Xavər hələ də Sudabəgildə yaşayırdı. Onların arasında çox tez mehribanlıq əmələ gəlmişdi. Xavərin fəlakətzədə həyatı Südabənin qəlbində ona qarşı silinməyəcək bir məhəbbət oyatmışdı. Xavər də Südabəni ilk gündəcə sevmişdi. Onun sadə təbiəti, açıq və saf qəlbi, həyat və insanlara xeyirxah əlaqəsi xoşuna gəlmişdi. Hələ, Friduna olan məhəbbətini bildikdə qəlbində ona daha artıq bir yaxınlıq duymuşdu. Südabə ona xüsusi bir otaq ayırmışdı. Azad və Ayaz üçün də orada iki balaca çarpayı qoymuşdu.
Bütün günü Xavərlə birlikdə gah fəhlə qadınlar arasında, gah məktəblərdə olan Südabə, axşamlar vaxt tapıb hər iki uşağa dərs də verirdi. Arabir Xavər zarafat edirdi:
- Azad mənim balamdır, Ayaz da Südabənin!..
Bir axşam artıq uşaqlar yatdığı zaman Fridun və Kürd Əhməd gəldi.
- Hə, necəsən, fars qızı? - deyə Kürd Əhməd Xavərə müraciət etdi: - Artıq Südabə və Fəridə ilə birlikdə İran qadınlarının azadlıq bayrağını qaldırmaq vaxtı çatmışdır!
Südabə:
- Biz hazırıq, - dedi və Friduna baxıb qızardı.
Bu zaman Aram, Sərxan və Fəridə də gəldi. Fridun Fəridəyə baxdı:
- İndicə Kürd Əhməd sizdən danışırdı.
Fəridə güldü:
- Deyirəm axı, yolda qulağım qaşındı.
- Hansı qulağın?
- Sağ qulağım idi. Yəqin yaxşılığıma danışıb.
Aram yarızarafatla:
- Sizin kimi qoçaq qadınlardan da pis danışmaq olarmı? - deyib güldü. Yenə qapı döyüldükdə Südabə qapıya qaçdı. Bu dəfə gələn Yavər Əzimi və Hafiz Biluri idi. Sərtibin əqidə yoldaşı olan bu adamlar, onun xatirəsini əziz tutaraq vəsiyyətinə əməl etmiş və Fridun, Kürd Əhməd, Rza Qəhrəmani ilə birləşmişdilər.
Fridun Hafiz Bilurinin əlini sıxdı:
- Oturunuz, möhtərəm müəllim, - dedi, indi elm və biliyin həqiqi sahibləri gəlib sizi tapacaqdır.
Hafiz Biluri gülümsədi:
- Zəhmətkeşlər və əliqabarlıların balaları!. Mən onları çoxdan gözləyirəm, oğul.
Fridun:
- Bilirəm, bilirəm, müəllim, - deyib onların ardınca içəri girmiş Qurban Mərəndiyə döndü:
- Hə, necəsən, dost?! Yenədəmi qızğınlıq edirsən?
Qurban:
- Bəs necə, - dedi, - cənubun istiləri məni süstləşdirə bilməzdi. Lakin indi necə mübarizə aparmaq lazım olduğunu bilirəm. Həyat insana çox şey öyrədir.
Yenə qapı döyüldü. Gələn cənub sürgünündən yeni qayıtmış və fəaliyyətə qoşulmuş Cəlili idi. Yanında da Fridungilin tanımadığı iki adam vardı. Hələ onlar içəri girməmiş hamı ayağa durmuşdu. Cəlili salam verib görüşdükdən sonra hörmətlə yana çəkildi, ortaboylu, geniş alınlı, saçları ağarmış ağıllı və kəskin baxışları ilə məclisi süzən adamı təqdim etdi:
- Ağayi Seyid Cəfər Pişəvəri!..
Bu adı eşidən kimi gözlərdə təəccüb və sevinci andıran bir canlılıq əmələ gəldi. Pişəvərinin dodaqlarında daima üzünü işıqlandıran xəfif bir təbəssüm vardı. Fridun, Kürd Əhməd, Aram və başqaları yaxınlaşaraq, onunla görüşdülər. Hərəkətlərdə, danışıq və baxışlarda, açıq hiss edilən hörmətdən Pişəvəri sıxılır kimi idi. O, məğrur boyu, düz və iti baxışları ilə qəribə şəkildə Sərtibi xatırladan adamı təqdim etdi.
- Ağayi Həmid Həmidi!
Kürd Əhməd və Fridun köhnə bir dost kimi onu qucaqladılar:
- Qardaş, biz sənin haqqında nə qədər düşünmüşük.
Həyəcan içərisində yanaqları qızarmış Fəridə də onun əlini sıxdı:
- Təbrizlilər indi də sizdən danışırlar.
Bu sözlərə Həmidi, xoş sirayətedici bir təbəssümlə cavab verdi. Pişəvəri hələ də gözlərini onlardan çəkməyən yoldaşlara:
- Ağalar, oturun, - dedi, - ayaq üstə durmaq nə üçün?
Kürd Əhməd:
- Oturacaqsınız, - deyə onun qolundan tutdu və yuxarı başdakı səndələ tərəf apardı.
Həmid Həmidiyə Fridun yanında yer verdi:
- Buyurun, xahiş edirəm.
Oturdular. Hamı, haqqında çox eşitdiyi, inqilabi fəaliyyəti ilə məşhur olan Pişəvəriyə və Həmid Həmidiyə baxırdı. Pişəvəri məclisdə adi və sadə bir şərait yaratmağa çalışaraq, gah sual verir, hal-əhval soruşur, gah da siyasətdən söhbət salırdı. Beləliklə, çox tez bir zamanda tamam sərbəstliklə onlar günün vəziyyətindən danışmağa başladılar.
Sudabə daxil olduğu zaman Fridun “İttilat”ı açaraq ucadan oxuyur, hərdənbir ara verərək danışırdı:
- Budur, ağalar, mürtəcelər və istibdad nökərləri öz donlarını dəyişirlər. Onlar buqələmun kimi dərhal mühitin rəngini qəbul edib demokratlıqdan, azadxahlıqdan danışırdılar.
Həmid Həmidi “İttilat”a tərəf əyildi.
- Ahaaa... Hikmət İsfahani İran azadlığının və istiqlaliyyətinin ələmdarı!.. Yaxşı komediyadır!
Aram:
- Siz onu tanıyırsınızmı? - deyə soruşdu:
- İranda onu tanımayan kimdir ki?!
Fridun gözünü qəzetdən çəkmədən:
- Özünü də yeni dövlətin baş vəzirliyinə layiq görürlər, - dedi.
Aram acı-acı güldü.
- İnanın ki, belə də olacaqdır. Mütləq belə olacaqdır! Bu cür yığıncaqda ilk dəfə danışan Hafiz Biluri:
- Bu ingilis və amerikan nökəri, demokratlıq bayrağı altında fitnəkar bir dövlət yaratmağa cəhd edəcəkdir, - dedi, - keçən davada da belə oldu. Hikmət İsfahanilər donlarını dəyişib, ortalığa düşdülər.
Kürd Əhməd:
- Ola bilməz! – dedi - gərək olmasın... Biz xalqı ayağa qaldırmalıyıq. Belə fitnəkarların oyunlarına son qoymalıyıq.
Pişəvəri oturanların ona baxdığını, fikrini bilmək istədiklərini görüb, özünəməxsus kəskin və aydın bir ahənglə sözə başladı:
- İşin gedişindən mən mübarizənin çox uzun olacağını görürəm. Siz deşiklərdən boylanaraq siyasət meydanına baş uzadanlara bir baxın! Bunlar kimlərdir: Qəvamüssəltənə, Həkimülmülk, Hikmət İsfahani, İbrahim Həkimi, Sədr; nə bilim daha kimlər! Bu köhnə tülkülər, bu siyasət oyunbazları hələ İranın başına çox işlər gətirəcəklər.
Həmid Həmidi üzünü Friduna, Kürd Əhmədə, Rza Qəhrəmaniyə və başqa gənclərə tutdu:
- Su duranda iylənər. İran cəmiyyəti də belədir. Bu iylənmiş bataqlığı aradan qaldırıb, arxa təmiz su buraxmaq vəzifəsini tarix siz cavanlara həvalə etmişdir.
Rza Qəhrəmani danışanlara qulaq asdıqca hiss edirdi ki, hamısı nədənsə narazıdır, əslən bu narazılıq onun öz daxilində də vardır. Burada, yoldaşlara qulaq asarkən, onun səbəblərini anlamağa başlayırdı. Tarix birdən-birə onları gizlin işin dar yollarından açıq mübarizə meydanına atmış, qarşılarında böyük yol açaraq, öz həllini tələb edən çoxlu yeni vəzifələr qoymuşdu. Köhnə üsullarla, bir dəstə fədainin əli ilə vəzifələri yerinə yetirmək mümkün deyildi. İndi proqramı bütün millətə məlum olan, məmləkətin hər guşəsinə qol-budaq atmış böyük və qüdrətli bir təşkilata ehtiyac yaranmışdı.
- Biz indi bütün mütərəqqi qüvvələri birləşdirən bir hizb yaratmalıyıq, - dedi, - elə bir şəhər, elə bir böyük kənd qalmamalıdır ki, orada onun şöbələri olmasın.
- Fridun onun fikrinə şərik çıxdı:
- Doğrudur, kütləvi təşkilat olmadan bundan sonra heç bir şey eləmək olmaz. Xüsusən, hazırda, xalq hərəkətə gəlməyə başladığı bir zamanda onun qabağında belə bir təşkilat getməlidir. Biz bunu etməsək, düşmənlər edəcəkdir.
Hələ Təbrizdə ikən bu zərurəti duymağa başlayan Kürd Əhməd öz yoldaşlarının fikrini tamamilə bəyəndi:
- Həm də bu təşkilatın möhkəm məramı olmalıdır. O öz fikrini, nə istədiyini açıq-aydın xalqa deməlidir.
Onlar yaranacaq bu təşkilatın böyük siyasi məqsədlər yolunda mübarizə aparmaqla xalqın bütün mütərəqqi qüvvələrini birləşdirməli olacağını qeyd etdilər. O, əsasən fəhlə və yoxsul kəndlilərə istinad etməklə bərabər cəmiyyətin bütün qabaqcıl və mütərəqqi qüvvələrini öz ətrafına toplamalı idi. Ölkə daxilində əməyin azadlığı, vətəndaşların bərabər demokratik hüquqları, milli sənaye və təsərrüfatın inkişafı uğrunda, imperialist zülmü əleyhinə mübarizədə bütün xalqı səfərbər etməli idi. Kürd Əhmədin bu barədəki fikirlərinə qulaq asan Sərxan:
- Mən bunun əleyhinə deyiləm, - dedi. - Ancaq məncə biz İran zəhmətkeşlərinin həmkarlar ittifaqını da yaratmalıyıq.
- Doğrudur, doğrudur, - deyə bir neçə yerdən onun sözünə qüvvət verdilər.
Bunu görən Fəridə birdən ayağa durdu:
- Bəs qadınları niyə yaddan çıxarırsınız?.. Onların da təşkilatını yaratmaq lazımdır.
Təklifin tam bur sükutla və hətta bəziləri tərəfindən şübhəli ifadə ilə qarşılanması Fəridəni daha da həyəcana gətirdi, pul kimi qızarmış halda üzünü Südabəyə, Xavərə və birinci dəfə belə iclasda iştirak edən Firuzəyə və Fatmaya tutdu:
- Belədir, yox, ay qızlar? Niyə ağzınıza su alıb oturmusunuz?..
Məclisdə gülüşmə düşdü. Bu gülüşdən sıxılan qadınlar özlərini düzəldərək, bir ağızdan “düzdür, düzdür!”, deyib səsdəndilər.
Pişəvəri ciddiyyətlə:
- İran qadınlarını yaddan çıxaran mütərəqqi bir təşkilat, - dedi, - çox pis iş görmüş olur. Çünki qız övladı zülm altında və siyasi hüquqlardan məhrum olan bir vətən bədbəxtdir. Mən xanımın təklifinə xüsusi qiymət verirəm. Yeni hizb qadınlar arasında ayrıca iş aparmalıdır.
Fridun, yeni firqənin öz proqramında, İran şovinistlərinin və hakim dairələrinin böhtanlarından qorxmayaraq, milli məsələyə aid fikirlərini aydın söyləməsinin çox vacib olduğunu göstərdi:
- İran kimi bir məmləkətdə milli məsələnin üstündən keçmək olmaz. İranda fars olmayan millətlərə hizb öz əlaqəsini müəyyən etməlidir.
Kim isə:
- O məsələnin vaxtı çatmayıb, - dedikdə, Pişəvəri dərhal qeyd etdi:
Ağayi Fridun düz deyir, İranda azərbaycanlı, kürd və sair xalqların öz müqəddəratını müəyyən etmək hüququ mütərəqqi və demokrat bir hizbin məramında gərək qeyd olunsun.
Bu məsələnin də bəzilərini ağır fikirlərə saldığını görən Rza Qəhrəmani özünü saxlaya bilməyib:
- Mən farsam, - dedi, - bilirəm ki, heç bir namuslu fars İranda Azərbaycan, kürd, erməni, türkmən və başqa millətlərin dilini, adət və ənənəsini aradan qaldırmağı istəmir. O əmindir ki, güclülük prinsipi yox, yalnız azadlıq və bərabərlik prinsipləri əsasında xalqların möhkəm birliyi yarana bilər.
Kürd Əhməd, Kürdüstanda və Azərbaycanda, xüsusən Təbrizdə gördüklərini xatırlayıb Fridunun necə böyük bir məsələyə toxunduğunu dərhal başa düşdü.
- Bu məsələdə iki fikir ola bilməz. Biz böyük Sovet ölkəsinə baxıb, bu məsələnin həllini onlardan öyrənməliyik. Başqa yol milli ədavət və zülm yoludur ki, o da bizim yolumuz deyil.
İnqilabi fəaliyyətə, cəmiyyətin köhnəlmiş və çürümüş əsaslarını dəyişməyə olan ümumi meyl Həmid Həmidini sevindirirdi. Deməli, təqib və sürgünlərdə çəkilən əzablar nahaq getməmişdir!.. Həyatı dəyişməyə qadir olan qüdrətli bir gənclik yetişməkdədir. O:
- Kəndli məsələsini yaddan çıxarmayın, - dedi, - İran kəndi böyük bir islahata möhtacdır. Yeni hizb kəndi demokratik əsaslar üstündə qurmağı məramnaməsində ayrıca qeyd etməlidir.
Kəndli söhbəti araya atılan kimi, Rizvan bir zaman buraxdığı səhvləri xatırlayıb qızardı və ayağa durdu:
- Məmləkətimizin yarısından çoxu kəndistandır. Məramımızda onun gələcəyi haqqında qəti fikirlər olmalıdır. Kəndlini ərbabın zülmündən qurtarıb torpağa sahib etmək lazımdır:
- Fridun Rza Qəhrəmaniyə baxıb güldü:
- Sağ ol, Rizvan, kəndistan şöbəsini sənə tapşıracağıq.
- Məmnuniyyətlə idarə edərəm.
“Hizb Tudeyi İran” və “İran zəhmətkeşləri həmkarlar ittifaqı şurası” yaratmaq üçün əməli təkliflər hazırlamaq böyük bir dəstəyə tapşırıldı. Fridun, Kürd Əhməd, Rza Qəhrəmani, Fəridə və Aram da onun tərkibinə daxil oldu.
Kürd Əhməd, mərkəzdə təşkilat işləri qurtaran kimi yerlərə adamlar göndərmək fikrini irəli sürdü.
Aram:
- Mütləq lazımdır, - dedi, - Azərbaycana da, Kürdüstana da, Farsa da, Gilana da, Mazəndərana da adamlarımız getməli, dərhal yerli şöbələri təşkil etməlidir. Mən məmnuniyyətlə Gilana gedərəm...
Kürd Əhməd:
- Təbrizlilər Fridunu istəyirlər, - deyib gülümsədi. Necə baxırsınız?
Fridun mütəəssir bir halda:
- Doğrusu, - dedi, - könül quşu çoxdan məni Azərbaycana çəkir. Nə isə buralarda dayana bilmirəm.
Rza Qəhrəmani mehriban gözlə ona baxdı:
- Nə olar ki, Hizbin Azərbaycan şöbəsini idarə edərsən.
Axşamdan xeyli keçmiş onlar durub dağılarkən Pişəvəri Fridunun əlini sıxdı:
- Get, bəlkə mən də tezliklə Təbrizə gəldim, get. Azərbaycanın və Kürdüstanın milli azadlıq fikri böyük fikirdir!
Qarşıda aydın və yeni bir mübarizə yolu açan bu sözlər Fridunun xəyalında həkk olub qaldı. O, Pişəvərinin əlini sıxıb:
- Gözləyəcəyəm, - dedi və onu qapıya qədər ötürdü.
***
Şəhər bir döyüş meydanını andırırdı. Bu meydanda sanki gecə ilə gündüz, keçmişlə gələcək üz-üzə, döş-döşə durmuşdu. Lakin onlar nə güləşən pəhləvanlar kimi bir-birilə pəncələşir, qəti savaşa başlayır, nə də ayrılıb gedirdilər. Qeyri-müəyyən, qeyri-sabit bir vəziyyət hər şeydə özünü göstərirdi. Bununla belə üz-üzə durmuş hər iki tərəfin ölümcül mübarizə üçün hazır olduğu bilinirdi. Sanki budur, qanlı bir çarpışma başlanacaqdır. Zahirdə hər şeydə qəribə bir anlaşılmazlıq vardı. Köhnə müstəbid şah getmiş, yerini oz oğluna vermişdi. İstibdadın qanlı qüvvələri meydandan çəkilmiş kimi idi. Rza xanın yıxılması ilə azadlığın qələbə çalacağını gözləyənlər heyrətdə idilər. Çünki azadlıq yalnız arzularda, yalnız sözlərdə, yalnız tribunalarda yaşamağa başlamışdı. Həyatın axınında, onun hər günkü təzahür və çırpıntısında isə köhnə ahəng, köhnə qaydalar hakimdi. İş və çörək gözləyənlər hələ ki, öz tələblərini açıq deməkdən başqa bir şeyə nail ola bilməmişdilər. Hələ ki, yenə də küçələr saysız-hesabsız işsizlərlə, bir tikə çörək qazanmaq üçün hər cür zəhmətə dözməyə hazır olanlarla dolu idi, hələ də gəlib-gedənə əl açan yetim uşaqlar və yurdsuz arvadların əlindən tərpənmək mümkün deyildi.
Onları küçələrə tökən ağalar, ilk şaşqınlıqdan sonra yenidən bellərini düzəldib, xalq hərəkatının, demokratik təşkilatların qabağını almaq üçün sarayın ətrafına toplanırdılar. Hikmət İsfahani, Həkimülmülk və sərhənglər arxalarını yenə mister Tomaslara, mister Haroldlara verərək azadlığı qan içində boğmaq planlarını hazırlayırdılar. Onların ikiüzlülük və yalançılığı, zahirən əyinlərinə geydikləri “demokratlıq” donu ilə daha da iyrənc və riyakar şəkil almışdı.
Hikmət İsfahani saraydan qayıtdıqdan sonra Kürd Əhmədi yanına çağırdı. O, gizlin fəaliyyətdə olduğunu, zəhmətkeş əhali arasında böyük nüfuz qazandığını gördükdə onu özünə yaxınlaşdırmağı qərara almışdı. Bu məqsədlə sarayda və hakim dairələrdə vaqe olan əhvalatlar və söhbətlərdən ona nağıl edib, özünü ona məhrəm kimi göstərirdi. Kürd Əhməd böyük həyətdən keçib, kərpic pillələri qalxdı və içəri girdi. Şlyapasını çıxarıb paltarasana keçirtdi. Döndükdə Hikmət İsfahaninin otağından çıxmış bir adamın tələsik dəhlizin başındakı qapıya burularaq gözdən itdiyini gördü. Bu adam ona çox tanış gəldi. Kim olduğunu xatırlamağa çalışdıqda fon Valterin siması gözləri önündə durdu. Kürd Əhməd onu otağın qapısında qarşılayan Hikmət İsfahaniyə tərəddüd və şübhəyə yol verməyən bir səslə:
- Ağa, indicə fon Valteri buradan çıxan gördüm, - dedi.
Hikmət İsfahani bir əlini onun ağzına qoydu və o biri əli ilə qolundan tutub otağına saldı:
- Mənim əzizim, onu burada gördüyünü yaddan çıxart, - dedi, - aqil adamlar, o şeyi ki, görmək lazım deyil, görmə demişlər.
- Lakin hər halda mən heyrət edirəm! Siz təhlükəli bir addım atırsınız.
- Niyə heyrət edirsən, əzizi-mən?! Burada heyrət ediləsi heç bir şey yoxdur. Bunlar hamısı siyasətdir və vətənin xeyri üçündür. Şərafətimizə and olsun, məni belə şeylərə vadar edən vətən məhəbbətidir.
- Məncə vətən məhəbbəti fon Valterə cəza verməyi tələb edir.
- Yox, əzizim, vallah yox! Sən hələ cavansan, İran demokratiyasının necə dolaşıq yolları olduğunu bilmirsən. Həqiqəti bilmək istəsən fon Valteri mən özüm dolaşdırıb saxlamışam. O indi tələyə düşmüş bir pələngdir. Almanlar qalib gəlsə, onu tələdən açıb buraxarıq. Bizə xeyri dəyər.
- Məgər elə bir ehtimala siz yol verirsiniz?
- Hansı ehtimala? Almanların qalib gəlməsinəmi?
- Bəli!
- Siyasət aləminin hazırkı vəziyyətində mən heç şeyə inanmıram və hər şeyə də inanıram. Bəli, bəli! Heç şeyə inanmıram və hər şeyə də inanıram. Çox mümkündür ki, almanlar müharibəni udsunlar. O zaman fon Valterə söykənən adam gör vətəni üçün nələr edə bilər.
- Bəs məğlub olsalar? Axı belə bir ehtimal da mümkündür.
- Əlbəttə, o ehtimal da həqiqət ola bilər. Məğlub olsalar başqa məsələ. Onda tələyə düşmüş bu pələngin dərisi baha qiymətə gedər. Sat qoy vətənin yolunda. Beləliklə, biz hər iki halda heç bir şey itirmirik. İndi otur və mənə qulaq as! Bu saat mən əlahəzrət humayun Məhəmməd Rza Pəhləvinin yanından gəlirəm. Dövlətin təşkili müzakirə olunurdu.
- Cənabınızı bir baş vəzir kimi təbrik edə bilərəmmi?
- Xeyr!
- Necə yəni xeyr?
- Bəli, mən bütün təkidlərə baxmayaraq rədd etdim. Hazırkı şəraitdə İran dövlətinin baş vəziri olmaq, bataqlığa yuvarlanmış yüklü bir arabanı çiyinlərində qaldırmaq kimi, axmaq bir işdir.
- Demək, siz dövlətdə iştirak etməyəcəksiniz?
- Yox, edəcəyəm. Lakin vəziri-xaricə sifətində. İndi dövlət maşınının ikicə halqası vardır ki, əsil dövlət də bu halqaları əlində saxlayan adamdır... Vəziri-xaricə və vəziri-kişvər!
- Doğru fikirdir. Lakin siz eyni zamanda vəziri-kişvər ki, ola bilməzsiniz!
- Əlahəzrət cavan olsa da, təklifini bilən adamdır. Vəziri-kişvər vəzifəsini bizim yeznəyə vermişdir.
- Sərhəng Səfaiyəmi?!.. Təbrik edirəm, ağayi Hikmət İsfahani! İndi deyə bilərəm ki, doğrudan da, dövlət sizsiniz!
- Bəli, həyatımın əndişəli dövrləri bundan sonra başlayır. Çünki hakimiyyət yolunda vuruşmaq, hakimiyyəti saxlamaqdan çox-çox asandır...
- Sizin kimi tədbirli bir adamın o çətinliyi də rəf edəcəyinə əminəm.
- Lakin bunun nə qədər ağır olduğunu bilsəniz! Min düşmən var, min gözü götürməyən var. Birisi elə o saray siçanı Həkimülmülk.
- Bundan sonra o sizə heç şey edə bilməz. Vəzarəti-daxilə də, vəzarəti-xaricə də öz əlinizdə olacaqdır.
- Edə bilməz demək asandır. Amma yeri düşəndə bir növ bir əjdahanı həlak edir. O, yenə də sarayda öz köhnə yerində qaldıqca mənə rahatlıq yoxdur. Gecə-gündüz əlahəzrətin qulağına pıçıldayacaqdır.
- Demək, yenə vəziri-dərbar olaraq qalır, eləmi?
- Bəli, qalır. Könlündən baş vəzirlik keçirdi. Hələlik deyəsən, o da bu fikirdən əl çəkib.
- Yəqin eyni mülahizələrə görə?..
- Köhnə tülküdür. Yerin altını da bilir, üstünü də.
Onlar susdular. Hikmət İsfahani, nə isə, bir tələ qurur kimi düşünürdü. Kürd Əhmədin gözləmədiyi halda yaxınlaşıb qolundan tutdu:
- İstəsən, səni də vəzirliyə düzəldə bilərəm. Vəziri-ticarət və sənaye. Necədir?
- Mütəşəkkirəm. Mən vəzirliyə hazır deyiləm.
- İndi də olmasa, gələcəyə hazırlaş! Camaat, xalq sənin dalında, yuxarılar mənim dalımda. Elə ki, özüm baş vəzir oldum, gərək mənimlə sən də şirkət edəsən. İndi isə get və sabah Şirmanda gözəl bir ziyafət düzəlt. Qonaqlar olacaq, bəlkə əlahəzrət də təşrif gətirdi.
- Gərək məni bağışlayasınız. Yerimə başqa bir adam tapmanızı xahiş etmək istəyirəm.
Hikmət İsfahani təəccüblə ona baxdı:
- Yox, yox hələ səninlə əsil işimiz bundan sonra başlanır. “İradeyi milli” və demokrasi hizbini düzəltmək istəyirik. Səni də özümüzə yoldaş eliyəcəyik.
- Təşəkkür edirəm, artıq biz də öz hizbimizi düzəltməyi qərara almışıq.
- O nə hizbdir, oğlan bəlkə elə mən də ora gəldim. İkisində də olsam necədir? Həm bizimkində, həm də sizinkində.
Kürd Əhməd istehzalı və nifrət dolu nəzərlə onu süzdü:
- Qorxuram o hizb sizə əl verməyə. Hizb Tudeyi İran...
- Niyə əl vermir, qardaş!.. Lap elə mənim yerimdir. Mən ki əyyamı qədimdən tudə yolunda can verənlərdənəm. Özün görmədin ki, o müstəbid köpək oğlu məni də tutub sənin yoldaşınla bir zindana saldı.
Kürd Əhməd, onunla danışmağın nahaq vaxt itirmək olduğunu düşündü və:
- Rica edirəm, sabahdan məni azad hesab ediniz, - dedi. - Hizbidə işləyəcəyəm.
Hikmət İsfahani onun qəti təklifini eşitdikdə halını pozmadan ayağa durdu:
- Yaxşı, ağayi mən, allah xeyir versin. Get sən bir yola, mən bir yola. Harda rast gəlsək bir-birimizi yaddan çıxarmayaq. İkimiz də vətən üçün işləyirik.
Kürd Əhməd onun son sözlərini eşitməmək üçün şlyapasını götürüb qapını tez örtdü və həyətə çıxdıqda içəri girən mister Tomasla qarşılaşdı. Salamlaşıb keçdi. Həyətin başına çatmamış Şəmsiyyənin xidmətçisi dalda özünü yetirib onu saxladı:
- Xanım sizi görməyi arzu edir!
Xanım Şəmsiyyə onu yüngül ipək paltarda qarşıladı. Gülümsəyib əlini sıxdı:
- Əhvalınız necədir?
- Mütəşəkkirəm, xanımın kefini saz gördüyümə şadam! Şəmsiyyə onu oturmağa dəvət edib çay gətirtdi. Adəti üzrə, şad zamanlarında olduğu kimi deyib-danışırdı. Söhbət əsasında Kürd Əhməd ondan dərbara yolunun açıldığını, hətta ikicə gün əvvəl əlahəzrətlə görüşmüş olduğunu öyrəndi. Kürd Əhməd çay içib qalxdıqda o:
- Rica edirəm, - dedi, - Fridunu sabahkı ziyafətə dəvət edin. Mütləq gəlsin. Mən özüm ona kart göndərərəm. Südabəni də gətirsin!
- Təəssüf ki, bu mümkün deyil, xanım! O bu gün Tehranı tərk edir.
- Niyə? Hara gedir?
- Azərbaycana, Təbrizə köçür. Tehran mühiti ona bir çox dözülməz faciələri xatırlatdığı üçün qalması qeyri-mümkündur.
- Bilirəm. Sərhəng Səfai onun başına gələn bəzi əhvalatları mənə danışmışdır. Təəssüf edirəm ki, o bizi tərk edir. Lakin deyin ki, həmişə yaxşı bir dost kimi qapım onun üzünə açıq olacaqdır!
Kürd Əhməd soyuq cavab verdi:
- Deyərəm, xanım. Lakin bu iltifatınızdan onun istifadə edib-etməyəcəyini bilmirəm.
Kürd Əhməd onunla vidalaşıb çıxdıqda, nə isə, daxilində bir ağırlıq, bir narazılıq duydu. Ona elə gəldi ki, ətir qoxuduğuna baxmayaraq bu evin, bu həyətin havası dözülməyəcək dərəcədə ağırlaşmışdır. Hər şey ürəkbulandırıcı, cansıxıcı bir hala gəlib çatmışdır. Küçədə maşına doğru gedən Hikmət İsfahanini gördü və dönüb qayıtmaq istədi. Lakin Hikmət İsfahani onu səslədi:
- Mən, amerikalı dostum mister Haroldun görüşünə gedirəm. Onun məsləhətləri olmadan vəzarəti-xaricəni idarə etmək müşküldür, - dedi və diqqətlə Kürd Əhmədə baxıb, əlavə etdi:
- Naxoş deyilsiniz ki? Gözümə çox tutqun dəyirsiniz. Fikir verməyin, keçər. Əslinə baxsan, hər şey keçəcəkdir. Axşam da hizbimizin cəlsəsidir, xudahafiz.
O, kök vücudunu zorla maşına salıb, “sür” əmrini verdi. Maşın görünməz olduqda, Kürd Əhməd daha ağır bir təəssüratla geri döndu. Şəhərin küçələrini doldurmuş adamların arasına qarışıb itdi. Ona elə gəldi ki, bu dünyada həqiqi insan səadətinə çatmaq çox çətindir. Bu səadət, daima nə isə gözləyən və qaniçici riyakarlarla əhatə olunduğu üçün heç zaman gözlədiyinə nail olmayan namuslu və təmiz ürəkli zəhmət adamlarının nakam istək və arzularında, sevinc və kədərlərində, yaxşılığa, xoş həyata doğru əbədi çırpıntılarındadır.
Təzadla və iztirabla dolu bu fikirlər Kürd Əhmədin başında qəti bir hökmə çevrildi.
- Yox, bu dəfə İranın zəhmətkeş kütlələri gözlədiklərinə nail olacaqdır! 1908-ci il və 1920-ci illər hərəkatının məğlubiyyətini görmüş yüz minlərin bu dəfə qüdrətli bir təşkilatı yaranırdı. Bu təşkilat onları ağır mübarizələrdən keçirib əbədi azadlığa aparacaqdı.
Bu fikirlər Kürd Əhmədin ruhunu qaldırdı.
O, Fridunun Azərbaycana köçməyə hazırlaşdığını xatırladaraq, Xavəri evlərinə gətirmək üçün Südabəgilə getdi. Artıq İran Həmkarlar İttifaqı Şurasında işləyən Rza Qəhrəmani, “Hizb Tudeyi İran”ın qadınlar şöbəsində çalışan Fəridə də orada idi. Həyətə girdikdə bir qarışıqlıq gördü. Qulluqçu qadın xalçaları çırparaq mafracları qablayır, çamadanları yığışdırırdı. Rza Qəhrəmani və Fridun qollarını çırmayıb ona kömək edirdilər. Südabə ilə Xavər də böyük bir qarışıqlıq içində otaq şeylərini yığışdırırdılar. Hətta uşaqlar da Südabənin tapşırıqlarını yerinə yetirib o tərəf-bu tərəfə qaçırdılar.
Fridun Kürd Əhmədi görən kimi qabağına gəldi və bir kağız çıxarıb ona uzatdı:
- Gözün aydın olsun, Aram Rəştdə otuz min nəfərlik mitinq keçirmişdir. Hizbin şöbəsi təşkil olunmuşdur.
Kürd Əhməd teleqramı alıb oxudu.
- Mazəndərandan və İsfahandan teleqramlar almışıq.
Rza Qəhrəmani işi buraxıb qalxdı və maraqlandı:
- Oralarda nə xəbər var?
- Mazəndəranda çox yaxşı keçmişdir. İsfahanda isə ajanlar mitinqi pozmağa çalışmışdır. Dalaşma olub. İki adamımızı huşunu itirənə qədər döymüşlər.
Fridun:
- Budur, ingilis qoşunlarının bizə verdikləri ilk hədiyyə belədir! – dedi. - Tehrandan şimala və cənuba, sanki məmləkət iki ideoloji cəbhəyə ayrılmışdır.
Rza Qəhrəmani acı-acı danışdı:
- Bəs necə bilmişdin, dadaş?! İngilisin müstəmləkə orduları bizə azadlıq gətirməyəcəkdi ki! Onlar şərq xalqlarının qanını tökməyə adət etmişlər.
Kürd Əhməd:
- Bütün şimaldan qaçan mürtəcelər də cənuba toplanıblar, - dedi, - xalq hərəkatını boğmaq üçün bacardıqlarını edirlər. Bu bizi daha inadla işləməyə məcbur etməlidir. Bu gün dünənki gün deyil ki!.. - deyə Xavərə döndü:
- Fars qızı, Azadı da götür, gedək. Bacım sənin otağını hazırlamışdır, - dedi və Fridunun əlindən tutdu:
- Get, bizi də unutma... Həmişə yadında saxla ki, şimal bizim üçün əbədi bir qüvvət və işıq mənbəyidir! Yenə azadlıq günəşi oradan doğacaqdır. Əmin ol ki, biz də burada gələcək işıqlı gün uğrunda vuruşmaqdan dönməyəcəyik!..
Onlar qucaqlaşıb öpüşdülər...
1941-ci il oktyabr ayının əvvəlləri idi. Payızın sərin havaları başlanırdı. Günəş üfüqlərdən xeyli qalxdığı zaman Tehrandan gələn boz bir maşın Qəzvinin tozlu və kəsəkli küçələrinə daxil oldu. Maşının üstünə böyük bir mafrac sərilmiş, yük yerinə iki iri çamadan qoyulmuşdu. O, çayçı dükanının qabağında durduqda ortaboylu, qara kostyum geymiş bir oğlan yerə düşdü. Şlyapasını çıxarıb çırpdı və şəhərə göz gəzdirib maşında oturana müraciət etdi:
- Qəzvindir... Azərbaycanın ilk böyük və qədim şəhərlərindəndir… Mahalın mərkəzidir... Bir ucu Kirəcə qədər uzanıb gedir. Kəndlərində də hamısı azərbaycanlılardır.
Sarı şal paltar geymiş bir qız doqquz yaşlı, üstü-başı təmiz bir oğlan uşağının qolundan tutub maşından endi, maraqla şəhərin sökük və bozaran evlərinə baxdı:
- Yaman dağınıqdır, - dedi və azca düşünüb, əlavə etdi: - İbrahim bəyin səyahətnaməsini xatırlayırsanmı? Orada gərək ki, Qəzvin haqqında belə deyir, “İnsan bəsirət ilə baxarsa, aşkar görər ki, şəhərin hər bir tərəfindən bu səs qulağa gəlir ki, mənim sahibim yoxdur. Mənim abadlığıma bir nəfər çalışan yoxdur”.
Oğlan böyük bir həsrət və arzu dolu gözlərini qıza dikdi:
- Sağlıq olsun, hamısını təzədən tikəcəyik. Abad edəcəyik. Çay içirsənmi? Bəlkə meyvə alım?
- Könlüm heç nə istəmir. Məst kimiyəm. Nədən, özüm də bilmirəm!
Qız, hələ də əlindən tutduğu uşağın başını sığalladı:
- Bir şey istəmirsənmi? Acmamısan ki?
Uşaq ona qısıldı:
- Xeyr, heç nə istəmirəm.
Oğlan:
- Elə isə vaxt itirməyə dəyməz. Termosa çay töküm, gedək, - dedi.
Çayxanaya tərəf yollandıqda şofer qaçıb termosu onun əlindən aldı:
- Verin, mən gətirim!
Qız yumşaq və xoş bir səslə:
- Bundan sonra hansı şəhərdir? - deyə soruşdu:
- Zəncandır. Gecəni orada qalarıq.
Şofer termosu doldurub qayıtdı. Oğlan qızın qolundan tutub maşına tərəf apardı. Kədər və məhəbbətlə dolu bir nəzərlə ona baxdı:
- Yorulanda deyərsən, gizlətsən də gözlərinə baxanda biləcəyəm.
Qız gülümsədi:
- Bütün ömrüm boyu səndən heç şeyi gizlətməyəcəyəm, - dedi və öz sözündən utanmış kimi, söhbəti dəyişdi. - Təbrizə nə vaxt çatacağıq?
- İki gündən sonra. Təbriz! Təbriz! Görək bizi necə qarşılayacaq. İranda yaşayan hər bir azərbaycanlı üçün Təbriz bilirsənmi nədir? Xəyal, ümid və gələcəkdir!
Bu sözlər hər ikisinin qəlbində mən bir arzu və həvəs oyatdı. Ürəkləri xoş bir gələcək duyğusu ilə titrətdi. Bu titrəyiş insan ürəyinə tez-tez nəsib olmur. O, ilk bahar sularının şırıltısından, qar altından baş qaldıran bənövşənin xoş ətrindən, yazın müjdəsini verən qaranquşun nəğmələrindən yaranır.
Maşın Qəzvindən çıxaraq getdikcə artan bir sürətlə Zəncan yoluna düşdü. Ayazı qucağına almış Fridun yanında oturmuş Südabənin yanar gözlərinə baxıb fikrə getdi. O, ömrünün kələ-kötür və tikanlı keçmişini deyil, min bir xəyal və ümidlə dolu gələcəyini düşünürdü. Maşın yel kimi uçaraq onları Azərbaycan, Təbriz, Şimal tərəfə çəkib aparırdı. Onlar azadlıq, səadət və gələcəyi qurmaq üçün gedirdilər.
Pişəvəri ilə olan ikinci görüşü yadına düşdü. Onlar Azərbaycanda demokratik hərəkat haqqında uzun-uzadı danışmışdılar. Pişəvərinin bu sözləri hələ də qulaqlarında səslənirdi:
- Azərbaycan İran inqilablarının beşiyidir. Biz yenə azadlıq şeypurunu orada çalıb, bütün zəhmətkeş İranı ayağa qaldıracağıq!
Fridun bilirdi ki, qabaqda onu da, həyat və ömür yoldaşını da ağır və iztirablarla dolu bir mübarizə yolu gözləyir. Bu yolda yenə dar ağacları, zindanlar və alçaq xəyanətlər olacaqdı. Bunu düşünərkən gözlərində yorulmadan İranda azadlıq əleyhinə fitnə-fəsad düzəldən mister Tomas və mister Haroldların, onların əmrlərinə bir qul kimi itaət edən, vətənini satmış Həkimülmülk, Hikmət İsfahani və Sərhənglərin murdar siması canlandı. Onu daha qəti, daha amansız və barışmaz mübarizələrə çəkən bir nifrət və qəzəb bütün varlığını bürüdü. Fridun inanırdı ki, qaldırdıqları al bayaq bir də xalqın qanına boyanacaq, bir də yatırılacaq olursa, yenə mürtəce və müstəbidlərə qurtuluş yoxdur. Ölüm onların yaxasından əl çəkməyəcəkdir. Çünki gələcək, azadlığın və əməyindir. Bəli, tarixin pozulmaz hökmü belədir!
Fridun bu fikirlərlə Azərbaycan torpağına qədəm qoyurdu.
Qaranlıq və kədərli bir aləm maşının qaldırdığı toz buludları içində itərək, arxada qalırdı. Qabaqda isə işıqlı və nəhayətsiz bir yol açılırdı.
Bu yol parlaq sabaha, xoşbəxt gələcəyə gedirdi.