İşim, peşəm od yandırmaq
İşim, peşəm od yandırmaq, Qərib atəşpərəst oldum! İçdim südü, çəkdim bəngi, Əcaib şiri-məst oldum!
Qoy əldən cami-şərabı, At getsin çəngü rübabı, Tez ol, çək şişə kəbabı, Mən ki, məsti-ələst oldum.
Keçdim tamami-aləmdən, Süleyman ilə Xətamdən, Guya deyildim Adəmdən, Bir hübab idim, pəst oldum.
Mərhəba kəmana, şəstə, bir tirə, Doqquz fələkləri tikdim bir-birə, Rüstəmi-dəstanı etdim bir-birə, Gör necə qəribə zəbərdəst oldum.
Şikar istər ikən, damə düşdüm mən, Bir siyahməst olub camə düşdüm mən, Nəbati, sübh ikən şamə düşdüm mən, Bir əf’i ilana paybəst oldum.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info