Qonaq Kitabı
MÜŞTƏRİLƏRİMİZƏ

 

Abunə məsələsi İranda çətin məsələdir. Rusiyada biz buna adət etmişik ki, abunə olanlar dəftərə yazılan saat abunə pullarını verib qəbz alırdılar. Amma İranda vəz özgə şəklə düşüb, çünki burada qədim vaxtlardan ta bu günə kimi ruznamə pul verməyi hədər bir şey hesab eləyiblər və bu səbəbdən abunə pullarını qabaqca vermək səhldir[i], axırda da hıqqana-hıqqana veriblər.

Biz İran abunəçilərini qınamırıq, çünki həmişə mümkündür ki, qabaqca birisi pulunu versin və sonra da ruznaməni əcəl dərk eləsin[ii]. Bəs onda necə olsun, heç kəs puldan əl çəkməyə hazır deyil.

Bir tərəfdə də baxanda ruznamə müdiri başına nə daş salsın? Kağıza, mətbəələrə, rəssamlara, yazıçılara və əmələlərə pulu haradan alıb versin? Doğrusu, məəttəl qalmalı bir haldır.

Bircə şey fikrimə gəlir. Bir surətdə ki, möhtərəm müştərilərimiz pullarının batmağından ehtiyat eləyirlər. Mümkündür pənah bərxuda babətindən abunə pulunun bir az hissəsini idarəyə göndərmək ki, əgər xudanəkərdə ruznamənin dalı gəlməsə, itən pul üç-dörd tümən olmasın, bir neçə qran olsun ki, əgər dünya dağılsa, bir neçə şahı da Molla əminin yolunda itib batsın.

Bir qrandan tutmuş on qrana kimi, bundan da əskik və bundan artıq, hər nə qədər idarəmizə göndərilsə, təşəkkürlə qəbul olunub, qəbz veriləcək (mən ölüm, incimədin ki?).

 

İdarədən.

“Molla Nəsrəddin”, 20 rəcəb, 1339 (31 mart, 1921), â„– 4.



[i] Səhl – asan.

[ii] Dərk etmək – burada; haqlamaq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info