“Səqahüm rəbbühüm cami” məni sərməsti yar etmiş
“Səqahüm rəbbühüm cami” məni sərməsti yar etmiş, Bu viran könlümü gəl gör necə rəşki-bahar etmiş.
Süxən saz eylərəm gəh-gəh Nizami kimi Xosrovdan, Irəm bağında bir laçın nə xoş Şirin şikar etmiş!
Məni aləmlərə faş eylədi o saniyi-Leyli, Məni ol dilbəri-şirinsüxən Məcnuni-yar etmiş.
Mürüvvətdi, aman, yarəb, səbəb noldu ki, bu gərdun Məni ol dilbəri-məstin gözündə böylə xar etmiş?!
Gətir, saqi, meyi-rəngin, məni azad qıl qəmdən, Bu gün piri-müğan bu külbəni darül-qərar etmiş.
Edib tərhi-binayi-bəzmi-işrət bu xərab evdə, Məni-biçarəni məsti-şərabi-xoşgüvar etmiş.
Mən indi eşqdən laf urmanam, ol xosrovi-xuban, Məni ruzi-əzəldən aşiqi ol gül’üzar etmiş.
Əgər ki, aşiqə cövr eyləmək mə’şuqə adətdir, Məni ol nazənin dilbər əcayib dağidar etmiş.
Dəvayi-dərdi-hicran səbr imiş, etdim yəqin, amma Nəbatinin şikənci-tari-zülfi biqərar etmiş.
|