Çox dolandım kim, görüm ol çeşmi-cadulər kimi
Çox dolandım kim, görüm ol çeşmi-cadulər kimi, Görmədim, seyr elədim dünyanı hindular kimi.
Bəxti-nasazım məni ta etdi kuyindən cüda, – Dadü fəryad eylərəm çöllərdə bubbulər kimi.
Gənc məxfi olduğun ta bilmişəm zülfündədir, Olmuşam viranələr sultanı bayqular kimi.
Sənsiz, ey məhtəl’ətü şəkkər-ləbü huri-liqa, Təlx olub abi-nəbat ağzımda ağulər kimi.
Möhnəti-hicrində ömrüm başə gəldi, ey sənəm, Heyf kim, qol salmadım boynuna keysulər kimi.
Baisi-icadi-aləm ta ki, bildim eşq imiş, Zikri “hu-hu” eylərəm hər ləhzə yahulər kimi.
Ta məgər versin Nəbati buyi-zülfündən xəbər, Hər tərəf cövlan edər səhradə ahulər kimi.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info