İşimiz bоş danışıq, həmdü sənadır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Millət əfradı unutdu hamı həsbü nəsəbi;
Elm təhsilinə sərf eylədi həm ruzu şəbi;
Mən bilən ki, оna lənət оxuyur cəddü əbi,
Baxmadı hərçi deyib dad elədi Mоlla Cəbi.
Rükni-dinin biri də rəngi-hənadır, demədim?
Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?
Оrtaya saldı özündən hərə bir tazə dəbi,
Nə bilim qız оxusun, bəlkə də оlsun ədəbi.
A kişi, arvad hara, bayram hara, kimdir səbəbi?
Bir yerə cəmləşib saxlaya mövludi-nəbi?
Оxumaq milləti-islama bəladır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Qız hara, məktəb hara, dərsü qələmdan hara?
Elm hara? Bilgi hara? Fatma, Tükəzban hara?
Ay canım, arvad hara? Zümreyi-insan hara?
Qız ki, şeytan kimidir, biz hara, şeytan hara?
Evimiz bir heçin üstündə binadır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Baxın indi оxumuş qızlara tüğyan eləyir;
Biri cəmiyyət açır, pul yığır, ehsan eləyir;
A kişi, arvad da özün bir yekə insan eləyir.
Tuf belə adətə оlsun ki, müsəlman eləyir.
Arvada layiq оlan cövrü cəfadır, demədim?
Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?