Məstəbeyi-eşqdə badeyi-minayə bax!
Məstəbeyi-eşqdə badeyi-minayə bax! Saqiyi-gülrəngi gör, sağərü səhbayə bax!
Həlqeyi-rindanə gəl, deyri-müğan seyrin et, Əhli-xərabat əra, mö’minü tərsayə bax!
Zövqi-meyi-eşqdən cuşə gəlib şir tək, Hey-heyi-məstanı gör, şurişü qovğayə bax!
Şə’şəeyi-badədən şəms olub münfəil, Ləm’eyi-cami-bülur halə vurub ayə, bax!
Nəğmeyi-çəngü rübab, şahidü şəm’ü şərab, Həmhəmeyi-sazı gör, zümzümeyi-nayə bax!
Bülbüli-təb’im genə özgə nəva başlayıb, Der ki, gül olmuş xəzan bu xəbəri-vayə bax!
Qəm yemə, şad ol, könül, olma bu sözdən məlul, Səbr elə, sən bir zaman qüdrəti-mövlayə bax!
Əmrinə müşkil deyil kim, edə piri cəvan, Eylə, gözüm, e’tiqad bircə Züleyxayə bax!
Çəkdi sözün riştəsi, bir büti-Leyli-xüram, Saldı məni çöllərə, ah, bu səhrayə bax!
Ey, səni Tari, genə etmə pərişan məni, Bir də mənə söyləmə zülfi-çəlipayə bax!
Hiçü əbəs könlümü etdi bu sözlər təbah, Axir olub hasilim qəm yükü, sevdayə bax!
Incimə, dur, çal qələm, mən sənə qurban olum! Qoyma sözü natamam, tə’neyi-ə’dayə bax!
Yoxsa yoruldun məgər, hardasan, ey kahilə, Məscidi-Əqsadı bu, ərşi-müəllayə bax.
Qorxma, deyil əjdaha, billah, əsadır, əsa, Museyi-Imran kimi sən yədi-beyzayə bax!
Bərq-sifət qıl güzər, cümlə hicabatdən Fövqi-Sürəyyayə çıx, mənzəri-ə’layə bax.
Şahi-ərəb Lafəta versə muradım əgər, Nəzmi-dürərbarı gör, gövhəri-inşayə bax!
Külbeyi-əhzanımız oldu münəvvər genə. Aç gözün, ey binəva, yari-məhasayə bax.
Zülfi-şikən dər-şikən, türreyi-pür piç-piç, Navəki-müjganı bir gözlə, o şüx yayə bax.
Çox da sözü aşikar etmə, danış pərdədə, Səndə həya yox məgər? Aşiqi-rüsvayə bax?!
Nöqteyi-xalın genə saldı məni heyrətə, Məndə dəxi nitq yox, kilki-şəkərxayə bax.
Tairi-fikrim genə həmpəri-Simürğ olub, Seyr qılır Qafdə bəççeyi-ənqayə bax.
Dağlara sal “hay-huy”, səslə, de Məcnun, haray! Aşiqi-divanə, gəl, hövdəci-Leylayə bax.
Canı nisar etməyə yarə Nəbati fəqir, Indi bu qəmxanədə ha şəbi-yəldayə bax.
|