Qonaq Kitabı
ORUCLUQ

 

Əsən dəmağıma yenə həvasıdır orucluğun,

Dolan xəyalıma yenə səfasıdır orucluğun.

 

Özümü bu həva mənim yenə özümdən eyləyib,

Dolub fərəhlə can, könül, nişat paltarın geyib,

Müsəlman on bir aydır  təmam xuni-dil yeyib.

Təhəssür ilə gözləyib, cüdasıdır, orucluğun,

Əsən dəmağıma yenə həvasıdır orucluğun.

 

Gəlir iyi məşamimə yenə plov, qovurmanın,

Edibdir ətri hissiz məni çığırtma, dolmanın,

Alıbdır əldən əqlimi qoxusu, həm müsəmmanın,

Əriştə, firni, paldası, yuxasıdır orucluğun,

Əsən dəmağıma yenə həvasıdır orucluğun.

 

Açılmada yavaş-yavaş ağızları qazanların,

Çəkilmədə qulaqları ğəzet-ğuzet yazanların.

Ucalmada səmalərə həvaləri azanların,

Hər evlidə, hər ovlidə sədasıdır orucluğun,

Əsən dəmağıma yenə həvasıdır orucluğun.

 

Olan müsəlman eyləməz dirəng, olan zaman süruh,

Durar plov yeməkliyə, başında eşq, ürəkdə şur.

Oxur səhər duasını, alır əvəz behişt, hur,

Yatan bu fikirlərlə hər gədasıdır orucluğun,

Dolan bütün könüllərə səfasıdır orucluğun.

 

Xoşa ona ki, saxlayır oruc bu isti günləri

Acından əqli puç olur, çürükləyir beyinləri.

Gedir özündən on kərə, gülümsədir görənləri,

Fəda o canə kim, o can fədasıdır orucluğun,

Əsən dəmağıma yenə həvasıdır orucluğun.

 

Vay ol kəm etiqada kim, ulaşmayıb səadətə,

Nəimi-axirət üçün sarılmayır ibadətə.

Təmuzu dutmayıb oruc, yetişməyir şəhadətə

Ki, min behişti-huri-xoş bəhasıdır orucluğun,

Əsən dəmağıma yenə həvasıdır orucluğun.

 

Qənilər ilə mollalar bu ayda bəxtiyar olur,

Açımda gündə bir evə, tağım-tağım yürür, dolur.

Yeyər, içər, doyar, qoşar, bu xəlq istəyin bulur,

Fəqət fəqirü yoxsulun dodağı gül kibi solur,

Sühur, açım yavan çörək ğidasıdır orucluğun,

Fəqirin əski örtüyü, libasıdır orucluğun,

Məni qıcıqlayan fəqət burasıdır orucluğun,

Burasıdır orucluğun,

Burasıdır orucluğun.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1913, â„– 20.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info