Dərdi-hicrdən hali-zarımı
Dərdi-hicrdən hali-zarımı, İstəsən əgər, kəhrəbayə bax. Yoxlasan əgər zə’fi-cismimi, Məndə nitq yox, yengi ayə bax.
Min kərə dedim, səgrəqib ilən İxtilat edib olma aşina. Əyləşib genə, ol ləin ilə, Süst əhdi gör, bivəfayə bax.
Olma gül kimi xarə həmqərin, Salma aşiqi suzi-eşqdən, Heç görüm üzün gülməsin sənin, Odladın məni, bir xudayə bax.
Zahid, az danış, get gözümdən it! Eşqdən məni çox da danlama, Mən məgər əbəs olmuşam dəli, Bir o mimü dal, bavü rayə bax.
Məndən əl götür, ey uzunqulaq! Zöhd satma çox ey himari-məhz! Dur ayağa bir, aç o kor gözün, Bir bu gözləri sürməsayə bax.
Mən öləndə bir nə’şim üstə gəl, Bir nəzarə qıl daği-sinəmə, Dalə çək qələm, eyni caizə, Bir əlifdə min macərayə bax.
Qıl mənə kərəm feyzi-lütfünü, Kərbəla tərəf çək inanımı. Xərc əzhəlal, çarpayi-yol, Həm rəfiqim ol, bu sədayə bax.
Dövri-çərxdən olmuşam əlil, Dizdə taqətim, gözdə nur yox. Bir nəzər əya şahi-lafəta, Bu Nəbatiyi-binəvayə bax.
|