ƏTTÖVBƏ
İmdadə sən yet, ey adil allah, Pis gündəyiz çox, rəhm eylə eyvah. Bu xəlqi etdi kim böylə gümrah? Gör bir nə söylər bu qövmi-bədxah: Övrət – müsavat, əqvalə bah, bah, Əttövbə, tövbə, əstəğfürullah!
Hürriyyət olsun, getsin əsarət, Həm tərk edilsin, hali-bədavət, Övrətlər etsin kəsbi-şərafət. Qızlar məkatib, elmü sənaət, Yarəb, nə bidət, bu nə cəhalət, Əttövbə, tövbə, əstəğfürullah!
Hansı günahı etdik cahanda, Qıldıq təsadüf böylə zamanda. Qıldıq necə gör biz əl-amanda, Küllən rəiyyət, həm bəy də, xan da, İstər ədalət pirü cavan da, Əttövbə, tövbə, əstəğfürullah!
Dərdim daşıbdır, dinmə, filani, Qanmır bu firqə yaxşı-yamani, Derlər ki, getsin cümlə zənani, Təhsili-elmə faşü nihani. Billah atıbdır bunlar həyani. Əttövbə, tövbə, əstəğfürullah!
Getsinlər dərsə Fatma və Zöhrə, Bundan mana de, olsun nə bəhrə? Qalsın bucaqda bu paslı cəhrə, Bunlar uyuşsun coğraf, cəfrə, Qeyrət olarmı razı bu əmrə? Əttövbə, tövbə, əstəğfürullah!
Ax, ey müşəvviq, lal olsan ey kaş, Qıldın neçün sən hər mətləbi faş? Gər olsa qızlar elm ilə sirdaş, Onda kim oynar qəcmə və beş daş? Boylə gedirsə, işlər olur yaş, Əttövbə, tövbə, əstəğfürullah!
Yox, yox, olammaz belə zərafət, Bərdar edənməz bu nəngi millət, Qızlar sərasər bilsin kitabət? Etməz cəmaət boylə qəbahət Kim, xaricilər etsin şəmatət, Əttövbə, tövbə, əstəğfürullah! Heyranü matəm, vallah və billah!
Kefsiz “Molla Nəsrəddin”, 1909, N 15.
|