Qonaq Kitabı
MƏŞƏDİ SİJİMQULU “KEFSİZ”

Zindan

 

Guşeyi-zindan mənə, ey növcavan,

Oldumu amalıma qarşı məkan?

Söyləmədimmi sənə faşü nəhan

Çəkmə bu millət qəmini ələman?!

Şimdi təəssüflər ola halına,

Dəydi bəla tiri pərü balına!

 

Mən demədimmi ki, fəğan eyləmə,

Eybini mollanın əyan eyləmə.

Şeyxi tanı, sofini qan, eyləmə,

Fikrini nitqində bəyan eyləmə.

Baxmadın, əfsus, bu gün halına,

Dəydi bəla tiri pərü balına[ii].

 

Rəməzan ayı müsəlman varlıları üçün həmə vəqt bir ziyafət ayı olubdur. Yuxarı başda, sərsüfrədə əyləşiblər qarnıyoğun şeyxlər və mollalar, sərvətli xanlar və hacılar, qapıda durublar ac və üryan yetim-yesir saillər. Hələ bunun adını da ibadət qoyublar, çünki iftar məclisidir.

Bu halı Sabir də və sonra Məşədi Sijimqulu da tənqid edibdir. Sabir “Ey vaizi-süxənvər” və “İftardan bir göftar” ünvanlı Əkrəmbəyə nəzirəsində:

 

Açmış niqabi-hüsnün, məcmueyi-təvangər,

Məcmuədə düzülmüş eyzən xüruş sərasər.

Həsrətkeşani-mətbəx gürgani-bətnpərvər,

Cari boğaza şərbət, sari məzaqə şəkkər,

Əksi-buxari-dolma, zilli-əmmameyi-sər,

Dəryayi-iştəhayə olmaqda bəhcətavər.

Hüzzar içində əsla yox bir fəqiri-müztər,

İftar vaxtıdır ha, ey vaizi-süxənvər!

 

İş baş bilənsiz olmaz

Sərsüfrə sənsiz olmaz[iii]

 

Məşədi Sijimqulu belə deyir:

 

Molla, işin çaşdı, yazım yazmayım:

Huş-başım çaşdı, yazım yazmayım?..

Getdi rəcəb, indi də şəban gəlir,

Cisminə gör mollaların can gəlir,

Yağlı plov, dadlı fisincan gəlir,

Məclisə ancaq ağa, bəy, xan gəlir,

Ac gözü qan yaşdı, yazım yazmayım,

Qəmlərə yoldaşdı, yazım yazmayım?..

 

Şairimiz saqqalı hənalı qocaların köhnə arvadından bezikib təzəsini siğə, mitə etməklərini bir yerdə həmişəki şirin kəlamı ilə məxsərəyə alır. Köhnə arvadlı qocalardan belə şikayət edir:

 

Qocaldım, gedibdir zəmani-şəbabım,

Alınmaz sualım, verilməz cavabım[iv]...

Nə munis, nə həmdəm, qapımdan girən yox,

Qocalmış bu arvad, məni dindirən yox,

Nə mitə, nə siğə bir evləndirən yox,

Çoxalmış günahım, azalmış savabım,

Alınmaz sualım, verilməz cavabım.

 

Aylar, illər dolandı və məcmuəmizin ibtidasından ta bu vaxtadək Məşədi Sijimqulu Kefsiz bizə həmişə yar oldu. Xüsusən, Sabirin vəfatından sonra, ikinci Sabirimiz birincinin yerini boş qoymadı. Məşədi Sijimqulu Kefsizin zövq və səfalı, məzah və duzlu şeirinin heç bir vaxt dalı kəsilmədi. O özü cismən qocaldısa da, onun kəlamının lətafəti bir zərrə qədər əskilmədi. Məsələn, iki il bundan qabaq şairimiz Saro kəndinin məktəbinin halını el dili ilə təsvir edir. Qətiyyən demək olar ki, bu dil, bu şivə, bu şeirlər azərbaycanlılar üçün həmişə zində olacaq, oxucuları həmişə - farsca söyləyəcək, - dilnəvaz edəcək.

 

Saro kəndi

Yazda qoxu, qışda qar

 

Bu kənddə bir məktəb, var,

Göydən bir çağrım kənar,

Üç yanı torpaq hasar,

Ancaq hisli dörd divar.

Pəncərəsi, qapısı,

Darbadağın yapısı,

Tatın dılğır yabısı,

Səkidə şıllaq atar...

Bu gün-yarın qış gəlir,

Soyuq yellər daş gəlir.

Yavrularım incəlir,

Yazda qoxu, qışda qar,

Xəstələnir aşkar[v]

 

Şairin əsərlərinin çap olunmağı münasibətilə mən onun kitabının müqəddiməsində bir neçə söz söyləməyi lazım gördüm. Ancaq burada mənim qəsdim şairimizin bütün əsərlərini tənqid və təhlil etmək deyil idi. Bu vəzifəni mən söz ərbabının öhdəsinə mühəvvəl edirəm. Mən ancaq Məşədi Sijimqulu Kefsizin bu təxəllüslər dairəsində məcmuəmizdə iştirakının keyfiyyətini oxucuların nəzərinə çəkmək niyyətində idim.

Ancaq burada bir nöqtə var ki, onu qeyd etməyib vaz keçsəm, qəlbim rahatsız ola biləcək: o da “Azərnəşr” tərəfindən dəyərli şairimizin əsərlərinin məcmuəsinin təbi məsələsidir.

Cümləyə aşkardır ki, məzkur nəşriyyatın təşəbbüsü nəticəsində Əli Nəzmi kimi sair qiymətli ədib və şairlərimizin də qələmlərinin əsəri təb və nəşr olunmaqdadır. Və elə zənn edirəm ki, Azərbaycan torpağının həqiqi maarif dostları, maarif və mədəniyyətimiz yolunda müşahidə olunan bu xidməti təqdir və ərzi-şükran edələr gərək.

Və ümidvaram ki, belə də olacaqdır.

 

Əli Nəzminin “Sijimqulunamə” adlı kitabına müqəddimə,

Bakı, Azərnəşr, 1927.



[i] “Molla Nəsrəddin”, 1908, â„– 22 (müəllifin qeybi).

[ii] “Molla Nəsrəddin”, 1908, â„– 27

[iii] “Hophopnamə”, səh. 101.

[iv] “Molla Nəsrəddin”, 1908, â„– 33.

[v] “Molla Nəsrəddin”, 1925, â„– 42.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info