Pyes 4 pərdə, 8 görüşdə
İŞTİRAK EDƏNLƏR
Y a ş a r, T o ğ r u l, T a n y a - gənclər, injener-laborantlar
B e l o k u r o v – professor
I v a n o v – professor
V a s i l y e v – aspirant
M e d v e d y e v – aspirant
İ m a m y a r – kolxoza soxulmuş qolçomaq
N i y a z – Imamyarın qardaşı, kolxozçu
Y a q u t – Niyazın qızı
N i g a r – Niyazın evində bir qız
N ü s r ə t – kolxozçu, kənd soveti sədri
Ə m i r q u l u – kolxozçu
Ş ə r ə b a n ı – onun arvadı
T ü r b ə t, M i r s ə q u l u, Ə l i v e r d i, H ə s ə n, S ə f ə r - kolxozçular
P r o k u r o r
M ü d a f i ə ç i
F ə h l ə və k ə n d l i l ə r
BİRİNCİ PƏRDƏ
BİRİNCİ GÖRÜŞ
Geniş bir laboratoriya. İ n j e n e r l ə r, t ə l ə b ə l ə r əllərində müxtəlif şüşələr və alətlər oyanbuyana qaçışırlar. T a n y a v ə T o ğ r u l hərəsi bir aparat qabağında işləyirlər. Toğrul işləyir, sonra cəld hərəkətlə qalxıb çəkməcədən şüşə və sairə götürür. Arabir otağa qaçıb qayıdır. İşi bərkə düşəndə isə sevinib oxuyur.
T o ğ r u l. Vətəndaş qurbağa, sən heç nahaq yerə məndən incimə. Özüm ölüm, iynəni elə vuracağam ki, heç ruhun da inciməyəcək.
T a n y a. Tokay, kim ilə danışırsan?
T o ğ r u l. Qurbağa ilə. Tökmüşəm qanına bir qram vərəm mikrobunu, görürəm narazıdır. Çəpəki-çəpəki baxır üzümə...
T a n y a. Sən yenə də nə eləmək istəyirsən?
T o ğ r u l. Hecə nə! Istəyirəm vərəm mikroblarını elektriknən öldürüm, qurbağa özü sağ qalsın. Sən öləsən, məsləkimə and olsun ki, tok altında ölməsən, yaşılburun qurbağanı sənə alacağam, evləndirəcəyəm səni. Özüm də Tanyanı alacağam, toyu da birgə eləyəcəyəm.
T a n y a. E... e... Tokay...
T o ğ r u l. Sənə nə var canım. Yəni qurbağaların evlənməsinə razı deyilsən. Tanya, bu qurbağa ölməsə, sonra hər kim vərəm oldu salacağam tok altına. Mikroblarını öldürəcəyəm, özünü sağ-salamat burxacağam.
T a n y a. Nə oldu, Tokay?
T o ğ r u l. Dayan, dayan, Tanya, işlərim şuluqdur. Elektrik məftilini ilişdirmişəm qurbağaya, Allah vurmuş cük-cük cükküldəyir (Oxuyur).
Göy üzündə bir ulduz var,
Onun adı Neptundur;
Orda gözəl bir qız var ki,
Könlüm ona məftundur.
Yer üzündən uçaram,
Aydan, gündən keçərəm;
Neptundakı sevdiyimi
Ordan alıb qaçaram.
T a n y a. Bura bax, indi də qurbağanın yerinə özün cükküldəyirsən. İndi yenə də İvanov gələr, başlar deyinməyə ki, laboratoriyada oxuyurlar.
T o ğ r u l. Onu Allah döymüşdü. Onsuz da burayadək yığmışam onun əlindən. Srağagün təcrübə aparır, mən də baxıram. Deyir: o yana çəkil, partlar, dəyər sənə. Elə bil onun bədəni dəmirdir, səninki xəmir.
Ta n y a. Bəlkə elə partlayacaqmış.
T o ğ r u l. Partlasın da. Partlayıb mənə nə edəcək?! İnjeneri toknan qorxudur! Ay hay, ay hay! O, bəzən doktorlar olar hey, ölüdən qorxar, ha! Yox, Tanya, mən bilmirəm. Gec-tez onun allahlığına bir dənə düdəməyi-hindi ilişdirəcəyəm. Ancaq bilmirəm haçan.
T a n y a. Doğru deyirsən, Tokay. Deyəsən, onun bir az qəlpliyi vardır. O gün Yaşar ondan bilmirəm nə soruşurdu. Görürəm cavab vermək istəmir. Sonra da bir şey dedi, lap tərsinə, Yaşar da başladı cəncəli. Bir də gördü Belokurov şalvarını çəkə-çəkə gəlir.
T o ğ r u l. Düymələri də ki, öz qaydası ilə açıq.
T a n y a. Ağzından çıxanı Ivanova. O deyir, gəncdir, hələ möhkəmləşməmişdir. Görürsən, deyir böyük bir məsələ üstündə işləyir, sən isə ona kömək eləmək əvəzinə daha da dolaşdırırsan...
T o ğ r u l. Yaşar yaman işləyir: nə yemək bilir, nə yatmaq.
T a n y a. Bilirsənmi Belokurov onu nə qədər sevir... Bu vaxta qədər dörd ixtira edilmişdir. Asandır məgər?! Bu axırıncı təcrübəsindən bir şey çıxarsa, bütün kimyəvi elmində bir inqilabdır...
T o ğ r u l. Eh, Tanya, dayan bir mən bu qurbağa ilə öz haqq-hesabımı qurtarım. Tanya, biz gərək Amerikaya nə vaxt çataq?
T a n y a. Hesabnan gərək bu yaxınlarda çataq.
T o ğ r u l. Eh onu Allah döymüşdü. Mən elə az qalıb vurub keçim onu...
T a n y a. Keç, Tokay keç...
T o ğ r u l. Adə, vay dədə vay! Qurbağaları salmışam tok altına, sən də tutmuşsan məni söhbətə...
Ta n y a. Balam, mən danışıram, sən?
T o ğ r u l (aparatın yanına keçir və yolda tələsik keçən Yaşarı görür). Adə, Yaşar, Yaşar, bura bax... Bura bax hey...
Y a ş a r. Dayan, Toğrul, sən allah! Kükürdü qatmışam kömürə, zəhrimar barıt olub.
T o ğ r u l. Bəs nə olaydı, gərək? Sənin üçün daha qızıl-zad olmayacaqdı ki!
Y a ş a r. Mən zəhrimardan ayrı şey almaq istəyirdim... (Getmək istəyir).
T o ğ r u l. Adə, Yaşar, bu şoğərib qurbağa cükküldəyir axı...
Y a ş a r. Bəlkə toku çox buraxmışsan. Hanı? Ölüb ki...
T o ğ r u l. Necə yəni, ölüb? Hanı? Ölüb?
Y a ş a r. Odur, biri ölüb də... Görmürsən?
T o ğ r u l. Vay sənin atova lənət, Tanya! Tutdun məni söhbətə, ara yerdə qurbağam öldü.
Y a ş a r. Daha Tanya nə eləsin? Voltajı bir az azalt.
T o ğ r u l. Adə, Yaşar, mən istəyirəm axı səni Tanya üçün elçiliyə göndərim. Elə özü istəyir məni hey. Ölür mənim dərdimdən...
Y a ş a r. Nədən bilirsən?
T o ğ r u l. İndi, çox da istəmir. Mən ki, istəyirəm. Sən onu başa sal da. Deyinən yaxşı oğlandır, belədir, belədir, gələcəyi parlaqdır. Deyinən qızıl kimi oğlandır.
T a n y a. Xalis samovar qızılı.
Yaşar gedir
T o ğ r u l. Hə, nə olub mənə! Gözəl-göyçək! Bu mənim qəddiqamətim, bu da mənim sir-sifətim. Bu gün-sabah ixtira da eləyəcəyəm.
T a n y a. Ölü qurbağaynan...
T o ğ r u l. Tfu sənin zatına... Köpək oğlunun qurbağası! Eybi yoxdur, biri diridir. Ölsə də qoymayacağam onu ölsün.
Y a ş a r (əlində aparat çıxıb bir aparatın başına keçərək). Toğrul, keç transformatora. Tanya, sən də voltmetri qur, reostatı işlət. Ancaq nə dedim eləyin, qorxmayın...
T a n y a. Yox, Yaşar, yenə dünənki kimi eləməyəsən. Sən, deyəsən, öz canından əl çəkmisən. Bu elektrikdir, Yaşar, zarafat deyildir.
T o ğ r u l. Adamı kömürə döndərər.
Y a ş a r. Qorxma, qorxma başla. Toğrul, mən saydıqca, sən toku artır. Ancaq saxlamaq olmaz, eşidirsənmi? Başla! Bir, iki, üç. Tanya, sən də artır. Bir, iki...
T o ğ r u l. Hara sayırsan, adə! Bir, iki, artıq mümkün deyil.
Y a ş a r. Keçirt, keçirt, qorxma. Sağa, bir də, bir də.
T o ğ r u l. Partlar, adə, neyləyirsən?
T a n y a. Izolyator yanır, Yaşar, qaytarmaq lazımdır.
Y a ş a r. Tanya, sən qayıt! Sən artır, Toğrul. Bir, iki.
T o ğ r u l. Nəyi deyirsən, adə, dəli olmamışsan ki. Elə bil fındıq sayır. Tərkibində barıt var.
Y a ş a r. Barıt yoxdur, kükürd var, Tanya, sağa, bir, iki...
T a n y a. Yaşar, saxla! Izolyator yanır, deyirəm.
Y a ş a r. Yanmaz, deyirəm sənə. Toğrul, artır görüm.
T o ğ r u l. Mən daha artıra bilmərəm, atam, partlar, yıxılıb ölərsən. Özün cəhənnəmə, elçiliyə gedən də olmaz.
Y a ş a r. Artır, deyirəm sənə. Möhkəm dur, qorxma.
T a n y a. Voltmetr doludur, Yaşar.
Y a ş a r. Qorxma, Tanya, ver. Bir, iki, üç...
T o ğ r u l. Adə, sən neyləyirsən! Dur, deyirəm sənə. Partlar, dur.
Birdən alov çıxır, bir şey partlayan kimi olur.
T o ğ r u l və T a n y a. Oy, nə oldu?..
Y a ş a r. Qorxmayın, bir şey olmayıb. Sən bir də qaldır, Toğrul! Bir də... bir də... hop, bəsdir... Sağ olun.
T o ğ r u l. Vay... Atova lənət sənin! Lap ürək-göbəyimi yedim. Başuva dönüm, bundan sonra belə şeylər edəndə qabaqca öz vəsiyyətini elə, sonra başla.
Yaşar gedir.
T a n y a. Yaşar yaman işləyir...
T o ğ r u l. Necə mən xarab işləyirəm? Ağız, az qalıb haqlayam Edissonu ki...
T a n y a. Nə ilə?
T o ğ r u l. Necə nə ilə? Bu gün-sabah taparam da. Qoy hələ bu qurbağa ilə haqq-hesabımı qurtarım... Oyan-buyan yoxdur, Tanya. İkinci beşilliyin axırına qədər ya gərək mən Edissonun atasını yandıram, ya Edisson mənim atamı. Adə, yenə başladın söhbətə, indi zəhrimar, o biri də ölər ha...
T a n y a. Möhkəm dur, Tokay, möhkəm dur...
T o ğ r u l. Yeritmişəm onun qanına bir qram çaxotka qurdunu, salmışam tok altına...
T a n y a. Neyləmək istəyirsən, Tokay?
T o ğ r u l. Çaxotka qurdlarını elektriklə öldürmək istəyirəm. Heç bilirsən, Tanya bu nə deməkdir? Mən bütün insanlığı bu çaxotkanın əlindən qurtaracağam.
T a n y a. Gözlə, gözlə, yenə qurbağan ölməsin.
T o ğ r u l. Ölməz! Eh, Tanya, biz gərək bütün dünyaya göstərək ki, bizim də başımız işləyir.
“Göy üzündə bir ulduz var...” havasını oxuyaraq öz aparatının yanına, sonra da qaçaraq, o biri otağa keçir.
İ v a n o v (içəri girir). Laboratoriyada işləmək və oxumaq... qəribə adamdırlar.
T a n y a. O həmişə elədir, professor, oxumamış işləyə bilmir. Hələ bayırda görməmişsiniz. Yaşar tar çalır, o da oxuyur...
İ v a n o v. Yaşar, Yaşar. Iki ayda iki min manatlıq malı korlamışdır. Duzun tərkibini döndərmək istəyir. Bunu Mendeleyev tapmadı, Belokurov tapmadı, ingilislər tapmadı, fransızlar tapmadı. Yaşar tapacaqdır!..
T a n y a. Professor Belokurov deyir ki, Yaşarın təcrübələri çox ciddidir.
İ v a n o v. Belokurov ancaq təcrübə apara bilər. Adamları tanımaq onun işi deyildir.
Bayırdan Toğrulun oxumaq səsi gəlir.
To ğ r u l. Göy üzündə bir ulduz var, onun adı Neptundur.
İ v a n o v. Odur yenə başladı... (O biri otağa keçir və yolda Toğrulla toqquşur, şüşəsi düşüb sınır). Laboratoriyada bir az da yavaş yerimək olardı (Tez çıxıb gedir).
To ğ r u l. Bağışlayın, professor, şoğərib qurbağam ölüb, ovqatım təlxdir... Tanya, professoru tapmışam, şalvarını çəkə-çəkə gəlir.
Y a ş a r (tələsik içəri girərək). Professor... Tanya... Toğrul...
To ğ r u l. Nə var, adə! Dəli olmamışsan ki, nə olub?
Y a ş a r. Professor hanı? Toğrul...
To ğ r u l. Nə deyirsən, adə! Dil-dodağın nə üçün dolaşır? Tok-zad vurmayıb səni ki...
T a n y a. Sənin rəngin sapsarıdır, Yaşar!
Y a ş a r. Tanya... Tapmışam...
To ğ r u l. Nə tapmışsan?
Y a ş a r. Heç özüm də bilmirəm nə tapmışam. Belə dilim söz tutmur hey! Bütün bədənim əsir.
To ğ r u l. Bəlkə tok vurub səni.
Y a ş a r. Yox adə, heç nə olmayıb mənə. Belə duzu əritmişəm hey, başa düşürsən?
To ğ r u l. Eh, çox böyük şücaət göstərmişsən! Mən də deyirəm nə olub? Duzu əritməyə nə var ki! Tök üstünə suyu, ərisin də.
Y a ş a r. Əritmək hansıdır? Bütün duzu udmuşam.
To ğ r u l. Ud da! Duz udmağa nə var ki! Mən burada bütün qurbağanı udmuşam, heç danışmıram.
Y a ş a r. Adə, udmamışam hey, belə duzun təbiətini dəyişmişəm. Şüşədə duz vardır, şüşədə duz yoxdur. Kökündən yoxdur. Başa düşdün?
T a n y a. Bu ola bilməz Yaşar! Professor Belokurov beş ildir bunun üstündə baş sındırır, heç bir yana çıxa bilmir... Professor İvanov deyir ki, duzun təbiətini dəyişmək mümkün deyildir. Bəlkə səhv edirsən, Yaşar?
Y a ş a r. Mən də elə onu fikirləşirəm ki, ola bilməz, amma olub. Duzu tökürəm – duz var, qatışdırıram – duz yoxdur. Odur ki, özümözümə də inanmıram. Deyirəm professor gəlsin, o da baxsın.
T o ğ r u l. Sən dur, mən bu saat onu yaxalayım gətirim (Bayıra çıxır).
Y a ş a r. Sən bilirsənmi, Tanya, bu nə deməkdir? Duzu aradan itirmək... kəndimizin yanında ucsuz-bucaqsız geniş düzən vardır. O, duzdaqdır. Tikandan başqa heç bir şey yetirmir. Mən bunun duzlarını məhsuldar bir torpağa çevirəcəyəm. Mən öz sosializm vətənimin geniş düzənlərini allı-güllü çəmənlərə, pambıq tarlasına, ağ qızıl qazmasına çevirəcəyəm.
T a n y a. Dur, Yaşar, hələ qabaqca qoy professor baxsın görək nə deyəcəkdir. Srağagün mən də boğucu bir qaz tapmışdım. Professor baxdı, dedi: bu, ağcaqanaddan başqa heç kəsi boğmaz.
Y a ş a r. Eh, Tanya (Onu qucaqlayır). Mən səni, bilirsənmi nə qədər sevirəm! Səni də özüm ilə aparacağam. Tanya, gedərsənmi? Sən, mən, Toğrul.
T a n y a. Göndərsələr, gedərəm.
T o ğ r u l (içəri girir). Professor gəlir... Ey, ey... Siz burada nə qucaqlaşmısınız? (Vuruşacaqmış kimi, qollarını çırmayır). Smatri, bu da duz deyil ki, hop eləyib udasan (Pozasını dəyişərək) Gözlərini yum, Tanya. Özüm, ölüm professorun düymələri yenə də açıqdır, şalvarı düşür...
B e l o k u r o v (şalvarını çəkərək). Hanı duz?
T a n y a. Duz nədir, professor?
B e l o k u r o v. Duz hansıdır?.. Kim deyir duz! Yaşar, deyirəm, Yaşar... Deyir, duzu dəyişdirmişdir, doğrudurmu, Yaşar? Yoxsa hərdən məni dartıb gətirmək üçün yalandır, deyir...
Y a ş a r. Bilmirəm, professor, ancaq onu bilirəm ki, duzu tökdüm düzəltdiyim tərkibə, qatışdırdım, duz itdi... Bütün aparatlardan keçirmişəm. Duz yoxdur. B e l o k u r o v. Ola bilməz. Siz bilirsinizmi bu nə deməkdir! Duzun təbiətini dəyişdirmək! Bu, bütün kimya elmində bir inqilabdır. Bu tarixi bir işdir. Ancaq, bəlkə, Yaşar, sən səhv edirsən?
Y a ş a r. Bilmirəm, professor.
B e l o k u r o v. Gətir görək! (Yaşar gedir). Sən nə deyirsən, Tokay?
To ğ r u l. Mən, professor, elektrikdə elə bir qüvvə tapmışam ki, iki saniyədə vərəm mikroblarını öldürür.
B e l o k u r o v. Öldürür?
T o ğ r u l. Heç qoymayır canına yel keçsin. Iki saniyədə.
B e l o k u r o v. Bu da əhəmiyyətsiz məsələ deyildir. Təcrübə nə sayaqdır! Sən yaz, Tanya, protokol düzəlt.
T a n y a. Baş üstə...
Belokurov stolun yanında oturur.
T o ğ r u l. Qurbağanın qanını mikroskopdan keçirtdim. Qan sağlamdır. Sonra qanına bir qram vərəm mikrobu yeritdim...
B e l o k u r o v. Qurbağanın ürəyini yoxladınmı?
T o ğ r u l. Yoxladım, professor, ürək qaydasında idi. Qurbağanı əvvəl dəyişkən tok altına saldım, sonra daimi tok altına və getdikcə toku artırdım.
B e l o k u r o v. Sonra?
T o ğ r u l. İki saniyədən sonra qurbağanın qanını yoxladım. Bütün mikroblar ölmüşdür.
B e l o k u r o v. Bəs qurbağa?
T o ğ r u l. Qurbağa? Qurbağa da öldü.
B e l o k u r o v. Öldü? Hey, hey! Yaxşı, adamın qanındakı qüvvəti hesabladınmı?
T o ğ r u l. Hesabladım, professor.
B e l o k u r o v. Nə oldu? Adam ölür, qalır? Ancaq, zəhrimar, adam özü də ölür...
B e l o k u r o v. Təcrübə yaman deyil, davam etdirmək lazımdır.
Y a ş a r (gələrək). Budur, professor, baxın, baxın, bu, duzdur... elədirmi?
B e l o k u r o v. Bu saat. O zadı bəri ver, Tokay... (əlindəki ölçünü şüşəyə salaraq) Elədir, duzdur. Sən yaz Tanya!
Tanya yazır.
Y a ş a r. Bu da mənim düzəltdiyim tərkib. On damcı tökürəm. İndi baxın duz varmı?
B e l o k u r o v. Bu saat (Ölçərək, dayan, dayan. Bu saat... (Durub aparatın yanına gedir). Yoxdur. Dayan, dayan. Təzədən tök. Bu duz. Çox gözəl. Yaz, Tanya. İndi tök görüm, yoxdur, duz yox oldu (İçəri girən Ivanov). Ivan Qriqoryeviç, yoxdur. Görürsünüzmü nə olur?
İ v a n o v. Nə yoxdur, Aleksandr Vasilyeviç?
B e l o k u r o v. Yaşar, Yaşar yoxdur. Tfu, duz yoxdur. Duz yox oldu. Mənim tələbəm tapdı. Siz də baxın, İvan Qriqoryeviç. Baxın bu duz. Ölçün, elədirmi? Bu da tərkib. Ölçün, yoxdur. Duz yoxdur.
İ v a n o v. Elədir, Aleksandr Vasilyeviç.
B e l o k u r o v. Sağ ol, Yaşar! Tanya, sən protokol yaz. Bütün sovet laboratoriyalarına, bütün dünyaya teleqrafla xəbər vermək lazımdır. Duz pozuldu. Sağ ol, Yaşar! Barakalla, oğlum!
T o ğ r u l. Yandırdım Edissonun atasını!
T a n y a. Daha sən nə üçün?..
T o ğ r u l. Necə? Mən də bu gün-sabah tapacağam da...
T a n y a. Təbrik edirəm, Yaşar! Ürəkdən şadam...
B e l o k u r o v. Yox, yox! Siz vəziyyəti düşünmürsünüz. Duzun təbiətini dəyişdirmək... Bu, inqilabdır. Görüm tərkibin siyahısını.
Yaşar ona uzadır
Y a ş a r. Budur kükürd 6, fosfor 24, oksigen 2, hidrogen 8.
B e l o k u r o v. Dayan, dayan, görüm o mənim öz siyahımı.
Tanya professorun kağızını ona verir, professor tutuşdurur.
İ v a n o v. Təbrik edirəm, gənc injener! Sizin bu təcrübəniz elm aləmi üçün böyük bir xidmətdir...
T o ğ r u l (yavaşdan Tanyaya). Allaha şükür, dilləndi. Özüm ölüm, bir azca gec danışsaydı, ilişdirəcəkdim yumruğumu allahlığına...
B e l o k u r o v (durur). Dayan, dayan! Ola bilməz. Mən həmin tərkibi 20 yol təcrübədən keçirmişəm, nəticə verməmişdir. Kükürd 6, fosfor 24, oksigen 2, hidrogen 8. Özüdür ki, var.
Y a ş a r. Mən, professor, bütün tərkibi kislatada qarışdırıb, elektrik cərəyanından keçirmişəm. Tərkib kimya tərkibinə çevrilmişdir.
B e l o k u r o v (başına vuraraq). Aha, aha... belə de. Elektrik! Bu mənim ağlıma gəlməmişdir. Mən beş ildir bunun üstündə baş sındırmışam. Düzdür... Tanya, Tokay, İvan Qriqoryeviç, təbrik edin onu. Duz pozulmuşdur. Sağ ol, Yaşar (onu öpür).
İ v a n o v. Mən təbrik etdim, Aleksandr Vasilyeviç... Çox sevinirəm ki, bu ixtiranı bütün dünyaya birinci olaraq bizim laboratoriya verir...
Y a ş a r. Mən, professor, kəndimizin yanından başlanan geniş duzdağı bu tərkiblə təmizləyib, pambıq tarlasına çevirəcəyəm...
İ v a n o v. Lakin bunun tətbiqi çətin olacaqdır. Hər şeydən qabaq böyük bir elektrik stansiyası olmalıdır, deyilmi?
Y a ş a r. Elektrik stansiyası mümkündür. Mən onu düşünmüşəm. Kəndimizin qabağından çay axır. Onu barı içərisinə almaq və elektrik stansiyası üçün istifadə etmək lazımdır.
B e l o k u r o v. Dayan, dayan, Yaşar! Sən duzdağı işlətmək istəyirsən? Bu tərkiblə?
Y a ş a r. Bəli, professor. Ucsuz-bucaqsız, otsuz-ələfsiz bir düzəni yaşıl çəmənlərə, pambıq tarlalarına çevirmək əvvəlcə xərc çox götürər: material, elektrostansiya. Lakin sonralar ətəklər dolusu mayasız qazanc... Mən hamısını düşünmüşəm...
B e l o k u r o v. Yox, Yaşar! Bu, baş tutmayacaqdır. Dediyin məqsəd üçün bu tərkib yaramaz...
Y a ş a r. Necə yaramaz?
B e l o k u r o v. Yaramaz, Y a ş a r! Bu tərkib ancaq laboratoriya şəraitində effekt verə bilər. Açıq havada işləyə bilməz.
Y a ş a r. Neçin, professor? Mən yerdəki duzu dəyişdirib, torpağa çevirəcəyəm.
B e l o k u r o v (qalxır). Dəyişməz, Yaşar! Burada günəşin təsiri hesaba alınmamışdır.
İ v a n o v. Sizin dediyiniz ancaq ehtimaldır, Aleksandr Vasilyeviç. Doğru çıxmaya da bilər. Bu qədər böyük bir işi təkcə ehtimala görə pozmaq olmaz...
B e l o k u r o v. Mənim üçün bu ehtimal deyil, faktdır...
Y a ş a r. Yox, professor, mən bununla razı deyiləm. Mənə elmi sübut lazımdır.
B e l o k u r o v. Sən günəşin təsirini hesaba almamışsan.
I v a n o v. Yox, professor, bu hələ sübut deyildir.
B e l o k u r o v. Mən öz fikrimi deyirəm. Milyonlarla pulları və insan əməyini bilərək çölə tullamaq... Yox, Yaşar... Bu çox böyük məsuliyyətdir. Mən buna yol verə bilmərəm... Mənim fikrimi yaz, Tanya.
Y a ş a r. Mən isə vuruşacağam, professor. Mən öz əsaslarımın doğruluğuna şübhə etmirəm.
T o ğ r u l (Yaşara). Baxma, qələt eləyir... tərs-avand vurur, Allah vurmuş!
İ v a n o v. Yaxşı, qoyun geniş akademiya iclası çağırılsın, Yaşar, öz əsaslarını göstərsin, baxarıq (Yaşarın qulağına). Qorxma, Yaşar, mən sənin tərəfində olacağam...
Y a ş a r. Sağ olun, Ivan Qriqoryeviç.
T o ğ r u l. Mən məsələni birbaşa partiya özəyinə keçirərəm. Necə yəni necə!
B e l o k u r o v. Tokay...
Y a ş a r. Mən hamısını elmi əsaslarla sübut edə bilərəm. Hələ bu saat. Bəri gəl,
T o ğ r u l , aparatları gətirək.
Gedirlər
B e l o k u r o v. Tanya, sən mənim kitabımı stol üstündən gətir... (Tanya gedir). Yox, İvan Qriqoryeviç, bu iş baş tutmayacaq.
I v a n o v. Mən də bilirəm baş tutmayacaqdır. Aleksandr Vasilyeviç. Lakin sən onları inandıra bilməyəcəksən. Qoy getsinlər, milyonlarla pulları açıq düzlərə töksünlər, axırda məhkəməyə düşəndən sonra özləri görərlər.
B e l o k u r o v. Yox, İvan Qriqoryeviç. Necə yəni? Bu bir söz deyil.
İ v a n o v. Axı, bizə nə var, professor (Tanya içəri girir). Hələ ki, bu yerlər onlarındır, bizim deyildir. Azərbaycan Respublikasıdır. Qoy getsinlər, özləri bilərlər.
B e l o k u r o v. Necə yəni? Yox, yox, İvan Qriqoryeviç, mən bildiyimi deməliyəm. Bu cinayətdir...
T a n y a. Doğrudan da sizin deyil, professor. Bir zamanlar bu yerlər sizinki idi. Bütün xalqları əzən çar Rusiyası idi. İndi isə qardaş xalqları birləşdirən Sovetlər İttifaqı vardır. Siz bunu bilməlisiniz, professor.
İ v a n o v. Yox, Tanya, sən mənim sözlərimi eşitmədin. Mən onu deyirəm ki, onlar gəncdir, öz yerlərini abad etmək istəyirlər. Bizim onların qabağını kəsməyə ixtiyarımız yoxdur.
T a n y a. Əlbəttə ki, yoxdur. Hər təcrübənin iki nəticəsi ola bilər. Bu təcrübədir. Mən sizi başqa cür başa düşdüm, professor. Mən əminəm ki, partiya da buna kömək edəcəkdir.
Y a ş a r (gələrək). Budur, professor, baxın...
B e l o k u r o v. Yox, Yaşar, mən qocayam, ancaq bütün ömrümü bununla keçirmişəm. Bu baş tutmayacaqdır.
Y a ş a r. Onda geniş akademiya iclası çağırtdırın. Mən də öz əsaslarımı göstərim, siz də.
T o ğ r u l. Tanya, partiya özəyinə də bildirmək lazımdır ki, gəlsinlər.
B e l o k u r o v. Kim gəlir gəlsin. Mən öz sözümü deyəcəyəm. Milyonlarla pulları sonsuz bir işə atmaq və bilərək buna razı olmaq... Yox, mən buna etiraz edəcəyəm. Mən buna yol verə bilmərəm.
İ v a n o v. Sən hazırlaş, Yaşar! (Qulağına) Ola bilər ki, professorun illər ilə çalışıb tapa bilmədiyini sən tapmışsan. Bu, əlbəttə, ona bir az ağır gələ bilər. Ancaq bu kimi şeylər bizim sosializm quruluşumuzun yürüşünü toxdada bilməz. Mən orada hamısını açıq deyəcəyəm.
Y a ş a r. Təşəkkür edirəm, professor. Mən hazıram...
T o ğ r u l. Dayan, mən hələ bu saat bütün institutu yığım buraya (Gedir).
P ə r d ə
İKİNCİ GÖRÜŞ
Geniş bir auditoriya. Rəyasət heyətində B e l o k u r o v, T a n y a, T o ğ r u l, başqa bir neçə injener və professorlar, N ü s r ə t və başqa bir neçə nəfər oturmuşdur.
Y a ş a r. Mənim, elmi əsasları qoyub, professorun əsassız ehtimallarına inanmağa heç bir ixtiyarım yoxdur.
B e l o k u r o v. Bu, ehtimal deyil, mən buna şübhə etmirəm.
A d a m l a r. Hanı, haradadır? Duzu pozublar? Bu çox qəribədir. Görmək lazımdır.
Y a ş a r. Baxın, yoldaşlar! Bu duz. Baxın, elədirmi? Bu da tərkib. İndi baxın, şüşədə duz varmı?
A d a m l a r. Yoxdur! Görüm onu! Yoxdur. Doğrudur, doğrudur! Bravo, Yaşar!
T o ğ r u l. Qurtardı getdi də.
B e l o k u r o v. Siz günəşin təsirini gözdən qaçırırsınız. And içirəm ki...
Y a ş a r. Sübut göstərin, professor.
T o ğ r u l. Elmi mübahisədə and sübut deyildir...
T a n y a. Fakt göstərin, professor.
İ v a n o v. Məsələ aydındır. Yoldaşlar, gənc injener öz ixtirasını və gələcək iş proyektini açıq elmi əsaslarla sübut edir. Deyə bilərlər ki, professor hələ də çürük irq nəzəriyyəsinin təsirindən qurtara bilmir. O, dünən əzilən bir azərbaycanlının bu gün böyük bir kəşfiyyat yapması ilə barışa bilmir...
B e l o k u r o v. Dayan, dayan. Deməli, mən şovinistəm də! Yalan deyirsən! Mən, rus şovinizminə tüpürmək belə istəmirəm.
H a m ı. Doğrudur.
İ v a n o v. Bağışlarsınız, professor Ola bilər. Bunu mən demirəm, belə deyə bilərlər. Deyə bilərlər ki, ixtira son dərəcə əhəmiyyətlidir. Professor Belokurov beş ildir ki, bu məsələ üzərində çalışır və bu vaxta kimi bir nəticə çıxara bilməmişdir. Bu gün gənc bir injenerin onu qabaqlaması heç şübhəsiz ki, professora bir qədər ağır gəlir...
B e l o k u r o v. Yalan deyirsən. Mən ona paxıllıq eləmirəm. Mən onu öz oğlumdan artıq istəyirəm. Qoy özü desin. Yaşar, sən özün de ona... Mənim ancaq çölə atılacaq milyonlara heyfim gəlir.
İ v a n o v. Onun əlində açıq-aydın sübutlar var ki, daşdan keçir.
T a n y a. Doğrudur, doğrudur.
B e l o k u r o v. Doğrudur, yoldaşlar. Mənim əlimdə indilik fakt yoxdur. Mən öz mülahizəmi deyirəm, düşündüyümü deyirəm. Nə etmək, qoy getsin, təcrübə aparsın, bəlkə də mən səhv edirəm. Mən də çalışacağam. Ancaq bilirəm ki, bu iş baş tutmayacaqdır.
T a n y a. Onu gələcək göstərər.
V a s i l y e v. Artıq mübahisəyə dəyməz, yoldaşlar, məsələ aydındır. Gənc injenerin ixtirası son dərəcə dəyərlidir. Professor Belokurovun əlində tutarlı bir sübut yoxdur. Əlbəttə, bu işə milyonlara pul və insan əməyi atılmalıdır. Lakin proyekt bizə fayda verirsə, biz bundan qorxmamalıyıq.
H a m ı. Doğrudur, doğrudur (Əl çalırlar). Bravo, Yaşar, bravo!
Y a ş a r. Mən başımla zamin oluram.
V a s i l y e v. Təcrübə yüksəlişin qanadıdır. Biz, əlbəttə, daha geniş auditoriya qabağında yenə də danışarıq. Ancaq hər halda gənc injenerə öz proyektini həyata keçirmək üçün imkan verməlidir və veriləcəkdir.
H a m ı. Bravo! (Əl çalırlar).
İ v a n o v. Yoldaşlar, burada kollektivimizin partiyaçıları başda olmaq üzrə hamısı, proyektin dəyərli olduğunu göstərdilər. Beləliklə, gənc injenerin proyekti bir səslə qəbul edilir.
B e l o k u r o v. Mən öz fikrimdən dönmürəm və bilirəm ki, bu iş baş tutmayacaqdır (Gedir).
T a n y a. Fakt başqa şey göstərir, professor.
A d a m l a r. Bravo, Yaşar, bravo! (Əl çalaraq çıxırlar).
T o ğ r u l. Sağ olsun, Ivanov, gördün Belokurova nə dedi?
Y a ş a r. Mən professor haqqında onun fikrinə şərik deyiləm. Professor səmimi deyir, ancaq səhv edir.
T o ğ r u l. Baxma, atasını yandırmışsan, bu günkü qərar hələ sabah partiya komitəsinə göndəriləcəkdir. Məsələ qurtarmış kimidir.
Y a ş a r. Tanya, mən səni də, Toğrulu da, özümlə aparacağam. Partiya komitəsindən tələb edəcəyəm. Gedərmisiniz?
T a n y a. Mən hazıram, Yaşar.
T o ğ r u l. Tanya ki, gedir, mən ondan qabaq gedərəm.
Y a ş a r. Gedək yoldaşlar. Bu gurultudan sonra işi yatırmaq – ölmək deməkdir. Proyekti yazmaq, smetanı düzəltmək, tərkibi hazırlamaq... Vay, lap başım çatlayır...
İ v a n o v (onlara yanaşır). Məndən razı qaldınızmı, Yaşar?..
Y a ş a r. Sağ olun, professor.
Ayrılıb gedirlər. Medvedyev İvanova yanaşır.
M e d v e d y e v. İvan Qriqoryeviç! Mən sizin fikrinizi düşünə bilmədim. Siz elə can yandırırdınız ki.
İ v a n o v. Siz onu sonradan düşünərsiniz. Bu gənclərin hər üçünü məhkəmədə görməsəniz, mən heç bir şey bilmirəm.
M e d v e d y e v. Deməli, siz Belokurovun fikrinə şəriksiniz?
İ v a n o v. Belokurov doğru deyir. Mən ona məsləhət gördüm ki, sussun, o qulaq asmadı. Qoy getsinlər, milyonlarla pulları otsuz-ələfsiz çöllərə atsınlar, gəlsinlər. Onların faydasız itirdikləri hər bir kərpic bizim qazancımız və qələbəmizdir. Belokurov doğru deyir. Bu iş baş tutmayacaqdır.
P ə r d ə
İKİNCİ PƏRDƏ
ÜÇÜNCÜ GÖRÜŞ
Kür sahilində böyük bir kənd. İmamyarın evində.
Y a q u t və N i g a r otağı yığışdırırlar. Yaqut işləyərək oxuyur.
Y a q u t.
Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Yar, belə gəl, yar, belə get,
Aralıqda söz olmasın.
Asta çal kamançanı,
Hava buluddur, nəm çəkər.
Dəymə-dəymə yar könlünə,
Hələ uşaqdır, qəm çəkər.
N i g a r. Doğru deyirsən, Yaqut, üçü də uşaqdır. Ölmüşlər elə də yaraşıqlıdırlar ki. İkisi də, hələ qız da gözəldir.
Y a q u t. Mən su gətirəndə elə bircəsini gördüm. Onu tanıyıram. Adı Yaşardır.
N i g a r. Mən üçünü də hafdamabildə gördüm. Elə keçdilər ki, fırr...
Y a q u t. Əmim deyir hələ bir-iki il burda işləyəcəklər. Yer işlərinə baxacaqlar. Yerləri böləcəklər... Deyir incinardırlar.
N i g a r. Görəsən, o qız da incinardır?
Y a q u t. Kim bilir, bəlkə birinin arvadıdır.
N i g a r. Yox, arvadı ola bilməz.
Y a q u t. Nə üçün?
N i g a r. Ona görə ki, kolxozçular bölüşüblər, hərəsi bir evə düşüb. Əgər ərarvad olsaydılar, ikisi də bir yerə düşərdi.
Y a q u t. Əmim deyir ki, əsl böyükləri bizə düşəndir. Tez, a qız, a qız, çarpayını düzəlt. İndi gələrlər, əmim öldürər məni.
İ m a m y a r (səhnənin dalından səsi gəlir). Ay qız, Yaqut, Yaqut!
N i y a z (içəri girir). Adam olmasın, adam gəlir...
Y a q u t. Vaxsey, gəldilər.
N i y a z. Tez-tez, adam gəlir, keç o biri evə...
İ m a m y a r (içəri girir). Hə! Nə oldu?.. Evi yığışdırdın?
Y a q u t. Bu saat!
N i y a z. Tez-tez, adam gəlir, keç o biri evə...
İm a m y a r. Daha hara keçsin? Evdə adam yox, bu kişiyə kim baxacaq? Qənfet deyil ki, hop eləyib udsunlar onu.
N i y a z. Yox, deyirəm kişi gəlir...
İ m a m y a r. Kişi gəlsin də. Kluba gedir, yığıncağa gedir, adamzad görməyib məgər...
Y a q u t. Hə, gələ bilərlər.
İ m a m y a r. Yeri, deyinən gəlsinlər (Niyaz çıxır). Çay qoymuşsan bir az?..
Y a q u t. Samovar qaynayır.
İ m a m y a r. Bura bax! Sən atovun sözlərinə baxma, onun kəlləsi köhnədir. Deyir, palaza bürün, elnən sürün. Bunlar yer böləndir. Lazımlı adamdır. Yaxşı-yaxşı çay ver, farağat elə, yer sal, bir az dincəlsin. Axır ki, özün bil də...
Y a q u t. Deyirlər biri hələ öz kəndlimizdir.
İ m a m y a r. Bizə gələn Süleyman kişinin oğludur. Kişi daha incinardır. Görmürsən avtomobili, dəzgahı... Özü də bu hamısının böyüyüdür. Raykom məni özü çağırdı, dedi: gərək bunu sən aparasan.
Y a q u t. O qız da görəsən incinardır?
İ m a m y a r. Kim bilir. Daha yaxşı-yaxşı, başa düşdün?
N i y a z (bayırdan). Hə, gəlirik a...
İ m a m y a r. Buyurun, buyurun...
Y a ş a r, N ü s r ə t, N i y a z və bir neçə nəfər içəri girir.
İ m a m y a r. Daha gərək bağışlayasınız. Kolxozçu evidir də. Bu da mənim qardaşım qızıdır, yaxşı qızdır, amma çox haramzadadır, hər kəs necə danışır, necə yeriyir, o saat taxlıtını çıxarır. (Yaquta) Yeri qız, yeri, uşaqlar üçün bir az çaydanmaydan gətir.
Y a ş a r. Bura heç yaman deyil. Yaxşı otaqdır... Mən kənddən lap uşaqlıqdan getmişəm. Gözümün altına almışdım ki, qaranlıq bir daxmaya gedəcəyəm. Mən geridə qalmışam. Mən heç düşünməzdim ki, kəndimizdə belə mükəmməl bir kolxoz olsun...
N ü s r ə t. Oho! Bizim kəndimizin kolxozu bu mahalda ən birinci kolxozdur. Yoldaş İmamyar da kolxozun ən çalışqan üzvlərindən biridir. Kolxozun düzəlməsində, demək olar ki, hamıdan çox çalışır. İki yol mükafat almışdır. Özü də kənddə ən aktiv bir yoldaşdır. Ona görə də mən sizi buraya göndərdim...
Y a ş a r. Aha, mən çox şadam...
N ü s r ə t. Hərçənd keçənlərdə atası bir balaca yarımqolçomaq kimi olubdur, ancaq özünün heç bir şeyə dəxli yoxdur.
İ m a m y a r. Yəni indi ata-baba yolu ilə gedən kimdir? Yoldaş Yaşarın da atası cır-cır araba ilə gedirdi. Indi, Allaha şükür, avtomobilin fırıltısından qulaq tutulur.
Y a ş a r. Avtomobil mənimki deyil, onu bizə hökumət vermişdir.
İ m a m y a r. Neynək, neynək... Bilirsən, qardaş oğlu... Deyir: bir gün padşahın oğlu piyan olub yıxılmışdı palçığın içinə, bir qara qul da padşah olmuşdu, at üstündə öz qoşunu ilə oradan keçirdi. Padşah oğlu başını götürüb dedi: nə oyan-buyan eləyirsən, atan qaraqul olubdur, mənim atam padşah. Qaraqul güldü, dedi: Atamnan atana baxınca özümnən özünə bax da. Indi sənin, Allah başacan eləsin, avtomobilin var, amma biz gözümüzü dikmişik kolxoza, Allah bərəkət versin, bir parça çörək çıxır, yeyirik. Neynək, olmaz, aş yemərəm, pendir-çörək yeyərəm. Təki bizdən sonra gələnlər yaxşı yaşasınlar.
N ü s r ə t. Zarafat eləyirəm, yoldaş Imamyar.
İ m a m y a r. Ay qız, Yaqut, nə oldu çay? Allahvurmuşun adı Yaqutdur, özü heç saxsı da deyil.
N ü s r ə t. Mən gedim bir başa çıxım, görüm necə yerləşdilər. Bir azdan gələrəm, danışarıq.
B ə h r a m. Yoldaş Nüsrət, mən deyirəm Yaşar yoldaşı da başqa bir yerə köçürmək lazımdır.
N ü s r ə t. Nə üçün? Bura ki, rahat yerdir, həm raykoma yaxındır, həm də...
B ə h r a m. Ayrı bir yer yoxdur?!
N ü s r ə t. Nə üçün axı, səbəbi nədir?
B ə h r a m. Səbəbini deyə bilmərəm. Deyəsən, bu evin taxta-şalbanı mənim gözümə birtəhər görünür.
N ü s r ə t. Yox, yoldaş, siz arxayın olun. Yoldaş İmamyar kolxoz idarəsinin ən çalışqan bir üzvüdür. Yoldaş Imamyar dayı, özün bil də.
İ m a m y a r. Sən arxayın ol, canım, məni ki, Allaha şükür, tanıyırsan (Nüsrət gedir). Qardaşoğlu, özün ki, Allaha şükür, arifsən. Bu zamanda mənim-sənin yoxdur. Deyir: at kimindir, minənin, ev kimindir, oturanın, arvad kimindir, qolqabırğasını sındıranın... Daha bu ev sənin ixtiyarındadır. Elə bil biz də burada bir qonaq...
Ş ə r ə b a n ı (Əmirqulu ilə dolaşaraq, içəriyə girir). İçəri gəl, ölsən də qoymayacağam. Hanı o Nüsrət? İçəri gəl, köpəyoğlu! Sənin atanı yandıracağam.
Ə m i r q u l u. Şərəbanı, bax, çuxamı yırtma, deyirəm sənə. Nüsrət mənə nə eyləyəcək, deyəcək arvad səni qapazlasın, sən dayan bax?
Ş ə r ə b a n ı. Hanı o Nüsrət?
Ə m i r q u l u. Bax, çuxamı yırtma deyirəm sənə...
İ m a m y a r. Yenə nə var, ay Şərəbanı arvad?
Ş ə r ə b a n ı. Bu köpəyoğlu qolçomaqdır. Məni dəstimar eləyir.
Ə m i r q u l u. Qolçomaq sənin atondur.
Ş ə r ə b a n ı. Qolçomaq sənin atondur. Səkkiz qoyunu var idi, dörd keçisi, bir dənə də eşşəyi.
Ə m i r q u l u. Eşşək sənin də atovun varı idi. Özü də qulaqları bu uzunluğunda...
Ş ə r ə b a n ı. Kimin qulaqları uzundu? Kimdir uzunqulaq: atam, ya eşşək?
Ə m i r q u l u. Elə ikisi də...
Ş ə r ə b a n ı. Uzunqulaq sən özünsən. Bircə düş qabağıma! Səni birbaş kənd sovetinə aparmasam, heç atamın qızı deyiləm.
Ə m i r q u l u. Çuxamı cırma deyirəm sənə. Həzrətabbas haqqı, fənərlərəm o biri gözüvün də altını...
İ m a m y a r. A balam, bir danışın görək nə var axı?
Ş ə r ə b a n ı. Nə olacaq? Bu köpəyoğlu qolçomaqdır. Məni dəstimar eləyir. Kolxozda o da işləyir, mən də, evdə də məni rahat qoymur. Çörək bişir, xəmir yoğur, təndirə gir...
Ə m i r q u l u. Həyasızın qızı, həyasız, daha mən gəlib sənin üçün qollarımı çırmalayıb xəmir yoğurmayacağam ki...
Ş ə r ə b a n ı. Yoğurarsan, canın da çıxar. Sənin köhnə hava başında qalıb.
Y a ş ar. Bunlar xalis sinfi mübarizə aparırlar ki...
İ m a m y a r. Belə, bilirsən, bunların doğrudan da köhnə hava başlarında qalıb. Qabaq arvad evdə otururdu, axşama kimi xırda-mırda işini görürdü. Indi işdən gəlir, çay qoy, xəmir yoğur, su gətir, belə də... Biz bilirik axı! Neynək, o xəmir yoğuranda, sən uşağı saxla. Bəs yoldaşlıq necə olar? Belə deyil, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?
Y a ş ar. Lap doğru deyirsiniz, yoldaş İmamyar.
Ə m i r q u l u. Yaxşı, elə bil lap saxladım bu uşağı. Sonra ağlayanda ağzına nə verəcəyəm? Döşüm var, başım var?..
Ş ə r ə b a n ı. Deyəndə də durur basır məni altına, harama gəlir vurur.
Ə m i r q u l u. Bəs onda ki, sən məni qapazlayırsan, bəs onu kimin ayağına yazaq? Qanunda arvad kişini qapazlamaq var?..
Ş ə r ə b a n ı. Düş qabağıma deyirəm sənə. Səni gərək birbaş kənd sovetinə aparam.
İ m a m y a r. Axı, kim kimi döyüb, ey?..
Ə m i r q u l u. Axtarsan o məni... Işdən gəlmişik, tutub ki, mən un ələyirəm, sən də gərək xəmir yoğurasan...
İ m a m y a r. Neynək, adam un da ələr, xəmir də yoğurar.
Ə m i r q u l u. Deyirəm indi bu yaşımda mən sənin üçün xəmir yoğuracağam? Qap mənim üçün təndir kösöyünü. Mən də yapışdım kösöydən. Bu kösöyü buraxdı, girişdi mənə. Özü də mənnən avanddı, götürdü məni hədəyinə, gördüm yıxacaq məni qanova, çarəm kəsildi, paçaladım bunu...
Ş ə r ə b a n ı. Eh səni Allah vurmuşdu paçalayasan məni. Elə paçalaram səni ki, çığırtın göyə çıxar.
İ m a m y a r. Bilirsən, Əmirqulu, adam özgəyə zəhmət verməkdənsə, özü zəhmətə qatlaşar ki, iş düz getsin. Yəni elə deyil, bəlkə mən qanmıram?
Y a ş a r. Elədir, elədir, yoldaş Imamyar.
Ə m i r q u l u. Zalımın qızı dədə-baba qolçomağı burda qoyub, mənim yaxama yapışıb.
İ m a m y a r. Allah sənə bəla versin, ay Əmirqulu. Hər şeyi salırsan zarafata, sonra da deyirsən Şərəbanı arvadda taxsır var. Belə deyəndən sonra qapazlamasın səni neyləsin?!
Ə m i r q u l u. Yalan deyirəm yəni?..
İ m a m y a r. Ay pir olmuş, adam bir zarafatın yerini bilər. Bir xam adamın yanında da deyərsən, görərsən, doğrudan da xorradı. Yeri, yeri, gedək o biri evdə həm çay içək, həm də uşaq yoldan gəlib, bir az dincəlsin. Orda işinizi düzəldərəm. Qorxma, arvadnan barışdıracağam səni...
Ş ə r ə b a n ı. Mən çay-zad içmirəm. Onu əldən qoyan deyiləm. Düş qabağıma səni birbaş kənd sovetinə aparacağam.
Ə m i r q u l u. Şərəbanı, çuxama yapışma deyirəm sənə. Həzrətabbas haqqı o biri gözüvün də altını fənərlərəm...
Çıxırlar.
İ m a m y a r. Yaxşı, gedək, sizin də işinizi düzəldək. Ay qız, Yaqut, nə oldu sənin bu çayın?
Y a q u t (o biri evdən). Bu saat, bu saat.
İ m a m y a r. Qardaşoğlu, gərək daha bağışlayasan da, uşaqların anası evdə yoxdur. Qız təkdir. Hələ deyir bu saat, bu saat, gəlib çıxmır. Daha nə edək, bu zamananın qızları belədir də. Çox deyərsən, deyər heç vermirəm, gəl özün apar... hələlik sağ ol...
Y a ş a r. Eybi yoxdur, dayı, tələsmirəm.
İmamyar gedir. Yaşar fit çalaraq əl çamadanını açır, papiros çıxarıb stol üstünə qoyur. Tarını divardan asır. Kiçicik pəncərəyə yanaşıb bayıra baxmağa başlayır. Səhnə ardında oxuyurlar.
Y a q u t (əlində çay içəri girərək və gülümsəyərək). Xoş gəlmişsiniz!
Y a ş a r. Sağ olun!
Y a q u t (çayı stol üstünə qoyaraq) Əmim yenə nə danışırdı? Yəqin məni söyürdü.
Y a ş a r. Sizin əminiz mənim çox xoşuma gəldi, Yaqut. Gözüaçıq, üzügülər...
Y a q u t. Sən mənim adımı hardan bilirsən?
Y a ş a r. Mən sənin adını uşaqlıqdan bilirəm.
Y a q u t. Mən də sənin adını bilirəm. Sənin adın Yaşardı. Biz uşaqlıqda bir yerdə oynardıq, yadındadırmı?
Y a ş a r. Yadımdadır, Yaqut. Həmişə kəndi fikirləşəndə, birinci yadıma sən gəlirdin. Sən onda lap balaca idin.
Y a q u t. Sən məndən böyükdün. Elə də nadinc idin ki. Bir yol mənim başıma bir daş vurubsan, indi də yeri qalıb, bax bir... (Örpəyini çəkir, başını Yaşarın köksünə doğru əyir. Yaşar gülərək, onun saçlarına baxır). Həmişə başımı darayanda sən yadıma düşürsən...
Y a ş a r. Yəqin həmişə də söyürsən məni.
Y a q u t. Yox, söymürəm... O sizinlə gələn arvad kimdir?
Y a ş a r. O mənim yoldaşımdır.
Y a q u t. Yoldaşın, yəni arvadın da?..
Y a ş ar. Yox, mənim arvadım yoxdur, evlənməmişəm. Xalis subayam ki, varam.
Y a q u t. Burda indi adamlar öz arvadlarına yoldaş da deyirlər, axı. Bəs kimi gözləyirsən? Çay soyudu ki, otur da...
Y a ş a r. Yox, Yaqut, mən bir azdan yığıncağa gedəcəyəm.
Y a q u t. Yığıncaq deyirlər axşamüstüdür ki. Mən də gedəcəyəm. Hələ soyun, bir az dincəl, çıxart pencəyini.
Y a ş a r. Yox, mən hələ bir qədər...
Y a q u t. Çıxart, çıxart! Bir az sonra gedərsən. Yığıncaq qaçmır. Çıxart görüm!
Onun pencəyinin yaxa düymələrindən yapışıb soyundurmaq istəyir. Qollarını elə uzadır ki, Yaşarı qucaqlamış kimi olur. Bu aralıq pəncərədən İ m a m y a r ı n başı görünür.
Y a ş a r. Yavaş, ay qız, yıxıldım ki (Yıxılmamaq üçün Yaqutdan yapışır).
Y a q u t. Yavaş, əmim gəlir.
Yaqut gedir. Yaşar təcrübə alətləri ilə məşğul olur. Yaqut səhnə dalından oxuyur.
Y a q u t.
Sənin ardınca
Yaşıl bağları,
Uca dağları
Aşaram, gözəl.
Sənin dərdindən
Gecə bilmədən,
Gündüz gülmədən
Yaşaram, gözəl.
Y a ş a r. Eh... getmək lazımdır.
T o ğ r u l (bayırdan). Adə, Yaşar, Yaşar! (Tanya ilə gəlir). Hələ yatmamışsan?
Y a ş a r. Heç yata bilmirəm...
T o ğ r u l. Yoxsa ağcaqanadlar dişləyir? Tanya, sən gərək o boğucu qazlarını gətirə idin. Necə ağcaqanad malıdır!
T a n y a. Özünü ələ sal. Sənin qurbağandan necədir?..
T o ğ r u l. Özüm ölüm, elə mükəmməl yatmışdım ki, gəlməsə idin, axşama kimi duran deyildim.
T a n y a. Mən səhərdən bütün kənd sahilini gəzmişəm. Sənin proyektini fikirləşirdim. Yaşar, başqa cür heç mümkün deyil.
T o ğ r u l. İndi ki, yata bilmirdin, barı oturub işləyə idin. Yaşar, qız harada olur?
Y a ş a r. Hansı qız?..
T o ğ r u l. O ki şəhərdə dilindən düşmürdü. Yaqutdur, zümrüddür, saxsıdır nədir? O ki bir yol vurub başını da yarmışsan a?
Yaqut çay gətirir və Yaşarın boş stəkanını aparmaq istəyir.
Y a ş a r. Mənim üçün bir az açıq tök, Yaqut...
Y a q u t gedir.
T o ğ r u l. Aha... Yaqut?!
T a n y a. Nə gözəl qızdır! Olmaya sənin dediyin elə bu qızdır?
Y a ş a r. Budur, Tanya. Görürsən, gözəl deyil? O mən düşündüyümdən daha gözəl çıxmışdır.
T o ğ r u l (qollarını çırmayıb boks vəziyyəti alaraq). Ey-ey, pasmatri... sən öləsən, heç o boyda zarafat yoxdur. Bu qızı mən özüm alacağam. Gərək Tanya olmayaydı, gör alırdım, ya yox.
T a n y a. Mənə nə var?...
T o ğ r u l. Necə mənə nə var? Dahı ikinizi də bir kərəmə ala bilmərəm ki. Yenə sən məni sevməsəydin...
T a n y a. Kimdir o səni sevən? Bax, Tokay, bir də desən, yazacağam control komissiyasına...
T o ğ r u l. Eh, yaz da... Bəs özün mənim ailə həyatımı pozursan.
T a n y a. Ailə həyatı hansıdır?
T o ğ r u l. Necə hansıdır? Bu gün-sabah səni alaram, olar ailə həyatı.
İ m a m y a r (bayırdan səsi gəlir). Səsini kəs, adə səsini kəs, adə. Adamda gərək dərrakə olsun, adam gərək ya özü qansın, ya da özgəsi deyəndə qulaq assın... (İçəri girir).
Y a ş a r. Nə var, dayı?..
İ m a m y a r. Heç, a kişi, uşaqlardır. Adamın ki, dərrakəsi olmadı, heç zad.
T o ğ r u l (Yaşara). Di dur ayağa görək. Nüsrət deyirdi bu saat adamlar yığışacaqlar. Kağız-mağızını da yığışdır.
İ m a m y a r. Hə... adamlar elə çay qırağında təpədədir...
T a n y a. Biz bayırda dayanmışıq, tez qurtar...
T o ğ r u l. Tez, tez. Mən də bayırda dayanmışam. Tanyanı gözdən qoya bilmərəm.
Y a ş a r. Bu saat (Toğrul və Tanya çıxır). O kimdi qışqırırdı, dayı?
İ m a m y a r. A kişi, heç nə!.. Mənim bir dəlisov qardaşım var, odur...
Y a ş a r. Nə var, nə olub? Nə deyir axı?
İ m a m y a r. A kişi, axtarsan, heç nə... Adamın gərək bir dərrakəsi olsun, adamlığı olsun, qanacağı olsun. Gəlib görüb ki, uşaq bura çay gətirir, başlayıb nəm-nüm eləməyə. Belə basaram, belə kəsərəm. Deyirəm: ay atam, hər zəmanənin bir hökmü var. Bir vaxt var idi ki, oğlan bir yaylıq alma götürüb gedərdi, dırmaşardı hasara, nə var, mən adaxlıbazlığa gəlmişəm. Bir də görürdün qızın atası, qardaşı durdu ayağa, partapart... düşürdü bir qırğın. Indi dəxi zəmanə dəyişib, arvadlar kişilərdən çoxçox bilirlər. Elə deyil yəni, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?
Y a ş a r. Sən doğru düşünürsən, dayı.
İ m a m y a r. Deyirəm: balam, bu uşaq gəldi-gedər deyil ki, deyəsən belə. Öz elimizdir, günümüzdür. Hər yerin, hər vaxtın bir qaydası vardır. Sən o partapartnan böyümüşsən, olar indi belə böyüyüblər də... İntəhası, bir qız bir oğlanındır. Elə deyil, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?
Y a ş a r. Dayı, onun acığı gəlirsə, mən köçüb başqa yerdə otura bilərəm.
İ m a m y a r. Uşaq olma, a kişi... Mənimlə mala şərik deyil ki... Xoşu gəlmir, özü köçsün getsin başqa yerdə otursun. Mənim qonağımın gözünü filəyənin gözünü çıxardaram...
T o ğ r u l (bayırdan). Nə oldu, adə, Yaşar? Səni görüm yaşamayasan, qurtar da...
Y a ş a r. Bu saat. Yaxşı, dayı, sonra danışarıq.
İ m a m y a r. Həri ya... Ürəyinə başqa şey gəlməsin, qardaşoğlu! Bular hamısı dərrakəsizlikdəndi... Buyur, buyur qardaşoğlu... Ver kağızları mən götürüm...
Y a ş a r. Yox, dayı, bu kağızları özümdən ayrı sala bilmərəm. Hər nə var, proyekt və ya başqa hesablar hamısı bu papkadadır. Bunları düzəltmək üçün dörd il işləmişəm. Bu ki itdi, hər iş qurtardı getdi. Sonra nə mən bir iş görə bilərəm, nə də heç kəs...
İ m a m y a r. Aha... Belə de... Onda, başına dönüm, bərk saxla, Allah eləməmişkən itər edər, peşmançılıq olar. Buyur, buyur...
Çıxırlar. Onlar gedəndən sonra Y a q u t gəlib stəkanları yığır.
Yaşarın kimya şüşələrinə baxır. Tarın simini barmağı ilə tərpədir və divan üstə
oturub, pəncərəyə baxaraq oxuyur.
Y a q u t.
Mənə hər görən
Dedi daima
Ki gözəllərin
Vəfası yox.
Çəkil eşqdən
Uzaq eşqdən
Ki, səfası yox,
Cəfası çox.
Sənin ardınca
Yaşıl bağları,
Uca dağları
Aşaram, gözəl!
Sənin dərdindən
Gecə gülmədən,
Gündüz bilmədən
Yaşaram, gözəl...
P ə r d ə
ÜÇÜNCÜ PƏRDƏ
DÖRDÜNCÜ GÖRÜŞ
Kənd sovetinin qabağında.
Solda axan çay, bataqlıq, arxada kənd, dağlar, ağaclar.
N ü s r ə t. Yaxşı, yoldaş Yaşar, indi bizi yaxşı-yaxşı başa sal görək bu necə işdir?..
Y a ş a r. Bilirsiniz, yoldaşlar, kəndimizin qabağından keçən bu çayı ki, özünüz bilirsiniz, hər il bu çay daşır, torpağı suvarır, yenə də çəkilir. Ona görə kəndimizin torpağı məhsuldardır, ancaq daşqından bataq əmələ gəlir. Odur ki, kəndimiz bütün ölkəmiz üçün qızdırma yuvasıdır.
İ m a m y a r. Doğrudur, atam, doğrudur. Kənd başdan-başa qızdırmalıdır.
T o ğ r u l. Tanya, sən replikaları da yaz...
T a n y a. Hamısını tutmaq olmur, vaciblisini sən de, mən də yazım.
Əmirqulu və Şərəbanı gəlirlər.
Ş ə r ə b a n ı. Hanı bu Nüsrət, yoldaş Nüsrət...
N ü s r ə t. Bircə dayan, ay Şərəbanı xala, otur, qulaq as, söz danışırıq...
Ş ə r ə b a n ı (Əmirquluya). Bas özünü yerə, səni əldən qoyan deyiləm.
Y a ş a r. Əlbəttə, suvarma işlərini düzgünləşdirməklə qızdırmanı aradan qaldırmaq olar. Traktor da salarsan, əmək azalar və məhsul çoxalar.
H ə s ə n. İştə, bizim də istidadımız şurasıdır, binaən-əleyh...
Ə m i r q u l u. Dayan, görək, a Şindi Həsən. Şorasıdır, yox kükürdüdür.
Y a ş a r. Ancaq mənim sözüm burasında deyil, yoldaşlar. Traktor da gəlsə, ancaq bu kəndin ətrafındakı yerlər işlənə bilər. Halbuki hökumətimiz ikinci beşillikdə sinifsiz cəmiyyət yolunda mübarizə apararkən biz kustar təsərrüfatda mıxlanıb qala bilmərik. Biz təsərrüfatı maşınlaşdırmaqla təbiətin əlində olan bütün sərvəti ancaq sinifsiz cəmiyyətin ixtiyarına verməliyik. Bizdən üç kənd aşağıda, Alakəndin solundan geniş bir duzlaq başlanır. Min verstlərlə bu geniş düzən otsuzələfsiz, faydasız yatıb qalmışdır.
İ m a m y a r. Var, var, elədir, Şordüzən... Şordüzən... nə ucu var, nə bucağı...
Y a ş a r. Bu gəlişdən bizim məqsədimiz o yaramaz düzü işə salmaqdır.
N i y a z. O duzlaqda şey əmələ gəlməz ki...
İ m a m y a r. Bir hövsələnizi basın da. Bu xalq elm oxuyub, məktəb qurtarıb, sənicən bilmir yəni... həlbət bir şey bilir ki, deyir də.
Y a ş a r. Əmələ gələr, yoldaşlar. Dövlət laboratoriyası kimyəvi bir tərkib ixtira edibdir ki, duzu bitərəfləşdirir.
Ə m i r q u l u. Necə, necə... bitərəfləri duza qoyurlar?..
N i y a z. Dayan, adə... duza qoyurlar! Yox bir turşuya qoyurlar.
Y a ş a r. Dayanın, yoldaşlar, mən bu saat sizə yazı ilə başa salım (Taxtada yazır). Baxın, bu natri xlor NaCI, deməli, duz tərkibi belədir: NaCI + NO+ N2SO4 deməli, duz artır üstünə haş iki o. Başa düşdünüz, yoldaşlar?
Ə m i r q u l u. Aşı başa düşdük, ancaq “o”-yi başa düşmədik.
Y a ş a r. Aş yox, yoldaşlar, haş, haş... yəni müvəllidilma, hidrogen... başa düşdünüz?...
İ m a m y a r. Düşdük... düşdük, qardaşoğlu. Sən sözünü buyur.
T o ğ r u l. Hidrogen, yəni su qazı.
Ə m i r q u l u. Bəs, o “o” nədir?
Y a ş a r. “O”, yəni kislorod, oksigen. Başa düşdünüz? Yəni turşulu qaz. Başa düşdünüz?
Ə m i r q u l u. Aha, turşu... turşunu başa düşdüm, deməli, o aş, o da turşulu qaz. Deməli, turşu qovurma da...
İ m a m y a r. Qulaq as, ay Əmirqulu. Sonra da deyirsən arvad məni qapazlayır.
Ə m i r q u l u. Onu Allah döymüşdü. Kişidi bir də gəlsin, fənərlərəm gözünün altını.
Ş ə r ə b a n ı. Kimin gözünün altını, qolçomaq oğlu qolçomaq!
Ə m i r q u l u. Dayan, ay həyasızın qızı, görmürsən deyirlər kəndlilərə turşu qovurma verəcəklər!
Ş ə r ə b a n ı. Gözündən gəlsin, hələ dünən xoruz ölmüşdü, bişirdim verdim, təpdin gözünə ki...
Ə m i r q u l u. Ay anlamazın qızı anlamaz, belə xoruz çığırtması demir ey, qaz çığırtması deyir, qazdan turşu qovurma, başa düşdün? Ancaq öləsən də mən qazana əl vurmayacağam.
İ s l a m. Qulaq asın, yoldaşlar, belə olmaz ki.
T o ğ r u l. Dayan, dayan, Yaşar, mən sənin sözlərini bunlara tərcümə eləyim. Yoldaşlar, Yaşar yoldaş bir dərman tapıb ki, duza qatışanda duzu əridir, eləyir torpaq. Başa düşdünüz?
H a m ı. Başa düşdük, başa düşdük...
T o ğ r u l. Hə, indi gerisini de, amma başına dönüm, dahı çox da dərindən qırıldatma... bu yazıqlar hidrogeni nə başa düşsünlər.
Y a ş a r. Demək, o dərmanı gübrə kimi duzlara səpmək, duzu yox eləmək lazımdır. Bunun üçün Alakənddə bir kimya zavodu, bir də elektrik stansiyası açılmalıdır. Çay barı içərisinə alınmalı, su elektrostansiyaya, oradan da dediyimiz geniş çöllərə buraxılmalıdır. Beləliklə, bir az keçmədən Şordüzən zəngin bir pambıq tarlasına çevrilmiş olar.
İ m a m y a r. Dayan, dayan. Yaxşı, qardaşoğlu, çay ki, barı içərisinə alındı, bəs onda bu üç kənd su üçün nə eləyəcək?
Y a ş a r. Bu kəndlərə su verilməyəcəkdir...
T ü r b ə t. Bəs bizim əkinlərimiz, bağlarımız nə olacaqdır?
Y a ş a r. Biz onları qurban verməliyik, çünki biz burada, tutaq ki, üç yüz hektar itiririk, əvəzində isə orada on min hektar qazanırıq.
İ m a m y a r. Aha... deməli belə...
S ə s l ə r. Heç belə şey ola bilməz... Biz burada zəhmət çəkmişik, kolxoz düzəltmişik. İndi sən gəl bizim suyumuzu kəs ki, nə var şorluğu sulayacağam.
Y a ş a r. Başqa yol yoxdur, yoldaşlar...
İ m a m y a r. Olmaz ki, qardaşoğlu, bura da su verəsiniz, ora da?..
Y a ş a r. Heç bir cürnən mümkün deyildir. Biz bu məsələni çox düşündük, başqa bir çarə yoxdur.
S ə s l ə r. Yoxdur, eləməyin...
Ə m i r q u l u. Neçin eləməsinlər, sizin mənfəətiniz vacibdir, hökumətin?..
N i y a z. Biz kəndlilər bir nəfər qalana kimi belə işə razı ola bilmərik.
H ə s ə n. Əfv edərsiniz, arqadaşlar. Burada bir sui-təfəhhüm əmələ gəlir, binaən-əleyh izah edilməlidir... Şurası çətindir ki, şorluq suvarılır, kəndimizin suyu kəsilir. Halbuki eyni zamanda hər ikisi də suvarıla bilər, məmafi!..
Ə m i r q u l u. Bizə mafə-zad lazım deyil.
T ü r b ə t. Bizim suyumuzu kəsməkdənsə, diri-diri mafəyə uzatsalar ondan yaxşıdır.
Ə m i r q u l u. A balam, qulaq asın, bir işi başa düşün, bəlkə hələ bizə mənfəəti var... Dahı bu adamların çiyinlərinə düşməyibdir ki, nə sənə, nə mənə, suyumuzu kəssinlər.
T ü r b ə t. Nə başa düşmək ey... Kolxoz dedilər, düzəltdik. Taxıl deyirsiniz, veririk. Bir Allahın suyu axıb gedir, onu da gəlmişsiniz ki, çəpər çəkəcəyik...
N i y a z. Biz kəndlilər bir nəfər qalana kimi belənçik sarsaq plana qol çəkə bilmərik.
Ə l i y a r. Bəri gəlin, adə... bunlar özlərini rəngə salıblar...
N ü s r ə t. Yoldaşlar! (Hamı dönür). Mərkəzi Komitə bizə yazır ki, biz bu yoldaşlara hər bir barədən kömək eləyək, daha orada yazılmır ki, üç kəndin suyu birdən-birə kəsilsin. Biz buna yol verə bilmərik. Biz bunu hələ sabah mərkəzdən soruşmalıyıq.
Y a ş a r. Yoldaşlar, siz burada bir şey itirmirsiniz. İntəhası, kolxozdur, bu vaxta kimi burada işləyirdi, buğda əkirdi, indi orada işləyər, pambıq əkər. Biz dörd yüz işçi gəlmişik, stansiyanı tikib yenə qayıdacağıq. Bu quruluş sizin üçün qalacaq. Siz fabrikalarımıza pambıq verərsiniz, fabrikalar da sizə çit.
T ü r b ə t. Xeyr, biz öz dədə-babalarımızın sümüklərini qoyub şorruğa gedə bilmərik.
Ə m i r q u l u. Nə üçün gedə bilmərik? Belə gedərəm ki... ancaq bir şərtnən: pambığı əkərəm, qurtardı getdi... dahı o xəmir tabağıynan işim yoxdur. Arvad da qapazlasa, qoysunlar fənərləyim gözünün altını...
Ş ə r ə b a n ı. Səni Allah döymüşdü. Yoldaş Yaşar, mən hamısından qabaq gedərəm, ancaq bu qolçomaqdır, yalan deyir.
T ü r b ə t. Əgər biz kəndlilərdən soruşursuzsa, biz razı deyilik, yox əgər bizim saqqalımıza soğan doğrayırsınız, onda özünüz bilin...
N i y a z. Kolxozdur, burada da vardır, dahı bizi dağa-daşa, niyə salırsınız?..
Y a ş a r. Yoldaşlar...
H ə s ə n. Binaənəleyh, kəndlilər razı deyil və hagəza heç kəs razı deyil... Məmafi!..
Ə m i r q u l u. Bircə mən bilmədim o mafə hansıdır ey!
Ş ə r ə b a n ı. Mafə odur ki, sənin özüvü o mafənin içinə uzadacaqlar...
Ə m i r q u l u. Şərəbanı, dilini kəs, Allah haqqı, fənərlərəm gözüvün altını.
T ü r b ə t. Biz kəndlilər razı deyilik, qurtardı, getdi.
S ə s l ə r. Özlərindən hoqqa çıxardırlar...
T o ğ r u l. Yoldaşlar...
İ m a m y a r. Bağışla, qardaşoğlu. Ay camaat, adam bir şeyi başa düşər, sonra danışar. Bu adamlar, çiyinlərinə düşməyib ki, boş yerə nə sənə, nə mənə, bizim suyumuzu kəssinlər. Deməli, bir şey fikirləşirlər də... Elə deyil, qardaşoğlu, ya bəlkə biz qanmırıq?
T o ğ r u l. Elədir, dayı...
T ü r b ə t. Suyumuzu kəsir qoyur bir yana, dahı bunun nə fikirləşməyi?
İ m a m y a r. Suyu kəsir, burda on arşın yer itirir, orda min arşın qazanır. Bir abbası atır lətərəyə, min manat qazanır. Belə deyil, qardaşoğlu, ya bəlkə biz qanmırıq?!
Y a ş a r. Elədir, elədir, dayı...
İ m a m y a r. Deməli, hökumət burda bir şey itirmir, qazanır. Qaldı indi biz kəndlilər necə, dahı hökumət bizim suyumuzu kəsəndən sonar bizi siçan kimi acından qırmayacaq ki, intəhası deyəcək ki, kolxozsan, burda işləmirdin, get orda işlə, taxıl əkirdin, pambıq ək. Belə deyil, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?
Y a ş a r. Belədir, belədir, düzdür, dayı...
T o ğ r u l. Doğrudur...
İ m a m y a r. Ancaq indi burda bir məsələ var. Sən burda, tutaq ki, əkirdin buğda, həyətində alman da var, gilasın da var. Hökumətə verəni verirdin, yerdə qalanını da satırdın, ya da yeyirdin. Amma indi pambıq əkəndən sonra nə bazaar çıxarıb sata biləcəksən, nə yeyə biləcəksən, verəcəksən hökumətə. Əlbəttə, onda hökumət də sənə gərək çörək də versin, başqa şeylər də versin. İndi ola bilər, bir gün versin, tox olasan, bir gün vaqon geciksin, ac qalasan...
T ü r b ə t. Kişinin ki taxılı başının altında olmadı, ruzusunu əvvəldən tədarük eləmədi...
İ m a m y a r. İndi nə olsun. Sən burda beş şahı itirirsən, hökumətimiz milyon qazanır. Bizim borcumuz nədir? Həlbəttə, hər şeyə qatlaşmaq. Biz indi bir az ağırlıq çəkirik, əvəzində uşaqlarımız üçün yaxşı olar. Pambıq da hələ fabrikalarımıza gedir də... Bəs o çiti hardan geyirsən? Intəhası bir-iki əl çətin olar. Sonra düşər bir nizama. Neynək, az-az yeyərik, qənaət elərik. Atam, biz yoxsullar öyrəncəliyik: aş olmaz, bozbaş yeyərik.
Ə m i r q u l u. Elə niyə? Bəs o turşulu qazı kim yeyəcək? Yenə də siz?
N ü s r ə t. Səs salmayın, yoldaşlar!
İ m a m y a r. Əmirqulu, adam tək öz qarnını fikirləşməz. Camaatın xeyrini fikirləşər. Elə deyil, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?!
Y a ş a r. Belədir, dayı! (Əl çalır). Mən çox sevinirəm ki, sadə bir kəndli, kolxozçu vəziyyəti bir çoxlarından yaxşı düşünür.
N ü s r ə t. Dayanın, yoldaş Yaşar... Siz birdən-birə üç kəndin suyunu kəsmək istəyirsiniz. Buna heç bir partiya təşkilatı razı olmaz.
İ m a m y a r. Üç kənd batar, əvəzində yüz kənd tikilər... abad olar...
Ə m i r q u l u. Yəni su bizim nəyimizə lazımdır ey, pambığı özləri verəcəklər. Xəmirdən-xəmirə su lazım olacaq, odur ey, Şərəbanı ölməyib ki...
Ş ə r ə b a n ı. Eh... səni Allah döymüşdü, mən su gətirim. Yoldaş Nüsrət, bu qolçomaqdır, məni dəstimar eləyir, danışanda da basır məni altına, hər yerimə gəlir, vurur.
Ə m i r q u l u. Yalançının atasına lənət. Yoldaş Nüsrət, sən atovun goru, bir de görüm, arvadın kişini qapazlamağa ixtiyarı var? Sən hələ mənim çuxamı yırtmışsan, əvəzində sənin darbalağını yırtsam, məndən köpək oğlu yoxdur.
Ş ə r ə b a n ı. Səni Allah döymüşdü, qolçomaq oğlu qolçomaq...
N ü s r ə t. Yoldaşlar, qulaq asın. Ay Şərəbanı xala! Yoldaşlar, məsələni qurtarmaq lazımdır. Partiya komitəsində danışarıq, sonra məlum olar...
Ə m i r q u l u. Mən əgər yoxsulam, mən razıyam. Nə təfavütü var – əkmərəm buğda, əkərəm pambıq, təki çörəyimi versinlər, ancaq təndirə girməyəcəyəm...
Ş ə r ə b a n ı. Səni Allah döymüşdü...
N ü s r ə t. Yaxşı, məsələ qurtarır, biz gedək (Nüsrət gedir).
T o ğ r u l. Yaxşı, bu nə oldu? Oturdular, danışdılar, getdilər!..
T a n y a. Məsələni partiya komitəsinə yazmaq lazımdır.
Y a ş a r. Sən yaz, Tanya, sabah göndərərik.
İ m a m y a r. Bilirsən, qardaşoğlu, bunlar hamısı dərrakəsizlikdəndir. Partiyaçı olanda nə olar. Mən sovet sədri olsaydım, belənçik məsələni heç danışmağa qoymazdım.
T a n y a. Mən hamınızın danışdığını yazmışam. Hamısını partiya komitəsinə göndərəcəyəm.
İ m a m y a r. Göndər, mən qorxmuram. İndi qanacağım orayacandır, onu deyirəm. Düz olmaz, deyərlər mənə qanmırsan, mən də ağzımı yumub oturaram.
Y a ş a r. Mənim ayaqlarım kəsilir, Toğrul!
T a n y a. Mən də yorğunam...
Y a ş a r. Gedək də, Toğrul, mən çay qırağını gözdən keçirəcəyəm. Bir azdan adamlar yığışar, yenə danışarıq.
T o ğ r u l. Gedək də, bir şey ki, çıxmadı, dahı kimi gözləyirik.
İ m a m y a r. Gedin, gedin!... Ay qız, Yaqut, nə oldu qız kəsmiş! Sən də get, uşaqçın bir şey-mey tədarük elə, indi qayıdar, yorğundur, bir az dincəlsin.
Hamı gedir. Səhnədə ancaq Imamyar, Mirsəqulu və Türbət qalır.
T ü r b ə t. Mənə bax, Imamyar, dahı bu məsələ qurtardı görəsən?..
İ m a m y a r. Nə qurtardı! Sizin bilmirəm başınıza at vurub, topuğunuza at vurub, onların heç biri məsələnin günhünü anlamırlar. Onların partiyadan belləri bağlı olmasa, belə qələti eləyə bilməzlər. Bu məsələ keçəcəkdir. Partiyamız da ki, deyir dahı nə söz ola bilər?
T ü r b ə t. Pambıqdan bizə nə olacaq? Ək, ver hökumətə. Yaxşı, o ki, Nəcəfqulu sənin üçün qıraqda əkir, o nə olacaq?
İ m a m y a r. İndi qıraqda sən də əkdirirsən, o da əkdirir, bir mən deyiləm ki... Sənin bağın yoxdur, ağacın yoxdur, mənə nə var. Mən hər cür olsa öz başımı girləndirərəm. Vay əlsiz-ayaqsızların halına.
T ü r b ə t. Pambıq əkib hökumətə verməkdənsə, gedib adam qəbrə uzansa, daha yaxşıdır.
M i r s ə q u l u. Axı burda neyləmək olar?
İ m a m y a r. Dahı eləyən özgədən soruşmaz ki!.. Bir şey eləyən də olsa, gərək o Yaşara eləyə. O olmasa, o biriləri bir qələt eləyə bilməzlər. Eləyən də gərək belə eləsin ki, qabaqca üstünə bir pirçim atıb, işdən çıxartdırsın. Ya da elə eləsin ki, özü işdən əl çəksin... Buna da ki, mən razı olmaram.
T ü r b ə t. Necə axı ey... nə yolnan?
İ m a m y a r. İndi eləyən yolunu da tapar da... Adam durmasın yamanlığa, durandan sonra çox yol tapılar! Odur elə biri bizim Yaqut məsələsi, ya başqa məsələ, ancaq mənə də nə düşüb ey, iki batman yerdir, əkmərəm də... Mən, atam, hökumətə yamanlıq eləmək istəmirəm.
T ü r b ə t. Bəs bu xalqın bağı, əkini? Su ki, kəsildi, hamısı öldü, getdi də, İmamyar! Sən gəl bu işə bir yol tap.
İ m a m y a r. Yox, atam, məni bu işə qatışdırmayın, mən bacarmaram, yəni bacararam ha, ancaq mənə nə düşüb ey. Eləyən gərək elə eləsin ki, dahı heç bir şeydən qorxmasın. Atmaq lazım gəldi atsın, öldürmək lazım gəldi öldürsün.
T ü r b ə t. Ölmək ölməkdir, dahı xırıldamaq nə deməkdir? Hər nə cür olsa, bu plan gərək dağılsın. Qurtardı getdi... nə deyirsən?..
İ m a m y a r. Vallah, nə deyim, işinizə baxın da... Mən hələ qalmışam cənnətnən cəhənnəm arasında: nə olardan keçə bilirəm, sizə də yazığım gəlir. Deyirəm evin getdi, malın getdi, dahı sonra sən özün nəyə lazımsan?
T ü r b ə t. Sən istəmirsən, özün bil, mən eləyəcəyəm.
P ə r d ə
BEŞİNCİ GÖRÜŞ
Çay sahilində bənd tikilir. Stansiya inşaatı yarıya çatdırılmışdır. Yüzlərcə işçilər çalışırlar.
İ ş ç i l ə r i n s ə s l ə r i. Bir, iki, bir də, hop!.. Bir, iki, bir də, hop! Daş ver! Şalbanı tut! Mişarı gətir! Taxtanı çək! Səməndi tök! Bir, iki, bir də, hop!
İ m a m y a r (Türbətlə gəlir). O çürük şalbanları taxta bəndin altına kim qoyub?
T ü r b ə t. Sən özün ayırdın verdin, biz də qoyduq da... Toxunan kimi taxtabənd yatacaqdır... Vay onun altında qalanın halına!
İ m a m y a r. Mən ora sağlarını da qoymuşdum, çürüklərini atmaq olmazdımı?..
T ü r b ə t. Mən hələ bildim ki, sən özün elə istəyirsən.
İ m a m y a r. Mənim çiyinlərimə düşməyib ki. Yaxşı, cəhənnəmə olsun, keçib, dahı səs salma! Axır bilirəm, siz məni bir cəncələ salacaqsınız. Mən dahı gedirəm, sən orada ol.
Hərəsi bir yana gedir. Bir azdan T o ğ r u l gəlir.
Y a ş a r (qarovul budkasından əlində sirkul çıxıb Toğrulu görür). Toğrul, kimi axtarırsan?
T o ğ r u l. Bir ədəd sinif düşməni axtarıram.
Y a ş a r. Sinif düşmənini nə eləyirsən?
T o ğ r u l. Mübarizə aparmaq istəyirəm. Kəndə gəldin sinif düşməni ilə mübarizə aparmadın, nə ləzzəti?
Y a ş a r. İşini gör, adə... kənd başdan-başa kolxozdur, burada sinif düşməni nə gəzir.
T o ğ r u l. Bəs bu qəzetlər gündə nə yazırlar. Sinif düşməni belə gəldi, qolçomaq belə getdi, ayağı dəyənək belə getdi. Şəklini də çəkirlər, belə-belə dişləri, belə-belə gözləri. Hələ gözüm oyan-buyandadır ki, görüm bir yekədiş hayandan taparam. O gün birini gördüm, qabaqdan bir dişi gözümə bir az böyük göründü. Düşdüm dalınca. Hər kimdən soruşdum, dedilər: Allahın lap lüt bəndəsidir ki, xalis tülüngi. Birbaş raykoma kimi getdim dalınca. Mənə elə gəlir ki, bu köpək oğlunun xarabasında nəhs kimi heç kökündən yekədiş adam yoxdur.Hamısının dişi xırda mirvari kimi, illah ki, bizim o Yaqutun dişləri, elə bil incidir, sapa düzülüb.
Y a ş a r. Ey, ey! (Qollarını çırmayır). Smatri!
T o ğ r u l. Balam, nə olar, yoldaşlıq deyil... Gəlsənə, aşna, doğrudan da əyridəyişik eləyək. Yaqutu mən alım, Tanyanı sən. Özü də boğucu qaz da ixtira edibdir. Bütün ağcaqanadları qırıb-çatar səninçin.
Y a ş a r. Mənə bax, uzun danışma, bu saat adam göndər Çinar kəndin üstündəki şalbanları bir yerə bağlasınlar, atsınlar çaya, burada tutarıq. Tanya hanı?
T o ğ r u l. Tanya kəndlilər ilə çənə-boğazdadır. Köpək uşağı işləmək istəmirlər. Adamı görəndə başlayırlar: çörək nə oldu, qənd nə oldu, çay nə oldu, pul nə oldu? Gördüm iş şuluqdur, qoydum qaçdım. O yenə arvaddı, bir az utanırlar.
Y a ş a r. Bakıya teleqraf göndərdiniz?
T o ğ r u l. Üst-üstdən dördünü...
Y a ş a r. Bu gün də pul gəlməsə, işlər yaman olacaq. Yenə işçilər başa düşürlər, amma kəndlilər cəncəl salırlar.
T o ğ r u l. Sən öləsən, Imamyar olmasa, bir köpək oğlu işləməz. Birini danlayır, biri ilə üzləşir, birini qovalayır, başa salır, yazıq lap qabıqdan çıxır...
Y a ş a r. Özü də ağıllı, qanacaqlı, aktivist.
T o ğ r u l. Yaxşı ki, sən qarovul və təsərrüfat işlərini ona tapşırdın...
Y a ş a r. Mənə bax, Toğrul, gəlsənə sən raykomdan bir-iki günlük, bir-iki min manat borc alasan, işçilərə az-az paylayaq.
T o ğ r u l. Yox, aşna, mən o gün də səkkiz min almışam. İndi də sən özün get...
Y a ş a r. Mənim ilə arası yoxdur. Təzə gələndə ona opportunist demişəm, məndən xoşu gəlmir...
T o ğ r u l. Partiya komitəsindən bir vıqovor basıblar belinə hələ o iş üçün. Amma mənimlə arası kökdür.
T ü r b ə t (gəlir). Yoldaş Yaşar! Durmuşsuz burda, işçilər hamısı işi atdılar, düzəldilər yola...
T o ğ r u l. Bəs İmamyar orda yoxdur?
T ü r b ə t. İmamyar orda yoxdur, yenə orda olsaydı, birtəhər qoyardı boyunlarına...
T o ğ r u l (Yaşara). Yaxşı, sən get ora, mən yenə gedim raykoma, görüm bəlkə, Nüsrəti birtəhər iş üstə qoydum, bir-iki min manat qopartdım (Gedir).
Y a ş a r. Gedək, görək.
T ü r b ə t. Kəndlilər deyirlər: ac-acına, qəndsiz-çaysız adam işləyə bilməz ki...
N i y a z, İ m a m y a r və Y a q u t gəlirlər.
N i y a z. Həzrətabbas haqqı sən bütün kənddə mənim papağımı yerə soxmuşsan, o nə köpək oğludur ki, mənim qızım onunçun çay gətirsin. Çatan üzümə bir söz deyir. Kasıbam əgər, onsuz da kasıbam. İncinar olmasın ki, lap babası olsun. Həzrətabbas haqqı doğraram hamısını.
İ m a m y a r. Sən de, atam, qurtar, sonra mən danışaram.
N i y a z. Nə deyəcəyəm ey... Onu da korlamışsan. Çatan da kənddə bir söz deyir. Mala şərik deyilsən mənnən ki...
Y a q u t. Mən heç bilmirəm neynəmişəm ki, mənə acıqlanırsan.
N i y a z. Səsini kəs. Itin balası, vurram dişlərin tökülər qarnuva. Həzrətabbas haqqı doğrayacağam səni...
İ m a m y a r. Bura bax, ey... qurtardın ki dahı baş götürmə. Adam uşağı hər şey üstə söyməz. Bu xalq namusunu çöldən tapmayıb ki. Gördün onu bir pis əməldə, vur, öldür... mən də səninlə. İndi ki, bu yazıq bir şey eləməyib. Çörək gətirəndə nə olar?
N i y a z. Belə, heç mən istəmirəm ki, kökündən onunla danışsın. Sən mənim uşağım üçün vəkillik niyə eləyirsən! Mənimlə şərikli uşaq əkmissən?
İ m a m y a r. Balam, o yazıq sənə bir yamanlıq eləməyib ki. Aparıb can kimi qulluğa qoyub, sənin çul-çuxan düzəlibdir...
N i y a z. Mən namusumu satan adam deyiləm. Aləm işləyir, mən də onların biri, uşağın bura nə dəxli var...
İ m a m y a r. A balam, deyir palaza bürün, elnən sürün! Görürsən xalq öz arvadının çarşabını götürür, sən indi balaca uşağı qəfəsə salmayacaqsan ki. Haçan gördün bir əskik iş gördü, vur, öldür. Gəlmədim dalınca, deyinən belə...
N i y a z. Yaxşı da, görərik də... (Düzəlir yola).
İ m a m y a r. Yeri, yeri... get işüvün üstünə. Dahı işi atıb ağzını ayırma, min göz baxır (Niyaz gedir). Yaxşı, dahı sən də tökmə gözlərüvün yaşını. Yenə neynəmişsən məgər?
Y a q u t. Heç nə... helə-belə! Deyir nə üçün onunla danışırsan...deyir Səfərgil gülürlər mənə...
İ m a m y a r. Doğru deyir də... hamınız elə bir tumnansınız, işin nə dalını yoxlayırsınız, nə qabağını... Mənə bax... bunun başında ağıl zad yoxdur, vurar bir xata çıxardar, əngələ düşərik. Sən o gədəni də çox üzə çıxartma. Yox, əgər həqiqətən, ürəyindən bir şey keçir... deyinən ona, götürsün səni başı səlamətliynən rədd olsun burdan... belə olmasın ki, başımız xataya düşsün...
Y a q u t. O getmək istəmir...
İ m a m y a r. Demişsən? (Yaqut başı ilə “hə” deyir). Yəni axtarsan, ona da çox etibar yoxdur. Bir urus qızını da salıb yanına, kim bilir kimdir, nəçidir...
Y a q u t. Deyir, o heç nəyim deyil...
İ m a m y a r. Elə deyər də, bəs nə deyər... Indi ki, heç nəyi deyil, təkbaşına qaya altında nə azarları var! Mənə bax! Bu Niyazın da üzastarı yoxdur. Dahı mən öldüm onun dərdini çəkməkdən. Kluba göndərdim səni bir dava çıxdı, məktəbə göndərdim, bir dava çıxdı, axırda da verdi bir otaylıya ki, nə var naçalnikdir. Ağladın, sıtqadın ki, onunla da bir cəncələ düşdük. Mənim bir sözüm yoxdur. Doğrudan da əgər ürəyində bir şey var, de, ona, götürsün səni rədd olsun buradan. Yoxsa bir cəncəl çıxsa, mən dahı qarışan deyiləm, özünüz bilin.
Y a ş a r. Ay dayı, sən oturmuşsan burda, yenə də kəndlilər cəncəl çıxarmışdılar. Gücnən, bəlaynan sakit eləmişəm onları.
İ m a m y a r. Mən də hələ onların əlindən qaçmışam. Deyir, adamın gərək dərrakəsi olsun: ya özü qansın, ya da özgəsi deyəndə başa düşsün. Hələ hamısı öz qarnını güdür, dahı sabahı fikirləşən yoxdur ki... Xalq burada sosialist tikir, bunlar rəhmətlik uşağı bir girvənkə çörək üçün qırğın salırlar.
Y a ş a r. Ürəyim lap getdi acından...
İ m a m y a r. Odur, qız çörək gətirib səninçin, otur bir az sal ağzuva! Sən də lap özünü şəhid eləyirsən: nə yemək bilirsən, nə yatmaq. Nə xəbər məgər, canını çöldən tapmamısan ki...
Y a ş a r. Baxmırsan da iş getmir axı...
İ m a m y a r. Zalım uşağı bir başa düşmür ki, eşşəyə minmək bir eyib, düşmək iki eyib. Biz ki, işə başlamışıq, gərək yaman, yaxşı axıra vuraq, görək nə olur. Deyir: çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu... Sən çörəyini ye, mən gedim görüm neyləyirlər (Gedir).
Yaqut çörəyi Yaşarın qabağına qoyur.
Y a ş a r. Bu saat, əllərimi yuyum (Gedir).
Ş ə r ə b a n ı (Əmirqulu ilə araba sürərək gəlirlər). A kişi, nə üçün güc vurmursan? Belüvi azar almayıb ki? Istəyirsən bütün güc mənim üstümə düşsün!
Ə m i r q u l u. Adə, ay zalımın qızı, hara itələyim. Çarx çıxıb daşın üstünə, daşı at o üzə, bir yol aç, mən də itələyim də...
Ş ə r ə b a n ı. Sənin daşnan işin olmasın, sən güc vur!
Ə m i r q u l u. A köpək oğlunun qızı, hara güc vurum? Doğuram bəyəm, güc vurum... Daşları at, yol açılsın, sonra güc vurum də...
Ş ə r ə b a n ı. Sən özün gəlib aça bilmirsən yolu?
Ə m i r q u l u. Qabaqda sənsən, mən? Atova lənət, məni bununla bir yerə salan...
Ş ə r ə b a n ı. Köpək oğlu, qolçomaq köpək oğlu, burda da istəyirsən məni dəstimar eləyəsən, güc vur deyirəm sənə... (Lapatkanı götürür, onun dalınca qaçır.)
Ə m i r q u l u (daldalı qaçaraq). Bax, Şərəbanı, ləpətgəynən gəlmə, ləpətgəni yerə qoy deyirəm sənə. Həzrətabbas haqqı fənərlərəm gözüvün altını...
Ş ə r ə b a n ı. Məni, məni? (Əlbəyaxa olurlar).
Ə m i r q u l u. Çuxamı burax, çuxamı yırtma deyirəm sənə...
Ş ə r ə b a n ı. Məni, məni qolçomaq köpək oğlu? (Əmirqulunu yerə yıxır).
Y a ş a r (gəlir). Ay Şərəbanı xala, sən bu qolçomağı məgər ləğv eləyib qurtarmamışsan?
Ş ə r ə b a n ı. Yoldaş Yaşar, mən bunnan işləmək istəmirəm. Bu qolçomaqdır. Canını azar alıb: nə güc vurur, nə itələyir. Məni bir ayrı arabaçıynan sal. Bu saat gedəcəyəm kənd sovetinə, görüm sən nə deyib güc vurmursan.
Ə m i r q u l u. Yaxşı, köpək oğlunun qızı, mən də elə-belə gedirəm kənd sovetinə, əgər sənin tumanuvu çıxartdırıb, miyantəngüvə döydürməsəm, məndən köpək oğlu adam yoxdur. Düş qabağıma! (Gedirlər).
Y a ş a r (oturur çörək yeməyə). Ay sağ ol. Yaqut, qiyamət qızsan... İşləri yoluna salan kimi, birbaş səni aparacağam şəhərə, əmini də. Gedərsənmi, Yaqut?
Y a q u t. Hələ belə qoymazlar...
Y a ş a r. Həldə belə, necə yəni hələ belə? Hələ belə aparmaram ki, yaxşı-yaxşı apararam, maşınnan apararam.
Y a q u t. Apar məni, Yaşar, tez apar, hələ bu gün apar. Sonra özün qayıdarsan. Yox özün də qayıtma! Bu kəndə gəlmə, bu kənd yaxşı deyil.
Y a ş a r. Yaxşı deyil?.. Neyçin, lap qiyamət kənddir ki, başdanbaşa kolxoz, çay, göyərti... Ancaq bir az ağcaqanad adamı dişləyir.
Y a q u t. Burda ağcaqanad çoxdur. Sən burda qalma...
Y a ş a r. Yox, Yaqut, indiki halda məni öldürsələr də, bir addım o yana gedə bilmərəm.
Y a q u t. Sən ondan ayrıla bilmirsən?
Y a ş a r. Kimdən?
Y a q u t. O qızdan, Tanyadan. Sən hər gün onunla gəzməyə gedirsən.
Y a ş a r. Ha-ha-ha... O, azad bir qızdır. Yaqut, biz gedib yerlərə baxırıq. Mən orda təcrübə üçün bağça salmışam. İstəyirsən işdənsonra gəl, sən də gedək...
Y a q u t. Yox, məni qoymazlar.
Y a ş a r. Kim, əmin?
Y a q u t. Yox, atam. Əmim söz deməz, atam qoymaz.
Y a ş a r. Əmin yaxşı adamdır, Yaqut. Ağıllı adamdır...
Y a q u t. Yox... əmim... (Bir söz demək istəyir, yenə də saxlayır). Gedək bu kənddən, Yaşar, gedək, qaçaq!
Y a ş a r. Daha qaçmaq nə üçün? Biz hələ səni xoşluqnan apararıq da. Qoy ancaq işimi qurtarım. Boynumda vəzifə var ey... Vəzifə bilirsən nədir? Iş... Dur, hələ sənin üçün burda bir bağça salacağam ki...
T a n y a. Yaşar... Burdasan? Sən lap ağ eləmişsən ki... Get evdə çörək də ye, həm də bir az dincəl də, belə yuxusuz ölərsən ki. Vay, mən özüm də acından ölürəm ki...
Y a ş a r. Otur, Tanya, otur! Yaqut qiyamət bozbaş bişirib.
T a n y a. Yox, Yaşar! Çörəyini ye, gəl bir bax şalbanı suya basdıra bilmirik, su güclüdür, aparır. Işçilər dayanıblar (Tanya çörəkdən bir parça kəsir).
Y a ş a r. Gedək, gedək.
T a n y a. Çörəyini ye qurtar, sonra.
Y a ş a r. Çörəyi sonra gəlib yeyərəm... İşçilər boş dayanmasın. Küftədən götür, Tanya! Küftə qiyamətdir! Yaqut lap ustalıq eləyib...
T a n y a (küftədən götürərək). Yaqut yaxşı qızdır.
T o ğ r u l (gəlir). Yaxşıdır da məni göndər pul dalınca, özün otur biri o yanında, biri bu yanında! Tanya, özüm ölüm yazaram kontrol komisyonuna, sən bir küftəyə allanıb mənim ailə həyatımı pozmaq istəyirsən...
Y a ş a r. Otur, otur, çörək ye... Nə oldu pul?
T o ğ r u l. Mən nə bilim nə oldu? Dedi indi gətirərəm. Yaşar, bu yaxşı deyil. Sən mənim ailə həyatımı pozursan; gah onu qaya altına aparırsan, gah ona küftə verirsən... Allah haqqı, Tanya, acığımı çıxardarsan, alaram Yaqutu, ondan sonar adam istəyirəm özünü öldürsün...
T a n y a. Min kərəm sənə demişəm mən səni sevmirəm. Yaşarı sevirəm. Başa düşdün?
T o ğ r u l. Elədir ki... elədir ki... Yaxşı, sonra görərik kim özünü öldürər?
Y a ş a r. Adə, bir az küftə götür, görək şalban nə oldu?
T o ğ r u l. Yemirəm, cəhənnəmə olsun sənin küftən (Gedir).
Y a ş a r. Kişi qısqanır da... güc deyil ki... Gedək görək, Tanya. Yaqut, istəyirsən sən get, mən bu saat gəlirəm.
Y a q u t. Yox, gözləyirəm, qabları aparacağam.
Y a ş a r. Yaxşı, bu saat. Görüm bu şalbanın hesabı, sözü nədir ki, suya batmaq istəmir.
Gedirlər. Yaqut onların ardınca baxır, sonra başını aşağı salıb ağlayır və ağacla yerdə nə isə çəkir... Uzaqdan kim isə oxuyur.
İ m a m y a r (gəlir). Hə, nə oldu, hələ getməmişsən?
Y a q u t. Qabları gözləyirəm.
İ m a m y a r. Nə danışırdınız burda?
Y a q u t. Heç nə.
İ m a m y a r. Bəs nə deyirdin ki, əmim belə, əmim elə...
Y a q u t. Deyirdim əmim yaxşı adamdır, atam acıqlanır.
İ m a m y a r. Atan adam deyil ki! Yamanca başımı cəncələ saldım. Bircə səni burdan rədd eləyə bilsəydim.
Y a q u t. O getmək istəmir...
İ m a m y a r. İstəmir?
Y a q u t. Deyir işi qurtarmamış heç bir yana gedə bilmərəm.
İ m a m y a r. Yalan deyir köpək oğlu. Başı qızışıb o urus qızına, dahı onu anlamır ki, dünyayi-aləm düşməndir ona. Yaxşı, daha axşamdır... Gələn kimi çörəyini yesin, tez qabları apar get! O gərək ki, evə getməyəcək, urus qızıynan sözləşirdi. Hələ burdan yenə qaya altına gedəcəklər...
Gedir. Yaqut tək düşünür və ağlayaraq oxuyur.
Y a ş a r (gəlir). Yaqut, sən hələ getməmişsən?.. Bu nədir, qız, sən ağlayırsan?
Y a q u t. Gedək, Yaşar, burdan... Mən hər şeyi deyə bilmirəm, gedək burdan...
Y a ş a r. Sənə nə olmuşdur, Yaqut, ağlayırsan?
Y a q u t. Gedək Yaşar, sən allah gedək. Mən buradan qorxuram, səninçin qorxuram.
Y a ş a r. Ağlama qız, dəli deyilsən ki... Nədən qorxursan? Mən özüm atanla danışaram, göndərərəm səni şəhərə, öz evimizə... əmin aparar qayıdar yenə... Gözlərini sil, başını yuxarı tut görüm (Yaylığı ilə onun gözlərini silir).
Bu aralıq N i y a z, T ü r b ə t, Ə m i r q u l u, Ş ə r ə b a n ı və bir neçə i ş ç i gəlir...
N i y a z (Yaşarı Yaquta mehribanlıq edən görüb). Adə, köpək oğlu, sən indi bu xalqı belə biqeyrət hesab eləyirsən ki, a, günün günorta çağı...
Yaşarla Yaqutun üzərinə atılır.
Ə m i r q u l u. Niyaz, Niyaz... (Niyazı tutur).
N i y a z. Burax, deyirəm sənə, mən bu vaxtacan namussuzluqla yaşamamışam.
İ m a m y a r (gəlir). Yenə nə var, adə, nə olub, aləmi yığıb doldurmuşsan bura,
nə olmuşdur?
N i y a z (İmamyara). Sənin atovu yandıracağam, köpək oğlu. Mənim başıma
bu oyunları açan sənsən. Buraxın məni.
İ m a m y a r. Nə olmuşdur axı, ay gic oğlu gic? Adamın gərək dərrakəsi olsun (Əmirquluya) Sən yeri, adə, gör Nüsrətdən-zaddan kim var, çağır gəlsin bura, bəlkə bu gic oğlunun ağzını yumsunlar (Əmirqulu qaçır). Camaat içində biabır elədi bizi.
N i y a z. Buraxın məni, deyirəm sizə.
İ m a m y a r (Yaquta). Nə var, ay Allah öldürmüş, yenə nə olmuşdur, biabır elədin qoydun bizi.
Y a q u t (ağlayır). Mən ağlayırdım.
İ m a m y a r. Zəhrimar ağlayırdım, dərd ağlayırdım (Yavaşca). Deyinən ki, məni güc ilə tutmuşdu. Yoxsa bu it balasının ağzını yummaq olmaz, qırar çatar aləmi.
N i y a z. Səni mən parça-parça doğramasam, atamın belindən gəlməmişəm. Qoy sonra güllələsinlər məni. Soxdun axır papağımı yerə.
İ m a m y a r. Adam ol, adə, adam ol, adə, aləmi özüvə güldürmə.
Y a ş a r. Niyaz, sən bir qulaq as...
N i y a z. Asmıram qulaq, köpək oğlu.
İ m a m y a r (Yaquta). Sən eşitdin mən nə dedim?
Y a q u t. Mən axı...
İ m a m y a r. Səsini kəs, itin balası. Dahı iş-işdən keçibdir, sən de, sonra mən özüm hamısını düzəldərəm. Eşidirsən, yox?
Y a q u t. Eşidirəm.
N ü s r ə t, T o ğ r u l, H ə s ə n, Ə m i r q u l u gəlir.
N ü s r ə t. Bu nə vurhavurdur? (Niyaza) Nə var, nə olmuşdur?
N i y a z. Güllələyin məni, qoy biryolluq qurtarım gedim.
N ü s r ə t. Dayan görüm, nə olmuşdur?
T ü r b ə t. Canım, kişi doğru deyir də... Sən incinarsan, gəlmişsən, işini işlət, dahı xalqın arvad-uşağıynan nə işin var!
T o ğ r u l (Yaşara). Nə var, adə, neyləmişsən?
Y a ş a r. Heç nə, adə... kişi hələ özbaşına özündən çıxmışdır.
N ü s r ə t. Bircə hamınız sakit olun.
T o ğ r u l (işçilərdən soruşur). Nə var, nə olmuşdur?
Ə l i y a r. Nə olacaq? Suyumuzu kəsir, qənd vermir, çay vermir, üstəlik bir arvad-uşağımıza da sataşır.
İ m a m y a r. Mən bir bilmirəm bu xalqa nə düşüb ki, ağzıgöyçəklik eləyir. Uşaq mənimdir, sizə nə var?
N i y a z. Uşaq sənin deyil, mənimdir, köpək oğlu. Mənim papağımı yerə soxan sənsən!
İ m a m y a r (Nüsrətə). Siz allah bunun ağzını yumun. Adam oğlusan, bir şey görmüşsən, dayan bir soruşarlar, bilərlər.
N ü s r ə t. Dayanın görüm. Nə var, adə Niyaz, nə olmuşdur? İstəyirsən elə tutub səni bassınlar dama?
N i y a z. Bassınlar da, güllələsinlər də.
N ü s r ə t. Yaxşı (Yaşara) Yaşar, nə var, nə olmuşdur?
Y a ş a r. Vallah, mən ki bir şey bilmirəm, mən özüm də məəttəl qalmışam.
Ə l i y a r. Necə ki, bir şey bilmirsən, bəs bu xalqın qızını qucaqlayan məndim?
İ m a m y a r. Sənə nə var, adə, axmaq oğlu axmaq, sən bu xalq üçün dilmanczadsan?
Ə l i y a r. Dahı bu xalq gördüyünü deyir də... acığın niyə tutur?
N ü s r ə t. Sən dayan, İmamyar (Əliyara) De görüm nə olmuşdur?
Ə l i y a r. Heç nə... İmamyar bizi taxta üçün göndərmişdi . Üçdörd nəfərdik: mən idim, Niyaz idi, Əmirqulu idi. Hələ içəri girdik, gördük bu qızın başını tutub bərk-bərk qucaqlayıb. Niyaz hələ bunu görən kimi atıldı ki, tutdum onu.
N ü s r ə t. Əmirqulu, sən necə gördün?
Ə m i r q u l u. Onu gördüm ki, qucaqlaşıblar, ancaq hansı-hansını qucaqlamışdı, onu yaxşı görmədim, yalan nə deyim.
Ə l i y a r. Xeyr, mən lap yaxşı gördüm: oğlan qızı qucaqlamışdı, qız onun əlindən dartınırdı.
İ m a m y a r. Sən bir az da şan-şövkət ver!.. Hindi uşaqdırlar da, nə olsun, xalqın qızını partapartnan götürüb qaçırlar, bu xalq söz eləmir (İstehza ilə) Oğlan qızı qucaqlamışdı!
Ə l i y a r. Dahı, balam, acığın neçin gəlir? Kişi soruşur, biz də gördüyümüzü deyirik də...
Ə m i r q u l u. Canım, bir qızın özündən soruşsanız. Bu işi çəkçevirə neçin salmışsınız?
N ü s r ə t. Qız! Mənə bax, sən burda neyləyirdin?
Y a q u t (ağlayır). Mən çörək gətirmişdim.
H ə s ə n. Məmafi, binaən-əleyh, necə oldu ki, qucaqlaşdınız?
T a n y a (bayırdan) Yaşar, Yaşar, nə var, nə olmuşdur? (Gəlir).
T o ğ r u l. Sən dayan, Tanya!
N ü s r ə t. Danış, qız! Qorxma... Gücnən qucaqladı, yoxsa...
Y a q u t (İmamyarın göz təsiri altında deyir). Gücnən.
N ü s r ə t. Bu da bizim injenerimiz. Kəndə iş üçün gəlib, iş qalıb bir yanda, başlayıb...
N i y a z. Yaxşı, it balası, danışaram səninlə...
Ş ə r ə b a n ı. Canım, o yazıq neynəsin... Deyir gücnən tutmuşdu da... Bu halda T ü r b ə t b i r n e ç ə k ə n d l i ilə haray salaraq gəlir.
T ü r b ə t. Ay haray, köməyə gəlin, taxtabənd uçuldu, adamlar qaldı altında.
T o ğ r u l. Necə?
Qaçırlar.
N ü s r ə t. Kim qaldı altında?
T ü r b ə t. Dörd-beş nəfər.
H ə s ə n. Öldülər?
T ü r b ə t. Bilmirəm, şalbanların altında kim bilir nə oldu.
N ü s r ə t (Yaşara). Bu da sizin işiniz. Gəlin görək nə olmuşdur?
T o ğ r u l (gəlir). Çıxartdılar, ölən yoxdur. Heç bilmirəm necə işdir.
İ m a m y a r. Canım, adam da çürük şalbanı oraya qoyar? İndi səhv qoyublar, ya da hələ qəsdən qoyublar, düşmənimiz az deyil ki!..
N ü s r ə t. İnjener burada eşqbazlıq eləyir; səmərəsiz iş görüb. Biz hələ sabah mərkəzə bildirərik ki, bu barədə tədbir görsünlər.
Y a ş a r. Yoldaş Nüsrət, mən özümdə bir təqsir bilmirəm.
H ə s ə n. Məmafi baxmaq lazımdır.
N ü s r ə t. Onu lazımi yerində ayırarlar.
İ m a m y a r. Canım, burda elə bir iş yoxdur ki, kişini dustağa salırsınız.
N ü s r ə t. Dahı o sənin borcun deyil, yoldaş Imamyar. Mən eləyə bilmərəm ki, dedi-qodu üçün kəndlilərin əlinə material verilsin.
Y a ş a r. Onda mən belə bir şərait altında işləyə bilmərəm və işləmək istəmirəm.
N ü s r ə t. İstəmirsən?
Y a ş a r. İstəmirəm.
N ü s r ə t. İstəmirsən, özün bil. Toğrul, sən işləri təhvil al!
İ m a m y a r. Allah mərdüməzarın evini yıxsın, yıxdı uşağın evini.
N i y a z. Mənim də evimi yıxan sən oldun.
İ m a m y a r. Atam, qardaşım, nə istəyirsən? Mənnən mala şərik deyilsən ki... Qızını kluba göndərirəm, məktəbə göndərirəm, xoşun gəlmir, get başqa yerdə otur. Nə gözüm görsün, nə də deyim. Yerin yoxdur, bir daxmadı oturmuşsan boşalt, çıx get.
H ə s ə n. Gedək, yoldaş Yaşar, ispalkoma.
Hamı gedərkən İmamyar bərkdən Yaquta deyir.
İ m a m y a r. Qız, sən deyinən məni gücnən tutmamışdı, yazığı işə salarsan.
T o ğ r u l. Yoldaş Nüsrət, inandırıram sizi ki, iş belə deyil.
N ü s r ə t. Ola da bilər, Toğrul, ancaq bir iş ki, kəndlilərin ağzına düşdü, onu boş buraxmaq olmaz. Bir az keçər, sonra məlum olar.
T o ğ r u l. Axı, onu bura partiya göndərib.
N ü s r ə t. Xahiş edirəm sən mənim işlərimə qarışmayasan. Sən işləri təhvil al, qurtardı getdi. Hər şey üçün mən özüm cavab verəcəyəm.
P ə r d ə
DÖRDÜNCÜ PƏRDƏ
ALTINCI GÖRÜŞ
İmamyarın otağı. Axşam. İ m a m y a r Yaşarın stolunun yanında oturub onun
papkasına, sonra da stolun altındakı dinamit qutusuna baxır.
T o ğ r u l (girərək) Yaşar yoxdur?
İ m a m y a r. Yaşar yazığın başına bir oyun gətirdilər ki, bir yerdə otura bilsin. Nə yeməyi yeməkdir, nə yatmağı yatmaq. Mərdüməzar oğlu yıxdı yazığın evini...
T o ğ r u l. Yox, dayı, sən elə demə, Niyaz yaxşı oğlandır. Mən sonradan öyrəndim. Bir az hələ boş qışqırığı vardır. Bərk dostlaşıb mənimlə. Srağagün bir pencək vermişəm ona, bir köhnə kepka vermişəm, geyinib, indi də deyir, evlənirəm. Gündə yanımda olur.
İ m a m y a r. Adamın gərək dərrakəsi olsun. İndi yəni qızı gizlənir? İş üstə gəlmir? Sizə gəlmir?
T o ğ r u l. Yox... iş üstünə də gəlir, bizə də gəlir, heç gizlənmir də. O gün evdən kağızlarımı gətirmişdi iş ütünə. Çox gözəl qızdır.
İ m a m y a r. Ara yerdə çanaq o yazığın başında çatdadı. Sən də qabaq hər gün gəlirdin. O vaxtdan ki, yazığı işdən çıxartdılar, aynan, günnən görünürsən. Mənə atam həmişə deyərdi ki: yaddan adamçın qardaş olmaz.
T o ğ r u l. Yox, dayı!.. Vallah iş o qədərdir ki, lap başım hərlənir. Bu günsabah stansiyanı qurtarırıq. Çayın da barısı bu gün qurtardı, bundan sonra tez-tez görüşərik.
İ m a m y a r. Görüşmək sənin olsun, bir gedib işini düzəltməyə nə var.
T o ğ r u l. Yox, mən o saat Bakıya kağız göndərdim.
İ m a m y a r. Bir halda ki, hər zadı ondan soruşursunuz, o olmasa, siz heç bir iş görə bilməzsiniz.
T o ğ r u l. Çünki proyekt onunkudur. Bir də məsələ hələ məlum deyil, vəziyyət çox qorxuludur. Yaşar təcrübə üçün bağça salıb görmüşsən ki...
İ m a m y a r. Necə görməmişəm, səhərdən axşamacan yazığın işi hələ odur da... Indi də gərək ki, hələ oraya gedibdir.
T o ğ r u l. Orada o, pambıq əkibdir. Hesabnan gərək indi göyərəydi, amma indiyə kimi heç bir əsər yoxdur. Bəlkə heç çıxmadı da...
İ m a m y a r. Birdən çıxmadı, sonra nə olar?
T o ğ r u l. Çıxmadı, onda heç nə... bütün bu stansiyanın da, bu arxın da bir qəpik belə qiyməti olmaz.
İ m a m y a r. Deməli, bir tikmişsiniz, bir də sökəcəksiniz?
T o ğ r u l. Yox, bəlkə indi özü bir cürə düzəltdi. Olmasa, bəlkə, professor Belokurovu çağırmalı olduq.
İ m a m y a r. O sizdən çox bilir?
T o ğ r u l. O professordur! O bizim müəllimimizdir.
İ m a m y a r. Yaxşı iş görmədilər, yazığın qəlbini sındırdılar. Mən bilirəm, bu neçə vaxtda o nələr çəkmişdir.
T o ğ r u l. Giclik özündədir. Başını soxub işə, dahı demir bura kənddir, kəndlilərin yanında hər iş eləmək olmaz. Deyəndə də ona inciyir. Görmürsən, axır vaxtlar mənimlə də soyuq danışır.
İ m a m y a r. Axtarsan siz də çox o yaxşı yoldaşlardan deyilsiniz. Məni öldürsəydilər də, mən onun işini boynuma götürməzdim. Zəhmət çək, baş işlət...
T o ğ r u l. Mən nə edə bilərəm... İndi odur, sabah-birigün tikinti işləri qurtarır, o biri işlər başlanır. Yenə birdən buraxmasalar onu, çarəm nədir, işi yarımçıq qoya bilmərəm ki...
İ m a m y a r. Apara bilərsiniz yəni onsuz?
T o ğ r u l. Yox, hamısı onun kağızlarındadır da, olarnan aparmaq olar. O kağızlar olmasa, heç kəs bir iş görə bilməz. Heç özü də bir iş görə bilməz.
İ m a m y a r (durur). Yazıq o qədər canından asi olub ki, srağagün deyir: lap istəyirəm ki, o kağızları da yandırım... özümü də gedim biryolluq atım çaya...
T o ğ r u l. Necə, kağızları yandırım? O gic oğlu gic birtəhərdir, vurar gic beyninə. Kağızları ondan almaq lazımdır. Mən dahı gedirəm, dayı. Gəlsə, deyinən kağızları hazırlasın, verək Tanya üzünü köçürsün. Mən də iş üstə dəyim, bir azdan gələrəm. Qarovulçular oradadırlar?
İ m a m y a r. Elə də şey olar! Özüm gecədə gedib beş kərəm baş çəkirəm. Bir ətək qızıl qoyulub üstünə, hasantdır məgər? Mən də hələ bu saat gəlmişəm.
T o ğ r u l. Yaxşı da, sağ ol, dayı. Sən deyərsən ona, mən də bu saat qayıdıb gələrəm.
Toğrul yenə də gedir. Imamyar kağızları, dinamiti qurdalayır. Uzaq təpədən çobanların oxuması eşidilir. Bayırdan səs gəlir. Imamyar çəkilir. Y a ş a r gəlir.
İ m a m y a r. Gəldin, qardaşoğlu?.. Toğrul səhərdən burda idi, hələ bu saat getdi.
Y a ş a r. Nə deyirdi?
İ m a m y a r. Deyirdi, o kağızları hazırlasın, üzünü köçürdəcəyəm.
Y a ş a r. Nə üçün?
İ m a m y a r. Nə bilim... dahı onu özünüz bilərsiniz də... Deyir: bəlkə o biri işləri də özüm aparmalı oldum, onu işə qoymaq istəmirlər.
Y a ş a r. Eh... cəhənnəmə ki... Odur hamısı o papkadadır. Gəlsin aparsın.
İ m a m y a r. Elədir də, qardaşoğlu, hər kim olsa ağır gələr ona... Zəhmət çəkəsən, baş işlədəsən, sonra da boş bir şeyin üstündə çıxartsınlar, atsınlar səni bir yana... işini gəlsin o-bu aparsın! Ancaq nə eləmək, adam hər şeyə səbir eləyər. Eybi yoxdur, qardaşoğlu. Deyir: səbir elə halva bişər ay qora səndən, saxlasan ətlas olar tut yarpağından. Bu qəzadır, hamının başına gələ bilər.
Y a ş a r. Vallah, dayı... sən də olmasan, lap bağrım çatlar. Hərdən elə canımdan asi oluram ki, istəyirəm o kağızları da yandırım... O dinamiti də partladım... qurtarsın getsin. Ancaq vəzifə mənim qabağımı kəsir, boynumda vəzifə vardır.
İ m a m y a r. Yox a... qardaşoğlu... bu heç bir fikir deyil ki, sən eləyirsən! Bir ətək pul tökmüşük ora... O kağızlar da olmasa, dahı onlar nəyə lazımdır. Olarsız ki, bir iş görmək olmaz. Elə deyil yəni, ya bəlkə mən yaxşı qanmıram?
Y a ş a r. Hamısı bu papkadadır. Bu kağızlar olmasa mən özüm də bir iş görə bilmərəm.
İ m a m y a r. Yəni təzədən yaza bilməzsən? Özün düzəltməmişsən yəni?
Y a ş a r. Özüm düzəltmişəm, ancaq beş il çalışmışam üstündə. Min cür hesab vardır: orada kislota nə qədər, su nə qədər, hamısının hesabı var. Birini çox tökdün, heç bir şey çıxmaz, hələ-belə kimin yadında qalacaq.
İ m a m y a r. Bəs Toğrul deyir: pambıq bitmir, professoru çağırmaq lazımdır.
Y a ş a r. Eh... Cəhənnəmə olsun hamısı. Yaman yorulmuşam, dayı. Bilirsən, ruhum qırılmışdır.
İ m a m y a r. Yəni axtarsan o olsaydı heç gərək əvvəlindən sənin işüvi boynuna götürməyəydi.
Y a ş a r. Yox, onun təqsiri mənim özümdədir. Daha işi yarımçıq qoya bilməzdi ki.
İ m a m y a r. Bilirsən, qardaşoğlu, deyir: loğma ki var, boğmadır. Onda ki, başında idin, gündə hamısı yanında idi. Bu dünyanın işi belədir. Biri hələ mənim öz doğma qardaşım... Indi yəni qızı gizlənir? Səhərdən axşamacan hələ o Toğrulun yanında deyil? Nə dinir, nə danışır. Nə var Toğrul ona pencək verib, papaq verib. Hər şey verməyin başı altındadır. Deyir: bağda ərik var idi, salaməleyk var idi, bağdan ərik qurtardı, salaməleyk qurtardı.
Y a ş a r. Yaqut yəni Toğrulgilə gedir?
İ m a m y a r. Həri ya... səhərdən axşamacan Toğrulun yanındadır. Kağızmağızlarını işi üstünə aparmaq, çay vermək, Toğrul onu avtomobildə gəzdirmək, başqa aləmdir! Özü də deyir: dünyada Niyaz kimi adam yoxdur.
Y a q u t qapıdan girir, baxır.
Hə, nə var? İçəri gəl də, gizlənqaç nə üçün oynayırsan? Xalqı əgər pəsənd eləmirdin neçin gəlirdin?
Y a q u t (başını aşağı salır). Toğrul məni göndərdi ki, Yaşar evdədir. Sonra səni də çağırar.
İ m a m y a r. Sən Toğrulun yanında idin? (Yaqut dinməz keçir o biri evə). Küçüyün biri, cavab da vermək istəmir. Atası nədir ki, balası nə olsun... (Yaşar dinmir, uzaqdan çalıb-oxumaq səsi gəlir). Bu ağcaqanad şoğərib də lap ağ eləyib.
Y a ş a r. Gecə lap adamı dalayır, göz yummaq olmur.
İ m a m y a r. Durum bir az çör-çöpdən, kağız-mağızdan yandırım, tüstü olsun, dağılsınlar, yoxsa gecə qoymazlar səni yatmağa (Durub ocağı yandırır). Zəhrimar kağız da tapılmır ki... (Yaşar stol üstündən bəzi kağızları götürüb ocağa atır). Nədir onlar? Yaxşı bax a... Ovqatın təlxdir, birdən gərəkli kağız-zad olar, fikir verməzsən.
Y a ş a r. Eh... cəhənnəmə ki, qoy yansın hamısı...
İ m a m y a r. Vay, zəhrimara qalsın, gözlərim çıxdı, nə acı tüstüsü var, şoqəribin, adə...
Y a ş a r. Mən bir çıxım bayıra, tüstü keçsin, sonra gələrəm, tüstü gözümü çıxartdı.
İ m a m y a r. Hələ mən də çıxıram, başım ağrıdı.
Y a ş a r. Ancaq belə elə ki, od olmasın, orda dinamit var, birdən od qaçar, partlar zəhrimar.
İ m a m y a r. Ancaq başuva dönüm, qayıdanda onu bir yana qoy ki, evə min adam girir, çıxır.
Hər ikisi çıxır, bir azdan Y a q u t qapıdan çağırır.
Y a q u t. Əmi!.. Əmi!..
Cavab almayınca, içəri gəlib stol üstünə baxır gedir. İ m a m y a r gəlir, pəncərəni örtür, papağını, proyekti götürüb oda atır, sonra pəncərələri açır və özü o biri qapıdan çıxır.
T o ğ r u l (içəri girir). Nə oldu, Yaşar, İmamyar dayı?
İ m a m y a r o biri evdən gəlir.
İ m a m y a r. Bilmirəm, qardaşoğlu, gərək ki, çay qırağına getdi. Bayaq burada kağız-mağız yandırdı. Hələ bir yerdə çıxdıq, mən də indi qayıdıram.
T o ğ r u l. Nə kağız? Hansı kağız? Hansı kağızı yandırdı?
İ m a m y a r. Bilmirəm, vallah, öz kağız-mağızını.
T o ğ r u l. Nə danışırsan, dayı? Birdən gic oğlu gic proyekti-zadı yandırar a. Hanı onun kağızları?
İ m a m y a r. Bilmirəm, hər nəyi var, orda olar da...
T o ğ r u l (stol üstünü axtarır, stolun üstünə baxır, bir şey görmür). Yoxdur, proyekt yoxdur. Bayaq burada idi, indi yoxdur, haraya getdi bu?
İ m a m y a r. Çaya tərəf endi. Yəni hər gecə gedir oraya, deyirəm birdən yazıq özünə bir sədəmə-zad toxundurmasın...
T o ğ r u l. Ay dad-bidad, kağızları yandırmışdır.
Bayıra qaçır. İmamyar çay gətirir, içməyə başlayır. Y a ş a r gəlir.
İ m a m y a r. Bəs sən çaya tərəf enmədin?
Y a ş a r. Yox, yadıma düşdü ki, Toğrul gələcək, yoldan qayıtdım.
İ m a m y a r. Mən qayıtdım, gördüm Toğrul burdadır.
Y a ş a r. Nə oldu bəs?
İ m a m y a r. Bilmirəm, stolun üstünü, yeşik-meşiyini axtarırdı, sonra da çıxdı getdi.
Y a ş a r. Stolun yeşiyini? (Baxır və gülümsünür). Proyekti aparıb. Görünür, işi özü aparmaq istəyir. Guya məndən istəsə idi, verməzdim.
İ m a m y a r. Həlbət qorxur da...
Y a ş a r. Fərqi yoxdur: oradan baş aça bilməyəcəkdir, yenə axırda mənim yanıma gələcək.
İ m a m y a r. Kimdir? Odur, özü də gəlir.
T o ğ r u l və T a n y a gəlirlər.
T o ğ r u l. Haradasan, adə?
Y a ş a r (gülümsəyərək). Getmişdim özümü çaya atmağa.
T o ğ r u l. Özün cəhənnəmə, de görüm proyekt hanı?
Y a ş a r. Bilmirəm özünüzü ələ salmışsınız, ya məni? Siz bilirsiniz hanı, zarafatın da yeri var.
T a n y a. Zarafat hansıdır, Yaşar? Doğrusunu de, proyekt hanı?
Y a ş a r. Buraxın siz allah! Proyekt hanı? Proyekti yandırdım.
T o ğ r u l. Necə yəni yandırdım, sən çaşmısan nədir? Proyekti bəri ver deyirəm.
Y a ş a r. Proyekt sizin özünüzdədir. Onsuz da proyekt mənim özümündür.
T o ğ r u l. Proyekt sənin deyil, proyekt el malıdır.
İ m a m y a r. A balam, neçin qışqırırsınız, bunu yavaş-yavaş danışın da, adam da boş yerə bir-biriynən ədavət aparmaz ki...
T o ğ r u l. Proyekti ver bəri, deyirəm, sonra yaxşı olmaz.
Y a ş a r. Məni qorxutma, deyirəm sənə, proyekt mənimdir.
T o ğ r u l. Proyekt sənin deyil, deyirəm sənə, proyekt el malıdır.
T a n y a. Onsuz stansiya nəyə lazımdır?
Y a ş a r. Cəhənnəmə olsun stansiya da...
T o ğ r u l. Proyekti bəri ver, deyirəm. Hələ sabah yazaram prokurora...
Y a ş a r. Prokurora sizin özünüzü vermək lazımdır.
T o ğ r u l. Yaxşı, görərik...
Y a ş a r. Görərik...
T a n y a və T o ğ r u l gedirlər.
İ m a m y a r. Başuva dönüm, siz qışqırığa saldınız, ara yerdə kağızları itir-batır
elərlər. Bir belə xərc hədər gedər.
Y a ş a r. Proyekt olardadır. Mənimlə ancaq pozuluşmaq üçün bəhanə axtarırlar.
İ m a m y a r. Sən get, qardaşoğlu, bu işi bir yerə məlum elə. Elə deyil qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?
Y a ş a r. Eh, cəhənnəmə olsun hamısı...
P ə r d ə
YEDDİNCİ GÖRÜŞ
Çay qırağında. Sədd çəkilmişdir, stansiya tikilmişdir. Səhnədə T o ğ r u l, T a n y a və İ m a m y a r.
T o ğ r u l. Tanya, bu saat işçilər gətirib karastıları təhvil verməlidirlər. Özün də orada ol! Yaxşı-yaxşı düz ki, itən-batan olmasın. Qoy hələ İmamyar dayı da orada olsun ki, basabasa salmasınlar. Həm də, o, hesabını yaxşı bilir.
İ m a m y a r. Gedərəm, gedərəm, qardaşoğlu! İşimin adı nədir? Sən hələ deməsəydin də mən gedəcək idim.
T o ğ r u l. Vay... axır ki, stansiya qurtardı. Barı da qurtardı. Sabah da bütün kəndin daxmalarını işığa qonaq eləyəcəyəm. Eh, yandırdım Edissonun atasını.
T a n y a. İndi qaldı pambıq məsələsi. Ürəyim çox narahatdır, Tokay!
T o ğ r u l. Mənə elə gəlir ki, proyekt onun özündədir, gizlədib vermək istəmir.
T a n y a. Mən ona dünən kağız göndərdim ki, bu gün proyekti gətirsin. Çox güman ki, işdən qıraqda qaldığına darıxıb, proyekti gizlətmişdir. Tez-gec çıxaracaqdır.
T o ğ r u l. Hə, Imamyar dayı... yaxşı yadıma düşdü, barılar yaşdır, sement hələ bərkiməmişdir. Uşaqlar bir dəqiqə göz ayırmasınlar. Sən özün də üstlərində ol... Bir yerdən yarıntı versə, o saat stansiyanı su basar, hər şey dağılıb gedər.
T a n y a. Dünəndən çayın suyu yaman qalxmışdır.
T o ğ r u l. Getdikcə də artır.
İ m a m y a r. Bahardır, qardaşoğlu, çayın daşan vaxtıdır. Hər il bu vaxt bütün ara başdan-başa dəniz olurdu.
T a n y a. Daşqın neçə vaxt davam edir?
İ m a m y a r. Bu gün-sabah ən şiddətli vaxtıdır. Bizlərdə deyərlər: çay quduz olub, sonra yavaş-yavaş çəkilər öz arxının içinə.
T o ğ r u l. Tanya, bu iki günü ehtiyat üçün işçiləri saxlamaq lazımdır. Birdən sonra sədd yarıntı verər, suyun qabağını saxlamaq olmaz. Bu saat çay doğrudan da quduz it kimidir. Divarları çeynəyir.
T a n y a. Su barının üstündən aşa bilməz ki?
İ m a m y a r. Yox, barı hündürdür, üstündən aşa bilməz. Ancaq divarları sökə bilər.
T o ğ r u l. Yadından çıxmasın, İmamyar dayı, gözün uşaqların üstündə olsun. Yoxsa balaca bir yarıntı olsa, stansiya da, Yaşarın təcrübə əkini də – hamısı alt-üst olar.
İ m a m y a r. Arxayın ol, qardaşoğlu!
T o ğ r u l. Su yatan kimi sənin üçün bu boyda bir təşəkkürnamə yazacağam.
İ m a m y a r. A kişi, mənə nə təşəkkür, bunu özümüz üçün eləyirik də... Elə deyil, qardaşoğlu, ya bəlkə mən yaxşı qanmıram?
T a n y a. Elədir, yoldaş Imamyar.
T o ğ r u l. Daha gəl, Tanya, axşam olur, bu saat işçilər gələrlər.
İ m a m y a r. Mən də uşaqları yığım, göndərim qarovula, bu saat gələrəm.
H ə s ə n. Yoldaş, Toğrul bu böyük inşaatın intihayə varması münasibəti ilə kənd ispalkomu altı qoyun kəsib, məhəlli-hadisədə bütün işçilər və kəndlilərə bu axşam qonaqlıq verəcəkdir. Binaən-əleyh burada səddin üstündə, məmafi...
T o ğ r u l. Aha... çox yaxşı işdir. Çoxdandır can rahatlığı ilə kabab yeməmişəm.
H ə s ə n. Məmafi, bütün kəndlilər, klubumuzdakı qızlar, qadınlar da iştirak edəcəkdir, binaən-əleyh...
T o ğ r u l. Onu indi özünüz bilərsiniz, onsuz da bu gecə qorxuludur. Heç kəs yatmasa yaxşıdır. Gedək, Tanya!
H ə s ə n. Məmafi... mən də mürəxxəs olum.
Gedir. T ü r b ə t gəlir.
İ m a m y a r (Türbətə). Uşaqların hamısı tüfəngləri götürsünlər, bu gecə səhərə kimi barı üstündə gəzişsinlər, heç kəs gözünü yummasın, bütün çatlaqlara, söküklərə fikir versinlər.
T o ğ r u l. Hə, hə, başına dönüm, hər yerə baxsınlar.
İ m a m y a r. Arxayın ol, mən özüm də orada olacağam.
N i y a z . Yoldaş Toğrul, burdasan? Qızı təzədən yazdırdım kluba.
T o ğ r u l. Ay sağ ol, Niyaz! Aktivist belə olar.
N i y a z . Dahı sənin sözün yerə düşüncə, düşmənin beli sınsın.
İ m a m y a r. Adamın gərək dərrakəsi olsun. Indi bu nədir, o vurhavur nəydi?
Ara yerdə uşaqciyəzi saldınız cəncələ.
N i y a z . Eh, yenə də ağzımı açır a...
İ m a m y a r. Yaxşı, yaxşı, adamın gərək dərrakəsi olsun!
T o ğ r u l. Gedək, Niyaz, yolda danışarıq.
Gedirlər.
İ m a m y a r (Türbətə). Bəri gəl, görüm! Dinamitin piltəsini ki, gördün?.. Adamların başı burda qatışıq olanda, özünü basdırarsan divarların dibinə, piltəsini o uzaqda yandırarsan, qaçarsan...
T ü r b ə t. Bəs deməzlər, bu qarovulçular harada idi?
İ m a m y a r. Adə, nə dərrakəsizsən! Barının nə qədər uzunluğu var? Harda idi? Barının o başında.
T ü r b ə t. Yaxşı, mən deyirəm, bu gecə qonaqlıqdır, adamlar hamısı oyaq olacaq, olmaz ki, bunu bir başqa gecəyə qoyaq?
İ m a m y a r. Olmaz, hələ bu gecə olmalıdır. Bizə lazımdır ki, çay daşsın, bir yandan bu maşınları darmadağın eləsin, bir yandan da Yaşarın o bostanını dağıtsın, bir yandan da düzə yayılsın ki, sabah toxum səpə bilək. Sabah ki, çay yatdı, sonra sənə nə xeyri var. Ancaq piltəni elə vaxtda yandırmaq lazımdır ki, özü barı üstündə olsun. Mən onu elə basım bu ləpələrin içinə ki...
T ü r b ə t. Onda nə olar, bəs deməzlər kim elədi?
İ m a m y a r. Adə, ay... kim elədi? Yoldaşıynan savaşıb, acıqdan ya paxıllıqdan hamısını partladıb, özünü də atıb çaya... Dahı sən get, özü gəlir. Səni görməsin.
Türbət gedir, İmamyar lapatkaları sayır. Y a ş a r gəlir.
Qapını bağladın, qardaşoğlu?
Y a ş a r. Gərək ki, bağladım, açarı cibimdədir.
İ m a m y a r. Evdə adam yoxdur, oğul-uşaq girər, min dənə şey var... Haraya belə Allah qoysa?
Y a ş a r. Heç, elə gəldim bu barını-zadı gözdən keçirim. Bu gün gərək ki, işlər qurtarır.
İ m a m y a r. Qurtarmışıq, qardaşoğlu...
Y a ş a r. Hələ bağçadan gəldim, yorulmuşdum, dedim bir az da bu dikin üstündə oturum.
İ m a m y a r. Pambıqdan nə xəbər var, baş verir?
Y a ş a r. Yox dayı, hələ ki, bir əsər yoxdur. Görək üç-dörd günə nə olar.
İ m a m y a r. Uzağa getmə a... bu saat qonaqlıq var. Kənd soveti qoyun kəsib qonaqlıq eləyir.
Y a ş a r. Yox, hələ stansiyaya baxım, bəlkə bir şey yaddan çıxmışdır, sonra o dikin üstündəyəm. Ancaq, bu bir-iki günü barılara yaxşı baxmaq lazımdır. Sədd hələ möhkəmləşməmişdir. Partlasa, bütün stansiyanı dağıdar.
İ m a m y a r. Hava da bir az bulaşıqdır. Səhərdən göy guruldayır. Deyəsən yağış olacaq.
Y a ş a r. Bu saat çayın ən quduz vaxtıdır. Mənə kağız yazıblar ki, bu gün kağızları çıxartmasam, sabah yazacaqlar prokurora. Ancaq bilirsən, dayı, deyirəm bəlkə kağızlar stolun üstündən düşüb, mən də fikir verməmişəm, hələ götürüb atmışam oda.
İ m a m y a r. Mən hələ sənə dedim ki, yaxşı bax, birdən gərəkli kağız-zad olar.
Y a ş a r. Yox, dayı, yəqin proyekti Toğrul özü aparmışdır. Üzünü yazdırmaq istəyir. Özü də məni qorxudur ki, danışmayım.
Uzaqdan çalğı səsi gəlir.
İ m a m y a r. Odur, başladılar həngaməni.
Y a ş a r. Barı, bu gün dayansa, daha qorxusu yoxdur. Daşqın vaxtında qabaq başlanmışdır (Barıya tərəf gedir).
İ m a m y a r (onun ardınca). Uzağa getmə a, qardaşoğlu, çılpaqsan, soyuq olar.
Yaşar gedir. T ü r b ə t gəlir.
İ m a m y a r. Evdə yoxdur. Get, qaş qaralan kimi götür gəl.
T ü r b ə t. Bu saat...
Türbət gedir. Y a q u t görünür. O biri tərəfdə çalıb, oxuyub oynayırlar.
İ m a m y a r (Yaquta). Nə var, kirkirə kimi nə fırlanırsan? Məxluq çalıb oynayır, get sən də qaxıl, otur bir yanda da. Gör bəlkə yenə də başımı cəncələ sala bilərsən?
Y a q u t. Mən atamı axtarıram (Gedir).
Şəkil dəyişir. T o ğ r u l, T a n y a, Y a q u t , N i y a z , Ə m i r q u l u
və başqaları oturmuşlar. Bir yanda kabab bişir, qablara ayran tökülmüşdür.
Çalır, oynayırlar. Xanəndə oxuyur.
O x u y a n
Dağ başından aşan bir çobandan,
Yar elin sevdiyin sordum, gəldim;
Min nəfər gözlərin arasında
Öz yarımı gördüm, gəldim.
Qara gözlərə, şirin sözlərə,
Gülər üzlərə uymaq olmaz.
Qara gözlərdən, şirin sözlərdən,
Gülər üzlərdən doymaq olmaz.
Sonuncu bənd hamı tərəfindən təkrar olunur.
T o ğ r u l. Biz bu gün Azərbaycan əməkçilərinə, Zaqafqaziya və bütün Sovetlər Ittifaqı əməkçilərinə birinci rayon elektrik stansiyası veririk. Yoldaş Imamyar, barıda adam var?
İ m a m y a r. Həri ya, həri ya... qardaşoğlu, bəs necə?
T o ğ r u l. Mən bütün mənimlə işləyən işçi və kəndlilərə, inşaatçı, injener və texniklərə, bizi təbrik edən təşkilatların nümayəndələrinə təşəkkür edirəm.
H a m ı. Ura... Ura...
N ü s r ə t. Yoldaşlar! Rəsmi hissəmiz qurtardı. Bizim sözümüz işimizdir. Hərçənd mən özüm də əvvəl günlər quruluşumuzdan qorxurdum, sonradan mərkəzə çağırıb anlatdılar, lakin bu günkü qələbəmiz sübut eləyir ki, bizim üçün mümkün olmayan şey yoxdur. Biz bir itirmişik, yüz qazanmışıq... Hələ bu günkü məclisimizə baxın: Dünən kişilərin təpiyi altında yaşayan qadınlar, bu gün bizimlə azad bir qadın kimi çiyin-çiyinə işləyir, çalışır, oxuyur, oynayır, gülürlər...
Ş ə r ə b a n ı. Bəs nədəndir bu qolçomaq oğlu qolçomaq məni işlədir, dəstimar eləyir, harama gəldi vurur, heç kəs danışmır?
Ə m i r q u l u. Qolçomaq sənin atandır. Yekə qolçomağı burada qoyub, mənim yaxama yapışmısan.
N ü s r ə t. Toğrul demişkən o, sinfi mübarizəni bir az saxla, sonar apararsan. Demək sabahdan yeni stansiyamız köhnə çıraqlı kəndimizi elektrik işığı ilə bəzəyəcəkdir. Bu bizim işimiz və sözümüzdür. Mən raykom adından bütün burada çalışan işçilərə, xüsusilə böyük əmək çəkən Toğrul yoldaşa və kəndimizin aktiv kolxozçusu olan İmamyar yoldaşa təşəkkür edirəm.
T ü r b ə t, T o ğ r u l. Imamyar hamıdan çox işləmişdir.
Ə m i r q u l u. Vay, ürəyim yandı, mənə bir kasa ayran verin!
İ m a m y a r. Mən öz hökumətimiz üçün, öz partiyamız üçün, hərçənd mən partiyaçı deyiləm...
Ə m i r q u l u. Sən harada aş, orada başsan də.
İ m a m y a r. Öz partiyamız üçün kolxoz yolunda, hər bir işdə candan-başdan keçməyə hazıram. Qoy mən ac olum, yalavac olum, təki işimiz yerisin.
N ü s r ə t. Sağ ol! Yoldaşlar, mən o biri yoldaşların yanına gedirəm, daha Həsən yoldaş buradadır.
H ə s ə n. Binaən-əleyh və məmafi, bir kənd soveti katibi kimi, bəndəniz idarə edəcəkdir.
Ə m i r q u l u. Bircə mən bunun mafiyəsini başa düşmədim axı.
H ə s ə n. Arqardaş, siz həmişə mənim sözlərimi sui təfəhhümə uğradırsınız və sizin sui-təfəhhümünüz məni sui-təzənnümə düşürür.
Ə m i r q u l u. Itəm, əgər bir kəlmə başa duşdümsə... Belə qırıldat ki, bu xalq da bir şey başa düşsün də...
H ə s ə n. Məmafi... çalan çalsın, oynayan oynasın, əlbəttə ki, ayrıayrı...
T o ğ r u l. Mən təklif edirəm: yastıbalaban çalsın, Əmirqulu dayı da bir-iki ağız oxusun.
Ə m i r q u l u (oxuyur).
İşıq çıxardaram çayın selindən,
Pambıq əkərəm, ipək çıxar telindən.
Ancaq qurtarın məni bu zındıq qızının əlindən,
Əl verirsən, təpik atır,
Can deyirsən, yan deyir...
Minnətim yox bəydən, sultandan, xandan,
Zalım qızı əl çəkməyir yaxamdan,
Gündə bir yorğanlıq yırtır çuxamdan.
Dindirirsən, tuman deyir,
Dindirmirsən qan deyir...
Oxlov qapdın, dinmədim,
Kösöv qapdın, dinmədim...
Ş ə r ə b a n ı. Yalançının atasına lənət! Əgər dinmədin, bəs bu gözümün altını kim qaraldıb?
Ə m i r q u l u. Mən nə bilim, bəs mən kişi-zad deyiləm! Sən məni vur, mən durum baxım!
T o ğ r u l. Mən təklif edirəm: Yaqut bir yaxşı hava bilir, oxusun, qulaq asaq.
H a m ı. Ay yaşa, yaşa...
Y a q u t. Mən oxumaq istəmirəm...
H a m ı. Olmaz, olmaz...
H ə s ə n. Məmafi oxumalısınız...
Çalırlar.
N i y a z. Oxu, zalımın qızı! İgidin sözü sınmaqdansa, namərdin beli sınsın. Təmiz ürəyə can qurbandır...
Yaqut istəməyərək oxumağa başlayır.
Y a q u t.
Mənə hər görən dedi: ey pəri, bu gözəllərin vəfası yox.
Çəkil eşqdən, uzaq eşqdən ki, səfası yox, cəfası çox,
Sənin ardınca yaşıl bağları, uca dağları aşaram, gözəl.
Sənin eşqindən gecə bilmədən, gündüz gülmədən yaşaram, gözəl...
Hamı oxuyur, oynayır.
Bu qara duman dağdan aşar, yar bağına yol salar.
Bu qara tikan tapdalanar, ayaqlanar, yar bağında gül qalar...
Getdikcə hava qaralır. Səhnə dəyişir. Y a ş a r tək barının üstündə oturmuş, düşünür. Arxada Yaqutun mahnısı, xor və gurultu bir də təkrar edir... Yağış başlayır, ildırım çaxır, ü ç n ə f ə r barıya yanaşır... İkisi uzaqlaşır, birisi fitili çəkib aparır və uzaqdan yandırır. Qaçarkən Yaşar birdən-birə başını qaldırır. Onu görüncə yerindən sıçrayır.
Y a ş a r. Ey, kimsən? Nə edirsən? Dayan deyirəm sənə.
Birdən dinamit partlayır, daş-torpaq göyə sovrulur. Yaşar yerə çırpılır. Arxadan bir kölgə ona tərəf qaçır. Uzaqdan güllə səsləri eşidilir.
İ m a m y a r. Kimsən? Tərpənmə!.. (Yaşarı tutub, suya atmaq istəyir).
Y a ş a r. Burax, burax məni...
İ m a m y a r. Ölsən də buraxmaram. Namərd oğlu, biz bura bir ətək pul qoymuşuq, sümük sındırmışıq, hamısını hədərə verdin. Sənin atovu yandıracağam...
Y a ş a r. Kim partlatdı? Mən deyiləm. Atan qaçdı. Burax deyirəm sənə.
O tərəfdən gurultu qopur. Məşəllər görünməyə başlayır. T ü r b ə t və M i r s ə q u l u əllərində tüfəng qaçırlar.
İ m a m y a r. Adə, Yaşar, Yaşar, Toğrul, Nüsrət... Buraya gəlin, tutmuşam. Evimizi yıxdı zalım oğlu... Su basdı aləmi... Bura gəlin!..
T o ğ r u l (ardınca Nüsrət, Tanya, Yaqut qaçaraq). Nə var, kimdir?
İ m a m y a r. Budur, burda tutmuşam. Barını partlatdı, evimizi yıxdı, zalım oğlu.
T o ğ r u l. Kimdir? (Məşəli üzünə tutur). Yaşar! Tfu, köpək oğlu! (Bütün qüvvəti ilə ona bir şillə vurur).
H a m ı. Yaşar?
İ m a m y a r. Yaşar! Vay zalım oğlu, nə elədin? Evimizi yıxdın ki...
Y a ş a r (həyəcanla). Tez suyun qabağını kəsin! Stansiya məhv olur...
Yaqut onun üzünə baxır və üzünü örtərək, gücsüz divara söykənir.
T o ğ r u l. Tez, daş verin, kisələri doldurun...
S ə s l ə r. Su qalxır...
H ə s ə n. Su gəlir, qaçın...
Ş ə r ə b a n ı. Su gəlir, qaçın.
Y a ş a r. Dayanın! Nə edirsiniz? Stansiyanı dağıdırsınız. Ey, briqada, əmrimə qulaq as!
S ə s l ə r. Su qalxır.
Ş ə r ə b a n ı. Su gəlir, qaçın...
Y a ş a r. Heç kəs danışmasın. Briqada, 8 nəfər ayırıb, yuxarı dönüşdən arxın qabağını aç! Kisələri geriyə, istəməz! Qoy su əvvəlki axınla getsin...
T o ğ r u l (bağıraraq). Nə edirsən, Yaşar? Bu yol dağılıb, indi o birini də dağıtmaq istəyirsən?
Y a ş a r. Qoy dağılsın, orada arx dağılır, burda stansiya. Ey, briqada, əmrimə qulaq as! Dönüşdən arxın qabağını aç...
T o ğ r u l. Doğru deyirsən, Yaşar! O mənim əqlimə gəlməmişdir. Tanya, tez yuxarı...
N i y a z. Ay haray, qızımı su apardı!..
H a m ı. Yaqutu su apardı...
Y a ş a r. Kəndir verin! Türbət, atıl suya!
T ü r b ə t. Necə? Bu qiyamətin içinə atılmaq olar? Adamın atasını yandırar.
N i y a z. Ay camaat, qoymayın, qızımı su apardı!
T a n y a. Yaşar, Yaşar!..
Ya ş a r. Qapağı açdılar?..
N i y a z (qaçaraq). Açdılar, stansiya xilas oldu, ancaq Yaqutu su apardı!
Heç kəs qorxusundan suya atılmır.
Y a ş a r. Mən onu qurtararam (Suya atılır).
H a m ı. Ah!..
T a n y a. Yaşar!
N ü s r ə t. Batdı...
N i y a z. Odur, çıxdı...
N ü s r ə t. Kəndir verin...
H ə s ə n. Tutdu qızı...
N ü s r ə t. Atın kəndiri!
H ə s ə n. Çəkin, çəkin!..
N ü s r ə t. Paltar verin!
T a n y a. Ala!..
N ü s r ə t. Su yavaşıdı...
H ə s ə n. Su azaldı!
Y a ş a r. Su azaldı, indi atın kəndiri.
T o ğ r u l. Stansiya xilas oldu...
N ü s r ə t. Bu qoçağı isə, birbaş dustağa...
P ə r d ə
SƏKKİZİNCİ GÖRÜŞ
Hazır stansiyanın bayır görünüşü. Y a ş a r məhkəmə qarşısında... dalğın bir görünüşlə oturub papiros çəkir.
Məhkəmə heyətində s ə d r, p r o k u r o r, İ v a n o v, e k s p e r t , N ü s r ə t və başqaları... Kəndlilər yığışıb qulaq asırlar.
P r o k u r o r (durur). Müttəhim Yaşar Süleyman oğlu proyekti yandırmaqla və elektrostansiyanı partlatmaqla xalqın malına qəsd etmişdir. Halbuki sovet qanuni-məcəlləsinə görə ictimai əmlak – el malıdır, toxunulmaz və müqəddəsdir. El malına qəsd edənlərə ən ağır cəza verilməlidir. Mən bir dövlət prokuroru kimi, bunu israrla tələb edirəm...
H ə s ə n. Deməli, prokuror güllələnmək tələb edir...
S ə d r. Vətəndaş Yaşar! Deməli, siz proyekt yandırmağınızı və stansiyanı partlatmaq istədiyinizi inkar edirsiniz?..
Y a ş a r. Mən inkar etmirəm: proyekti mən yandırmamışam, stansiyanı da partladan mən deyiləm. Mən təkrar edirəm ki, mənim işlərdən xəbərim yoxdur...
P r o k u r o r. Vətəndaş Yaşar! Siz öz yoldaşlarınız olan Toğrul və Tanyaya demişsiniz ki, proyekti yandırmışsınız, doğrudurmu?
Y a ş a r. Mən belə söz deməmişəm...
P r o k u r o r. Vətəndaş sədr! Mən şahidlərə bəzi sorğular verə bilərəmmi?
Y a ş a r. Mən belə söz deməmişəm...
P r o k u r o r. Vətəndaş Toğruldan soruşmaq istəyirəm (Toğrul qalxır). Vətəndaş Yaşar proyekt və stansiya haqqında sizə nə demişdir?
T o ğ r u l. Yaşar bizə dedi ki, proyekti yandırmışdır. O deyirdi ki, proyekt el malı deyil, mənim öz xüsusi malımdır. Doğrusu, mən ona inanmırdım, yəni axtarsanız, indi də heç inana bilmirəm. Ancaq özüm də elə qalmışam məəttəl: yaxşı sən vurmadın, mən yıxılmadım, bəs bu nə oldu?
P r o k u r o r. Nə üçün, səbəbini demədimi?
T o ğ r u l. Səbəbini mən bilmirəm... deyirəm bəlkə onun başladığı işi alıb mənə tapşırdılar, bu ona toxundu. O vaxtdan mən onda özümə qarşı bir soyuqluq hiss edirdim.
P r o k u r o r. Vətəndaş Tanya Sviridova! (Tanya qalxır). Vətəndaş Yaşar proyekt haqqındakı sözləri sizin yanınızdamı dedi? Siz də eşitdinizmi?
T a n y a. Mən eşitdim... o dedi: proyekt mənimdir, yandırmışam. Ancaq, doğrusu, mən də inana bilmirəm.
P r o k u r o r. O sizin öz işinizdir. Bizə isə fakt lazımdır. Vətəndaş Yaşar Süleyman oğlu, sizin üçün bu şahidlər kafi deyilsə, başqalarını dindirək.
Y a ş a r. Yox, mənim indi yadıma düşür, onlar doğru deyirlər. Mən bu sözləri demişəm.
P r o k u r o r. Rica edirəm, müttəhimin sözləri yazılsın!
Y a ş a r. Mən ancaq onları hələ-belə demişəm.
S ə d r. Necə hələ-belə?
Y a ş a r. Bilmirəm, mənim onda ağlım başımda deyildi. Yaxşı yadımda yoxdur, bilmirəm nə oldu ki, dedim, gərək ki, acıqdan dedim.
P r o k u r o r. Əlbəttə, sakit vaxtda siz öz işiniz haqqında onlara doklad verməzdiniz... Toğrul sizin işinizi apardığı üçün ondan xoşunuz gəlmədiyindən acıqlanıb demişsiniz. Rica edirəm bunu da yazasınız.
S ə d r. Siz hadisədən bir az qabaq evdə kağız yandırmışsınızmı?
Y a ş a r. Yandırmışam. Ancaq mən ayrı kağızları yandırmışam.
S ə d r. Bəlkə acıqlı olmuşsunuz, bilmədən o kağızları da qatışıq oda atmışsınız.
Y a ş a r. Güman etmirəm... Doğrudur, mən acıqlı idim, ancaq yadıma gəlir, İmamyar yoldaş mənə dedi ki, yaxşı bax, gərəkli kağız olmasın. Bu söz hər halda məni diqqətli baxmağa məcbur edə bilərdi...
P r o k u r o r. Siz onda nə üçün acıqlı idiniz?
Y a ş a r. Bir çox səbəblər var idi.
P r o k u r o r. Məsələn?
Y a ş a r. Biri odur ki, məni səbəbsiz və təqsirsiz olaraq işdən çıxartmışdılar, mən öz başladığım işə qıraqdan baxmağa məcbur olmuşdum...
P r o k u r o r. Rica edirəm bu sözləri yazasınız oraya!
Y a ş a r. Çoxusu da səbəbi bu deyildi. Mən onda öz təcrübə tarlamdan qayıtmışdım. Mənim hesabıma görə, pambıq çoxdan baş verməli idi. Ancaq bir əsər yox idi. Çoxusu da ona görə acıqlı idim.
P r o k u r o r. Rica edirəm bunu da yazasınız oraya!
Y a ş a r. Yəni axtarsanız, acıqlı deyildim, ancaq ovqatım təlx idi, həm də onlar mənimlə çox acıqlı danışırdılar... Mən də acıqlandım...
P r o k u r o r. Onun fərqi yoxdur.
S ə d r. Vətəndaş Yaşar, dinamit partlayan gecəsi hamı qonaqlıqda ikən, siz tək barı üstündə nə edirdiniz?
Y a ş a r. Mən işləri gözdən keçirmək, həm də bir az dincəlmək istəyirdim.
S ə d r. Siz qonaqlığa nə üçün getməmişdiniz?
P r o k u r o r . Bəlkə buradakı işiniz ondan vacibli imiş?
Y a ş a r. Yox... bir elə işim yoxdu... ancaq ürəyim incikdi... Mən o iş üstündə can qoymuşdum. Qurtarandan sonra günahım da olsa, onlar məni çağıra bilərdilər.
P r o k u r o r. Deməli, bu sizə toxunmuşdu?
Y a ş a r. Bir az...
P r o k u r o r. Rica edirəm bunu da yazasınız oraya... Demək onu çağırmamışdılar, ona toxunmuşdur.
Y a ş a r. Mənə bir qədər toxunmamışdı... belə azacıq.
P r o k u r o r. Qədəri vacib deyil.
H ə s ə n. Məmafi. Biz heç kəsi tək-tək çağırmamışıq.
S ə d r. Sonra siz evdən çıxarkən dinamit evdə idi. Qapını açarladınızmı və dinamit harada idi?
Y a ş a r. Mən evdən çıxarkən dinamit evdə idi. Qapını açarladım, açar axıra kimi cibimdə idi.
S ə d r. Buna baxmayaraq siz dinamit partlatmış olduğunuzu inkar edirsiniz? Siz deyilsiniz, kim ola bilərdi?
Y a ş a r. Çünki mən partladanı görə bilmədim.
P r o k u r o r. Şahidə sorğu vermək olarmı?
S ə d r. Soruşa bilərsiniz.
P r o k u r o r. Şahid İmamyar Rəhim oğlunun sizə qarşı bir ədavəti, ya sizinlə bir düşmənçiliyi varmı, varsa, nədir?
Y a ş a r. Onun mənə qarşı heç bir düşmənçiliyi yoxdur.
T o ğ r u l. Proyekt haqqında da bizim təklifimizə birinci səs verən yoldaş Imamyar olmuşdur. Sonra da, bütün işlərdə hamıdan artıq çalışmış və bizə hamıdan artıq kömək etmişdir.
Ə m i r q u l u. Zatuva bərəkallah, Imamyar, özgə sözüm yoxdur.
P r o k u r o r. Vətəndaş Imamyar, siz neçin hadisə yerinə gələn kimi Yaşar Süleyman oğlunu tutdunuz?
İ m a m y a r. Çünki özgəsi yox idi. Birdən mən onu tanımadım. Olar ki, mən öz gördüyümü yerbəyer danışım?
P r o k u r o r. Olar, olar danışın.
İ m a m y a r. Mən hələ qonaqlıqda idim, bir də gördüm bir şey partladı. Tez atıldım bayıra. Gördüm biri sürünə-sürünə qaçır, hələ çatdım girişdim ona, əlbəyaxa oldum...o məni, mən onu... Gördüm yox, gücüm çatmayacaq, uşaqları səslədim. Uşaqlar gəldilər, fənəri tutdular, gördüm bu... Deyirəm yaxşı ki, Allah üzümə baxıb, uşağı vurub yıxmamışam çaya...
P r o k u r o r. Vətəndaş Yaşar, siz nə üçün sürünə-sürünə qaçırdınız?
Y a ş a r. Mən dinamitin gücündən yıxılmışdım. Qaranlıqda, ayağım ilişdi, yerə yıxıldım. Bu halda o məni tutdu.
P r o k u r o r. Çox gözəl. Rica edirəm müttəhimin sürünərək qaçdığını qeyd edəsiniz. Vətəndaş İmamyar, deyin görək: o, axır vaxtlar nə üçün acıqlı idi?
İ m a m y a r. Vallah, yoldaş, dahı onu ərz eləyim. Axtarsanız, bunlarda da az yoxdur. Hələ bu təqsirin bir ucu da bax, bu Toğrulun boynundadır...nəyə ki... Mən gördüm ki, deyir belə yandırram, belə kəsərəm. Mən gəldim Toğrula dedim. O, istəsəydi hələ mən deyəndə kağızları ondan xoşluqla alardı. Bu, hələ özü də bir başısoyuqluqdur.
T o ğ r u l. Yoldaş İmamyar doğru deyir, o mənə demişdi... xəbərdarlıq vermişdi. Ancaq elə yumşaq bir şəkildə dedi ki, mən fikir vermədim. Bir də mən inana bilmirdim, yəni indi də inana bilmirəm ki, Yaşar belə iş eləsin... Axı mən bu zalım oğlunu tanıyıram: bir yerdə oxumuşuq, dost olmuşuq.
İ m a m y a r. İndi o biri tərəfinə gələk. Hələ sən Toğrul bilirsən ki, bu uşaq, yalan-doğru, o qızın üstündə cəncələ düşübdır. Ondan sonra götürüb o qızı avtomobilə mindirmək, atasıynan dost olmaq, pencək vermək, papaq vermək, yəni?.. Hər kəs olsa, bir az toxunar ona da... Atası mənim qardaşımdır ki, ancaq itməcazdır.
N i y a z. Eh... yenə ağzımı açır a...
S ə d r. Yavaş, səs salmayın, yoldaşlar!
P r o k u r o r. Vətəndaş Toğrul! Siz vətəndaş Yaqut Niyaz qızını maşına mindirmişsiniz və əgər mindirmişsiniz, nə üçün?
T o ğ r u l. Mən o qızı tovlamaq istəyirdim, mən onları ata-bala şefliyə götürmüşdüm. Onun atası yoxsuldur, bir az cini boğazındadır. Ancaq yaxşı adamdır. Mən istəyirdim ki, qızın da, atasının da, ürəyini alım, Yaşarın yaxasından əl çəksinlər.
P r o k u r o r. Sizcə, o sizi qısqana bilməzdimi?
T o ğ r u l. Ola bilər. Ancaq bu mənim ağlıma gəlməmişdi. Mənə qalırsa, bu işin əsası daha dərin ola bilər.
P r o k u r o r. Məsələn?
T o ğ r u l. Məsələ belə ola bilər. Biz onun proyekti ilə stansiya tikdik, sədd çəkdik, milyonlarla pul tökdük. Həmən proyekt ilə Yaşar təcrübə tarlası salmışdı, pambıq bitmədi. Laboratoriyadakı təcrübədə duz puç olurdu, açıq havada olmadı. Professor Belokurovun dedikləri doğru çıxdı. Yaşar öz işlərinin üstünü örtmək üçün bu işi görmüş olar. Beləliklə iş səssiz-səmirsiz ötüb gedə bilərdi.
P r o k u r o r. Rica edirəm bunu da yazasınız.
T o ğ r u l. Ancaq yenə də inanmağım gəlmir, doğrusu məəttəl qalmışam. Mənə elə gəlir ki, burada bir sinfi düşmənin əli vardır... Odur ki, mən xahiş edirəm: proletar məhkəməsi bizə bu işdə kömək eləsin.
Y a ş a r. Sonra yenə də suyu sən saxlamadın, mən saxladım.
P r o k u r o r. İş başında tutulandan sonra çarə yox idi.
Y a ş a r. Mən stansiyanı, o kağızları göz bəbəyim kimi istəyirdim, necə oldu ki, mən onları məhv etdim?!
P r o k u r o r. Müttəhim: son bir sorğu: siz o qızı nə üçün qucaqlamışdınız?
Ə m i r q u l u. Eh... dahı adam adamı nə üçün qucaqlayar! Şərəbanı deyil ki, qucaqlayıb məni bassın əhəng vedrəsinə.
Ş ə r ə b a n ı. Yaxşı eləmişəm, əcəb eləmişəm.
S ə d r. Səs salmayın, yoldaşlar!
Y a ş a r. Mən onu qucaqlamamışdım... o ağlayırdı, mən onu sakit eləmək istəyirdim.
P r o k u r o r. O neçin ağlayırdı?
Y a ş a r. Mən bu sorğuya cavab vermək istəmirəm.
S ə d r. Vətəndaş Yaşar, prokuror sizi el malına qəsd etməkdə təqsirləndirir, siz isə özünüzü müdafiə etmək və cavab vermək istəmirsiniz... Bunun nəticəsi isə ən ağır cəzadır.
P r o k u r o r. Qanun fakt tələb edir. Şahidlər və bütün açıq vəziyyət göstərir ki, proyekti o yandırmışdır... dinamiti o partlatmışdır. Ona görə onun deməyə sözü yoxdur.
Y a ş a r. Məni öz yaratdığımı yox etməklə təqsirləndirmək, proletariatın düşməni kimi mühakimə etmək, inqilabın 15 illiyində məni əksinqilabda təqsirləndirmək! Qoy məni güllələsinlər, mən artıq heç bir sorğuya cavab verməyəcəyəm.
Y a q u t. Dayanın, yoldaşlar, qoyun, mən özüm cavab verim.
A d a m l a r. O kimdir? O nə deyir?.. Yaqut!..
S ə d r. Sən nə istəyirsən, qız?
Y a q u t. O heç bir şey bilmir, mən hamısını bilirəm. Qoyun, onun yerinə mən cavab verim.
İ m a m y a r. İtil bir yana, qız.
Y a q u t. Yox, daha bəsdir, qoy məni öldürsünlər. Mən hamısını deyəcəyəm. Qulaq asın... onda heç bir təqsir yoxdur. Bütün bu işləri özgələri eləyiblər... Qoyun, mən hamısını deyim. Sonra hər nə olacaq olsun.
S ə d r. Qorxma, qızım, danış... hamısını...
Y a q u t. Mən ağlayıb ona yalvarırdım ki, kənddən getsin. Mən ona demirdim, qorxurdum, onu yox eləmək istəyirdilər.
S ə s l ə r. Kim, axı?
Y a q u t. Budur, bunlar, bax... bu... bu... bax... bu... (İmamyarı, Türbəti, Mirsəqulunu göstərir). Məni o qucaqlamamışdı, mənə (İmamyarı göstərir) o dedi ki, deyinən məni gücnən tutmuşdu. Kağızları yandıran da odur, barıt qutusunu da evdən aparan, bax, onlardır. Əmim onları göndərdi, mən dallarınca getdim... Pəncərədən girdilər, götürdülər.
P r o k u r o r. Deməli, kağızları o yandırdı, sən gördün?
Y a q u t. Mən onların fikrini bilirdim. Yaşar evdən getdi, mən pəncərədən baxırdım (İmamyarı göstərir). O qayıtdı, kağızları götürdü, oda atdı...
P r o k u r o r. Demək kağızlar yanmışdır...
Y a q u t. Yox, kağızlar yanmamışdır, kağızlar budur, məndədir. Mən qabaqca onları götürüb, yerinə başqa kağız qoymuşdum. Budur, bu da kağızlar!
Y a ş a r (həyəcanla). Proyekt özüdür, özüdür...
İ m a m y a r. Elə isə, al!
Tapança ilə atarkən Əmirqulu onun qolundan tutub, gülləni göyə sovurur.
S ə d r. Tutun onu!
A d a m l a r. Tutun onu, tutun, o birilərini tutun...Tutub tapançasını alırlar.
T o ğ r u l. Vay, köpək oğlu.
B ə h r a m. Tfu! Gördün, adə Toğrul, nə oldu? Dedim sizə bunun sir-sifəti mənim gözümə tərs-avand görünür, dediniz yox.
Bu aralıq bayırda gurultu qopur.
B e l o k u r o v u n s ə s i. Hanı Yaşar, hanı Yaşar?..
Professor B e l o k u r o v şalvarını çəkə-çəkə içəri yüyürür, sevincindən atılaraq Yaşarı axtarır. Yanına qaçıb onu qucaqlayır.
Yaşar, axır ki, tapdım zəhrimarı... Bilirsən nə imiş! Ağdaş, ağdaş. Əkdim, getdim Rostova, dünən qayıtdım, gördüm göyərib. Təkcə ağdaş.
S ə d r. Vətəndaş, siz nə edirsiniz, nə deyirsiniz?
B e l o k u r o v. Hə? Ağdaş, ağdaş. Başqa heç bir şey yox. Hələ o şeylər, bir də ağdaş. Mən sənin canını qurtardım.
T a n y a. O, məhkəmə qarşısındadır, professor!
Ə m i r q u l u. Kişinin az qalmışdı atasını yandırıb, söykəsinlər divara ki...
B e l o k u r o v. Necə yəni məhkəmə, hanı məhkəmə? Mən onu vermərəm... O mənim ən yaxşı tələbəmdir. Beş il onun üstündə əzab çəkmişəm, bir ana kimi nazını çəkmişəm. Yox, vermərəm, mən qoymaram! (Həyəcanla Yaşarı qucaqlayır, birdən yadına bir şey düşür) Dayan, dayan, ağdaş bir də kömür, kömür, zəhrimar lap yadımdan çıxmışdı (Bayırdan bir yekə yeşikdə pambıq gətirir). Açıq havada əkmişəm. Gözəl pambıq olacaqdır. Yaşar, bəs sənin stansiyan budur?
T a n y a. Stansiya və hər şey hazırdır, professor!
B e l o k u r o v (ona tərəf dönür). Tanya, sən də buradasan? Hamısı bizimkilərdir (Onlarla görüşür). Doğrudan bu məhkəmə nədir?
S ə d r. Məsələ aydındır: aldığımız materiallar vətəndaş Yaqut Niyaz qızının sözlərini təsdiq edir. Prokuror vətəndaş Yaşarı ittiham etməkdən boyun qaçırır. Müqəssirlər məsuliyyətə alınırlar. Aparın onları... Bununla bərabər, məhkəmə qeyd edir ki, yerli təşkilat rəhbərlərindən bəziləri bu işdə opportunizmə yol verib, sinif düşməninə göz yummuşlar, əlbəttə, lazımi idarələr bunu nəzərdən qaçırmışlar... Siz isə yoldaş Yaşar, bu gündən azadsınız...
H a m ı. Ura...
T o ğ r u l. Hə, yoldaş Niyaz, necə görürsən bu işləri?
N i y a z. Məni də o köpək oğlu yoldan çıxarmışdı. Yaxşı, köpək oğlu, gələrsən,
evdə danışarıq!
T o ğ r u l. Sağ ol, yoldaş Yaqut.
Y a ş a r. Sağ ol, Yaqut. Mən səni bu qədər qoçaq bilməzdim.
Ə m i r q u l u. Ağız, Şərəbanı, dahı biz neçin qalmışıq. Gəl barışaq da
(Şərəbanı ilə öpüşürlər). Ancaq o xəmir-tabağa yoxam.
B e l o k u r o v. Daha qorxma, Yaşar. Sal işə stansiyanı. Pambıq olacaqdır.
Səhnə yavaş-yavaş qaralır və birdən elektrostansiyada və bütün evlərdə işıq yanır... Səhnə işıqlandıqca stansiyanın yanında geniş bir pambıq zəmisi görünür.
Qızlar, oğlanlar bir səslə oxuyaraq, pambıq yığırlar.
Mən bir azad, şən ölkənin oğluyam,
Başdan-başa əməkçi bir elim var.
Daşqın-daşqın Arazları, Kürləri
Poladlarla qapaqlayan əlim var.
Şoranları bağçalara döndərər əməyim...
Dəmirlərə həyat verib işlədər biləyim...
Yer üzünü alarıq,
Şən bir bağça salarıq.
Yerdən uçar,
Aydan keçər,
Ulduzlara varmaqçın
Göyün geniş qəlbinə
Dəmir qanad çalarıq.
Əsgəriyəm mən bu polad ordunun, gücüm çox,
Bizim üçün yer üzündə alınmaz bir qala yox!
P ə r d ə