Qonaq Kitabı
İKİ XİLAFƏT

 

Bir neçə gün bundan qabaq qəzetlər yazırdılar ki, Türkiyədə xilafəti qaldırmaq istəyirlər. Mən bu söhbəti eşidəndə çox nigaran oldum: qorxurdum ki, dünya-aləm bir-birinə toxuna, gün məqribdən çıxa, göylərə vəlvələ düşə, yerlərə zəlzələ düşə. Qorxurdum xüruc edə və... xülasə canıma çox belə-belə qorxular düşürdü.

Doğrudan da, öz aramızdı, necə yəni xilafət aradan götürülsün! Necə bilirsən, xilafət nədən ibarətdir?

Va müsibəta!! Va şəriəta! Cəm olsun, ey yer üzünün şiələri!! Agah olun, ey Allahın mömin bəndələri! Din əldən getdi!..

_____

 

Hələ bir saatlığa tutaq ki, sənin sözün haqq. Sən deyirsən ki, xilafət indiyə kimi bir əsarət zənciri kimi islam millətlərinin boğazına dolaşıb, boğmaqda idi; ayağına dolaşıb, qoymurdu bir addım da qabağa qoysun. Hələ bunu belə deyirssən de: vəbalı – sənin öz boynuna.

Amma indi dəxi sözün nədi? İndi də keçirsən müqəddəs ərəb hürufatımıza: deyirsən ki, xilafətnən bir yerdə ərəb hürufatı da gərək aradan götürülsün.

Dəxi bu olmadı: sən xilafətə sataşanda mən görürəm ki, dünya bərbad olacaq. Amma sən ki, xilafətin üstə ərəb hürufatını artırırsan, elə doğrudan da nəinki Dəccal, bəlkə Sahibəzzaman özü də dörd nayibi ilə birdən zühur edib, Türkiyə liberallarının baş-gözünü vurub əzəcək.

 

 

 

Molla Nəsrəddin.

Yeni yol”, 11 mart, 1924, â„– 6.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info