Xədəngi-tiri-müjganın əsər qılmış dilü canə
Xədəngi-tiri-müjganın əsər qılmış dilü canə, Şikənci-türreyi-zülfün salıbdır rəxnə imanə.
Dilim yansın, neçün aşiq dedim oldum sənə, ey gül, Məni sən beylə yaxdın atəşi-ənduhü hirmanə.
Budur pərvərdigarə daimən ərz etdiyim hacət, Görüm didarını, qurban edim bu canı cananə.
Xəbər tut, vermişəm məşşatəyə yüz rişvəti-batin, Məbada əlləri dəysin o zülfi-əmbər-əfşanə.
Məni pamal edər muri-xəyalın mari-zəxmi tək, Yəqin etdim ki, düşməndir məhəbbət növ’i-insanə.
Damağ-əfsürdəyəm, saqi, gətir bir sağəri-ləbriz, Ki, inşad eyləsin təb’im bu şe’ri məstü məstanə.
Xumar-aludəyəm, vermə mənə dürdi-təhi-xümdən, O meydən ver mənə kim, döndərir muri Süleymanə.
Yaman göz görməməkdən ötrü tök bir cürə torpağə, Əgərçi vermərəm bir qətrəsin yüz lə’li-rümmanə.
Kərəm qıl, küfri-zülfündən məni bir dəm xilas eylə, O zalim döndəribdir qəlbimi bir kafiristanə.
Xəta etdim, rəhi-eşqində kafər olmağım yeydir, Təəhhüd eylədim kim, yandırım bir xirqə rəhbanə.
Gözün qurbanıyam, saqi müsəlsəl gəz bu dövrani Ki, düşsün bu sədadən həlqeyi-zəncirə divanə.
Əgər bu ruzigar əhli xəbərdar olsa da məndən, Yəqinimdir ki, min yol şükr edərlər küfri-Sən’anə.
Əgər aləm ümumən düşmən olsa, qılca bakim yox, Mənəm bu xirqeyi-pəşmin, mənəm bu künci-viranə.
Xuda şahiddi, səndən dönmərəm ta canda canım var, Nisari-xaki-rahındı, əgər baş getsə fərmanə.
Əgər məqdur ola vəslin mənə ruzi-qiyamətdə, Gözüm çıxsın əgər baxsam behiştü hurü qılmanə!
Hücumi-ləşkəri-eşqin təvana qoymayıb məndə, Vəli yüz zə’f ilə gətdim səməndi-fikri cövlanə.
Götür üzdən niqabın, ta görünsün şəm’i-rüxsarın, Yolunda nəqdi-can versin Nəbati mərd-mərdanə.
|