Mənə dilbər, o könül mülkünə sultanım bəs
Mənə dilbər, o könül mülkünə sultanım bəs, Dinü dil verməyə ol qarəti-imanım bəs.
Aşiqi-sadiq üçün məhzəri-şahid nə gərək? Mənə isbati-cünun bu səri-üryanım bəs.
Nə işim vardı mənim seyri-gülüstanə gedim? Seyri-gülşən mənə bu xəlvəti-viranım bəs.
Neylərəm sirrimi hər nakəsə izhar eləyim? Mənə qəmi yar, rəfiqim dili-suzanım bəs.
Huri-cənnət ola, mən istəmərəm yar özümə, Mənə yar olsa əgər ol güli-xəndanım bəs.
Çox da tə’rif eləmə baği-behişti, zahid, Ki, onun kuyi, mənim rövzeyi-rizvanım bəs.
Bülbülü tütiyü qümru sənə ərzani ola, Ey Nəbati, mənə bu təb’i-süxəndanım bəs.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info