Qonaq Kitabı
TƏRANEYİ-ƏSİLANƏ

 

Nə soxulmusan arayə, a başı bəlalı fə`lə?!

Nə xəyal ilə olubsan belə iddialı, fə`lə?!

 

Sənə dinmədikcə, əbləh, azıxıb yolun çaşırsan,

Qapıda dayanmayıb da, zala doğru dırmaşırsan,

Qara fə`lə olduğunda bəyü xanla çulğaşırsan,

              Bəyə bizdə görməyirsən bu qədər cəlalı, fə`lə?!

 

Nə çığır-bağır salırsan, yorulub usanmayırsan,

Ədəb ilə öz məqamın tanıyıb dayanmayırsan,

Hələ köhnə paltarından qızarıb utanmayırsan,

               Başına qoyub gəlirsən yekə bir motalı, fə`lə?!

Buna bax, bu sir-sifətlə danışırda bir ibarə!..

Gözüm ağrıyır edəndə bu qırılmışa nəzarə...

Gətirib buraxdı kimlər buları bizim diyarə?

                Nə bilim haralı kasıb, nə bilim haralı fə`lə?

Belə idi adət əvvəl, belə yalvarardı kasıb,

Nücəbaləri görəndə ayağa durardı kasıb,

İki qat olub, ədəblə bəyə baş vurardı kasıb,

                Var idi vəfalı kasıb, var idi həyalı fə`lə!

Dəyişib zəmanə imdi, dolanıb bütün umurat,

Ayağı çarıqlılar da gəlib istəyir müsavat!..

Belə əsrdə məişət bizə xoş keçərmi, heyhat?!.

                  Ayılıb yata cəmaət, göz açıb qapalı fə`lə!

Adə, fə`lə, sən get əlləş, sana günlərin ay olsun,

Get olarla söz danış kim, sənə fərqdə tay olsun,

Bəşəriyyət aləmindən nəyinə görə pay olsun?

                  Bu deyilmi baş-qulağın, a başı havalı fə`lə?!

Bəşəriyyət axtarırsan, hanı rütbəvü cəlalın?

Mədəniyyət axtarırsan, hanı pulü mülkü malın?

Ə`zəmiyyət axtarırsan, hanı xalisən,mənalın?

                  Hanı taqə-taqə şalın, a cırıq çuxalı fə`lə?!

Danışırsan azğın-azğın, hanı qəsri-zərnigarın?

Hanı Annatək barışnan, hanı Sonyatək nigarın?

Hanı məclisi-qumarın, rüfəqayi-meyküsarın?

                  Hanı nəş`əyi-xumarın, a qalın qafalı fə`lə?!

 

Əgər istəsəydi allah ki, səni edəydi məqbul,

Bizə verdiyitək, əlbət, sənə həm verərdi pul-mul,

Di utan ləyaqətindən, barı olma bunca məchul!

           Quru-boş əl ilə umma özünə kəmalı fə`lə!

           Qələt eylə, etmə bir də belə boş xəyalı, fə`lə!

           Dur itil, cəhənnəm ol, get, ürəyim daralı, fə`lə!..

 

İlk dəfə “Bəhlul” jurnalında (14 iyul 1907, â„– 5) imzasız çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info