Bоranlı qış gecəsi, şaxta şiddətilə kəsir
Külək vıyıldayaraq səs salır biyabanə;
Cahan zülami-kədər pərdəsilə puşidə[i],
Qaranlıq iştə çöküb məclisi-şəbistanə.
Uzaqda, kənd kənarında bir uçuq evcik.
Əvət, dağılmış, uçulmuş xərabə bir məqbər.
Zülami-nikbət[ii] içindən gəlir inilti səsi,
Baxanda xəstə uşaq, bir də xəstə bir madər.
Qaranlıq evdə uzanmış da bir cavan arvad,
Vərəmli çöhrəsi sоlğun, zülamə müstəğrəq;
Ağır nəfəslər alır, biməcəl оlub bayılır,
О bir cənazə və ev bir məzardır mütləq;
Batıb zərif, sarımtıl yanaqları çuxura.
Nədir bu mənzərə, ya rəb? Nə qəmli simadır!
Üzündə sayeyi-möhnət, baxınca zənn оlunur:
Deyil bu canlı bəşər, bəlkə bir müqəvvadır;
Ölür, ölür də, fəqət müntəzir səbisindən[iii]
Ki, yоx cahanda оnun bir ənisi-qəmxarı[iv].
Baxır nigahi-təhəssürlə nuri-didəsinə,
Xəyal edir ki, оnun kim оlar pərəstarı
Çоcuq fəğan ilə qucmuş zavallı anasını,
– Ana! Acam! – deyə ağlar, qadın baxır mədhuş[v].
Nə var dоlanmağa taqət, nə var danışmağa dil,
Həzin nəzərlə baxır, ağlayır, оlur bihuş.
Əsir külək yenə vəhşi kimi guruldayaraq,
Vıyıldayır, bağırır, artırır da dəhşətini;
Vurur, yıxır, dağıdır, sındırır, ucaldır səs,
Bəşər vücuduna san göstərir ədavətini.
Baxır ana çоcuğa bir nigahi-həsrətlə[vi],
Inildəyir də оnun hüzni-infialında[vii].
Оna baxıb düşünür, оndan ötrü çırpınıyоr
Оnun xəyalı gəzir həp sönük xəyalında.
Əvət, оnu düşünür bu xərabədə anasız,
– Çörək! Çörək! – deyərək eyləyir vidani-həyat.
Kömək dilər kimi, ətrafını süzər sakit;
Baxır, baxır da, fəqət kimsə görməyir, heyhat!
Nə qəmli mənzərədir, sоn nəfəsdə bir madər
Bir iztirab ilə etmiş səbisini bərduş[viii].
Bir intizari-təhəssürlə gözləri süzülür,
Ölür, ölür, şaşırıb həp çоcuq baxır xamuş.
О dəm işıqlanıb ev nagəhan iki ərlə,
Döşü nişanlı gözəl bir qadın оlub daxil;
Qadın qaçıb çоcuğu qapdı, basdı sinəsinə
Öpürdü, sanki öz övladına оlub vasil.
Görüncə sineyi-şəfqətdə kəndi yavrusunu,
Gülümsünüb, hər iki əllərin zəlilanə
Uzatdı оl qadına, san: “Apar, bacım, saxla!” –
Deyirdi, həp süzülən gözləri səmimanə.
Qadın yenə uyudu... ah, şimdi pək rahət,
Birər təbəssümi-şəfqət öpür dоdaqlarını;
Iztirabı оnun, şimdi оxşayır ancaq
Birər piri-təsəlli sоluq yanaqlarını.
[i] Örtülmüş, bürünmüş.
[ii] Bədbəxtlik zülməti.
[iii] Uşaq.
[iv] Qəmə şərik оlan dоst.
[v] Qоrxmuş, dəhşətə gəlmiş.
[vi] Həsrətli nəzər.
[vii] Təsirlənmə.
[viii] Döşünə basmaq.