Genə aşufteyi-bir nərgisi-şəhlayəm mən
Genə aşufteyi-bir nərgisi-şəhlayəm mən, Ondan ötrü belə aludeyi-səhbayəm mən.
Olmuşam bir sənəmi-lalərüxün müştaqi, Bu səbəbdən dəli tək badiyə peymayəm mən.
Etdiyim şamü səhər naləvü zarın səbəbi, Budu kimi, bəsteyi-bir zülfü çəlipayəm mən.
Demə kim, neyçün olubsan belə bimarü zəif, Aşiqi-qəmzeyi-bir şuxü dilarayəm mən.
Nə deyirsən genə, ey cahili-əfsürdəməzac, Külli-aləm bili ki, talibi-minayəm mən.
Olmuşam Xızr sifət pərdeyi-ixfadə nihan, Genə bu aləm ara gün kimi peydayəm mən.
Çox da göstərmə mənə böylə zərin kisəsini, Bu toru özgəyə qur, bəççeyi-ənqayəm mən.
Məndə var bəhr kimi dürrü gühər ənbarı, Yoxsa bimayə sanırsan məni, dəryayəm mən.
Etmişəm suzənimi rişteyi-Məryəmdən dur, Minmişəm tövsəni-gərdunə, Məsihayəm mən.
Mö’cizati-həmə peyğəmbər olub məndə əyan, Bilmək olmaz məni, bir sirri-hüveydayəm mən.
İstəsən kim, biləsən kimdi bu inşanı qılan, Gəzgəzəm, qaniçici duxtəri-tərsayəm mən.
Hələ gör bəsdi, Nəbati, nə ənəlhəqdir bu? Dəxi bir yol deginən vahidü yektayəm mən.
|