Ol gün ki sənə xaliq edər lütf bir övlad,
Olsun ürəyin şad!
Təyin elə cindarı ki, etsin ona imdad,
Ta dəyməyə həmzad;
Sağdan sola, soldan sağa sal boynuna heykəl,
Qoy cinni məəttəl;
Min günə tilismatə tutub eylə müqəffəl,
Gəzdir onu əl-əl;
Gər dəysə sovuq, sancılanıb olsa da bimar,
Hökm et gələ cindar;
Göstərmə təbibə o ciyərguşəni zinhar,
Qoyma ola murdar;
Ağlarsa uşaq dərdinin axtarma dəvasın,
Ancaq söy anasın;
Qorxuzsun o da damdabaca ilə çağasın,
Kəssin də sədasın;
Örgət ona, əlbəttə, özün bir neçə mövhüm,
Məhdud ola məsum;
Bu sayədə ömr eyləyə dünyadə o məzlum,
Hər haləti məzmum;
Tək-tək dil açanda ona təlim elə hədyan,
Həm olma peşiman;
Bildir ona min dürlü qəbahətləri hər an,
Alsın ələ ünvan;
On yaşa yetincə uşağın eyləmə qəflət,
Qandır necə bi`dət;
Ta on beşə yetdikcə tapa işdə məharət,
Həm eyləyə adət;
Göndərmə onu məktəbə, dəng eyləmə başın,
Tökmə üzə yaşın;
Hər fənd və biclikdə edər kəsb məaşın,
Saxlar özü başın;
Rahət nəyə lazım edə dünyadə məişət,
Quldurçuluq örgət;
Tainki qumar oynaya, qətl eyləyə, qarət,
Xoşdur belə sən`ət;
Dünyanı soyub, eyləyə hər gün səni xürsənd,
Sağ ol, belə fərzənd!
Evdə tapılır imdi dəxi çay, plov, qənd,
Kimdir sənə manənd?
Nagəh alınıb həbsə, dutarsa səni vəhşət,
Ver hakimə rüşvət;
Sat var-yoxunu, advoqata ver neçə xəl`ət,
Puç ol hələ-həlbət;
Axırda olub həsrəti-didari-cəmali,
Qal kisəsi xali;
Qaldıqda oğulsuz dəxi tez başla suali,
Al vizrü vəbali;
Tap rizqi-həlali,
Ay başı bəlali,
Yığ dəymişi, kali,
Olmaz oxumaqdan
Tapmaq bu cəlali!..
Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (26 may, 1906, № 8) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Jurnalın həmin il 19 mayda çıxan 7-ci nömrəsində “Hop-hop” imzası ilə “Niyə mən dərsdən qaçdım?” sərlövhəli bir felyetonun əvvəli, 26 may tarixli 8-ci nömrəsində isə mabədi dərc edilmişdir. Felyetonu C.Məmmədquluzadə yazmışdır. Sabirin satirası felyetonun məzmununa uyğun gəldiyindən, ədib bu satiranı felyetonun axırında nəşr etmişdir.