Təalallah, gəl ey gör kim, yenə nuri-xuda gəldi
Təalallah, gəl ey gör kim, yenə nuri-xuda gəldi, Cəmii-ənbiya xətmi Məhəmməd Mustafa gəldi.
Sevindi cani-aşiqlər, açıldı bəxti-sadiqlər, Oyandı ruhi-möminlər, səfa gəldi, səfa gəldi.
Zəminlərdə, zəmanlarda səlahül-xeyr məqdəmdir, Fələklərdən, mələklərdən hezaran mərhəba gəldi.
İrişdi mürşidi-kamil, qamu əhli-aman oldu, Sevindi qazilər cümlə ki, xətmi-ənbiya gəldi.
Həqə məzhərdürür Adəm, sücud et, uyma iblisə Ki, Adəm donuna girmiş xuda gəldi, xuda gəldi.
Firiştə endi göglərdən, bəşarət əhli-ürfanə, Xəvaricə əcəl yetdi, Yezidlərə bəla gəldi.
Zəlalət içrə zülmətdə itirmişdin çırağını, Gözün aç, çıx bu zülmətdən ki, bir bədri-düca gəldi.
Xəlilullah donin geymiş, verilmiş adı İsmail, Ona qurban olun canlar ki, allahdan nida gəldi.
Gözəl şahım, ğəmər mahım, muradgahım, könülxahım, Cəmali-məzhərrüllahım, kərimi-övliya gəldi.
Əzazil adlı şeytanın, yetər, təqlidinə uyma, Əlin dut, həq yolun göstər, imami-rəhnüma gəldi.
Cəhanı sehr ilə Firon özinə tabe etmişdi, Oları yutmağa Musa əsası əjdəha gəldi.
Bahadır qazilər qoydu, başında taci-dövlət var, Budur Mehdi zəman dövri, cəhan nuri-bəqa gəldi.
Gözü sadü dili taha, yanağı qaf vəlquran, Qaşu nunü saçı vəlleyl, yüzi şəmsüz-züha gəldi.
İmami-heydər oğluna dilü candan riza ver gəl İmamım Cəfəri Sadiq, Əli, Musa, Riza gəldi.
Xətayi xəstə şol şahin cəmalın vəslini istər, Rəvan ver can satun algil ki, elmi-can bəha gəldi.
|