Qonaq Kitabı
KAMANÇA

 

B a x ş ı (titrəyə-titrəyə). Ağa, mən qazançılı Baxşıyam. (O tərəfə-bu tərəfə baxır).

 

Q ə h r ə m a n    y ü z b a ş ı. Yoldaşın kim idi? Haradan gəlirdiniz?

 

B a x ş ı. Ay ağa, yoldaşım qazançılı tar çalan Qriqor idi. Çeşməbasardan gəlirdik; Zülfüqarbəyin oğlunun toyunda çalırdıq.

 

Q ə h r ə m a n   y ü z b a ş ı. Çox əcəb, çox əcəb. Siz gedin müsəlmanların toyunda plov yeyin, axmaq müsəlmanların pullarını doldurun cibinizə, Qazançı erməniləri də gecə xəlvətcə tökülsünlər müsəlman kəndlərini yandırsınlar. A balam, bəsdi, həya eləyin! Balam, bu iki cüt bir tək qorxaq ermənilər, bilmirəm, vallah, bizdən nə istəyirlər? Dünən Qazançı erməniləri bizim Sarvanlardan dörd nəfər elə bir igid oğlanlar öldürüblər ki, dörd yüz sənin kim çolaq erməni öldürsək, genə əvəzi çıxmaz....

 

B a x ş ı (titrəyir). Ağa, din haqqı xəbərim yoxdu. Allah (əllərini göyə qalxızır) bais mərdimazarın evini yıxsın! (ağlayır).

 

Q a r a ş. Hə, ağlarsan, ağlarsan! Bəs niyə ağlamırsan?! İndi ağlarsan. Bilirsən ki, bu saat başını qoyun başı kimi kəsəcəyik. İndi, bax, qorxundan yoluq cücəyə oxşuyursan. Amma, vallah, fürsət tapsan, sən də haman müsəlman qanına yerikləyən ermənilərin birisən.

 

B a x ş ı (titrəyir). Nə deyim, a qardaş.

 

Q ə h r ə m a n    y ü z b a ş ı. Adə, erməni, Vartan indi hardadı? Bilirsən hansı Vartanı deyirəm? O ki, bizim Şirzadı apardı, öldürdü, o namərdi deyirəm; bilirsən hardadı? Yəni bilsən də, doğrusunu ki, deməyəcəksən.

 

B a x ş ı (titrəyir). Vallah, bilmirəm.

 

Q ə h r ə m a n   y ü z b a ş ı. Eybi yoxdu. İndi o şişləri qızardıb səni dağlayanda deyərsən doğrusunu....

 

 

Zeynəb arvad mərəkə ilə ağlaya-ağlaya özünü salır ortalığa və Baxşının üstə hücum çəkib, onun üz-gözünü başlayır cırmaqlamağa.

 

 

Z e y n ə b. Budu Qazançı ermənisi? Sənsən? Sənsən? Bu saat səni mən tikə-parça eləyəcəyəm? Öz əlimnən səni doğrayacağam, qiymə-qiymə eləyəcəyəm! Hanı mənim oğlum?! Hanı mənim pəhlivan Şiralı oğlum?! Niyə onu öldürdünüz? Bax, bax! (Cırmaqlayır və sonra qaçıb Qaraşın belindən qəməni çəkib, qalxızır Baxşının üstə). Vurum? Vurum? Vurum?

 

(Bu halətdə dayanıb durur).

 

Baxşı yanını yerə vurub, sağ əlindəki kamançanı gizlədib, sol əlini tutub qəmənin qabağına.

 

  

Q ə h r ə m a n   y ü z b a ş ı (Zeynəbə). A rəhmətliyin qızı, sən də burada bizi məəttəl eləmə! Arvadsan, get arvadlığına! (Cəld gəlib istəyir qəməni Zeynəbdən alsın, bu da vermir və dartınıb çəkilir kənara. Yüzbaşı öz qəməsini çəkib, qalxızır Baxşının üstə və üzünü tutur Zeynəbə).... Qəməni elə işlətməzlər, bax belə işlədərlər!

 

 

Zeynəb cəld gəlir durur yüzbaşı ilə B a x ş ı n ı n  arasında. Q a r a ş  yavuq gəlib, Zeynəbi itələyir. Əziz gəlib təpiyi ilə arvadın dalından vurub yıxır yerə və qeyri yoldaşlar arvadı çəkib salırlar kənara. O da ağlaya-ağlaya uzaqlaşır. Bu arada Baxşı kamançanı uzadır N o v r u z a  tərəf.

 

 

B a x ş ı. Novruz ğardaş, səni and verirəm bizi yaradan allaha. Mən öləndən sonra bu kamançanı bir kəsə vermə. Ara sakit olandan sonra, zəhmət çəkib bizim Muğuş balanı tapasan, bu kamançanı verəsən Muğuş balama. Ğurban sənə, Novruz, Qazançıda kamançaçı Baxşı oğlu Muğuşa verəsən.

 

 

Qaraş  acıqlı  gedib, cəld kamançanı dartır və yuxarı  qalxızıb,  istəyir çırpsın yerə. Baxşı iki əllərini yuxarı qalxızıb yalvarır.

 

  

B a x ş ı. Ğurban sənə, ğardaş, bir azca dayan, mən öləndən sonra kamançanı sındır ki, gözüm görməsin.

 

Q ə h r ə m a n   y ü z b a ş ı. Buna bax, sən allah, bu erməninin damağına bax; bir tikə ağac qırığını istəməyinə bax!

 

Ə z i z. Amma, Qəhrəman yüzbaşı, indi ki, söz düşdü, qoy deyim. Sən ermənini qınama. Bu zalım oğlu, bilirsən, kamançanı necə çalır? Keçən il Əbdüləligilin toyunda....  (Baxşıya). Ədə, orda çalan sən deyildin?

 

B a x ş ı. Hə, ğardaş, mən idim....

 

Ə z i z. And olsun allaha, dad-bidad eləyirdi.

 

Q ə h r ə m a n   y ü z b a ş ı (Əzizə). Doğrudan?

 

Ə z i z. And olsun sənin başına, necə ki, deyirəm, elədi.

 

Q ə h r ə m a n   y ü z b a ş ı (Kamançanı götürür əlinə başlayır örtüyünü açmağa). Doğrudan, görək bu necə şeydi. (Örtüyü çıxardır, atır yerə, başlayır kamançanın o tərəfinə-bu tərəfinə baxmağa. Yoldaşlardan da bir parası gəlib baxırlar). Hey, erməni, bu nə bir şeydi ki, bu qədər istəyirsən?...

 

 

Baxşı əllərini göyə qalxızıb, yalvaran halətdə qalır.

 

 

Q ə h r ə m a n   y ü z b a ş ı (kamançanı uzadır Baxşıya). A balam, yazıqsan, barı bir dəfə də çal.

 

 

Baxşı cəld durur ayağa, kamançanı alır, çəkilib oturur dizi üstə, cibindən tikirtkə çıxarıb kəmanəni çəkir tikirtkəyə, qırılmış simlərin birini tez düyünləyir, simləri yoxlayır, kökləyir, üzünü Qazançı kəndinə tərəf tutub, ah çəkir və ermənicə deyir: "Ax sireli Muğuş bala". Sonra bir-bir adamların üzünə baxıb, başlayır çox həvəslə Rast havasını çalmağa. Rastdan Şikəsteyi-farsa keçəndə Q ə h r ə m a n   y ü z b a ş ı  gözü ermənidə və qulağı kamançada, durduğu yerdə yavaşca oturur və Baxşı çaldıqca qəməni yavaş-yavaş, guya özündən bixəbər, soxur belindəki qınına və qulaq asmaqda olur. Adamlar hamısı sükutdadır. Baxşı çalmağını tamam eləyib, qorxan və müntəzir halətdə baxır Yüzbaşının üzünə.

 

  

 

Q ə h r ə m a n   y ü z b a ş ı. A balam, erməni, bir de görüm bizdən nə istəyirsiniz? (Baxşı təəccüblü baxır və bir söz demir. Qəhrəman yüzbaşı acıqlı və bir az ucadan). Sənnən söz soruşuram ey, niyə dinmirsən? Kar deyilsən ki! Bir de görüm, bizdən niyə əl götürmürsünüz?

 

B a x ş ı (qorxa-qorxa). Ay ağa, allah haqqı, mən heç nə eləməmişəm. 

 

Q ə h r ə m a n   y ü z b a ş ı (acıqlı və ucadan). Hə, eləməmisən! Vallahı, dünyada nə qədər canım sağdı, hansı biriniz əlimə keçsəniz, tikə-tikə doğrayacağam! Sizin gərək toxumunuzu yer üzündən kəsəm!

 

B a x ş ı. Ay ağa, axı mən nə eləmişəm?

 

Q ə h r ə m a n   y ü z b a ş ı (acıqlı üzünü yoldaşlarına tutub, bir az alçaqdan. Allahu əkbər!) Dəli şeytan deyir (qəməsini qınından çəkir, qalxır ayağa və üzünü yoldaşlarına tutub deyir). Yəni siz elə güman eləyirsiniz ki, mən bu çolaq ermənini öldürməknən hirsim soyuyacaq? Soyumayacaq! (Bir qədər erməniyə tərəf baxır, dinmir). Hələ buna bax, sən allah! Dünyada bir haramzadalıq qalmadı ki, öyrənməmiş olsunlar. Şeytana papaq tikirlər. Bu çolaq da kəməəni bağrına basıb, gör nə əməllərdən çıxır. Haramzada elə çalır ki, keçən günləri gətirir qoyur adamın qabağına. Allahü əkbər! (Qaraşa). Qaraş, bir papiros yandır.

 

 

 

Qaraş papiros çıxardıb yandırır, verir yüzbaşıya. Bu heyndə B a x ş ı kamançanı kökləyir və başlayır Segah-zabil havasını çalmağa. Bir qədər qulaq asandan sonra. Qəhrəman yüzbaşı  durduğu yerdə yenə yavaşca oturur və Baxşı çaldıqca yüzbaşı yavaş-yavaş, guya özündən bixəbər, qəməni soxur belindəki qınına və huş-guş ilə qulaq asmaqdadır. Adamlar hamısı sukutdadır.

 

  

Q ə h r ə m a n   y ü z b a ş ı (Qaraşa). Qaraş, sən öləsən biçarə Heydər gəlib durub gözümün qabağında. Ax, vay!...  (Yüzbaşı bu sözləri deyəndə Baxşı çox alçaqdan çalır. Adamların çoxu da ah çəkir. Yenə Baxşı şövq ilə çalmaqdadır. Yüzbaşı gözü Baxşıda gahdan bir dillənir), Bax, belə! ... eləcə! ... əcəb! ... afərin! ... eləcə! ...  eləcə! ... (və axırda yüzbaşı birdən durur ayağa, qəməsini qınından çıxardır və acıqlı, ucadan Baxşıya deyir). Adə, erməni, tez kəməəni yığışdır, itil get burdan! Yoxsa atanın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu qəməynən bu saat səni də öldürərəm, özümü də öldürərəm! (Çığırır). Çıx get!

 

B a x ş ı (qorxa-qorxa) Ay ağa, hara gedim?

 

Q ə h r ə m a n    y ü z b a ş ı (çığırır). Cəhənnəmə get! Evinə!

 

 

Baxşı qorxa-qorxa baxır adamların üzünə kamançanı və örtüyünü götürür, tez çıxır gedir. Hamı sakit, öz fikirli halətində qalır. Qəhrəman yüzbaşı haman durduğu yerində durub, dinməz-söyləməz baxır Baxşı gedən tərəfə. Bir qədər də baxandan sonra qəməsini tullayır yerə və guya öz-özünə deyir:

 

Q ə h r ə m a n   y ü z b a ş ı. Eh, namərd dünya!...

 

 

 

Yanvar, 1920. Şuşa qalasında.

 

 

[1]  Söhbəti.

 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info