Qonaq Kitabı
KONSULUN ARVADI

Nahardan sonra uzandım, amma yuxum gəlmədi. Durdum, əl-üzümü yudum, bir qədər zehnim açıldı. Geyindim, çıxdım küçəyə və yavaş-yavaş gəldim şəhər bağına. Skamyaların birinin üstə oturdum; amma genə bilmədim ki, nə qayırım. Bir qoca rus arvadı bir balaca uşağın əlindən yapışıb yeridirdi. Uşağın əlindəki tağalaq çörəklərin hərdən biri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. Sonra bir rus saldatı ilə bir rus arvadı qol-qola gəlib qabağımdan keçdilər. Kənarda bir neçə gəzib-dolanan görsənirdi; amma bunların heç birindən mənə bir mətləb hasil olmadı və az qalmışdı duram bir özgə tərəfə üz qoyam, birdən, aha, rəfiqim Rzaqulu bu tərəfdən nağafil çıxdı. Mən çox sevindim və haman saat xəyalıma gətirdim öz mənzilimi: bir tərəfdə əyləşib Rzaqulu, bir tərəfdə əyləşmişəm mən özüm və ikimiz də dünyanı yaddan çıxardıb, cummuşuq şahmat oyununa.

Rzaqulu görcək bir söz deməyib, düz getdim yapışdım rəfiqimin qolundan və başladım bizə tərəf çəkməyə. Rzaqulu dayandı və soruşdu:

- Hara? – Dedim:

- Gedək. – Genə soruşdu ki:

- Axı hara məni çəkirsən? – dedim:

- Vallah, onu-bunu bilmirəm, bu saat samavarımız dəmdə, şahmat da stol üstə qurulu. Ancaq bizi gözləyir. Dəxi burda bir özgə danışıq ola bilməz.

Rzaqulu mənə belə cavab verdi:

- Bax, gör nə deyirəm. Sənin o əziz canın üçün, mən özüm də neçə gündür istiyirdim gələm sənnən bir də oynayaq və dünən sən mənə namərdliklə verdiyin matın əvəzini iki dəfə səndən alam; amma indi qulaq ver gör nə deyirəm. Sən öləsən, bax buradaca çönək konsulgilə, ona ayaq üstə baş sağlığı verək, - çünki arvadı ölüb, - oradan da gedək sizə, səhərə kimi oynayaq.

Mən bir qədər fikirləşdim və ürəyimdə Rzaqulunun təklifini o qədər də bəyənmədim və dedim:

- Rzaqulu, dünyada bir şey var ki, hər bir arif adam ondan gərək xəbərdar oolsun. Əlbəttə sən ki, deyirsən konsulun arvadı ölüb, əlbəttə allah cəmi ölənlərə rəhmət eləsin. Ölü sahibini yoxlamaq insanın birinci nişanəsidir. Və lakin sən gərək bunu biləsən ki, ölü sahibini o yerdə yoxlamaq lazımdır ki, sənin yoxlamağına o möhtac olsun. Amma, allaha şükür, İran konsulu və cəmi yer üzünün konsulları bir böyük əşxasdırlar.[1] Sən səy et, elə bir kəsi yada sal və elə bir kəsin ölüsünün üstünə get ki, səni orada gözləyə bilsinlər və oraya sənin getməyin yada düşsün. Amma vallah, indi konsulun həyətində qurulan plov qazanlarının xatirəsi üçün şəhərin tamam əyanı və qeyri-əyanı bu sahat doluşublar konsulxanaya və bəlkə də hələ sənə oraya daxil olmağa macal verməyəcəklər. Bir də, qardaş, bax, sözün açığı, sən hara, konsul hara? Sən bir balaca müəllim, o ali bir vücud. Axı deyiblər: - Kəbutər ba-kəbutər[2], ta deməyiblər kəbutər ba-xoruz. Qardaş, allahı sevirsən, gəl qonaq gedək işimizə.

Amma gördüm ki, moizəm bir nəticə bağışlamadı; çünki Rzaqulu qolumu boşlayıb istədi uzaqlaşsın, mən dayandım. Amma o, bir əlli-altmış qədəm uzaqlaşan kimi, mən də onun dalıycan getdim. Rzaqulu çöndü və mənim gəlməyimi görəndə dayandı. Mən ona çatdım və dedim:

- Bax, Rzaqulu, gedirəm, amma kişi kimi gərək söz verəsən ki, ayaq üstə fatihə verib qayıdaq.

Rzaqulu buna razı oldu və getdik.

Şəhər bağı ilə konsulxananın fasiləsi az idi. Küçə qapısında uzaqdan tək bircə adam görsənirdi; sonra gördük ki, bu haman qarauldur ki, həmişə əli tüfəngli konsulxananın keşiyini çəkir. Biz təəccüb elədik ki, bu günki gündə konsulun qapısında artıq adam görsənmir.

Yavıqlaşıb istədik qarauldan bir mətləb öyrənək. Bu adam ucaboy, qara, çopur və çox çirkin bir şey idi və bizim sözümüzə heç bir cavab vermədi. Allah rast saldı nayib Cəfər dalandan qapıya tərəf çıxıb bizə salam verdi. Biz bundan konsulun evdə olmağını soruşduq və nayib Cəfər dedi ki, konsul evdədir. Bir qədər o bizim üzümüzə baxdı və bir qədər də biz onun üzünə baxandan sonra, nayib Cəfər bizdən soruşdu ki:

- Yəqin konsul ilə işiniz var. – Mən bir cavab vermədim, amma Rzaqulu dedi:

- Bəli, var.

Mənim xəyalıma gəldi ki, kişi olan kəsdə bir az-maz cürət gərək olsun və özümü yığışdırıb mərd-mərdanə nayib Cəfərdən soruşdum ki, nə üçün bu günki konsulun xidməti-şərifində adam-zad görsənmir? Nayib cavab verdi ki, günorta naharından sonra həzrət Xəllaqül-məmalik (konsulun adı imiş), - çün bir tərəfdən konsulxana umuratının quyudatı, bir tərəfdən həzrət əşrəfin sinninin təqazası – dəxi axşam vaxtları o qədər də şikayətçilərə, ya qeyri bir işə övqat sərf edə bilmir. Və lakin bir surətdə (ki) zəhmət çəkmisiniz, xub, burada bir qədər ayaq saxlayınız, içəridən bir xəbər gətirim.

Nayib girdi içəri, biz qaldıq qapıda.

Xub, bu nə olsun? Konsulun arvadı bu gün vəfat edib, genə necə olsa, konsul arvadıdır və konsulun uşaqlarının anasıdı; bu necə olan işdi ki, bu gün xətir axşamı burada bir nəfər adam tapılmasın?

Nayib Cəfər dalanın içərisindən bizi çağırdı və biz ikimiz də onun dalıyca bir otaqdan keçdik getdik, zal otağına daxil olduq və durduq qapının ağzında. Nayib Cəfər bizə iltifat elədi və oturmağa yer göstərdi. Mən qorxa-qorxa kresloların birinin üstə oturub, yumşaq məxmər döşəyin içinə elə quylandım ki, dedim ta buradan məni qaldıran olmasa, öz-özümə dura bilməyəcəyəm. Deyəsən Rzaqulu da mənim günümdə idi.

Həmin böyük zal otağı əla fərşlərlə döşənmişdi. Qabaqda stolun üstə əla məxmərdən örtük salınmışdı və stolun üstə tək bircə lampa qoyulmuşdu. Lampanın ətrafına dörd dənə külqabı düzülmüşdü.

Burada bizdən savayı bir kəs yox idi. Mən lap quruyub qaldım və yavaşca Rzaquluya dedim:

- Biz buraya niyə gəldik?

Rzaqulu göz elədi ki, dinməyim. İçəri otağın qapısı açıldı və əlli-əlli beş yaşında ucaboy, çinli və nişanlı bir İran sahibi-mənsəbi girdi bizim yanımıza. Mən tək bircə dəfə bunu görmüşdüm: bu, həmin İran konsulu Xəllaqül-məmalik idi. Biz hər ikimiz durduq ayağa və konsul çox xoşhallıq ilə bizə salam da verdi, kefimizi də soruşdu; özü də ağzında bir şey şirin-şirin çeynəyirdi.

Mən bilmədim ki, nə deyim. Rzaqulu da mat-mat baxırdı Konsul cənabları bizə əyləşməyi təkid elədi və soruşdu ki, niyə dinmirik. Mən genə dinmədim. Rzaqulu da fikirli yerə dikmişdi. Axırda Rzaqulu bir belə nitq başladı:

- Cənab konsul, gərək bunu bilmiş olasınız ki, bu beş günlük dünyayi-faniyə biz ondan ötrü gəlməmişik ki, nə qədər dünya var biz də dünyada min illər yaşayaq və əbədən ölməyək. Xeyr, belə deyil. Allaha şükür, sizi öyrətmək olmaz, xudavəndi-aləm hər bir yaranmışına bir müəyyən ömür qərar verib və müəyyən əcəl təyin edib ki, hərə öz vaxtında bir bəhanə ilə ölüm şərbətini içəcəkdir. Belə olan surətdə siz ki, allaha şükür, bizdən də yaxşı bilirsiniz ki, bunlar hamısı allah məsləhətidir və o müsibət ki, bu gün sizin başınıza gəlibdir; allah-taala... – konsul bu yerdə dik atıldı və ”necə müsibət?” deyib, gəldi Rzaqulunun yanına.

- Yoxsa Moskvadan bizim uşaqdan pis xəbər eşitmişsiniz? Yoxsa o bədbəxtin başına bir iş gəlib? Nə olub, nə xəbər var?

Konsul bu sözləri deyəndə içəri otaqda bir böyük şivən qopdu və sinnli bir arvad (konsulun arvadı imiş) dizlərinə çırpa-çırpa istədi özünü sala bizim yanımıza, amma bizi görən kimi genə geri qayıtdı. Yazıq arvad nərə təpə-təpə çığırırdı:

- Anan sənə qurban, Sultan bala! (Moskvadakı uşağın adı imiş). Yəqin ki, Sultan balam əlimdən getdi! Vay, vay...

Səkkiz-doqquz yaşında da bir oğlan uşağı əlində bir gəmirtdənmiş alma bizim   

   Yanımıza gəlib, elə bərkdən ağlamağa başladı ki, guya ətini kəsirlər. Konsul nayib Cəfəri harayladı. Cəfər tələsik girdi içəri və başladı gözlərini bərəltməyə. Konsul ona hökm metdi ki, bu saat durmayıb, Münşi Mirzə Həsəni gətirsin ki, Moskvaya teleqraf yazsın.

Mən lap özümü itirdim. Genə Rzaqulu məndən qoçaq imiş; çünki konsulun qabağına bir qədəm qoyub ona dedi:

- Alicənab xan həzrətlərinin xidmətində and içirəm əzizlərimin canına ki, Moskvadakı uşağınızdan yana mən bir söz eşitməmişəm. Ancaq mən bu gün müəllim İvanovun xanımından eşitdim ki, sizin, ayıb olmasın, bağışlayasınız, dedilər ki, övrətiniz bu gün vəaft edib.

Deyəsən iş düzəldi; çünki nayib Cəfər o saat özünü ortalığa atıb və qollarını yuxarı qalxızıb, sevinə-sevinə guya ki, bir müjdə gətirib dedi:

- Hə, hə, ay xan, sən Həzrət Abbas, uşaqların ürəyini sıxma, lap səni arxayın eləyim. Bu gün (nayib Cəfər içəri otağa gözünün yanı ilə baxdı, sonra dedi), xan, bu gün (bir az alçaqdan) Həlimə vəfat edib.

Xan bu sözü eşitcək elə qeyzlə çığırdı ki, bir də gördüm ki, mən qapının ağzındayam və çığıra-çığıra bu sözləri dedi:

- Ay cəhənnəmə vəfat edib, gora vəfat edib! Rəhmətliyin uşaqları (bizə işarə ilə) hələ adlarını müəllim qoyub, amma gör nəyə məşğuldurlar!

Heç yadıma sala bilmirəm ki, mən nə halətdə çıxdım dalana. Rzaqulu da mənim dalımca gəlirdi. Küçəyə çıxanda qapı qarauluna bilmirəm mən niyə dedim “salamat qal”, amma o heç bir söz demədi; guya duyurmuş ki, biz veyl adamlarıq.

Konsulxanadan bir qədər uzaqlaşana kimi nə mən Rzaquluya, nə o mənə bir söz dedi.

Yolumuz bizim evə tərəf idi, amma Hacı Xəlil küçəsinin başından Rzaqulu üzünü ayrı yola tutdu. Dedim:

- Bə hara gedirsən?

Rzaqulu dayandı və başladı mənim üzümə baxmağa; amma sifəti elə pörtmüşdü ki, deyəsən bu saat hamamdan çıxıb. Bir az mənə baxandan sonra dedi:

- Əvvəla, o İvanov müəllimin arvadının atasına lənət ki, mənim başıma bu qədər oyun açdı! Və ikinci, konsulun ölən arvadı da tünbətün olsun, qalan arvadı da cəhənnəmə-gora getsin!

Və bu sözləri deyib qurtarandan sonra üç dəfə də yerə tüfürdü.

Hərçənd belə sözləri danışmaq ələlxüsus ölü dalınca pis işdir; amma bir mənfəəti o oldu ki, Rzaqulunun hirsi deyəsən bir qədər soyudu.

 

*      *      *

 

Dinməz-söyləməz yapışdım qolundan və apardım bizim mənzilə; amma çahmat oyunu baş tutmadı; çünki nə mənim hövsələm öz yerində idi, nə də Rzaqulunun. 

 

 



[1] Şəxslərdir.

[2] Yoldaşını bab elə, - görən desin habelə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info