Böylə bivəfa olma, ey pəri
Böylə bivəfa olma, ey pəri, Etmə çox cəfa, ey sənəm, sənəm! Gərdi-rahını çeşmi tarimə Eylə tutiya, ey sənəm, sənəm!
Bəs ki çəkmişəm dərdi-firqətin, Tellərin kimi incələnmişəm. Rəngi alimi əşgi-laləgun Etdi kəhrəba, ey sənəm, sənəm!
Sənsiz olmuşam zarü binəva, Hicr düşkünü, rindü mübtəla. Gəl bu dərdə sən lütf qıl özün, Eylə bir dəva, ey sənəm, sənəm!
Ey fəriştəxu, yari-nazənin, Ey mələkliqa, mehri biqərin. Bircə busə ver bu qələndərə, Öldü binəva, ey sənəm, sənəm!
Gərçi aşiqəm, rindü müflisəm, Boşdu kisəmiz ağça-mağçadan. Nəqdi-canımı xaki-payinə Eylərəm fəda, ey sənəm, sənəm!
Lövhi-sinəmi nəxli-Tur edib, Afərin sənin şəm’i-ruyinə! Yengidən genə düşdü başıma Bir əcəb həva, ey sənəm, sənəm!
İstərəm düşəm bəhri-heyrətə, Nitq çəkməyəm, əyləşəm xəmuş, Məşqi-eşqimi eyləyəm tamam, Bir sürəm səfa, ey sənəm, sənəm!
Gəl Nəbatinin sidqü kizbini Sən bu babdə eylə imtahan, Gər danışmadı otdu bizəban, Söylə mərhəba, ey sənəm, sənəm!
|