Qonaq Kitabı
Səndədir şol gənci-pünhan, gəzmə hər viranəyi

 

 

Səndədir şol gənci-pünhan, gəzmə hər viranəyi,

Dəngizə dal, andan istə, ey könül, dürdanəyi.

 

Canı ver, cananəyi bul, olma bicananə kim,

Təndə canı yoxdur ol kim, bulmadı cananəyi.

 

Zahidin əfsanəsindən hasil olmaz faidə,

Var ikən eşqin hədisi, neylərəm əfsanəyi?

 

Ey səqahüm rəbbihüm xəmrindən ikrah eyləyən,

Əsrədün qəflət meyindən, sındır ol peymanəyi.

 

Ey həqi hər yerdə hazırdır deyən əgrinəzər,

Bəs nə mə’nidən seçərsən Kə’bədən bütxanəyi?

 

Hər kim aydır, Adəmi damə buraxan buğdadır,

Görməmişdir laləgun üzündə mişkin danəyi.

 

Ey çəkən uçmağa mişkin zülfi-pürçinin məni,

Cənnətə zənciri-zülfündür çəkən divanəyi.

 

Gənci-məxfidir saçın çün, ey bəşər surətli həq,

Niçün eylərsən bu gizli gəncə məhrəm şanəyi?

 

İncədir zülfün rimuzu, şanənin ağzı açıq,

Dilinə buraxma anın zülfi-mişkəfşanəyi.

 

Nara atan canını şol şəm’ üçün pərvanədir,

Nuruna şəm’ ol səbəbdən yandırır pərvanəyi.

 

Ey gələn qalu bəladan mə’rifətsiz canəvər,

Həq bəsirətsiz yaratmış ta əbəd biganəyi.

 

Çün məqalidüs-səmavat, ey Nəsimi, səndədir

Qafü lamından götürdü sinü şin dəndaneyi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info