Qonaq Kitabı
DABANI ÇATDAX XALAYA

 

Ay qoca kaftar xala!

Bir tikə qıl ar, xala!

 

Ol yekə arvad daha,

Bircə qırıq yat daha,

Xan qızını at daha,

Var neçə dindar, xala!

 

Batsın uğursuz adı,

Çox da öyüb arvadı,

Pisləmə mir Damadı,

Çıx ona qəhmər, xala!

 

Arvada, arvad məgər

Yan basar, ay dəngəsər.

Arvada lazımdır ər,

Olsa belə “çar”, xala!

 

Var bizim evdə biri,

Kömdü məni dipdiri

Gövdəsi var ipiri

Əqli, gözü dar, xala!

 

Qoymadı yüz qonşuda,

Qaldı nə dost, nə quda.

Oldumu arvad, bu da?

Lap sənə oxşar, xala!

 

Hər kəsə donquldanır,

Hökm onundur sanır.

Həqqimi mütləq danır,

İstəmir əfsar, xala!

 

Qonşuda var bir gəlin,

Öpmüşəm üç yol əlin.

Yox fəqət (ömbul) də din,

Qoymadı murdar, xala!

 

Ölkədə yox inzibat,

Arvad olub köhlən at.

Ölsün o çirkin Nabat,

Etdi məni xar, xala!

 

Həpsi atıb çarşafı,

Lam oxuyurlar kafı.

Arvadın olmaz safı,

Söyləmə ki, var, xala!

 

Vallah, “adamdır” kişi,

Qurdalamır çox işi.

Ax, bu imansız dişi,

Hər şeyi çalxar, xala!

 

Sən olalı arvadım,

İtmədimi hər zadım.

Batdı müqəddəs adım,

Oldu günahkar, xala!

 

Quşlarının yox dəni,

Qurdalama çox məni.

Tas deyə çalsın səni,

Bir yekə şahmar, xala!

 

Gəl yaşayaq yan-yana,

Mən hələ bəndəm sana.

Çıxma fəqət meydana,

Faili-muxtar, xala!

 

Sazla çığırtma, kabab,

İstəkana tök şərab.

Çox qocalıb Kamiyab,

Olma ona yar, xala!

 

Gəl yaramı sar, xala!

Ah, riyakar, xala!

 

 

Sijimqulu

“Molla Nəsrəddin”, 1928, â„– 40.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info