üç gündə adamla görüşmək və danışmaq ona mümkün deyil.

Molla Həmid. Niyə, ağa, belə buyurursan? Bəlkə elə dedim, pulları götürdülər, geri qayıtdılar!

Molla İbrahimxəlil. Qərib əhməqsən, sən nuxuluları mənə tanıdırsan? Onları öldürməsən, məni görməmiş və pulları mənə verməmiş buradan getməzlər. Sənə hər necə deyirəm, elə eylə! (Gedir öz çadırına).

Molla Həmid (dalınca). Baş üstə, ağa!

 

Bundan sonra, axşama iki saat qalmış nuxulular yetişir. Mollla Həmid çadırdan onların qabağına çıxır.

 

Nuxulular (Molla Həmidə). Səlam-əleyküm!

Molla Həmid (onlara). Əleyküm-salam! Xoş gəlibsiniz, səfa gətiribsiniz. Buyurun çadıra,əyləşin, rahat olun!

Nuxulular (Molla Həmidə). Çox müştəqvar idik sizi görməyə. Əhvalınız yaxşıdırmı? Damağınız çağdırmı?

Molla Həmid. Allaha şükür, belə səfalı yerdə, yaylada damağ çağ olmazmı? Xüsusən Molla İbrahimxəlil kimi büzürgüvarın xidmətində!..

Nuxulular. Bəli, belə səfalı yer çox tapılar, amma Molla İbrahimxəlil kimi büzürgüvar ələ düşməz. Aya, biz bu gün o cənabın ziyarətinə müşərrəf ola bilərikmi?

Molla Həmid. Mövlana üç günün etikafına oturub, ibadətə məşğuldur. Bu üç gündə bəni-adəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq ona mümkün deyil. Üç gündən sonra onu görmək olar. Hələ buyurun görək zəhmət çəkməyinizdən qərəz məhz o cənabın ziyarətidir, ya başqa bir məramızın dəxi var?

Nuxulular. Əvvələn, o cənabın ziyarəti ümdə mətləbdir. Saniyən, hər birimiz bir töhfeyi-həqir xidmətinə gətirmişik, əgər qəbul edib öz şəfqətini bizə şamil edə.

Molla Həmid. Bəli, anladım. Yəqin ki, pul gətirmişsiniz, gümüş almaq istəyirsiniz. Həqiqəti-mətləb budur ki, mövlana Molla İbrahimxəlil sizdən pul almayacaqdır; ondan ötrü ki, keçən kürənin və əldəki kürənin gümüşünü tamam Əylis ermənilərinə sikkəli pulun iki çəkisi bərabəri sövda edib veribdir və ikinci kürənin də iksirinin tamam və təkmil olmağına bir ay qalıbndır. Bu surətdə mümkün deyil ki, mövlana sizin pullarınızı qəbul etsin və sizə gümüş verə bilsin. Ələlxüsus, gümüş xahiş edənlər bir mərtəbədə çoxdur ki, hər kürənin gümüşünü bir ay, iki  ay pişəki sövda edib alırlar.

Nuxulular. Bizim ixlasımızın nisbəti mövlana Molla İbrahimxəlilə görə sair kimsənələrin ixlasına bənzəməz. Əgər biz özünü görə bilsəydik, çox yaxşı olardı.

Molla Həmid. Bu surətdə üç gün gərək səbr edəsiniz, taki mövlana müddəti-etikafını itmamə yetirə. Üç gün mənim əziz qonağımsınız.

Nuxulular. Çox yaxşı, çox gözəl.

 

Bu halda dərviş Abbas, sinni otuz, saçları çiyninə tökülmüş, gəndümkün qırmasaqqal, dolu bığlı, uca qamətli, başında tac, çiynində pələng dərisi, əlində şahnəfir, qoltuğunda bir qırmızı böyük xoruz öz mənzilindən çıxıb heybətli səs ilə “yahu, ya həq” deyib çadırların yuxarı səmtinə üz qoyub, bir münasib yerdə mıx çalıb, üç kərə şahnəfiri bozluyub, dağa-daşa səs salıb, xoruzu mıxa bağlayıb, Şeyx Sədinin əşarından bu üç fərdi xoş avaz ilə oxuyur.

 

NƏZM

 

Ruzi-bəharəst xiz, ta bətəmaşa rəvim,

Təkyə bər əyyam nist, ta digər ayəd bəhar.

Xiz, qənimət şümar cünbüşi-badi, rəbi,

Naleyi-mövzuni-mürğ, buyi-xoşi-laləzar.

Bərgi-dirəxtani-səbz dər nəzəri-humşənd,

Hər vərəqi dəftərist mərifəti-kirdgar.

 

Genə üç kərə şahnəfəri bozluyub, xoruzdan on qədəm iraq otların üstündə püsti-pələngi salıb, genə qaim və heybətli səs ilə “yahu, ya həqq” çağırıb, püsti-pələngin üstündə iki dizin qucaqlayıb oturur. Nuxulular dərvişin və şahnəfərin səsindən əvvəl halda sərasimə çadırdan dişarı sıçrayıb, bu növ haləri-qəribənin müşahidəsindən mədhuşvar keyfiyyətin axırınadək nigaran olub, dağdan-daşdan avazın əksi kəsilib sakit olandan sonra, nəhayət, təəccüb ilə Molla Həmidə mütəvəccöh olub, məqami-suala gəlirlər.

 

Nuxulular (Molla Həmidə). Molla Həmid, bu dərviş nədir, bu xoruz nədir?

Molla Həmid (qəhqəhə ilə). Xa-xa-xa-xa-xa-xa! Bəli, bu sualı etməyə haq tərəfinizədir. Çünki siz biçarələr əsrardan qafil və ülumi-hikmət və kimyadan bixəbər adamlarsınız. Haman ələf ki, iksirin cüzi-əzəmidir və vücudu bu dağlarda olur və mövlana Molla İbrahimxəlildən başqa bir kimsənə onu tanımağa qadir deyil, hükəmayi-yunanın təhqiqinə görə xoruz sövti ilə nümüvv edər; dərviş Abbasın öhdəsinə müqərrərdir ki, hər axşam bu xoruzu gətirib, haman gördüyünüz rüsumu cari edib bir təzə yerdə bağlasın. Gecə sabahadək yatmasın, xoruzu çaqqal və tülküdən mühafizət etsin; tainki gecə xoruz banlasın və onun səsi ilə ələfi-iksir nümüvv etsin və xoruzun xidməti bəqeyr əz tayifeyi-dəraviş sair əsnafi-xəlqə caiz deyil; necə ki, kitabi-Əcaibül-Qəraibdə sərahətən qeyd olunubdur.

Nuxulular (təəccüb üzü ilə). Allahü əkbər... Sübhanallah...

 

Pərdə salınır

  

 

ÜÇÜNCÜ   MƏCLİS

 

Üçüncü məclis genə haman yerdə, Molla İbrahimxəlilin çadırında vaqe olur. Molla İbrahimxəlil, sabah vaxtı səccadə üstündə, başında əmmamə, əlində uzun təsbeh, dizi üstə oturub övrad oxumağa məşğuldur. Molla Həmid, onun şagirdi, əl bağlayıb qabağında durubdur.

 

Molla Həmid. Ağa, buyurursunuzmu, qonaqları hüzurunuza çağırım?

Molla İbrahimxəlil. Yaxşı, get çağır!

 

Molla Həmid baş vurub çadırdan çıxır. Nuxulular ilə bərabər qayıdıb Molla İbrahimxəlilin hüzuruna daxil olur.

 

Nuxulular (Bir yerdən Molla İbrahimxəlilə). Səlaməleyküm!



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info