Qurma bihudə, a Molla, bu qədər həngamə sən,
Bisəmərdir hər qədər qılsan fəğan islamə sən.
Diqqət eylə, ay balam, qıl bir nəzər əyyamə sən,
Türkiyədən çox demə, gəl burda bax bayramə sən,
Mən deyirdim bəs ki sən bir aqili-fərzanəsən,
Bilməmişdim, əfv elə, divanədən divanəsən.
Hərzəvü hədyan deyib gəl beynimi qazma dəxi,
Türklərin hali-pərişanın bizə yazma dəxi,
Sən nə millətsən onu qan, düz yolu azma dəxi,
Şiəsən saxla Əli bayramını pozma dəxi,
O nə surətdir çəkibsən başqa bir əfsanə sən,
Bilməmişdim, əfv elə, divanədən divanəsən.
Sən bilirsən ki, bu bayram mötəbər bir eyddir,
Çünki banisi bunun şahi-Əcəm Cəmşiddir.
Ol səbəbdən şiənin əyyami-bazdididir
Eyş, nuş əyyamıdır, bədməstlik təbiidir,
Bütpərəstsən, hər nəsən həmsayəsən İrana sən
Bilməmişdim, əfv elə, divanədən divanəsən.
Biz kimik, türklərdi kimlər heç düşünməzsənmi ya,
Nə eyləyək ki, Türkiyə şimdi olub matəmsəra?
Dərdimiz nə?.. Şimdi bayramdır fəqət gəl bax bura,
İştə doldur bir bakal, novruzdur qaldır başa,
Etmə bu Qafqazı gəl Allah üçün qəmxanə sən,
Bilməmişdim, əfv elə, divanədən divanəsən.
Şimdi stollar bəzənmiş alma, limu, portağal,
Hər evə getsən mühəyyadır sənə zurna-qabal,
Konyakı çək başa nuş et şişə ilə dalbadal,
Çun sənə mövladı heydər həşrdə yoxdur sual,
Bundan özgə saxlama yadında bir əfsanə sən,
Bilməmişdim, əfv elə, divanədən divanəsən.
“Molla Nəsrəddin”,
15 mart 1913, № 9