Qonaq Kitabı
MƏKTUB (111)

 

Bakı, 30 aprel (1930).

 

Əzizim Əlişdan dayı!

 

Sənubər Bakıya gələndən sonra mən sənə kağız yazmışdım, amma səndən heç bir cavab yoxdur. Belə görsənir ki, sən haman kağızı almamısan. Sənubər də bizdən bixəbər yığışıb gedib Naxçıvana. Vallah, mən bilmirəm dəxi nə eləyəydim ki, Sənubər məndən razı qalaydı. O bura gələndə mən adam göndərdim, Sənubəri tapdım gətirdi. Və iki gün sonra Sənubər yoldaşları ilə bizə qonaq da gəldilər. Amma o ki, bizdən getdikləri oldu. Dəxi bizə gələn olmadı. Təəccüb eləyirəm ki, nə səbəbə buradan getdilər və dərslərini yarımçıq qoydular.

Bu gün Naxçıvan və Ordubad zəlzələsini qəzetdə oxudum, nigaran oldum: görəsən bizə səmt adamlardan zəlzələyə giriftar olan adam yoxdur ki?

Əsgər ağadan nə xəbər və Əbil necədir?

Sizin uşaqlar necədir?

Kağız yaz.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info