Yol busub, bir dilbəri-əyyarı gözlər gözlərim
Yol busub, bir dilbəri-əyyarı gözlər gözlərim. Şux kaman, bir gözləri xunxarı gözlər gözlərim.
Bir büti-simin bədən, bir dilbəri-şirinsüxən, Bir füsunkar mahi-xoşgüftarı gözlər gözlərim.
Bir mələk-mənzər, vəfa-güstər, nigari-nazənin, Bir müəttər zülf, bir əttarı gözlər gözlərim.
Xatiri-məhzunimi şad eyləsin qəmdən, məgər, Bir şəkərləb, yari-gülrüxsarı gözlər gözlərim.
Haşəlillah, tövbəkarəm, mən hara, məscid hara? Rindi-məstəm, xaneyi-xummarı gözlər gözlərim.
Ta məgər təsxir edəm şol şuxi bir cadu ilən, Axtarıb bir nafeyi-tatarı gözlər gözlərim.
Çahi-Babil, məskəni-Harutü Marut hardadır? Zülməti-hicranda bir səhharı gözlər gözlərim.
Vəslə çatmaz hiç aşiq, ta ki, candan keçməsin, Tutmuşam can əldə, bir dildarı gözlər gözlərim.
Salmışam bəhri-fənadə ləngəri-səbrü səbat, Müttəsil bir gövhəri-şəhvarı gözlər gözlərim.
Könlümün ayinəsi zəngi-küdurət bağlamış, Guşeyi-vəhdətdə bir gülzarı gözlər gözlərim.
Hər gecə bidar oturmaq vəchi ondadır müdam, Əşki-xunin, ahi-atəşbarı gözlər gözlərim.
Qarət eylər ömrü hər bidərdə dərdi söyləmək, Qəm yükün açmağə bir qəmxarı gözlər gözlərim.
Hayi-huyi-xəlq bizar eylədi candan məni, Aşiqi-divanə tək dağları gözlər gözlərim.
Dürdnuşi-Hafizəm, rindanə mə’na söylərəm, Üştibində badeyi-Xulları gözlər gözlərim.
Bağrımı qan eylədi bu guşeyi-təngi-qəfəs, Bülbüli-şeyda kimi bağları gözlər gözlərim.
Hər nə etdim mürği-bəxti ram edəm, ram olmadı, “Hu” çəkib, bir şəhpəri-şunqarı gözlər gözlərim.
Məstü mədhuş eyləyib çoxdan məni bir xirqəpuş, Göz dikib, bir sağəri-sərşarı gözlər gözlərim.
Bir şahənşahi-büləndəxtər, xidivi-bəhrü bər, Bir qəzənfər-həmlə, bir sərdarı gözlər gözlərim.
Müxtəsər, yeydir, Nəbati, bir sözü çox çeynəmə, Söylə bir yol Heydəri-kərrarı gözlər gözlərim.
|