Qonaq Kitabı
YOX, YAZMARAM!

 

Molla dayı, çox bərk daşır qazanın!..

Başçısısan hər yolundan azanın!

Baharından görünməyir xəzanın,

Çünki hər yerdən var neçə yazanın;

Burdan da mən xəbər yazım, yazmayım?

Yox, yazmaram! Amma hələ qoy yazım...

Qismət olsa, bundan belə yazmaram,

Toxunmasa sözüm elə, yazmaram!

 

Yazdığıma yalan-palan qatmaram,

“İşan” kimi rüşvət pula yatmaram,

Imanımı Hac Kazıma satmaram,

Boşsan deyib, Fəxrini aldatmaram,

Məsləhətsə əgər yazım, yazmayım?

Yox, yazmaram! Amma hələ qoy yazım...

Fürsət olsa, bundan belə yazmaram,

Girə bilsəm daşqın selə, yazmaram!

 

Kəbin kəssəm doşab kimi axmaram,

Göz altından Fəxri tərəf baxmaram,

“Əngəhtünü” “təlləqtüyə” çaxmaram,

Hac Bədəli yandırıban yaxmaram,

Dalda gedib söyər; yazım, yazmayım?

Yox, yazmaram! Amma hələ qoy yazım...

Möhlət olsa, bundan belə yazmaram,

Elə yazsam, bilə-bilə yazmaram!

 

Dövlətliyəyaltaqlanmaq bilmərəm,

Qəmli ikən yalan yerə gülmərəm,

Pristavın çəkməsini silmərəm,

Hörmətimi gözlərəm, əksilmərəm,

Mollalığa deyər, yazım, yazmayım?

Yox, yazmaram! Amma hələ qoy yazım...

Qismət olsa, bundan belə yazmaram,

Əgər poçta yazsam, telə yazmaram!

 

Qumarbazın hədiyyəsin almaram,

Bir şübhəli pul kisəmə salmaram,

Üzə salıb gücnən qonaq qalmaram,

Qonaq qalsam cibin-zadın çalmaram,

Üzmim əldən gedər, yazım, yazmayım?

Yox, yazmaram! Amma hələ qoy yazım...

Növbət olsa, bundan belə yazmaram,

Davam etsə duman, yelə, yazmaram!

 

Eylədiyim vəzə inannam özüm,

Eldən qabaq, eybimi qannam özüm,

Qövlümə felimlə dayannam özüm,

Pis hərəkət etsəm utannam özüm,

Halım olar bətər, yazım, yazmayım?

Yox, yazmaram! Amma hələ qoy yazım...

Hacət olsa, bundan belə yazmaram,

 

Dalda qeybət, üzdə səna etmərəm,

Gizli söyüş, zahir dua etmərəm,

Xəlqi görçək riya-miya etmərəm,

Riya etmiş olsam, həya etmərəm

Allahımdan məgər! Yazım, yazmayım?

Yox, yazmaram! Amma hələ qoy yazım...

Halət olsa, bundan belə yazmaram,

Uysam məkrə, düşsəm felə, yazmaram!

Qovlansam da evdən çölə, yazmaram!

Uyub sənə öz yolumdan azmaram!..

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 dekabr 1909, â„– 51) “Yarı könül” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info