Hacılar, ay hacılar, can sizə qurban hacılar,
Ərəb eylər sizi hər ilbaşı talan, hacılar.
Kəbə vacibdi müsəlmana bə fərmani-rəsul,
İşbu fərman nə gözəl şeydi kim eylərsə qəbul,
Mən müsəlman deməm ol şəxsə edə bundan üdul,
Ərş hamilləri həm Kəbəyə eylərlər hülul,
Hacılar, ay hacılar, ay hacılar, hacılar,
Qövmi-qüttali-ərəb verdi sizə vay, hacılar!
Kəbədən sizlərə vacibdi, əvət, hifzi-bədən,
Etməyirsiz bədəni hifzi-müraat, nədən?
Malü canı buraxırsız nədən, ey Kəbəsevən,
Kəbəniz düzmü, əgər ac yata övladi-vətən?
Hacılar, ay hacılar, ay evi viran hacılar,
Gündə min dəfə içər ailənız qan, hacılar!
Pah pür xöfv-xətər, qafilə bir yarü müin,
Gömülüb rikə, sizi eyləyər ərab, kəmin,
Qorxulu bir səfərə razımıdır sahibi-din?
Haşalillah, belə bir hökmü sanam fərzül-eyn.
Sanmayız firqəyi-ərabı müsəlman, hacılar,
Yer üzündən buları məhv edə sübhan, hacılar!
Sizə ağlar dağınız, daşlarınız, gölləriniz,
Bağlanıb qana bələşmiş ip ilə qollarınız,
Sədd olub rah-zanani-ərəbə yollarınız,
Baz edib malınıza ağzını konsullarınız.
Sizi satmış bulara dövləti-İran, hacılar,
Axçanızla dolacaq hər kafeşantan, hacılar!
Nazpərvər balanız kuçəvü bazarı gəzər,
Ağlasınlarmı düşəndə yadına mehri-pədər,
“Ata vay” naləsi çəksinmi bəradər, xahər,
Neyləsin bunları gördükdə yazıq bir madər?
Oldunuz nafilə siz qərqeyi-tufan, hacılar,
Dəvələr halınıza eyləyir əfğan, hacılar!
Hərəmi-Kəbəyə sükkani-səma hacibdir,
Kəbənin hökmü müsəlmana, əvət, cazibdir,
Məncə bu hökmü danan mürtəd, həm kazibdir,
Kəbədən sileyi-ərham sizə vacibdir,
Versəniz sileyi-ərhamə əgər nan, hacılar,
Kəbəni lütf edəcəkdir sizə yəzdan, hacılar!
“Molla Nəsrəddin”,
11 yanvar 1914, № l