Kəcrəvişdir bu asiman, əfsus!
Bivəfadır cahanü can, əfsus!
Nə yaman dağ imiş oğul dağı,
Mənə üz verdi imtahan, əfsus!
Göz evin qoydu nagəhan xali,
Oldu ol mərdümün nəhan, əfsus!
Mehrini kəsdi mən bəlakeşdən,
Oldu xak ilə mehriban, əfsus!
Ey gözüm nuri, hasili-canim,
Çəkərəm sənsiz əlaman, əfsus!
Sərv qəddin düşübdü xak üzrə,
Sənə bid oldu sayəban, əfsus!
Səni ləbtəşnə yad edəndə olur
Göz yaşım cuy tək rəvan, əfsus!
İzzətü cahü dövlət icrə səni
Görmədim bircə kamran, əfsus!
Arizuvu həvəs xəcil səndən,
Olmadın hic şadman, əfsus!
Səni ağuşə çəkdi xaki-siyah,
Əşkdən bağrım oldu qan, əfsus!
İtirib bu şüküftə qönçəsini,
Qaldı sərkəştə Natəvan, əfsus!